adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 May 2018 00:28
15095
ƏDƏBİYYAT
A- A+

Geriyə yol varmı...

Nemət Veysəlli

(əvvəli ötən saylarımızda)

Kəndin ətrafını dolaşırdı-dolaşırdı, nəhayət, arağınmı, çaxırınmı istisi canından çıxandan sonra kənd arasına çıxırdı.
Nə qadınlar, nə də kişilər bir-birinə nümayişyana baxmazdılar, baxışların qovuşduğu, uzaqdan-uzağa salamlaşan, hal-əhval tutanlar da çoxdu. Bütün bunlar qaş-göz hərəkətləriylə, him-cimlə həyata keçirilirdi. Oynamaq istəyən kişilər, bir qayda olaraq, çox vaxt həyat yoldaşını, bacılarını, uzaqbaşı əmi və dayı qızlarını rəqsə dəvət edərdilər. Həmişə rəqs etmək təşəbbüsünü kişilər irəli sürərdi.
Toylarımızın əvəzolunmaz toybəyi vardı - İkinci Dünya müharibəsi veteran Muxtar Əliyev. Hərdən onu Balaş dayı əvəz edərdi. Muxtar Əliyev müharibədə olduğundan tez-tez rus kəlmələri işlədərdi.
Veysəlli toylarını ekstaza, yüksək şkalaya qaldıran adamlar vardı. Bu da Lətif dayı idi. O, mağarın kənarında görünəndə bir növ toy dayanırdı. Ətrafa sükut çökürdü. Toya yığışanların hamısı, çalğıçılar - Cəmil və İmran Tahirov qardaşları, Əbdül, nağaraçı Astan dərhal dayanırdılar. Elə bil teatr tamaşasının pərdəsi açılırdı, hamı intizar içindəydi. Hamı bu sözə, ifadəyə gəlməz məqamı gözləyirdi. Toya gələnlərin hamısı yaxşı bilirdilər ki, Lətif dayı tək oynayacaq, adamlar qırağa çəkilirdilər, meydan boşalırdı. Bu an, bu dəqiqə "Boz at" xalq mahnısının melodiyaları səslənəcəkdi.

...Boz at, səni sər tövlədə bağlaram,
And içirəm səni məxmər çullaram.
Əgər məni bu davadan qurtarsan,
Qızıldan, gümüşdən səni nallaram...

Cəmil Əbdülə, Əbdül də İmrana, o da kiçik qardaşına - Astana baxırdılar. Cəmil tarı, Əbdül gah yastı balabanı, qara zurnanı, İmran isə klarneti kökləyirdi. Astan isə nağarasını döyəcləyirdi. Mağara yığılanlar, bütün kənd əhli bu məqamı həsrətlə, intizarla gözləyirdilər. Lətif dayı "Boz at"ın ritmini, ahəngini dərhal tuturdu. Sol ayağını bərk-bərk döşəməyə çırpırdı, sağ ayağını isə bir balaca irəliyə atırdı. Hərbi təlimlərdəki kimi bir, iki... sağ əlini yuxarı qaldırırdı, sol əlini isə qulağının dibinə qoyurdu. Elə bil yaxşı-yaxşı təhsil almış, peşəkar rəqqas, aktyordu. Oynadıqca hərdən çönüb ətrafı süzürdü. Sanki oynamaq istedadının adamlara necə təsir göstərdiyini yoxlayırdı. Qızlar-gəlinlər pıçıldaşırdılar, qadınlar gülüşürdülər. Kişilər ağayana, bəy ovqatındaydılar. Günlərinin, ömürlərinin ən xoşbəxt, sözə, ifadəyə gəlməyən anlarını yaşayırdılar.

...Nəbinin bığları eşmə-eşmədir,
Papağı güllədən deşmə-deşmədir.
Nəbinin Boz atın bir at keçmədi,
Qoy sənə desinlər, ay nadan Nəbi,
Tüfəngi havada oynadan Nəbi.

