adalet.az header logo
  • Bakı 18°C
24 May 2018 00:30
13708
ƏDƏBİYYAT
A- A+

Geriyə yol varmı...

Nemət Veysəlli

(əvvəli ötən saylarımızda)

Mirzalı oğlu Teymurun, Ədil Rzayevin daş evi düz Qulu qayasının qarnına girmişdi. Evlərin arxası dikdi, kəskin yoxuşdu. Qarda, qışda, yağışda, yağmurda Qulu qayasından qopub aşağılara dığırlanan iri qaya parçaları müxtəlif yerlərə pərçimlənmişdi. Allah eləməsin bu qaya parçaları yerindən qopsaydı, üzü aşağı dığırlansaydı nə Ədil Rzayevin, nə də Sumagilin evlərindən heç bir əsər-əlamət qalmazdı, ev parça-parça olacaqdı. Üstəlik də onu demək istəyirəm ki, nəfəsi, sağlamlığı yerində olmayan adamlar bu sərt yoxuşları qalxa bilməzdi. Rzalar obasının uşaqları - mənim tay-tuşlarım Fərzalı, Mirzə, Boran, Əbdül, Cəlil bu sərt və daşlı-kəsəkli, yarğanlı yoxuşu, Qulu qayasını birnəfəsə qalxırdılar. Çünki o yerlərin yol-yolağını yaxşı bilirdilər. Onlar lap uşaqlıq çağlarından Qulu qayasına qalxan yoxuşa, buradakı dağ, qaya cığırlarına bələddilər.
Evlərdən Qulu qayasına tərəf, qayalar arasında hansı təbiət möcüzəsi nəticəsində bitmiş narlıq və əncir topasıydı. Qulu qayasının ətəklərində, çökəkliklərdə bitən kolların üstündəki narlar düz noyabra, dekabra qədər qalırdı. Nar kollarının xırda və saralmış yarpaqları tökülürdü, amma cır narlar hələ də budaqların üstündə qızarırdı.
Qayanın sağ cinahında bir neçə əncir ağacları da vardı. Onların xırda, qənd kimi şirin meyvələri hər adama qismət olmurdu.
"Nar kolları bizim evimizə yaxındı. Onları mal-qaradan, qurd-quşdan biz qorumuşuq. Yoxsa üstündə indiyə kimi meyvə qalardı?".
Rzalar obasının uşaqlarının, qızlarının, hətta yaşlı sakinlərin də dilindən belə sözləri tez-tez eşidirdik.
...Rzalar obasının yaşlı nəsli, uşaqlarla müqayisədə Lətif dayını yaxşı tanıyırdılar. Amma Lətif dayı hər iki nəslin sevimlisi, əziziydi. Ümumiyyətlə, o illərdə, ötən əsrin əllinci illərində yaşlıların basa-basa gedib Yal obaya çıxması, Lətif dayı ilə ünsiyyət qurması müşkül məsələydi. Heç kənd yolları da rahat deyildi. Vallah, güclü yağış yağandan sonra ayaqlarını yerə basırdın, ayaqların ayaqqabılı-zadlı palçığın içində qalırdı. Yal obaya qalxmaq üçün gərək mütləq məktəb, Tahirovlar obası, Qara qaya, Qara kəhriz arxada qalaydı.
Ey, hey... Elə müsibət də Qara kəhrizi keçəndən sonra başlayırdı. Dərin dərədən, çökəklikdən aralanan kimi, ta Mənərrəmin Zəhra xalagilin evlərinə qədər oxlov kimi dik yoxuşdu. Yal obaya qalxan yolun sərt və yoxuşluğu bir yana, sarı torpaqdı, son dərəcə sürüşkən idi. Mənim gül üzlü bibilərim - Sura və Gülpəri bibim, Nazımxan və Saray xala... çiyinlərində içi su ilə dolu qulplu səhəngi baraqları ilə birgə dəfələrlə aşağılara dığırlanıblar, üst-başları sarı, saqqız kimi palçığa batıb.
Bütün bunları mən uzun-uzadı niyə danışıram, sadalayıram...
Hamının sevimlisi, xoş ovqatlı Lətif dayını görmək, dindirmək üçün gərək bayaqdan bəri sadaladığım sədləri keçəydin.
Çox maraqlıdı, bütün kənd camaatını Lətif dayının cazibə dairəsinə çəkib gətirən nəydi?
Müşahidəmə görə, insanların böyük əksəriyyəti təkəbbürlüdü, lovğadı. Öz qüsurlarının üstündən sükutla keçir, onları açıq-aşkar söyləməyə cəsarətləri çatmır. Amma başqalarında olan çatışmazlıqları tez görür, ona dərhal reaksiya verirlər. Kənddə çoxlu-çoxlu adamlar vardı ki, o, bütün parametrlər üzrə - əxlaq, mənəviyyat, boy-buxun, nəhayət, ədalət hissinə görə Lətif dayıdan çox-çox aşağıdaydılar. Bütün ölçülər üzrə Lətif dayı onlardan üstündü. Onların Lətif dayıya lağ eləməsinin, məsxərəyə qoymasının bir səbəbi, əsas səbəbi o idi ki, Lətif dayı kimsəsizdi. Ailəsi, uşaqları, varı-dövləti yoxdu. Bizim camaat da kimsəsizlərin, yazığın qənimidi. Bəziləri kimsəsizlərin, yoxsulların fonunda "güclüdü", "ağıllıdı".
