adalet.az header logo
  • Bakı 11°C

DİN və din

MAHİR QABİLOĞLU
49015 | 2018-05-24 14:55

LƏTİFƏ: Müsabiqədə iki nəfərə ayrı-ayrılıqda sual verirlər: "Piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddən istifadə edirsinizmi?” Birinci azərbaycanlı cavab verir:

– Bəli. Əgər yeraltı piyada keçidi varsa, hökmən yolu onun vasitəsiylə keçirəm.

– Niyə?

– Əgər yolun üstüylə keçsəm, bu sahəyə nəzarət edənlər məni saxlayar, 20 manat cərimə edərlər. Mən isə kasıb adamam, ailə büdcəmə heç nədən bu qədər ziyan vura bilmərəm.

Eyni suala ikinci azərbaycanlı da eyni cavabı verir:

– Bəli. Əgər yeraltı piyada keçidi varsa, yolu hökmən oradan keçirəm.

– Niyə?

– Qanunun tələbi və təhlükəsizliyim naminə.

Sualı verən nəticə çıxarır:

– İkincinin qanını analizə göndərin. Əsl azərbaycanlıya oxşamır. Qarışığı var. (SON)

Yəqin ki, yazının girişini lətifədən daha çox real hadisəyə bənzədəcəksiniz. Polis nə qədər cəza tədbiri görsə də, bu acı statistikanı mütəmadi ictimaiyyətə açıqlasa da cəmiyyət düzəlmir ki, düzəlmir. Polis özü də bezib cərimə etməkdən. Düz yeraltı piyada keçidinin yanında dayanıb qanunu pozaraq maşın yolundan keçmək istəyənləri fışdırıqla, əl-qol hərəkətləriylə, yüksək səslə geri qaytarmaq istəyirlər. Yenə də elələri tapılır ki, polisin gözünün içinə baxa-baxa, həyasızcasına yolu elə istədikləri kimi də keçirlər – "neyləyim e, ayağım ağrayır, dizlərim tutulub. Pilləkənləri enə bilmirəm” – deyirlər. Bəzi keçidlərdə quraşdırılan eskalatorlar da bu bəhanələrə son qoya bilmir. "Sizi görmədim. Əvvəldən görsəydim keçidə enərdim. Bir də ki... nə üstümə düşmüsünüz e... Ay polis, elə danışırsan ki, elə bil adam-zad öldürmüşəm...” deyənlər də tapılır.

Mən hələ ən xırda bir pozuntunu qeyd etdim. Daha dəqiq desəm, bu qanun pozuntusunu indiyədək – yazımın mənfi qəhrəmanları dediyi kimi – xırda sayırdım. Bir yas mərasimində iştirakdan sonra anladım ki, bundan böyük günah yox imiş.

Günah – əsasən dini anlamda işlənir. Ədəbi dilimizdə, gündəlik danışıqda bu sözü,yaxud da "suç”, "qəbahət” sözlərini işlətsək də, inzibati leksikonda yalnız "təqsir” sözü əsas yer tutur. "Filankəs filan cinayətdə təqsirkar bilinərək ... il müddətinə azadlıqdan mərhum edilib”. "Qələt” isə artıq söyüş leksikonuna daxil edilib.

Elə bilməyin ki, filoloqluğum tutub. Leksikologiyadan moizə oxumaq istəyirəm sizə. Əsla. Sadəcə, cəmiyyətdə elə bir təsəvvür var ki, elədiyimiz günahlara görə bizdən yalnız Haqq dünyasında sorğu-sual olunacaq. Kimi kiçik günahları bağışlanmaqla Cənnətə düşəcək, kimi də böyük günahlarına görə Cəhənnəmə. Əsas böyük günahlar isə bunlardır: "Allaha şərik qoşmaq (şirk), adam öldürmək, kiminsə zina etdiyini iddia etmək, zina etmək, cihaddan qaçmaq, sehr və cadu ilə məşğul olmaq, yetimin malını yemək, valideynin üzünə ağ olmaq, bəndənin haqqını tapdamaq (haqq yemək), Məkkənin harəm ərazisində günah etmək, faiz yemək, oğurluq etmək, içki içmək, qumar oynamaq”. Kimsə son cümləmi oxuyub artıq hara gedəcəyini müəyyən etdi. Cənnətin qapısına indidən qıfıl vurdu. İçki içən biri kimi mən də...

İndi sizdə sual yarana bilər. Burda yolu yeraltı piyada keçidindən keçməyənlər haqqında heç nə yazılmayıb axı?! Yazılmayıbsa, nəyi böyük günahdır?

Yas mərasimlərində molla danışmağına danışır, amma çox az adam ona qulaq asır. Bircə, Fatihə surəsi oxunanda ortaya ani sükut çökür. Bir dostumuzun atasının 40 mərasimindəydim. Molla cavan oğlan idi. Xarici görünüşündən, geyimindən də mollaya oxşamırdı. Molla cavan olanda, ağıllı-ağıllı danışanda, adama məsləhətlər verəndə isə heç qəbul edə bilmirəm. Biz öyrəşmişik ki, bizə özümüzdən yaşlılar, valideynlər nəsə deyələr. Əməl etməsək də qulaq asmaq borcumuzdur. Cavab qaytarsaq, bu, "valideynin üzünə ağ olmaq” kimi böyük günah sayılır.

Amma... Bu molla yol hərəkəti qaydalarından başladı. Demə biz yolu qanunda təsbit edildiyi kimi yeraltı keçiddən deyil, maşın yolundan keçsək və bu zaman bizi avtomibil vurub öldürsə bu, intihar sayılır. İntihar isə dinimizdə haram, günah buyrulub. Bu həm də sürücünün hərəkətini əngəlləmək, onu xataya salmaq, dini dildə desək günah – onun haqqına girmək sayılır. Əgər biz sərxoş vəziyyətdə, sürücülük vəsiqəsiz, yaxud da ki, qaydalara riayət etmədən maşın sürüb qəza törətmişiksə və nəticədə insan və ya insanlar həyatlarını itiribsə, deməli caniyik – adam

öldürmüşük. Bunlar dində böyük günah sayılır. Cinayət məcəlləsindəki bütün maddələri sadalasam, çox uzanar. Məqsədim isə başqadır.

Bir hüzr məclisində cavan bir mollanın adi yol hərəkəti qaydası pozuntusunu dini baxımdan bu cür əsaslandırmasının 52 yaşlı mənə müsbət təsiri oldu. 20, 50, 100 manatlıq cərimədən, ballardan yox, böyük günahlardan özümü qorumaq üçün, istisna hallarda pozduğum bu "kiçik” qaydalara bundan sonra sözsüz əməl edəcəyəm.

DİN əməkdaşlarına qanunlarımızın keşiyində ayıq-sayıq durduqlarına, mütərəqqi din xadimlərimizə isə bu cür həyati vacib təbliğata görə minnətdarlığımı bildirirəm.

19 may 2018


TƏQVİM / ARXİV