adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 May 2018 10:06
44595
ƏDƏBİYYAT
A- A+

Ədəbi tənqid ölüb? - SORĞU

Ədəbiyyatımızda "ədəbi tənqid” öz dövrünü başa çatdırıb? Adalet.az mövzuyla əlaqədar yazarların münasibətini öyrənib.






Yazıçı Səfər Alışarlı: "Ədəbi tənqidin öldüyünü iddia etmək düzgün olmaz. Çünki bir sıra hallarda oxucu özü yazıçıların yazdığını, xüsusilə əsər üçün son dərəcə qiymətli olan janr, üslub, ideya yeniliklərini qavrayıb mənimsəmək gücündə olmur. XIII əsrdə Avropa, o dünyanın öncülü İspaniya Aristotelin əsərlərini oxuyanda da başa düşmədi. Onlara dedilər ki, mərakeşli alim İbn Rüşd var (Аверроэс), ondan başqa heç kim sizə bunu başa sala bilməz. İbn Rüşd Aristotelin fəlsəfəsi ilə Avropanı atom bombasına qədər inkişaf etdirdi. Nizamini, Füzulini, Göteni, Coysu və başqalarını bugünün oxucusu belə təkbaşına dərk etmək qüdrətində deyil. Bu, müəyyən mənada bizim müasirimiz olan bir sıra yazıçılara da aiddir. Ona görə ədəbi tənqidə cəmiyyətlərin ehtiyacı həmişə olacaq. Amma bizim bugünkü ədəbi tənqidimiz öz vəzifələrini icra etmir. Tənqidimizin ali rütbəli simalarını bəzən üçüncü dərəcəli yazıçı və şairlərin qulluğunda görmək çox ağrılıdır.”



Ədəbiyyatşünas-tənqidçi İradə Musayeva: "Azərbaycan ədəbi tənqidinin sənət üçün xüsusi əhəmiyyəti olan təşəkkül dövrü olmadı. Məlum sovet ideologiyasının diktəsi ilə işləyən ədəbi tənqid mərhələsi hələ də bitməyib. İndi daha cılız konyukturalara yuvarlanma halları baş alıb gedir. Hakimiyyətə və ideologiyalara yox, şəxslərə, şöhrətli ədəbi fiqurlara işləyən tənqid çeşidi yaranıb. Bu çox pisdir. 2-3 nəfər normal ədəbi tənqid təfəkkürü ilə düşünən müəlliflərin isə mütəmadi yazmaması mənzərəni bir az da tündləşdirir.

Deməzdim ədəbi tənqid tam tükənib, lakin bu günün ədəbiyyatının yaranmasında, formalaşmasında və obyektiv şəkildə qiymətləndirilməsində bu tənqidin rolu çox kiçikdir. Daha pisi isə odur ki, bu günün tənqidinin elmi-nəzəri konsepsiyaları, nəzəriyyə kitabları və ədəbiyyat tarixinə yeni baxış metodologiyası yoxdur. Tənqidçilər çox vaxt mətnin səviyyəsini aşıb daha yuxarıdan, aydın görünə biləcək uzaqlıqdan baxa bilmir əsərlərə. Müqayisəli təhlillər, ədəbiyyatın ümumi mənzərəsini analiz edən yazılar çox azdır. Tənqiddə pafos və romantik yaltaqlıqlar həddindən çox diqqəti cəlb edən xüsusiyyətə çevrilib ki, bu da onun elmi əsaslarla işləməməsi deməkdir... Özündən müştəbeh imzalar yazıçı ola bilməyən vəzifəli müəlliflər haqqında yeni "izm”, estetika çeşidi "kəşf” edib oxucuları çaşbaş salır. Bunun nəticəsidir ki, bədiyyat sahəsinin müəllifi olmayan adamlar "xalq yazıçısı” kimi təqdim ediləndə oxucu auditoriyası heyrətlənəsi olur. Bu dəqiqə də tənqidçilərimizə göstəriş verilsə istənilən ədəbiyyatsız müəllifi ədəbi düha kimi təqdim edə bilər... Bu sahədə əməllicə ustalaşıblar...

Digər böyük problem ondan ibarətdir ki, ədəbi tənqid bu gün sonsuz, gələcəksiz kimi görünür. Ədəbi gənclik tənqiddə yoxdur. Bir çox cavan müəlliflər var ki, az qala bütün janr və növlərdə yazır, o cümlədən də dostları haqqında tənqid esseləri. Və bu esselərin böyüyüb ədəbi tənqid mətnləri, materialları olmasına ümid çox azdır... Bir sözlə, ölməmişik, amma yox kimiyik...



