adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 May 2018 00:34
13426
GÜNDƏM
A- A+

Orijinal düşüncəsilə yeni sözlər, fikirlər deyən insan

 
Qarşımda "Statusman" adlı belə bir maraqlı kitab var. İlk öncə onu vurğulayım ki, statusman sözü ədəbiyyat aləmində yeni sözdür. Bu sözü də əlbəttə, özünün orijinal düşüncə tərzi olan, bu kitabın müəllifi Hümbət Quliyev düşünüb tapıb. Çünki o, bir vaxtlar iki qat dolma, "Sumqayıt" dolmasını yaradanda və bu dolma beynəlxalq müsabiqələrdə gümüş və qızıl medallar alaraq, layiqli yerlər tutanda, Azərbaycan mətbəxinə yeni təam kimi düşəndə də ilk əvvəl bu icadı çox adam qəbul eləmirdi. Amma bu gün "Sumqayıt" dolması azərbaycanlıların ən sevdiyi yeməklərdən biridir. Bu icadı və tapıntısı ilə Hümbət Quliyev həmin vaxtı ermənilərə sübut etdi ki, dolma azərbaycanlıların milli yeməyidir. Artıq UNESCO da bunu təsdiqlədi ki, dolma məhz azərbaycanlılarındır. Hümbət Quliyev göz həkimi işlədiyi vaxtlarda da, göz xəstəliklərinin müalicəsi ilə bağlı çoxlu yeniliklər etdiyinə, yaxşı mütəxəssis olduğuna görə keçmiş Sovetlər Birliyində həkim kimi yüksək vəzifələr tutdu. Ona dünya səviyyəli məşhur həkimlər gözlə bağlı çətin cərrahiyyələri etibar etdilər. Azərbaycana biznesin sirlərini gətirməklə də Hümbət Quliyev çoxlu yeniliklərə imza atdı. Deməli, Hümbət Quliyev yenilikçi, yeni sözlər deməyi, yeni sahələr kəşf etməyi bacaran azərbaycanlı oğlu, dəyərli ziyalı, yüksək ixtisaslı həkim, peşəkar biznesmen və maraqlı filosofdur.
Mən uzun illərdir ki, Hümbət həkimlə yaxın təmasdayam və hər dəfə onunla olan söhbətlərimdən məmnunluq duyuram. Hümbət həkim orijinal düşüncə tərzinə malik, çox dəyərli ziyalıdır. Hər bir görüşümüzdə də həyat, zaman, dövlət, dövlətçiliklə, dünya məsələləri haqqında, fəlsəfə ilə bağlı o, elə maraqlı fikirlər deyir ki, ətrafında olanlar onun ağlına, düşüncəsinə heyran olurlar. Hər dəfə görüşümüzdə mən Hümbət həkimə deyirdim ki, bütün bu dediklərinizi qələmə almaq lazımdır. Düzdür, bu fikirlərdən bəzilərini Hümbət Quliyev axır vaxtlar facebook (face - sifət, üz, book-kitab deməkdir) səhifələrində insanlarla bölüşür və onun bu fikirlərinə də facebook dostları maraqlı münasibətlərini bildirirlər. Daha düzünü desəm, onun bu fikirləri elə həmin facebook səhifələrində çox maraqlı dialoqlara, sual-cavablara və maraqlı müzakirələrə çevrilir.
Bu ilin fevral ayında isə Hümbət həkim mənə bildirdi ki, "Statusman" adlı kitabı çap olunub və bu kitabın Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya Evində təqdimat mərasimi olacaq. Açığı Hümbət həkimin kitabının çap olunması mənim üçün gözlənilməz oldu. Çünki kitabının çap olunacağı haqda mənə heç nə deməmişdi. O, bunu hamıya sürpriz kimi təqdim etmək istəyirdi. Amma həmin vaxt mən xəstəxanada olduğuma görə təqdimata gedə bilmədim. Həmin təqdimatda olanlar sonra mənə bildirdilər ki, "Statusman" kitabının təqdimatı çox yüksək səviyyədə keçib. Bakı və Sumqayıt şəhərlərinin çoxlu ziyalıları və yazarları həmin tədbirdə iştirak edib və kitabla bağlı özlərinin maraqlı fikirlərini deyiblər. Bu yaxın günlərdə həmin kitabı oxumaq mənə də nəsib oldu. Və bu kitabı oxuduqca gördüm ki, Hümbət Quliyev təkcə insan psixologiyasını dərindən bilən həkim və savadlı iş adamı deyil, o, həm də maraqlı yazıçı, publisist və dərin düşüncəli filosofdur. Ona görə də belə qərara gəldim ki, Hümbət Quliyevin bu kitabı Kütləvi İnformasiya Vasitələrində hökmən təbliğ olunmalıdır.
Bu gün məmləkətimizdə kitab oxumaq unudulduğuna və böyük problemə çevrildiyinə görə, səmimiyyətlə deyə bilərəm ki, "Statusman" kitabını oxuyanlar da vaxtlarının boş keçməyəcəyinə sevinəcək və bu kitabdan çox şeyi özləri üçün əxz edəcəklər. Hətta bu kitab onların stolüstü kitabı olacaq.
O, ömründə keşməkeşli, maraqlı həyat təcrübələri ilə dolu çox zəngin bir ömür yaşayan, dünyanın çoxlu ölkələrində olmuş və ən nəhayət yüksək biliyə, savada malik, dərin fəlsəfi düşüncəli Hümbət Quliyev kimi bir insan belə maraqlı kitab yaza bilərdi və yazdı da. Əlbəttə, o, yazıçı olmaq iddiası ilə yaşamır. Amma o, tibb, sahibkarlıq sahəsində yeni sözlər deməyi, özünün orijinal fikirlərilə çoxlu insanları öz ardınca aparıb, Azərbaycanda sahibkarlığın əsasını qoyanlardan biri olduğu kimi, yazıçılıq, publisistika sahədə də yeni söz deməyi bacardı. İnanıram ki, Hümbət həkimin bu kitabı az bir vaxtda böyük oxucu marağı qazanacaq və müəllifinə layiqli şöhrət gətirəcək. Əgər başqa dillərə tərcümə olunsa həmin millətlərin də marağına səbəb olacaq.
Beləliklə, Hümbət Quliyevin "Statusman" kitabından seçmələri sizə təqdim edirik.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi


