adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
25 May 2018 23:33
10814
GÜNDƏM
A- A+

Əyalətdən dünyaya uzanan yol

(Xalqın rəssamı Firudin Quliyevin yaradıcılığı barədə düşüncələr)

Kamran NƏZİRLİ

Astaradakı ata ocağımıza qonşu olan evdə yaşayır Firudin Quliyev; ona el arasında "rəssam Firudin" də deyirlər. Arıq, hündürboy, qarayanız bir adamdır, uzun, ətsiz, nazik, fırçayla oynayan barmaqlarının büküşləri arasındakı "zəhmətkeş" qan damarları görünür; bu damarlardan neçə onillərdir ki, qan yox, bəlkə də əlvan rənglər süzülür kətan parçaların üzərinə - sənət əsərləri yaranır, xalqın, millətin ruhunu və qəlbini oxşayan rəsmlər meydana gəlir.
O hər gün evindən öz rəsm Qalereyasına yol gedir; yol uzun deyil, bir kilometrdir. Bu qaradinməz, dalğın rəssama hər gün onlarca adam salam verir, ondan salam alır; çoxları əyin-başından "rəng" süzülən, üz-gözündən nur tökülən bu Yol adamına - qarayanız, saçları ağarmış, iti baxışlı insana elə-belə, hələ də adi sakin kimi baxır, onu "məhlə uşağı", "bizim Firudin", "Mövsüm oğlu" kimi tanıyır. Amma o, seçilmişlərdəndir, qeyri-adi istedad sahibidir, onun getdiyi YOLun uzunluğu ölçüyə gəlməz, onun rəsmlərinin enerjisinin, sənətkarlıq səviyyəsinin, təsir dairəsinin gücü işıq sürətlidir, dünya sərgi salonlarını ovsunlamaq, zövqlü tamaşaçını mat qoymaq qüdrəti var.
Firudini çoxdan idi ki, görmürdüm. Mənim oxuduğum məktəbin 100 illik yubiley tədbirinə o da gəlmişdi. Tədbirdən sonra onunla görüşdüm, emalatxanasına getdim. Eşitmişdim ki, yubileyi olub, qonşumu gec də olsa, təbrik etməliydim. Bizim küçənin bu nadir istedad sahibinin yeni əsərlərinə tamaşa etmək mənimçün çox maraqlıydı.
Firudin, rəhmətlik ata-anasının qurduğu köhnə bağ-bağatlı evin arxasında özünə ikimərtəbəli ev ucaldıb. Məni də təzə evdə qarşıladı, pilləkənlərlə qabağa düşüb apardı emalatxanasına. Yan-yana düzülmüş molbertlər diqqətimi çəkdi, öyrəndim ki, bunların hamısını özü alıb, tələbələri üçündü. Emalatxanada bir tələbəsi də vardı, işləyirdi, öyrənirdi. Astarada Firudin Quliyev "məktəbi" var, onun əlinin altından neçə-neçə rəssam və tərtibat ustası çıxıb. Onların səsi-sorağı beynəlxalq sərgilərdən gəlir.
Bu dəfə onun emalatxanasında olarkən içimdə çox həzin və kövrək duyğular oyandı, mən də onun sənət əsərlərinin ovsununa düşdüm. Firudinin natürmort, portret, illüstrasiya, peyzaj kimi janrlarda çəkdiyi yüzlərlə rəsm əsərləri var; o, yağlı boya, qrafika, linoqravyura kimi texniki vasitələrdən istifadə edir, klassik və avanqard üsluba üstünlük verir. Lakin rəssamlıq sənətində onu fərqləndirən başqa cəhətlərdir. Öz tamaşaçı zövqümə inanıb cəsarətlə deyə bilərəm ki, Firudin Azərbaycan rəssamlıq sənətində tamam yeni bir cığır açıb, o, novator sənətkardır. Bunu onun sənət dostları, əməkdar incəsənət xadimi, sənətşünas-alim Ziyadxan Əliyev, əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Asif Azərelli də etiraf ediblər, onun əsərləri barədə dəyərli fikirlər söyləyib, rəssamlıq sənətinə verdiyi töhfələrdən, əsərlərinin mövzu rəngarəngliyindən danışıblar.
