SON ZƏNG

SEYFƏDDİN ALTAYLI
101413 | 2018-06-01 23:54
"Elmlə gedilməyən yolun axırı qaranlıqdır"
Hacı Bəktaş Vəli

Bu təlim-təhsil ilini də başa vurduq şükür. İl boyu dərslərini yaxşı oxuyanlar zəhmətlərinin mükafatını gördülər, oxumayanlar da təbii olaraq cəriməsini çəkdilər, çəkəcəklər.
Mən ümumiyyətlə tələbələr arasında ayrı-seçkilik eləmirəm, çünki onların hər biri Ulu Tanrının yaratdığı müqəddəs varlıqlardır. Üstəlik gəncdilər, təcrübələri yoxdur və dünyaya çəhrayı bir pərdənin arxasından tamaşa edirlər. Mənim nəvələrim də daxil bəziləri burnunun ucundan bir az irəlini belə görə bilmir. İndi bir də telefon bəlası çıxıb və deyilə bilər ki, bu dəcəllər bütün vaxtlarını ancaq telefonla yola salırlar. Ya mesaj yollayırlar və ya oyun oynayırlar. Əlbətdə tələbələr arasında fərqli düşünənlər var və olacaqdı da bu təbiidir. Onlar arasında yaranmış ağıl və dərrakə yönündəki fərqlər məncə Tanrının məsləhətidir, niyəsini isə mən bilə bilmərəm.
Mənə görə tələbələrə düzgün istiqamət vərmək, onları toplumun sayılıb-seçilən insanları olmalarına yardımçı olmaq, dövlətə yaxşı kadr, topluma gözəl insan, vətənə isə onu canını fəda edəcək qədər sevən vətəndaşlar halına gətirmək müəllimin birinci vəzifəsidir. Əlbəttə irəli getmək istəyən tələbəyə yol göstərmək, onları təşviq etmək də müəllimin önəmli öhdəliyidir.
Təhsilə verilən önəm ölkələrin həm inkişaf, həm də mədəni səviyyəsini göstərir. Mən öz ölkəmlə, yəni Türkiyə ilə bağlı fikirlərimi yazmaq və oxucularımla bölüşmək istəyirəm.
İbtidai və orta məktəblərdə oxuyan şagird sayı Türkiyədə 18 milyondur. İqtisadi Əməkdaşlıq və Tərəqqi Təşkilatının hazırladığı arayışa görə şagirdlərə verilən təhsilin keyfiyyətinə görə Türkiyə 76 ölkə arasında 41-i yerdədir. 15 yaşlı şagirdlərin riyaziyyat və dəqiq elmlərlə bağlı yetişdirilməsinə görə birinci yerdə Sinqapur dayanır. Sonra Honq Konq, Cənubi Koreya, Yaponiya, Taivan kimi ölkələr şəklində sıralanıb gedir. Məsələn, Polşa 11-ci yerdədir. ABŞ belə Vyetnamdan sonra gəlir. Litva və Macarıstan kimi ölkələr Türkiyədən çox irəlidədilər.
Dünya artıq 20-ci əsrin dünyası deyil. Mərhum Mustafa Kamal Atatürk "istiqbal göylərdədir" demişdi. Bu gün kosmosla bağlı araşdırmalar dövlətlərin gücünü və qüdrətini, gələcəklə bağlı düşüncələrini büruzə vərir. Çünki bu sahədə fəaliyyət aparmaq ancaq dəqiq elmlər sahəsində əldə edilən inkişafın səviyyəsindən, yetişdirilən kadrların keyfiyyətindən asılıdır. Kosmosla bağlı araşdırmalara ayırdığı maddi vəsaitlə Rusiya Federasiyası birinci yerdə dayanır. Sonra ABŞ, Fransa, Çin, Hindistan, İtaliya, Belçika, Almaniya, İsrail, Lüksemburq gəlir. Türkiyə bu cərgədə 32-ci yerdədir.
