adalet.az header logo
  • Bakı 18°C
30 May 2018 09:26
11421
ƏDƏBİYYAT
A- A+

Geriyə yol varmı...

Nemət Veysəlli

(əvvəli ötən saylarımızda)

Nöyzənbillah, Allah da, təbiət də elə bil toyu beş-on dəqiqə bundan sonra başlayacaq oğlandan, gəlindən, onların ora-bura yüyürən, qan-tər içindəki valideynlərindən üz döndərmişdi. Siz Qarabağın gur, selləmə yağışlarını görmüsünüzmü? Ayağından tut, göylərə çıx. Qəflətən yağış başladı. Başladı yox e, elə bil göydən yerə vedrə, şlanq ilə su tökürdülər. Bəyin anası "vay astavaz" deyə-deyə əlləriylə başını, budlarını döyəcləyirdi. Aralığa əməlli-başlı qan qaralığı, çaşqınlıq düşmüşdü. Amma kənd camaatı, şənliyə gələnlər mütəşəkkil şəkildə çöldə, bayırda, ağacların altındakı stolları, kətilləri, onların üstündəki hazır xörəkləri az bir müddət ərzində böyük döşəməsi, divar və tavanları tərtəmiz, qupquru tağbəndə köçürdülər.
Heç nə olmamış kimi ziyafət yenidən öz axarına düşdü. Sağlıqlar bir-birini əvəz edirdi. Bəyin və gəlinin valideynləri gen-boluna təriflənirdi. Bunlar təbii haldı, burada qeyri-adi, əndazədən kənar heç nə yoxdu. Erməni millətinin "qeyri-adi" istedadı, "qabiliyyəti" şərəfinə də alovlu, pafosla sağlıqlar söylənirdi. Hətta, bir nəfər tut arağının dərəcəsindən təsirlənərək məclisə toplaşanlara sübut etməyə çalışırdı ki, erməni milləti bu dünyaya torpaqdan da qabaq gəliblər və onun bu çıxışı gurultulu alqışlarla da qarşılandı.
Nə isə... bütün bunları normal qarşılamaq olardı. Aradabir havalı başlar erməni millətinin "qədim" tarixə malik olmalarından, "Böyük Ermənistan" xülyalarından da söhbət açdılar. Toyun ab-havası, bəy və gəlinin valideynlərinin arzu və amalları qalmışdı bir qıraqda. Söhbət hərlənib-fırlanıb gəlib çıxdı ermənilərin "türklər tərəfindən" qondarma "soyqırım"a məruz qalmasının üstünə.
Əvvəl-əvvəl elə bildim toyda sağlıq deyənlər bu tarixi uydurmaların üstündə çox da dayanmayacaqlar. Yoox... Şənliyin müəyyən mərhələsindən sonra, içkili və lovğa ermənilər açıq-aşkar təhqirə keçdilər. Türkdilli millətlərin, xüsusilə də azərbaycanlıların ünvanına nə qalmadı söyləməsinlər. Məclisin lap əvvəlindən belə-belə atmacaları eşitdiyimə görə iştahım da tamam qaçmışdı, üstü dolu süfrəyə heç əlimi də vurmamışdım. Görünür, mənim süfrəyə əl atmamağımı, araq da içmədiyimi mənimlə yanaşı əyləşən yoldaş görmüşdü. O, yanındakı tanışına tərəf əyildi, onun qulağına nə isə pıçıldadı. Bir azdan bəyin atası əyləşdiyimiz stola yaxınlaşdı.
Hamının eşidə biləcəyi səslə:
- A qardaş, san niya çorak yemırsan, heç araq da içmırsan? Bas belə dostluq olar?
Masabəyi də bəy atasının bizim - dostumla mənim əyləşdiyimiz stola yaxınlaşdığını gördü və təkid elədi ki, söz deyim, çıxış edim.
Sözün düzü, naqolay vəziyyətə düşmüşdüm. İçimdəkiləri, ürəyimdən keçənləri açıq-aşkar söyləmək çətindi. Bayaqdan bəri ünvanımıza söylənilənlərə cavab verməmək də kişilikdən deyildi. Od ilə suyun arasında qalmışdım. Sevindik də, mən də qonaqdıq. Toya gəlmişdik, şadlığa gəlmişdik. Adi, sadə, zəhmətkeş bir erməni ailəsinin şənliyini müzakirə müstəvisinə çevirmək də əxlaqdan kənar məsələydi. Mən hələ bir neçə dəqiqə bundan qabaq göydən şıdırğı yağış yağan zaman, neçə aydan, ildən bəri oğluna arzuladığı toy şənliyinin pozulmasından təşviş hissi keçirən oğul anasının necə hönkür-hönkür ağladığını da görmüşdüm. Birtəhər özümü ələ aldım, hiss və duyğularımı cilovlamağa çalışdım.
- Bizi bu uzaq dağ kəndinə, toy şənliyinə dəvət etdiyinizə görə, sizə öz təşəkkürümü bildirirəm, - dedim.
Deyəsən toya gələnlərin diqqəti də məndəydi. Əllərini yelləyən, mənim söylədiklərimə əhəmiyyət verməyənlər də çoxdu. Amma mənə qulaq asanlar da vardı.
- Bizi, - dedim, - toyunuza dəvət etmisiniz, amma bizə yaxın millətlərin, elə bizim özümüzün də ünvanımıza nəlayiq sözlər işlədirsiniz. Bu necə məntiqdi, bu necə qonaq qarşılamaqdı? Süfrənizin yuxarı başında əyləşmişik, üzümüzə qarşı belə sözlər işlədirsiniz.
Sözümü dedim və əyləşdim. Araya ani sükut çökdü. Yekəpər, şənliyi idarə edən erməni bizim stola yaxınlaşdı və uca səslə:
- A, musurman... san bizi bağışla, olur da... uşaqlar bir az içiblar.