Onun novatorluğundan danışmazdan öncə Firudinin mənə bağışladığı kitab barədə bir neçə söz demək istəyirəm - müəllifi tanınmış muzeyşünas etnoqraf-alim, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının üzvü Əfqan-Cövhər Şəfiyevdir. Kitabçanı vərəqləyirəm, burda ümummilli liderimiz Heydər Əliyevin, SSRİ xalq rəssamı Tahir Salahovun, Özbəkistanın xalq rəssamı, akademik Əsgərəli Əkpərovun, Rusiyadan, Ukraynadan, Belarusdan və s. ölkələrdən olan tanınmış xalq rəssamları və incəsənət adamlarının bizim rəssamın əsərləri və şəxsiyyəti barədə xoş sözləri yer alıb. Kitaba ön sözü Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yazıb. Bu kitabda diqqətimi çəkən rəylərdən biri də Belarus Respublikasının xalq rəssamı, Belarus Rəssamlar İttifaqı sədrinin birinci müavini, akademik Rıqor Sitniçanın sözləri oldu: "...Firudin Quliyevin əsərlərində peşəkar ustalıqdan savayı Azərbaycan xalqının müqəddəs dini-mənəvi dəyərlərinə həssas sənətkar münasibəti gördüm, rəssam bu münasibəti çox gözəl ifadə və təsvir edir; bu da müəllifin Allah və ölkəsi qarşısında şəxsi məsuliyyəti dərk etməsinin parlaq sübutu və təzahürüdür..."
Onun sənətkarlığını dünyanın bir çox görkəmli rəssamı, tanınmış ictimai-siyasi xadimi etiraf edib, bu gün də etiraf edir. O, Azərbaycan təsviri sənətini dəfələrlə digər ölkələrdə böyük müvəffəqiyyətlə təmsil edib. 2011-ci ildə Tatarıstan Respublikasının Yelabuqa şəhərində keçirilən VI beynəlxalq simpoziumunda "Altın çiçək" medalına, Tatarıstan Respublikası Mədəniyyət Nazirinin xüsusi diplomuna layiq görülüb. Rusiyada, Çexiyada və digər ölkələrdə rəssamın əsərləri dövlət Qalereya kolleksiyalarına daxil edilib və sərgilərdə nümayiş etdirilib. Müəllifin üç əsəri Naxçıvandakı Heydər Əliyev Mərkəzinin kolleksiyasına daxil edilib.
Bəs bu əyalət rəssamının novatorluğu nədən ibarətdir?
Qeyd edim ki, Firudin son on ildə tarixi və dini mövzulara müraciət etməklə yaradıcılığında tamam orijinal bir səhifə yaradıb: o, dünya rəssamlıq sənətində ilk olaraq İslamın müqəddəs kitabı Qurani-Kərimin 114 surəsindən 60-nı təsviri sənətə gətirib və onları, necə deyərlər, fırçasının gücü və məharətiylə "təfsir" edib. Mən "təfsir"in orijinal məzmunu və fəlsəfəsini, habelə məntiqli izahının yeni forma və usulla bədii təsvirini nəzərdə tuturam. Qurani-Kərimin müxtəlif surələrində mövzusu, motivi, sirli mənası onun çəkdiyi rəsmlərdə sadə polifoniya kimi görünür, lakin bunlar ilk baxışdan belədir, əsərlərə bir qədər dərindən nüfuz edəndə burdakı dərin məzmunlu elmi, fəlsəfəni anlamaq istəyirsən, heyrətlənirsən, təsvir edilən cizgilər, detallar, irili-xırdalı predmetlər yerli-yataqlı və bir-birini tamamlayır; Nuhun gəmisindəki detalların digər səmavi kitablarla - Tövrat və İncillə də əlaqəsini tutmaq olur; bu rəsmlər sanki vəhy kimi fırçayla düşüncənin harmonik səyi ilə bizə bədii-fəlsəfi, həm də ibrətamiz hekayətlər söyləyir. Rənglər, elementlər, predmetlər də personajlar kimi danışır, çoxmənalı ünsürlər kimi təqdim edilir, bizə uzaq əsrlərin, müqəddəs dini baxışların lakonik semantikasını söyləyir. Misal üçün, "Nuhun gəmisi", "Əshabi-kəhf", "Qurban", "Kəbə", "Möcüzə, "Mağara", "Beşik", "Böyük xəbər", "Loğman" və s. surələrin məzmunlu lövhələri gözəl nümunələrdir. Bu əsərlərdə Söz və Təsvir vəhdəti, mənəvi saflığa, fanatizmdən uzaq dinə, imana çağırış var. Söhbət zamanı Firudin qeyd etdi ki, 114 surənin hamısına bədii görkəm verəcək, onları təsviri sənətdə də əbədiləşdirmək istəyir, öz bədii ifadə üslubuna sadiq qalaraq dini-mənəvi məzmunlu əsərlərini davam etdirəcək.