ALLAH VERDİ, ALLAH DA ALDI

Leninqradda (indiki Sankt-Peterburq), Akademiyanın göz xəstəlikləri kafedrasında səs yayıldı ki, iki il bundan əvvəl bir müsəlman ölkəsinə ezamiyyətə gedən və orada çalışan həmkarımız qayıdıb. Ordinatorluq tibbi personalla tez doldu. Mən də getdim. Sovet dövrü xaricə getmək yaxşı şans sayılırdı. Orada qazanılan pulla maşın almaq, ev-eşik düzəltmək olurdu. Həmin vaxtı SSRİ qapalı ölkə olduğundan xaric haqqında istənilən məlumat da maraq doğururdu.
Qonaq məmnun idi, suallara həvəslə cavab verirdi. Bir həkim həmkarımın sualına qonağımızın cavabı mənim beyinimi qaynar su kimi yandırdı. O vaxtdan çox illər keçməsinə baxmayaraq, həmin epizod yadıma düşəndə beynimin yanmış yeri hələ də göynəyir...
Həkim soruşdu: "Tutaq ki, mən də oraya getdim və əməliyyat vaxtı mənim səhvim ucbatından bir müsəlmanın gözü kor oldu. Mənim cəzam nə olar?"
Qonaq geniş və ucadan gülümsəyərək dedi: "Bu qəribə müsəlmanların bir deyimi var: - Allah verdi, Allah da aldı, - dönüb sual verən həkimə xitabən dedi, - arxayın ol, sənin heç bir cəzan olmayacaq!"
Hamı ucadan yarı istehza ilə gülüşdü. Əlbəttə, məndən başqa! Heç kim hiss etməsə də, mən mat-məəttəl, başımdan tüstü çıxa-çıxa baxırdım!
Beynim cavabı heç cür qəbul etmək istəmirdi, məntiqim üsyan edirdi. Necə yəni Allah verdi, Allah da aldı? Bu nə tibb ocağıdır? Hansı zəmanədir? Həkim səhvi müvafiq qaydada araşdırılmalıdır, qəbul edilmiş qaydada həkim cəzalandırılmalıdır, həkimlərin iştirakı ilə müfəssəl analiz aparılmalıdır ki, səhv bir daha təkrar olunmasın. Hippokratdan bəri bütün dünyada belə edilir! Təsəvvürümdə çox geridə qalmış bir ölkə təsvir etdim, hərçənd ki, qonağımız orada olan göydələnlərdən, bahalı maşınlardan danışırdı...
Həkim otağını bəhanə ilə tez tərk etdim. Gedə-gedə öz suallarıma cavab tapa bilmirdim. Axı İslam son və mütərəqqi dindir. İslamda elm hər cür təşviq olunur. Bəs hardandır bu avamlıq, mütilik?
Bu xatirəmlə niyə bölüşdüm? Son zamanlar ətrafımda tez-tez eşitməyə başlamışam: "Allahın işidir, Allah bilən yaxşıdır, biz nə karəyik ki" və sairə. Sizə elə gəlmirmi belə suallarla biz öz laqeydliyimizə, mübarizsizliyimizə, laqeyidliyimizə, tənbəlliyimizə bəraət qazandırırıq?
Bəs "səndən hərəkət, məndən bərəkət"i hansı divara şüar kimi yazıb vuraq?!
Nə səbəbə bu müsəlmanlar yaxşı təhsil, güvənli təbabət və ədalətli cəmiyyət arzusu ilə xristian ölkələrinin səfirlikləri qarşısında növbələrə düzülürlər? Bütün sadaladıqlarımı etməyə bizə nə mane olur?
Bircə sualım var. Biz, fərd olaraq, cəmiyyət olaraq, dövlət olaraq nələri edək ki, avam və müti insanlarla dolu bir ölkəyə çevrilməyək?! Gəlin birlikdə düşünək!

