adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Xalqdan intiqam alan nankor

19568 | 2018-05-25 23:16
Kinorejissor Ayaz Salayevin "Bakinski Raboçi" qəzetində dərc edilmiş məqaləsi Azərbaycanı sevən hər bir insanın ürəyindən xəbər verir və vətəninə, xalqına xəyanət edənlərə kəskin nifrət hissi oyadır. Ancaq bunu da hər bir kəs aydın bilir ki, pula, vara əyilənlərin vətəni ilə bərabər vicdanı, məsləki də olmur. Onlar şəxsi münasibətləri, mənafeyi vətəndaşlıqdan, bəşəri dəyərlərdən üstün tuturlar. Əvvəllər qayğı, hörmətlə əhatə olunan bu insanlar şəxsi maraqları naminə mənsub olduqları xalqı, doğulduğu torpağı, qohum-əqrəbanı, dostu-sirdaşı, ona edilmiş bütün yaxşılıqları bir andaca unudurlar.
Biz bunu Rüstəm İbrahimbəyovun timsalında aydın görürük. Bir vaxtlar Azərbaycan, ölkənin vətəndaşları, bu torpağın barı-bəhrəsi haqqında ağızdolusu danışan, azərbaycanlıları müdrik, ağıllı, cəsarətli, səxavətli insanlar kimi qələmə verən Rüstəm İbrahimbəyov cılız siyasi maraqlar naminə tamamilə dəyişdi, Azərbaycana düşmən kəsildi.
Bu, özünü "böyük yazıçı", "rejissor", "vətənpərvər" kimi qələmə verən bir insana xas olan sifət deyil, əsl ikiüzlülük, riyakarlıqdır. Vətəni, xalqı alçaltmağa, öz nəslini-kökünü, dünən dediklərini danmağa çalışmaqla əsl mahiyyətini ortaya qoyur.
R.İbrahimbəyov Azərbaycan xalqına düşmən cəbhənin, xüsusilə ermənilərin tərəfinə keçərək öz millətini, torpağını gözdən salmaqla, nailiyyətlərimizə, inkişafımıza, insanlarımıza qara yaxmaqla məşğuldur. Özünü Azərbaycanın Prezidenti kürsüsündə görməyi arzulayan bu adam bir neçə il bundan əvvəl oyuncaq Milli Şura yaratmaqla başına müəyyən özü kimi dönük insanları toplayaraq ölkədə qarşıdurmalar yaratmağa çalışdı. O, erməniləri və ermənipərəst qüvvələri bir cəbhədə birləşdirərək əhatəsini genişləndirmək, Azərbaycanın dövlət quruluşunu sarsıtmaq, bütün dünyada ölkəmizin imicinə zərbə vurmaq fikrində idi. Ancaq bədxah niyyətləri puça çıxdı. Azərbaycan xalqı öz müdrikliyini göstərdi, kimin kim olduğunu ortaya qoydu. Rüstəm İbrahimbəyov kimi xainlərə bu torpaqda yer yoxdur əzmini nümayiş etdirdi, öz birliyini göstərdi. Bundan sonra dönüklər meydandan çəkildilər, Rüstəm İbrahimbəyovun əməlləri də ifşa olundu, onun hardan və necə qaynaqlandığı üzə çıxdı.
Ancaq satılan, öz xalqını rüsvay etmək üçün düşməndən bəhrələnən, göstəriş alan insan heç vaxt sakit otura bilməz. O, götürdüyü öhdəlikləri yerinə yetirmək üçün hansı yollarla olursa-olsun fəaliyyətini davam etdirməli, ağasına sadiqliyini bildirməlidir.
Rüstəm İbrahimbəyovun çəkdiyi "Qafqaz üçlüyü" filmi bunun əyani nümunəsidir. Bu nadan bir neçə il bundan əvvəl Azərbaycan xalqından aldığı zərbələrə nə iləsə cavab verməli idi. Sözsüz ki, bu müsbət cavab ola bilməzdi və göründüyü kimi o, ermənilərlə birgə çəkdiyi və tamamilə xalqımızın, dövlətimizin mənafeyi, milli dəyərləri əleyhinə yönəlmiş bu filmlə özünün antimilli mövqeyini bir daha ortaya qoydu. Bu xalqa, Vətənə xəyanətdir, azərbaycanlı adına ləkədir. Sülhün, münaqişənin, Qarabağ məsələsinin həllinə əngəldir. Özünü "demokrat, azad fikirli humanist insan" hesab edən Rüstəm İbrahimbəyovun bir daha iki xalqı qızışdırmaq, qarşı-qarşıya qoymaq, vuruşdurmaq və bundan bəhrələnmək niyyətindən başqa bir şey deyil.
Filmin məqsədi insanları barışa yox, ədavətə, qan axıtmağa, keçmişdə baş vermiş qanlı hadisələri yenidən təkrarlamağa xidmət edir. Filmdə iştirakçıların birinin dilindən deyilən "ermənilər bizim bir nömrəli düşmənlərimizdir" sözləri buna əyani nümunədir. Halbuki bu kəlmələri ermənilər ailələrdən, uşaq bağçalarından, məktəblərdən başlayaraq azərbaycanlıların ünvanına söyləyiblər və övladlarını bu ruhda tərbiyə ediblər. Uzun illər - 1905-1918, 1948-1953 və sonrakı dövrlərdə azərbaycanlıların başına gətirilən müsibətləri Rüstəm İbrahimbəyov da bilməmiş deyil. O, Xocalı, Qaradağlı soyqırımları, Azərbaycanın işğal olunmuş torpaqlarında törədilmiş qanlı faciələr zamanı törədilən dəhşətləri də kor gözləri ilə yaxşı görmüşdür.
Bir çox xarici sənətçilərin, ekspertlərin fikrincə, bu film sifarişlə, tələm-tələsik çəkilib, sənətkarlıq baxımından isə zəifdir. Ancaq nə olursa olsun, əgər o Azərbaycan xalqının əleyhinə yönəlibsə, həqiqəti əks etdirmirsə və özü də bir azərbaycanlı tərəfindən çəkilibsə, qəbuledilməzdir. İlk növbədə bu xalqımızın, dövlətimizin, inkişafımızın mövqeyinə, milli dəyərlərimizə, keçmişimizə, bu günümüzə, gələcəyimizə ziddir, kölgə salmaqdır. Digər tərəfdən, bəşəri dəyərlərə, insanlığa hörmətsizlikdir. Çünki bu gün ziddiyətli dünyada ədavəti qızışdırmaq, münaqişələri genişləndirmək, insanları ölümə, qana, düşmənçiliyə səsləmək, köhnə yaraları qopartmaq yox, sülhü, əmin-amanlığı bərpa etmək, insanları barışdırmaq lazımdır. Vicdanı, qeyrəti, insanlığı olan hər kəs məhz bu nəcib məqsədlərə xidmət etməlidir.
Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmi isə yalnız münaqişələri qızışdırmaq, iki xalqı yenidən üz-üzə qoyub müharibəni alovlandırmaq baxımından xarakterikdir. Görünür kimlərinsə bəxşişləri öz xalqının nifrətinə tuş gələn yazıçını insanlıqdan məhrum edib, bəşəri duyğularını öldürüb, onu millətçi dairələrin quluna çevirib.
Başqalarına qul olmaq, öz xalqına xəyanət etmək isə insan, onun nəsli üçün ən böyük fəlakətdir. Rüstəm İbrahimbəyov artıq neçə ildir ki, bu taleyi yaşayır...


TƏQVİM / ARXİV