adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 May 2018 16:49
9300
MƏMLƏKƏT
A- A+

Azərbaycan Ədliyyəsi - 100

Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi ərəfəsində fərəh hissi ilə deyə bilərik ki, onun keşməkeşli, lakin şanlı bir tarixi vardır. Hər bir cəmiyyətdə dövlətin idarə olunmasında ədliyyə sisteminin rolu bilavasitə mövcud siyasi rejimin xarakterindən asılıdır. Mahiyyət etibarı ilə dövlətin hüquq siyasətinin formalaşdırılması və həyata keçirilməsində, hüququn aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sistemi yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə bu funksiyalarını həyata keçirə bilər. Məhz bu baxımdan Azərbaycan ədliyyəsinin inkişaf yolu bir neçə mərhələdən keçmişdir.

Bir əsrlik inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündən başlayır. Ədliyyə Nazirliyi həmin gün təsis edilmiş və təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin ilin noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri müəyyən edilmişdir.

Həmin dövrə nəzər salanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə ədliyyə, məhkəmə və istintaq strukturları yaradılmış, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycanda Sovet hakimiyyəti elan edildikdən az sonra, inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə mövcud ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. Komissarlığın səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir.

1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və digər orqanlara verilmişdir.

1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmişdir. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətləri əsaslı şəkildə məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur.

1959-cu ildə isə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür. Göründüyü kimi ölkəmizin ədliyyə sistemi Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan ta 60-cı illərin sonunadak öz çətin dövrünü yaşamışdır.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan ədliyyəsinin tarixinin sovet dövrünün yeni mərhələsi başlandı.

Milli mənafeləri hər şeydən uca tutan uzaqgörən siyasətçi Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladıqdan az sonra 1970-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi təsis edildi. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır. 1970-ci ildən Ədliyyə Nazirliyi stabilliyə nail olaraq təşkilat kimi formalaşmağa başladı, onun gələcək inkişafının təməli qoyuldu.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən və ümummilli liderimiz Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında yeni dövr başlandı. Bu dövr ədliyyə sisteminin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir.

Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq, eləcə də ədliyyə sistemində islahatlar həyata keçirildikcə ədliyyə orqanlarının inkişafı, onların fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin beynəlxalq standartlara uyğun qurularaq möhkəmləndirilməsi istiqamətlərində böyük uğurlar əldə edilmişdir. Nəticədə ölkəmizin Ədliyyə Nazirliyi də inkişaf edərək hüquqi dövlətdə layiq olduğu yeri tutmuşdur.

Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümummilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır.

Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi Ulu Öndərin hüquq siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi 15 il ərzində Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.

Ədliyyə işçiləri ulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə Prezident İlham Əliyevə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.

Fürsətdən istifadə edərək Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə başda Azərbaycan Respublikasının Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov olmaqla respublikamızın bütün ədliyyə işçilərini təbrik edir, öz şərəfli vəzifələrində qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.


Malik Mahmudov

Beyləqan rayonu