Yazıçı Şərif Ağayar: "Sovet dövründən qalma "Bu yaxşıdır, bu pisdir” tənqidi bitib. Müasir zamanımızda təhlil xarakterli intellektual və saf ədəbiyyat niyyətli yazıları yaradıcılığın ayrılmaz hissəsi hesab edirəm. Yetər ki, bu təhlili birinə yarınmaq, yaltaqlanmaq, birinə nifrət saçmaq kimi ürəkbulandıran prinsiplər üzərində qurmayasan. Niyyət çox önəmlidir. Niyyəti əsl ədəbiyyat olan heç nə ölə bilməz.”





Tənqidçi Əsəd Cahangir: "Tənqid ölməyib, ənənəvi tənqid ölüb. Özündə elmi, dini, fəlsəfəni, bədilliyi billəşdirən yeni tənqid yaranıb. Bu isə inkişaf deməkdir. Qərbdə bu proses daha tez - 60-cı illərdən sonra yaranmışdı. Bart, Fuko, Eko... Bizdə bu prosesi Yaşar Qarayev, Akif Hüseynov, Kamal Abdulla, Nizami Cəfərov başladı. Yaşar müəllim və Akif müəllim təəssüf ki, dünyalarını dəyişdilər. Nizami müəllim hazırda daha çox elmi və adminstrativ işlər, Kamal müəlim isə həm də bədii yaradcılıqla məşğul olur. Amma təbiidir ki onların əsaslandırdığı xətt davam edir. Sadəcə ola bilsin ki bəzilərinin tənqid haqda təsəvvürü sovet dövründə qalıb. Məsələn, onlar tənqid deyəndə Mehdi Hüseyn, yaxud Qulu Xəlilovu göz önünə gətirirlər. Bu klassiklər vaxtında öz işlərini öz üslublarında görüblər. Bu günün tələbi və tərzi başqadır. Düşüncəni dəyişmək, ehkamçı təfəkkürdən xilas olmaq lazımdır.”



Yazıçı Etimad Başkeçid: "Vaxtilə Rusiyadan ətraf respublikalara yayılan, "kritika” kimi tanıdığımız tənqid çoxdan ölüb. Yəni tarixi gedişat göstərdi ki, əsərin bir-iki yaxşı cəhətini qeyd eləyib, ardınca "mənfi tərəfləri”nə yüklənmək, "çatışmazlıqlarını göstərmək” və hansısa kənar mülahizələrə əsaslanıb hökm vermək ənənəsi tam iflasa uğrayıb. Belə cəhdləri davam etdirməyə çalışan sənətkarlar indiki zamanda gülməli görünür.

Amma təhlilə, araşdırmaya, əsər haqqında fikir yürütməyə əsaslanan "tənqid” həmişə olacaq. Müasir dünyada bədii əsərlər haqqında daha çox rəy yazılır. Rəyçilər bizim tənqidçilərdən fərqli olaraq obyektivliyə iddia etmir. Əksinə oxuculara onların subyektiv fikirləri maraqlıdır. Sənin subyektiv fikirlərinin oxucuya maraqlı olması üçünsə özün, belə deyək, mükəmməl – bilikli, savadlı və eyni zamanda mənəviyyatlı insan olmalısan; hər şeyə suyulmamalı, hər şeyi merkantil maraqlarına qurban verməməlisən. Ona görə də, bəzən qərbdə bir rəyçinin yarım səhifəlik yazısı əsərin ətrafında ajiotaj yarada bilir, yüz minlərlə kitab birdən satılır. Bizdə isə, çox zaman əksinə olur – tənqidçinin palaz-palaz yazıları olan-qalan oxucunu da kitabdan perik salır. Ruslar bunu "ayı xidməti” adlandırır.”



Şair Aqşin Yenisey: "Ölməyib öldürüblər. Məmur yazıçılar, şairlər pul verib ədəbi tənqidçi adı altında gizlənmiş ədəbi killerlər tutublar, sifariş veriblər ki, harda istedadla yazılmış mətn gördünüz izləyin, fürsət düşən kimi öldürün. Tənqidçilərimiz reinkarnasiyaya məruz qalmış Bakı qoçularıdır.







Yazar Xalid Kazımlı: "Yox, yaşadanlar var. Vaqif Yusifli, İradə Musayeva, Əsəd Cahangir. Adlarını çəkdiyimiz tənqidçilər, daha dəqiqi ədəbiyyatşünaslar ədəbi prosesləri izləyir, istər yeni işıq üzü görmüş əsərlərə, istərsə də zamanında yazılmış, populyar olmuş mətnlərə dair öz rəylərini yazırlar. Onların fikirləri bir qədər fərqli prizmadan olur, çoxlarının tutmadığı, ötüb keçdiyi məqamlara dair olur, əsərlərin alt qatını, məğzini xırdalaya bilirlər. Ona görə də diqqəti cəlb edirlər. Bu şəxslərin yazdığı resenziyalar heç də sırf tərif və ya sırf tənqid deyil, ədəbi dəyərləndirmədir.”