Lətif dayı görəndə ki, camaat ona əl çalır, onun hər bir hərəkətini hərarətlə qarşılayırlar, rəqsin emosiyasını, çalarlarını bir az da artırırdı. Əlləri, ayaqları, bədəni əyilir-bükülür, haldan-hala düşürdü. O, "Boz at" xalq mahnısının melodiyaları altında oynayan zaman, onun daimi azarkeşləri - Muxtar Əliyev, Balaş Mustafayev, Mirzə və Gəray Sadıqov qardaşları da haldan-hala düşürdülər. Bəzən "ay yaşa", gah da "əhsən sənə Lətif dayı" deyə qışqırışırdılar.
Yəqin onun başqa azarkeşləri də buradaydılar: Pərzad və Bacıxanım xala, Zərqələm, Tutu bacı, Lətif dayı açıq-aşkar bu qadınları axtarmırdı, amma bilirdi ki, bu qadınlar onun daimi azarkeşidi, mağarın harasındasa əyləşiblər, onun rəqsinə tamaşa edirlər.
Şirin və ürəyəyatımlı ifaları ilə bütün Qarabağda, Qaryagin və Ağdam tərəflərdə yaxşı tanınan Cəmil Tahirov, gözəl balaban ustası Əbdül, lap elə klarnetçalan İmranın özü də sanki yeniləşmişdilər. "Boz at" xalq mahnısının ifasına yeni-yeni ilmələr, naxışlar vururdular. Cəmil Tahirov gah tarı sinəsinə basırdı, gah da yastı balabanın həzin və ürəyə yağ kimi yayılan təranələri altında bəzən pəstən oxuyurdu. Onun gözəl, yatımlı tarzənliyi ilə yanaşı, yaxşı da xanəndəliyi vardı. Astadan, bəmdən oxuyurdu, amma ürəkləri, mağara toplaşanları riqqətə gətirirdi. Əbdül Tahirovun balabanı yaxşı ifa etməyiylə yanaşı, həm də gözəl zurna çalmağı da vardı. "Boz at"ı istər balaban, istərsə də zurna ilə ifa edəndə ovurdları dolub-boşalırdı, enib-qalxırdı.
...Gün gəlibdir günortanın yerinə,
Həcər xanım qalxıb atın belinə,
Qoy sənə desinlər, ay qaçaq Nəbi,
Həcəri özündən, ay qoçaq Nəbi!
Həcəri özündən, ay qoçaq Nəbi!

Yastı balabanın insanın ürəyinə yatan, ruhunu sakitləşdirən melodiyaları allı-güllü gəvə və kilimlərin üstündə gəzişəndən sonra, Veysəlli qız-gəlinlərinin gül iyi gələn üzlərinə, ağappaq boyunlarına, ipək tellərinə toxunurdu. Nağaranın, qara zurnanın qəhrəmanlıqla dolu səsi, Qara qayanın sal daşlarına dəyib ətrafda əks-səda verirdi. Qara kəhrizin gur suları isə arx içində topa-topa bitən qıjının, yarpızın yarpaqlarını yalayıb keçirdi.

Paralellər

Gördüklərim, müşahidələrim

Mən bu faktları başqa yazılarımda da ("Ağbaşlı torpağı", "Haran ağrıyır, Vətən", "Yaş həddinə görə", "Mənim müharibəm") təkrar-təkrar söyləmişəm. Kollektivləşmə zamanı, iş elə gətirib ki, Yuxarı Veysəlli kəndi ərazi-inzibati bölgüyə görə, Füzuli rayonuna tabe olsa da, sabiq DQMV-nin yaşayış məskənləri ilə əhatə olunub: Çartaz, Martuni, Herher, Sos, Məşədkənd. Bu siyahını genişləndirə də bilərəm - Qırmızı Bazar, Keşkənd, Quzumkənd.
Uşaq vaxtı Dodanın bağına, Qaraxona tut yığmağa gedərdik. Sərasər neçə illər Ağoğlan dərəsindəki su dəyirmanlarına da dən üyütməyə yollanmışam.
Ötən əsrin əllinci illərində Quzey Çartazda vaxtı ilə Eyvaz bəyə məxsus, sonralar hansı yollasa qonşularımızın əlinə keçən torpaq sahələrində, yurdda hamam kompleksi tikilmişdi. Buraya Quzey Çartazın camaatı ilə yanaşı, ətraf kəndlərin əhalisi də gəlirdilər. "Kommunizm" adına kolxozun idarə heyətinin qərarı ilə hamamda qiymət tarifi də müəyyənləşmişdi. Bu günlərin məzənnəsinə söykənsək, tutalım saatı beş, on manata. Ömrümdə ilk dəfəydi ki, səthi kafellə örtülmüş divar, metlaxlı döşəmə görürdüm. Kənd uşaqları dəstə ilə yığışıb gedirdik Quzey Çartazın müasir hamamına. Ümumi qayda ilə növbəyə dayanırdıq, çimirdik, təmizlənirdik, elə bil dünyaya təzədən gəlirdik.
Belə bir məişət şəraiti niyə bizim öz kəndimizdə yoxdu, bunun səbəbi nəydi? Biz hələ uşaqdıq, yeniyetməydik, bilmirdik ki, bu cür tərs sualları kimə verək, bu sualların cavabını kimdən alaq.
Adətən, yuxarı obanın camaatı bazar, dükana Füzuli rayon mərkəzinə, aşağı obanın əhalisi isə çox vaxtı Martuni rayon mərkəzinə, qəsəbəyə gedirdilər. Kimə, hansı marşrutla mənzil başına getmək sərfəli və rahatdırsa, o istiqamətə də hərək edirdilər.