YAZI HAQDA HƏQİQƏT

İnsanlar "sağaxaylara" və solaxaylara bölünürlər. Solaxaylar dünya əhalisinin cəmi 5-10%-ni təşkil edir. Bu statistikanı niyə gətirdim? Bilirsinizmi ki, bir solaxayın min illər əvvəl etdiyi bir kəşfdən sağaxaylar bu gün də əziyyət çəkirlər? O birinci solaxay necə "solaxay" iş görübsə, biz sağaxaylar indi də çətinlikdəyik!
O, solaxayı da günahlandırmaq çətindir, o kəşfi özü üçün edib, sağaxaylar da düşünmədən o etdiyini təkrar ediblər! Biz də bunu təkrar etmək məcburiyyətindəyik!..
Keçirəm mətləbə. Söhbət qələm ilə kağız üzərində yazmağımızdan gedir. Hə, adi yazı yazmağımızdan. Daha dəqiqi, soldan sağa yazmağımızdan.
Farslar, ərəblər sağdan sola yazırlar və onların yazısı məhz sağaxaylar üçündür. Ərəb, fars yazı yazmağa başlayanda sağ əlini aparıb qoyur vərəqin elə sağ küncünə. Əlini sağdan sola hərəkət etdirdiyindən yazacağı yeri həmişə (!) görür. O, yazdığı hərifin bütün yazılış dövrünü gözlərinin nəzarətində saxlaya bilir.
Bu səbəbdən onlar düz və qəşəng yazırlar.
Biz adət etdiyimiz yazıda, sağ əlimizi çarpaz olaraq aparıb qoyuruq vərəqin əks, sol küncünə. Bu səbəbdən öz əlimiz yazacağımız yeri bağlayır və biz yazacağımız yeri görmürük. Yazdığımız həriflər əlimizin arxasından yazıldıqdan sonra "peyda" olur. Biz böyüklər buna vərdiş etdiyimizdən çox da hiss etmirik. Uşaqlarda bu, özünü kəskin büruzə verir! Yeni yazmaq öyrənən uşaqlar yazdıqlarını görmək üçün başlarını sola əyməyə məcburdurlar! Sinif müəllimlərinin, valideynlərin "işi-peşəsi" uşağa "başını əymə", "düz otur" deməkdir. Necə düz otursun, necə başını əyməsin, yazdığını görmək istəyir axı?! Onurğa əyriliyi də uşaqlarda adətən elə sola da olur, təəssüf ki!
Nə etməli? Nə edə bilərik ki?! Heç nə! Əziyyət çəkib öyrənmişik, onlar da əziyyət çəkib öyrənəcəklər!
Belə. Fikirləşdim ki, bunları bilsəniz, maraqlı olar. Həm də bildiklərimdən təəssüf hissi keçirən təkcə mən olmaram!


