adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 May 2018 12:27
8573
MƏMLƏKƏT
A- A+

Əhalinin sayı 12 ildə 15 faiz artıb

"Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyünə meylin olmasının növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər"

Adalet.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında deyib.

Onun sözlərinə görə, son 12 il ərzində ölkə əhalisinin sayı 15 faiz artaraq, 2018-ci il 1 mart tarixinə 9911 min nəfər, əhalinin təbii artım göstəricisi hər 1000 nəfəri isə hesabı ilə 8,1 nəfər səviyyəsində təşkil edib.

"Doğulanların sayı hər 1000 nəfər arasında 17,5 nəfərdən 14,7 nəfərədək azalıb, ölənlərin sayı isə 6,2-dən 6,6-dək artıb. Bununla yanaşı, demoqrafik təhlillər göstərir ki, ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda 100 doğulan qıza 114 oğlan düşür. (Çində bu göstərici 115,9 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. 1989-cu ildə hər 1000 kişiyə 1051, 1999-cu ildə 1048, 2009-cu ildə 1021 qadın düşüb. Bu gün isə ölkədə hər 1000 kişiyə 1004 qadın düşür".

Şöbə müdiri hesab edir ki, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə qeyd olunan istiqamət üzrə ölkə üçün fəaliyyət planın hazırlanması, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. "Azərbaycan Prezidentinin fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020:Gələcəyə baxış" İnkişaf Konsepsiyasna əsaslanaraq "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı" layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Dövlət proqramının 2030-cu ilədək əhatə edəcəyi dövr ərzində ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda doğulanlar arasında cins nisbətinin aradan qaldırılması məsələsi də yer alıb".