adalet.az header logo
  • Bakı 16°C
24 May 2018 15:44
9570
MƏMLƏKƏT
A- A+

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” – Xətai məktəbində mühazirə təşkil olundu

Mayın 24-də Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşı Taliyə Hacıyeva, Gənclər və İdman İdarəsinin əməkdaşı Mamaed Rzayev, müəllim və şagird kollektivi, məktəblilərin valideynləri iştirak ediblər.

Məktəbin direktoru Nurqələm Bayramova qonaqları salamlayaraq Cümhuriyyət tariximizin şərəfli səhifələrindən söz açıb, tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibəti ilə təbrik edib.

Məktəbin tarix müəllimi Dilbər Əsədova Azərbaycan xalqının zəngin dövlətçilik tarixindən danışıb, Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini vurğulayıb.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini dövlətçilik tariximizə sayqı kimi dəyərləndirərək təmsil etdiyi qurumun bu il çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Bilik Fondunun Lektorlar Qrupunun üzvü, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dosenti Boran Əzizin "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” mövzusunda mühazirəsi dinlənilib. Natiq məktəblilərə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolundan bəhs edib. Mühazirəçinin sözlərinə görə, Cümhuriyyət tariximiz sübut edir ki, Azərbaycan xalqı hər zaman müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Mühazirəçi məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Xalq Cümhuriyyəti tarixinin daha dərindən öyrənilməsi məqsədilə məktəbdə keçirilmiş olimpiadanın qalibləri mükafatlandırılıb. Fərqlənən şagirdlərə Bilik Fondunun hədiyyələri də təqdim olunub.

Bayram tədbiri şagirdlərin hazırladıqları musiqili-bədii kompozisiya ilə yekunlaşıb.