adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 May 2018 16:09
7968
GÜNDƏM
A- A+

Azərbaycan qazilərinin Türkiyə səfəri uğurla yekunlaşdı

Azərbaycan Respublikası Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən və hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri başa çatıb.



"Türkiyə Əməkli Subaylar” və "Türkiyə Müharib Qazilər” dərnəklərinin dəvətilə gerçəkləşən səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə paytaxt Ankarada, daha sonra İstanbulda görüşlər keçirib.

Mayın 20-də Türkiyə Müharib Qazilər Dərnəyi İstanbul şöbəsində geniş mərasim keçirilib, tədbirdə iki ölkənin nümayəndələri bir araya gəliblər. Azərbaycan-Türkiyə qardaşlığına dair çıxışlar səslənib, əməkdaşlığın hər iki dövlərin dəstəyilə daha əhatəli şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mayın 21-də Türkiyə Silahlı Qüvvələri 1-ci Ordusunun komandanı, ordu generalı Musa Avsevərlə görüş olub. General M.Avsevər Türkiyə-Azərbaycan dostluq və qardaşlığının hər sahədə olduğu kimi, hərbi istiqamətdə də uğurla davam etdiyini bildirib. O, Azərbaycanın regionda üstün hərbi qüvvəyə malik olduğunu, hər an işğaldakı torpaqlarımızı azad edə biləcəyini əminlik və məmnunluqla dilə gətirib. Dövlətçilik və müstəqillik tariximizlə bağlı şanlı səhifələrdən söz açan ordu generalı Türkiyədə də çox sevilən istiqlal şairimiz Əhməd Cavadın yaradıcılığından nümunələr söyləyib.

Mayın 22-də isə Azərbaycan qaziləri İstanbuldakı 52-ci motoatıcı tüməndə olub, hərbi hissə komandiri general-mayor Özgür Tör tərəfindən qəbul edilib. General Tör Türkiyəylə Azərbaycanı bütün yönlərdə sıx dostluq, əbədi qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Həm Qarabağda, həm də Afrində və Türkiyənin cənub-şərq vilayətlərində ortaq qəhrəmanlıq tarixmizin yeni parlaq səhifələrinin yazıldığını qeyd edib.

Hər iki görüşdə nümayəndə heyətimiz adından söz alan TOHGMB sədri Emin Həsənli qəbul üçün təşəkkürünü bildirib, göstərilən diqqətdən məmnunluqlarını ifadə edib. Görüşlərdə qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Nümayəndə heyətimiz Türkiyənin şanlı sərkərdəsi general Kazım Qarabəkirin ev-muzeyini də ziyarət edib. Ziyarət zamanı qazilərimizə general Qarabəkirin Türkiyə və Azərbaycan tarixindəki rolundan söz açılıb, sərkərdənin həyat və fəaliyyətini əks etdirən eksponatlar göstərilib.

Azərbaycan qaziləri səfər boyu həm Ankaranın, həm də İstanbulun görməli yerlərini gəzib, tarixi məkanları ziyarət ediblər. Səfərin son günündə Azərbaycan nümayəndə heyətinin şərəfinə İstanbul boğazındakı gəmi-restoranlardan birində ziyafət və konsert təşkil edilib, canlı ifada türk sənət musiqisindən seçmələr dinlənilib.