Ən yaxşı təhsil sisteminə malik ölkələr cərgəsinin birinci yerində Cənubi Koreya dayanır. Onlardan sonra Yaponiya, Sinqapur və Honq Konq gəlir, yəni Çin.
1980-ci illərdə Cənubi Koreya müflis olmuşdu. Şəxs başına düşən milli gəlirdən alınan pay 2000 dollar idi. Həmin ildə Türkiyədə də vəziyyət eyni idi. Cənubi Koreya təlim-təhsil sistemini qanunla müəyyən bir nizama saldı və eyni sistemi davam etdirdi. Bu gün Cənubi Koreyada şəxs başına düşən milli gəlir 30 min dollardır, Türkiyədə isə 7000. Onlar Samsunq, Hyundai kimi markalar yaradıblar, Türkiyənin isə texnoloji sahəsində dünya ilə ayaqlaşa, rəqabət edə bilən bir markası yoxdur.
Həzrət Əli "Elm sərvətdən daha qiymətlidir, çünki sərvəti sən qoruyursan, səni isə elm qoruyar". Peyğəmbərimiz Hz. Məhəmməd "Elm ilə məşğul ikən yatmaq, cahil olaraq namaz qılmaqdan daha xeyirlidir" deyib. Yenə o, "Alimlərin mürəkkəbi şəhidlərin qanından üstündür" deməyib?
Əsrin bu çağında Türk dünyasına baxdıqda ürəyim sancır. Lüksemburq kimi əhali sayı ancaq milyona çatmış bir ölkənin baş naziri Türkiyə kimi bir ölkəyə barmaq silkələyir. Türkiyə kimi bir ölkənin rəhbəri "faiz lobbisi"ndən zara gəlib, işə bax...
Osmanlı kimi div bir imperiyanı elmdən üz çevirmək, yeni texnolojilər ixtira etməmək dağıtdı. Bundan kifayət qədər dərs götürüldüyünə şəxsən inanmıram, çünki axır 16 ildə Türkiyənin təhsil sistemi iyirmidən artıq dəyişdirilib. İqtisadi İnkişaf və Tərəqqi Təşkilatı (OECD) tərəfindən 1997-ci ildə yaradılan PISA (Programme for international student assessment) adlı şagirdlərin vəziyyətini dəyərləndirmə təşkilatının arayışına görə 15 yaşlı şagirdlərin əldə etdiyi uğura baxdıqda insanı dəhşət bürüyür. Həmin arayışa görə Türkiyədə təhsil sistemi 2003-cü ildə yüksəlməyə, ancaq 2015-ci ildə isə geriləməyə başlayıb. Türkcədə bir ifadə var "Haticəyə bakmazlar nəticəyə bakarlar"...
Təlim-təhsildəki səviyyəmiz yüksək kürsülərdən pafoslu cümlələr irad edib avam xalqı aldadanlara ithafdır...
Hər gün beş vaxt məscidə gedib Ulu Tanrının hüzurunda namaz qıldığını zənn edən rəhbərlər İslam dininin elm dini olduğunun fərqinə hələ də vara bilməyib? Məncə, varıblar, həm də mükəmməl şəkildə, ancaq... İlk nazil olan ayətin "Allahın adıyla oxu", İslam Peyğəmbərinin "Elm hində də Çində də olsa axtarıb tapın" hədisindən bunların xəbərləri yoxdur? Var, ancaq onlar avam xalqı mərhum Yaşar Nuri Öztürk dəmişkən "Allah" ilə aldatmağı yaxşı bacarırlar.
Türk milləti bu cür dili ayrı, əməlləri ayrı insanlarla hara gedə, nəyi əldə edə bilər?!
Türkiyə bunlara layiq deyil. Tanrı ona layiq olanları qismət eləsin inşallah.
Atalar deyib, "Dostun dili acı olar".

TƏQVİM / ARXİV