Firudin Quliyev savadlı rəssamdır; o, Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib, daha sonra isə V. Muxin adına Leninqrad (indiki Sankt-Peterburq) Ali Rəssamlıq Akademiyasına daxil olub, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Firudin dünyadakı cərəyan və tendensiyalardan xəbərdardır, lakin bütün bunlar ona təsir etmir, onun öz yolu, öz cığırı, öz üslubu var. Firudin Quliyevin gözəl portret rəsmləri, təbiət lövhələri orijinal rəng çalarlarına və çoxqatlı elementlərinə, fəlsəfəsinə görə də diqqəti cəlb edir. Onun vətənpərvərlik mövzusunda çəkdiyi əsərlər, Qarabağ müharibəsinə, Xocalı soyqırımına həsr elədiyi rəsmlərin sənət baxımından misli yoxdur.
Əlbəttə, hər bir sənət əsəri yaradıcılıq prosesinin məhsuldur; o sənətkar qiymətlidir ki, bu prosesdə düşünür, məntiqlə düşünür, bütün ağlını, düşüncəsini, hiss və emosiyasını, məntiq və fəlsəfəsini əsərinə ötürür; bəlkə elə buna görədir ki, sənət əsəri insana təsir edir. Bu proseslə daimi məşğul olmağın özü sənətkardan istedaddan əlavə güc və enerji tələb edir. Firudinin yaratdığı əsərlər tam orijinaldır. Bu cəhət çox önəmlidir. Sənətin meydana qoyduğu əsərlə, təbiətin meydana gətirdiyi əsərin fərqi də bundadır.
Təsviri sənətlə məşğul olan çox az rəssam var ki, təbiətin əsrarəngiz rəsmini olduğu kimi deyil, öz düşüncəsindən və məntiqindən süzülən mifik və mistik lövhələrlə yaratsın. Düşünürəm ki, təsviri sənətdə düşüncənin, fikrin, məntiqin, fəlsəfənin estetikası elə budur. Onunla maraqlı söhbətlərimiz oldu və mən bir daha əmin oldum ki, bizim kiçik küçəmizin Böyük bir rəssamı var - o, təkcə rəssam deyil, qədim adət-ənənlərimiz, tariximiz, ədəbiyyatımız və incəsənətimiz haqqında səhih bilgiləri olan bir sənətkardır, onu danışdırmasan da, bu bilgiləri müəllifi olduğu rəsm əsərlərindən almaq olar.
...Biz Firudinin emalatxanasından çıxıb Rəsm Qalereyasına yollandıq. Yolboyu düşünürdüm: görəsən, mən bu iki dəqiqəlik yolun sonunda, onun qalereyasında daha hansı sənət əsəriylə heyrətlənəcəyəm? Görəsən, heç bir fəxri adı, titulu olmayan xalqımızın bu zəhmətsevər rəssamının daha hansı rəsmləri o qalereyadan birbaşa uzaq-uzaq ellərə, obalara uçacaq, Azərbaycana, vətən torpağına başucalığı gətirəcək? Görəsən, özünə sağlığında əbədi heykəl qoymuş bu əyalət sənətkarından, onun bizə indidən miras qoyduğu mənəvi sərvətlərdən dünyanın xəbəri olacaqmı?
Hər halda, mən çox ümidliyəm. Firudin Quliyev kimi sənətkarlarımızın əsərləri yaşamağa, yayılmağa, dünyaya çıxmağa layiqdir.