adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 May 2018 11:51
14411
ELM VƏ TƏHSİL
A- A+

Onlar qar kimi əriyib yoxa çıxır - Tələbədən valideynlərə çağırış

"Həyatında ən yaddaqalan günün hansıdır?" - deyə soruşsalar, taleyimin həll olunduğu günü - qəbul imtahanı verdiyim o həmin gün"- deyərdim.

Tərəddüdsüz, düşünmədən…

O gün - gələcəkdə cəmiyyətdə hansı mövqeyə sahiblənəcəyimi istiqamətləndirən unudulmaz gün…

TƏLƏBƏ adını qazanmaq həm çox şərəflidir, həm də bir o qədər məşəqqətli və həyəcanlı…

Amma və lakin….

Amma və lakin hər kəsin arzuladığı bu ada sahib və layiq olmaq əslində, tələbəliyin özü qədər çətin deyil... Yəni, şərəf göstəricin nə qədər artırsa, çətinliklər də bir o qədər çoxalır…Tələbə adına layiq olmaq isə bu adı qazanmaqdan daha çətindir…

…Və üstəlik…

Və üstəlik tələbə olmaq hələ yetkinləşmiş, özünü təsdiqləmiş, bir sözlə, yararlı vətəndaş olmaq, cəmiyyətdəki mövqeyini möhkəmləndirən amil deyil.

Hazırda abituriyentlər ömürlərinin ən yadda qalacaq illəri sandıqları tələbəliyi yaşamaq barədə xəyallar qururlar. Onlar sanki bu anların ehtiras dolu tarixinə şahidlik etmək üçün imtahan verirlər. Amma və lakin…

…Artıq hazırlıq mərhələsi geridə qaldı. İndi isə İMTAHAN; dünyanın nəhəng sərkərdələrindən olan Napaleonun belə qorxduğu imtahan!

Bir yandan qorxu dolu, o bir yandan da əslində, insan üçün "2x2" qədər asan olan imtahan!

Sosial şəbəkələrdə paylaşılan şəkilləri, ab-havanı görəndə həmin həyəcanlı, "qorxudolu” anlar bir daha gözlərim önündə canlanır. İmtahan verdiyim dəqiqələrin artıq xoş xatirəyə dönən həyəcanı yenidən özünü bütün varlığımda qonaqlayır…

Özü də necə!

Bu zaman abituriyentlərdən çox valideynləri düşünürəm; çəkdikləri min bir əziyyət, stresslər, ümidlər, güvənclər... Və daha nələr, nələr…

Nəticələrdən sonra isə onlardakı bu yaşantılar dəyişəcək; həm yaxşı, həm də…

Yox! Arzu edirəm ki, onlardakı gərgin duyğuları sevinc, fərəh əvəzləsin və sonadək bu cür davam etsin.

Abituriyentin çəkdiyi yarıqorxu, yarıfərəh dolu anlar sual kitabçaları qarşılarına gələnə qədərdir. Bəs davamı?

Qarşıda hər saniyəsindən ağır daş sallanmış amansız 3 saat var! Sonradan kiminə dost, kiminə düşmən olacaq bu 3 saatın həyəcanını kim çəkəcək?! - Uğurumuza sevinən valideynlər!

Sonda...

Hər birinizə uğurlar arzu edirəm, əziz Azərbaycan gəncləri!

Amma və lakin… Yaxşılıqlar naminə olsa belə, bəzən valideynlər uşaqları elə həddə gətirirlər ki, iş hətta intihara qədər sürüklənir. Sözüm dəyərli, can parası olan valideynlərədir: Bilirəm, hər atılan çabalar övladlarınızın yaxşılığından ötəridir. Onları çox da sıxmayın! - "Hay, bal toplaya bilməsən, evə gəlmə”…

"Asıb-kəsəcəmlər”, "özümü yandıracamla"ı qoyun bir kənara.

Çaba göstərdiyiniz, etmək istədiyiniz yaxşılıqlar bununla məhdudlaşa bilməz. Tam əksinə, bu kimi fikirlər imtahanda övladlarınızı sərbəst düşünməyə imkan verməyəcək!

Gəlin, belə danışaq, nə qədər bəsit olsa da, siz istəyirsiniz ki, övladınız oxusun, təhsil, iş sahibi olsun, gələcək həyatlarında artıq siz olmadıqda "özlərini, ailələrini rahat dolandırsınlar”, "ayaq üstə durmağı bacarsınlar”.

Ancaq, onlara göstərdiyiniz təzyiqlər sağlamlıqlarını məhdudlaşdırar, hətta həyatdan məhrum edə bilər. Sağlam olmadıqdan sonra, nəyə gərək, o universitet, o təhsil... Düzdür, düşünərsiniz ki, bir-iki kəlmə ilə etdiyim hədədən bu qədər böyük ağır nəticələr yarana bilməz. Xeyr! Bəlkə də adi məqamda bu normal ola bilərdi. Ancaq mən özüm də şəxsən imtahan iştirakçısı olmuşam deyə, çox yaxşı dərk edirəm ki, onlar hazırda isti günəş altındakı bir ovuc qar kimidirlər. Xırda bir "təkan" onların əriməsinə, məhv olmasına səbəb ola bilər. Sizcə, onlar istəməzmi yaxşı nəticə göstərsinlər?

Hətta sizdən də çox istəyərlər yoldaş içinə başı dik, alnı açıq çıxmağı. Hə, hansısa məqamı unutdum sanki... Qonşular, xalalar, əmilər xətirinə övladınızın nəticə göstərməsinə səy göstərmək? Bu lap dəhşətdir!

Amma yenə də həmin 3 saatın ən böyük qəhrəmanları sizsiniz… Elə sizə də uğurlar!