Üzümkəsənlər

Dostum Qürbət Cavadov Tola düzündəydi. O, kolxozda üzümçülük üzrə briqadir idi. Günortaya yaxın gedib onu sahədə tapdım. İşi də yaman çoxdu. Qızlara tapşırıq verir, üzüm sahələrini gəzib-dolaşırdı. Bağların, üzüm tənəklərinin diblərinin boşaldılma, budama vaxtı idi.
Çartaz Qobusu, quzey tərəfdən Veysəlli ilə Çartaz kəndinin torpaqlarını tən yarıya bölür. O tay qonşularımızın, but ay isə bizimdi. Elə-belə bekarçılıqdan, vaxt öldürmək məqsədilə, Çartaz qobusunun o üzünə, - qonşularımızın qoşdəki üzüm bağlarına tərəf keçdim. Qobunun o üzünə adladım, gördüm vaxtilə silos quyusu olmuş böyük bir kalafada "Kommunizm" adına kolxozun kolxozçuları hazır, bir neçə gün bundan əvvəl qol-budağı kəsilmiş üzüm tənəklərindən cavan bağ salmaq üçün ting hazırlayırlar. Onlar üzüm tənəklərinin artıq və lazımsız hissələrini kəsir, yararlılarını bir kənara qoyurlar. Sonra da onları dəstələyir, qomlayırlar. Ting dəstələri sonralar dağılmasın deyə, onu ortadan sap ilə bərk-bərk bağlayırlar. Salınacaq cavan bağlar üçün indidən hazırlıq işləri görürlər.
Sözün düzü, imkanım olubmu, olmayıbmı, - heç vaxt əyin-başıma, geyimimə o qədər də əhəmiyyət verməmişəm. Bu yaxşı haldımı, pis xasiyyətdimi - bu ayrı söhbətdi. Amma o günü yaxşı-yaxşı geyinmişdim. Kostyum, bahalı köynək, ayaqqabı, hətta boğazımdan son dəbdə olan qalstuk da asmışdım. Bu da təbiidi. Məzuniyyətdəydim, kənddə dincəlirdim. Niyə belə geyinmişdim, bəlkə də Qürbətlə görüşəndən sonra harasa gedəcəkdim, yadımda heç nə qalmayıb.
Qonşularımızla ədəb-ərkanla salamlaşdım. Hal-əhval tutdum. Dolanışıqları ilə maraqlandım. Dedim, yəqin ki, siz tanıyırsınız, Qürbət mənim uşaqlıq dostumdu, gəlmişdim onun sahəsinə. Gördüm ki, işi yaman çoxdu, keçdim qobunun bu üzünə - sizin yanınıza.
Onlar Veysəlli kəndini, Veysəlli camaatını yaxşı tanıyırdılar. O cümlədən də üzümçülük üzrə briqadir Qürbəti də. Təkrar-təkrar cəhd elədim, qonşularımızla söhbət etmək istədim, heç nə alınmadı. Ha çalışdım çartazlılarla aramda emosional, mehriban körpü yaradım, bu da baş tutmadı. Söhbətimin çalarını, coğrafiyasını da genişləndirdim - sözlərim, fikirlərim daşa, qayaya dəyib yerə düşdü. Arada bir baxıb gördüm əllərində iti bağ qayçısı, otuz-qırx kələ-kötür kişi qəzəblə, buz soyuqluğu ilə gözlərini mənə zilləyiblər. Açığını deyirəm, - bu baxışlardan bərk qorxdum. Dərhal da bu qorxu hissini bədənimdən qovdum. Sakitləşdim. Çartazlılar veysəlliləri, Veysəlli camaatını, Ələsgərli tayfasını, kəndimizin dəli-dolu cavanlarını, mərd qocalarını yaxşı tanıyırdılar. Təkrar edirəm, mənə sarı zillənmiş gözlərdən, soyuq baxışlardan qorxmadım, amma canıma bir üşütmə düşdü, vahimələndim.
"Sağ olun" - deyib, oradan aralandım. Qonşularımız "sağ ol"uma heç cavab da vermədilər.
- Ə, Nemət, sənə nə olub, rəngin niyə belə ağarıb, xəstə-zad deyilsən ki...
Bu sözləri dostum Qürbət deyirdi.
Susdum, ona cavab vermədim.

