adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 May 2018 12:33
18454
KRİMİNAL
A- A+

Şirvanda itkin düşən müəllimin öldürülməsinin təfərrüatları - YENİLƏNİB

Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın öldürülməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Ağayev Rövşən Firudin oğlu S. Abdullayevadan oğlu, narkotik cinayətinə görə həbs olunmuş Abdullayev Xəyal Hüseynağa oğlunun azad edilməsi müqabilində 27 min manat alıb.

Lakin X. Abdullayev azad edilməyib, R. Ağayev aldığı pulu da qaytarmayıb.


***

Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın meyiti tapılıb.

APA-nın məlumatına görə, Şirvanda orta məktəb müəllimi olmuş S. Abdullayevanın meyiti Şamaxı rayonunun Göylər kəndi ərazisində dərədə aşkarlanıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Meyit götürülərək müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Aanotomiya Birliyinin Şamaxı rayon şöbəsinə verilib.

APA-nın əldə etdiyi məlumata görə, S. Abdullayeva Hacıqabul rayon sakini, 1992-ci il təvəllüdlü Kərimov Xankərəm Kərim oğlu tərəfindən öldürülüb.

X. Kərimov saxlanılıb.

X. Kərimovun qətli Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Ağayev Rövşən Firudin oğlunun sifarişi ilə törətdiyi bildirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 5 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X. Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X. Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul alıblar.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, S. Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.

Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R. Ağayev və M. Əmirov şübhəli şəxs qismində saxlanılıblar.