Yazıçı Narıngül Nadir: "Hesab edirəm ki, nə qədər ki, ədəbiyyat mövcuddur, ədəbi əsərlər yaranır, tənqid də mövcud olacaq. Çünki tənqid özünü ədəbiyyatşünaslıq elminin tərkib hissəsində ehtiva edir. Məlumdur ki, tənqidçi çox mütaliəli olmalı, dünya ədəbiyyatında baş verən ədəbi prosesləri tam izləməli, nəzəri cəhətdən müəllifdən öndə dayanmalıdır.

Tənqidçilik zəhmət sevən bir peşədir. Bu günkü maddi durumu nəzərə alsaq, tənqid işi fədəkar bir işdir. Ədəbiyyat kimi tənqid də zaman-zaman öz intibah və deqradasiya dövrlərini yaşayır. Mənə elə gəlir bu gün tənqid axtarış və inkişaf yolundadır. Ənənəvi tənqidçilik metodu get-gedə aradan çıxaraq, öz yerini modern tənqidə verir. Çünki belə olmasa müasir əsəri təhlil etmək də mümkün deyil. Bu gün söhbət mövcud tənqidin sağlamlığından, öz obyektini tapmağından gedir. Elə tənqidçiniin əsas uğurlarından biri öz hədəfini tapmaq və obyektiv olmaqdadır. Bu gün tənqidçi ancaq əsər ilə oxucu arasında öz missiyasını yerinə yetirir. Əgər yerinə yetirə bilirsə... Mənə elə gəlir ki, bu günkü tənqidin əsas problemi də hədəfi düz seçməməkdədir. Bəzən zəif əsərlər peşəkar tənqidçilər tərəfindən təhlil olunur, əksinə, ədəbi cəhətdən uğurlu hesab edilən əsərlər isə həvəskar yazı adamları tərəfindən təhlilə gətirilir. Bu, oxucular arasında çaşqınlıq yaradır. Çox vaxt təsis olunan ədəbi mükafatlar da buna hesablanır. Nəzərə almaq lazımdır ki, ədəbiyyatın inkişafı həm də tənqidçilikdən asılıdır. Tənqidçilərimiz zəif əsər müəlliflərinin adını dilə gətirməkdən çəkinirlər, bəzən ötəri şəkildə toxunmaqla keçirlər. Ədəbi müqayisələr, cəsarətli polemikalar yox dərəcəsindədir. Ona görə də tənqidçilər nə yazsalar tərif kimi qəbul edilir.

Tənqidi inkişaf etdirmək və tənqidə açıq bir cəmiyyət formalaşdırmaq çox vacibdir.”




Yazar Günel Natiq: "Ədəbi tənqid doğurdan da ölüb. Tənqidçilərin müəyyən bir dairəsi var, o dairədə fəaliyyət göstərirlər. Maraqlarına uyğun gələnlər təriflənir, uyğun gəlməyənlər isə qamçılanır. Bu tənqidçilər ambisiyalı olanlardır və hansısa uğursuzluqlarının, alınmayan karyeralarının intiqamını belə alırlar. Belələri obyekt tapmaqda çətinlik çəkəndə həyatda olmayan ədəbiyyat adamlarının tənqidi üzərində öz reklamlarını qururlar. Xüsusi ambisiyaları olmayan tənqidçilər isə öz sahələrinə o dərəcədə həvəssiz yanaşırlar ki, oxucuda haqqında söhbət gedən əsərə olan-qalan marağı da öldürürlər. Onların tənqidləri "yaxşıdır”, "pisdir” təyinləri ilə məhdudlaşır. Ümumiyyətlə isə tənqidçilər ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər və enerjilərini əks istiqamətə, hansısa yazarın tərifinə yönəldirlər. Mən ən obyektiv tənqidçi kimi Cavanşir Yusiflinin adını qeyd etmək istərdim. Qələmin müqəddəsliyini dərk edən, öz prinsipləri olan bu ədəbiyyat adamına hörmətim böyükdür.”




Yazar Ayxan Ayvaz: "Məni indi ədəbiyyat maraqlandırmır. Ona görə də ədəbi tənqidin durumu haqda da deyəcək bir sözüm yoxdu. Həm də bu ədəbi tənqid indiki dövrümüzdə öz aktuallığını itirib. Bu sovetin töküntüsüdür, palçıq kimi üstümüzə yapışıb.”