Herher kəndi

...Vərəndəlidən olan dostum Sevindik Hüseynovun Rəsul adlı oğlu əsgərlikdə Herherdən (Martuni) bir cavanla birgə hərbi qulluq keçmişdilər. Onlar qulluq müddətində əməlli-başlı dostlaşmışdılar: hər ikisi Martunidən idi, hər ikisi cavandı, bərkdə-boşda bir-birini yaxşı sınamışdılar. Dostumun həm özü, həm də çoxsaylı ailə üzvlərinin hamısı erməni dilini (Qarabağ ermənilərinin dilini) yaxşı bilirdilər, necə deyərlər, erməni dilini tum kimi çırtlayırdılar. Sevindik Vərəndəli kəndindən olsa da, qəsəbə mərkəzində yaşayırdı, işıq idarəsində işləyirdi. Onu demək istəyirəm ki, Rəsul Herher kəndindən olan əsgər dostu ilə həm də onun ana dilində - erməni dilində sərbəst danışırdı. Bütün bu amillər onların dostluğunu bir az da möhkəm etmişdi.
Sevindiklə Martunidə görüşdük.
- Vaxtında gəlmisən, Herherə gedəsiyik. Rəsulun əsgər dostu ordudan təzəcə tərxis edilib, indi də bizi kəndə qonaq çağırıblar. Uşağın əsgərlikdən sağ və salamat qayıdıb gəlməsinə görə şadyanalıq keçirəcəklər.
Maraqlı təklifdi. Razılaşdım.
Martunidən Herherə getmək üçün gərək qabaqca Veysəllidən keçəsən. Gərək Güney və Quzey Çartazı arxada qoyandan sonra, daş, əyri-üyrü yollarla Qanlı gədiyə qalxasan. Qanlı gədiyi aşdınmı - Sosdu, Divanalılardı, Məşədkənddi.
Sonra da Herher gəlir.
Eninə-boyuna dolaşdığım Qarabağda min hektarlarla bərəkətli, münbit, qara torpaqlar görmüşəm. Veysəlli və Ağbaşlıda (Füzuli), Abdal-Gülablı və İsmayılbəylidə (Ağdam), Cıdır düzündə (Şuşa), Kamallıda (Laçın).
Amma Herherdə gördüyüm münbit torpaqlar məhsuldarlığına görə heç birinə bənzəmirdi. Torpaq, Bakının Qala kəndində becərilən qoyunların iri quyruğu kimi qat-qat, ətliydi. Torpağı elə bil ələkdən, xəlbirdən keçirmişdin. Bu tərəflərdə tez-tez yağan yağışlar, gec əriyən qar sularından sonra torpaq gilələnmişdi, nar dənələrini xatırladırdı. Baxırdın, torpaq gah bozumtul, gah qırmızıya, gah da qaraya çalırdı. Mən Herher kəndində bir parça daş, qayaya da rast gəlmədim. Təbiət də, Tanrı da Azərbaycanın bu kəndinə bol-bol səxavət vermişdi.
...Yığcam həyətdi, sonra da talvardı. Günəşin qabağını talvarın üstündəki üzüm tənəkləri, yarpaqları tutmuşdu. Süfrəyə gün düşmürdü.
Kənd əhli, ağsaqqallar, cavanlar süfrə başındaydı. Yeyirdilər, içirdilər, ilk növbədə Rəsulun və onun əsgər dostunun ünvanlarına, şərəfinə sağlıqlar deyilirdi. Pafosdan, dəbdəbədən uzaq, təbii, insane xas xoş və gözəl sözlər, söhbətlər, zarafatlar. Əsgər anası, atası ömürlərinin ən xoş günlərini, dəqiqələrini yaşayırdılar.
Məclisdə əyləşənlər biləndə ki, mən yazı-pozu adamıyam, Azərbaycan Yazıçılar İttifaqında, onun ədəbi orqanında, "Azərbaycan" jurnalında (1976-1989) çalışıram, xoşhal oldular; məclis bir az da çalxalandı. Sağlıq demək üçün mənə söz verdilər.
- Əvvəla hər iki cavanı sağ və salamat evlərinə qayıtmalarına görə onların özlərini, ən çox valideynlərini ürəkdən təbrik edirəm. Onların dostluğu, bir-birini axtarmaları da xoş sözə layiqdi. Cavanların valideynlərinə də gözaydınlığı verirəm. Məni də, Sevindiyin və onun oğlunun gözünə qatıb, gülərüzlə qarşılamağınıza görə sizə öz təşəkkürümü bildirirəm. Mənim uşaqlıq və yeniyetməlik illərimin xeyli hissəsi Martunidə, Ağoğlan dərəsində, su dəyirmanlarında, bu dağların arasında keçib. Martuni beynəlmiləl orta məktəbdə (1957-1959) təhsil almışam. Martunidə çoxlu dostlarım, tay-tuşlarım var.

(ardı gələn sayımızda)