Birinci hadisə

Əmir Rüstəmovun ölüm xəbəri

...Səhər açılar-açılmaz kəndə hay düşdü: Əmir Rüstəmovu Martuniyə gedən yolda maşın vurub, elə yerindəcə keçinib. Bir neçə gün keçəndən sonra Nabat mamamın qapısında (o, ata tərəfdən mənə qohumdu) bir neçə erməni ailəsi göründü. Sən demə, bu adamlar Əmir kişini piyada Martuniyə gedərkən onu maşınla vurub öldürən sürücünün yaxın qohumlarıymış, xahişə, minnətə gəliblər. Müsəlman adətinə görə, sözsüz, bu adamlar Əmir kişinin üçündə, yeddisində, bir sözlə, yasında iştirak etmək üçün gəliblərmiş. Ədəb-ərkan, qayda-qanunla yasa lazım ərzaq və sair tədarüklər də görmüşdülər. Yas zamanı Əmir kişini maşınla vurub öldürən nə sürücüyə, nə də onun qohum-əqrəbasına güldən ağır söz də deyilmədi. Sözsüz, qəzanın baş verdiyi rayonun - Martuni rayonunun milis və hüquq-mühafizə orqanlarının çoxbilmiş əməkdaşları da bu işi düzüb-qoşmuşdular, sürücü bu hadisəyə görə yüngül cəza ilə çıxıb getdi işinə-gücünə.
Kənd içində Nabat mamamı, rəhmətə gedənin böyük oğlunu - Famili qınayanlar da tapıldı. Hətta, dedilər ki, siz nahaq onları qapınıza buraxdınız, nahaq bağışladınız. Dedilər ki, siz nahaq aldandınız onların yasa gətirdikləri cöngəyə, ərzaq məhsullarına. Onların şirin dilləri, yazıq və günahsız görkəmləri zahiri əlamətlərdi, bunlar o vaxta qədərdi ki, cəzadan yaxa qurtarsınlar. Sonralar heç nə dəyişilməyəcək. Allah eləməsin, belə bir analoji hadisə azərbaycanlıların başına gəlsəydi, görərdiniz ilanın əsl sifətini.

İkinci hadisə

Heydər Mustafayev

Aradan bir müddət keçdi. Eynilə belə bir hadisə yenə də Füzuli-Martuni yolunda Mustafayev Heydər Balaş oğlunun başına gəldi: ağır yük maşınının erməni sürücüsü motosikletlə hərəkət edən Heydərə ağır bədən xəsarəti yetirdi. Qolu ilə bərabər onun bir tərəfi bütövlükdə iflic oldu.
O, başına gələn faciə ilə əlaqədar çox yerlərə müraciət etdi və bu yazdıqlarından da heç bir səmərəli nəticə çıxmadı. DQMV-nin, Martuninin hüquq-mühafizə orqanlarının əməkdaşları dedilər ki, günah zərərçəkənin özündədir, o, hərəkət, yol qaydalarını kobudcasına pozub. Heydər bu minvalla iflic və sarsılmış vəziyyətdə bir neçə il yaşadı. Sonra da (1992, fevral) Yuxarı Veysəlli kəndi işğal edildi. Dörd uşaq atası bir müddət məcburi köçkün status ilə Sumqayıtda yaşadı və o qəzadan sonra canında yaranan dəhşətli ağrılara dözməyib vəfat etdi.

Adı yadımdan çıxmış
erməni kəndində toy

...Səksəninci illərin əvvəllərində kənddə məzuniyyətdəydim. Beynəlmiləl orta məktəb dostum, əslən Martuninin Vərəndəli kəndindən Hüseynov Sevindik Eldar oğlu sözarası bildirdi ki, erməni dostları onu uzaq dağ kəndinə qonaq, toya dəvət ediblər. Sənin üçün də maraqlı olar, gəl birlikdə gedək. Gözəl, mənzərəli yerlərdi, gəzərsən, görərsən. Razılaşdım. Təəssüf edirəm ki, o kəndin adı yadımda qalmayıb. Təxminən, yadımda bircə o qalıb ki, Qaradağlı, Qağarza, hətta Has kəndindən də o yana, dağların arasındaydı. Oğlan şənliyiydi. Məclis, stullar da elə həyətdəcə, ağacların dibindəcə qurulmuşdu. Stolların üstündə nələr yoxdu? Öz şəxsi təsərrüfatlarından hazırlanmış çaxır, tut arağı, cürbəcür turşular, şirələr, üstünə cürbəcür turşular tökülmüş, qaynadılmış lobya, təndirdə bişirilmiş has, kabablar, quş əti. Soyutma yumurtanın ağını, sarısını əzmişdilər, içinə yağ, qara istiot, qırmızı soğan doğramışdılar. Ermənilər adlarını bildiyim, bilmədiyim xörəkləri necə hazırlamağın hamısını Azərbaycan mətbəxindən götürmüşdülər. Sözsüz, özlərinin də əlavələri vardı. Süfrələrin, stolların, kətillərin hazırlanmasına nəzarət edənlər də çoxdu. Hər şey hazırdı, süfrələrə əyləşməyin vaxtıydı. Musiqiçilər də toy, şənlənmək ovqatındaydılar.

(ardı gələn sayımızda)