SİMBİOZ

Təbiətdə parazitizm və simbiozluq adlanan münasibətlər var. Yəqin televizorda görmüsünüz, timsah ağzını açıb, bir quş da onun dişlərinin arasında qalmış qida qalıqlarını yeyir. Timsah yeyə biləcəyi quşa toxunmur.
Bu, hər iki tərəf üçün faydalı münasibət - simbiozdur. Quş ət yeyir, timsah da öz ağız boşluğunu qida qalıqlarının yarada biləcəyi fəsadlardan profilaktika edir.
Parazitizmdə isə yalnız bir tərəf faydalanır, ikinci tərəf ziyan görür. İnsan-heyvan münasibətində zəli istisna olmaqla bütün qansoran həşəratlar parazitdirlər. İnsan zəli ilə də simbioz münasibətlər qura bilir.
Həmçinin, ev heyvanları ilə də insan simbioz münasibətlər qurub. İnsan onları saxlayır, qulluq edir, bunun qarşılığında onlardan süd, yun, yumurta, bal götürür.
Cəmiyyətdə, insanlar arasında da həm simbioz, həm də parazit münasibətlər mövcuddur. Təbii ki, insanların birgəyaşayış sisteminə hərənin öz payı, əməyi, töhfəsi olmalıdır. Sağlam cəmiyyətdə bu, qayda kimi qəbul olunmalıdır.
Ailə, qadın-kişi münasibətləri simbioz prinsipi üzərində qurulmalıdır.
Əslində, ailə kişi ilə qadının müqavilə əsasında (nikah və ya nikah müqaviləsi) birgə yaşayışıdır. Burada əvvəldən hər tərəf öz üzərinə müəyyən öhdəliklər götürür. Hərə öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirirsə, gözəl ailə qurulur.
Tərəflərdən biri, o birisi üzərində parazitlik etmək istəyirsə, bu, əks tərəfin haqlı narazılığına səbəb olur. Bir tərəfin uzunmüddətli parazitlik cəhdləri ailənin dağılmağına da səbəb ola bilir. İnsanlar arasındakı dostluq əlaqələri simbioz prinsipləri üzərində qurulursa, uzunmüddətli olur. Əks-halda, bu dostluğun ömrü qısa olur.
Cəmiyyətimizdə, dövlət orqanlarında, yaxşı insanlar üzərində də parazitlik edənlər az deyil...
Sonda bir necə praktik məsləhət:
Birincisi, baxın, siz özünüz ailə, qohum, qonşu, dost və sairə münasibətlərdə parazitlik etmirsiniz ki? Belədirsə, çalışın əks tərəf də sizdən necə isə bəhrələnsin. Sadəcə olaraq, bilməlisiniz ki, parazitlik davamlı olmur, bir gün "neştərinizi" kənarlaşdıra bilərlər.
İkincisi, sadaladığım insanlar arasında sizə qarşı parazitlik edənlər varmı? Bunu müəyyənləşdirən kimi, münasibətlərinizin simbioza, yəni qarşılıqlı faydalı olmasına çalışın. Alınmasa, o insanlardan üzüsulu aralaşın.
Üçüncüsü, çalışın uşaqlarınızı parazit kimi yetişdirməyin. Qoy bilsinlər ki, onların valideynlərinin, qohumlarının, dostlarının, cəmiyyət qarşısında öhdəlikləri var. Onları elə tərbiyə edin ki, başqalarına kömək etmək hissi onlarda dominant olsun. Ümumiyyətlə, insanlara, heyvanlara, bitkilərə, bütün ətraf mühitə mərhəmətli olsunlar.
Bu, ilk olaraq valideynlərin özlərinə vacibdir. Əks-halda onların parazitizminin əsas qurbanı elə valideynlər olur! Ətrafımız belə nümunələrlə təəssüf ki, doludur!
Bu məsləhətlər bizlər üçün də önəmlidir. Çalışaq öz üzərimizə vətəndaş, ər, yoldaş, ata, ana, dost, qardaş, qohum və sairə kimi düşən öhdəlikləri layiqincə yerinə yetirək! Layiqincə yerinə yetirək! Onda hər şey gözəl olar.