Lətif dayı 1941-1945-ci illər müharibəsində iştirak etmişdi. Kontuziya almışdı. Taleyi elə gətirmişdi ki, o, müharibədən sonra əmin-amanlıq illərində də özünə ailə qura bilməmişdi. Niyə, nə üçün - bunlar da mənim üçün qaranlıqdır. Yal obada qədim tağbənd vardı. Lətif dayı həmin uçuq-sökük tağbəndin bir divarında qəribə-qəribə tikinti işləri aparmışdı. Divarlara dirək söykəmişdi, dirəklərin üstünü qamışla, küləşlə örtmüşdü. Bu da onun "ev"iydi, yatacağıydı. Tağbəndin dörd tərəfinə çoxlu daş qalanmışdı. Lətif dayı bu daşları haradan almışdı, haradan çıxarmışdı, - bunlar da məlum deyildi. Kənd uşaqlarına, o cümlədən, mənə də məlumdu ki, o, hər il, yaz gələndə tağbəndin qabağına, ətrafına qalanmış, üst-üstə yığılmış daşları təkrar-təkrar tərsinə çevirirdi. Üstəlik də yerlərini tez-tez dəyişirdi və bu "əməliyyatlar" hər il təkrarlanırdı.
Sonralar, lap sonralar, Lətif dayının daşı arxası üstə, tərsinə çevirməyi elə mənim öz başıma da gəldi. Veysəllidə, ata yurdumda özümə ev tikdirmək (1992) istəyirdim. Qonşularının evlərini, yurdlarını mənimsəməyi özlərinə milli proqram seçən ermənilər mənim bu xoş niyyətimi həyata keçirməyə qoymadı. Sonralar Qarabağ müharibəsi veteranı kimi Mərdəkan qəsəbəsində (1994) mənə torpaq sahəsi ayırdılar. Döyüşlər zamanı beş-on günlüyə, ara səngiyən kimi Mərdəkana gəlir, gələcəkdə tikəcəyim evin ölçü-biçinə təzədən, təkrar-təkrar baxırdım. 1994-1999-cu illərdə Abşeronda torpaqla yanaşı, mişar daşı da çox ucuzdu. Taleyin mənə qismət etdiyi, ağlıma, təsəvvürümə heç vaxt gətirə bilməyəcəyim yeni həyətimə xeyli daş, tikinti materialları tökdüm. Tikintiyə başlamaq üçün kifayət qədər vəsaitim yoxdu. Amma Abşerondakı təzə yurdumdan da əl çəkmirdim, vaxtım olan kimi Mərdəkana gəlir, tikinti materiallarının, xüsusilə də mişar daşlarının yerlərini tez-tez dəyişirdim. Mişar daşlarının hər yaz gələndə yerlərini dəyişəndə, ağıldan kəm adamlar kimi öz-özümə gülürdüm. Uzaq-uzaq illərin, uca dağların arxasında qalan bir əhvalat - Lətif dayının əhvalatı yadıma düşürdü.
Lətif dayının hər il yaz gələndə həyətini ölçüb-biçməyi, cız çəkməyinə bütün kənd gülürdü. Elə mən də. İndi bu əhvalat - daşı tərsinə çevirmək əhvalatı mənim öz başıma gəlmişdi. Atalar yaxşı deyib, heç vaxt başqasına gülmə, gələr başına.
İşi-peşəsi xəndək qazmaqdı, tağbəndin, yaşadığı komasının qabağında cız çəkirdi, ip tuturdu. Axşamlar da gah Aslan kişi, gah da Allahverdi dayı ilə gündüzlər gördüyü işlərdən, gələcək planları haqda danışırdı.
- Yaxşı layihələrim var, özümə ev tikəcəm. Hər şeyi ölçmüşəm, biçmişəm, görəcəksiniz.
Aslan kişi də, Allahverdi dayı da yumşaq, ipək xasiyyətli adamlardı. Ona ev tikmək kimi çətin işdə ürək-dirək verirdilər və deyirdilər:
- Lətif, tikəcəyin evin eyvanının yerini də cızmısanmı? Bu obada sənin evindən hündürü, yaraşıqlısı olmamalıdı, ha...
İmanımı yandırıb deyə bilmərəm ki, bütün bunların hamısı Lətif dayı tərəfindən quraşdırılmış bəhanə idi. Belə axşamlarda Lətif dayının gələcəkdə tikəcəyi evin layihəsinin müzakirə edildiyi zaman Nazımxan xala Lətif dayını doyunca yedizdirərdi, qabağına isti çay qoyardı.
O, başqa bir məsələdə də diqqət mərkəzinə çevrilərdi. Kəndin bütün dul qadınları ona ərə getməyə cəhd göstərirdilər. Bəlkə də bütün bunların hamısı söz-söhbətdi, gerçəklikdən, həqiqətdən uzaqdı. Bəlkə də kəndin dul qadınları, ərləri təzəcə vəfat etmiş qadınların uydurmalarıydı, elə-belə bekarçılıqdan yaranan söz-söhbətdi. Bircə onu bilirəm ki, bu məsələ - Lətif dayının evlənmək məsələsi heç vaxt gündəlikdən düşmürdü. Bu məsələ həmişə diqqət mərkəzindəydi. Bu cür söz-söhbətlərin, şayiələrin kənd arasında daima dolaşmasının bir səbəbi də o idi ki, Lətif dayı atmacalar, eyhamları ilə buna zəmin yaradırdı. İçi-içalatları, qarnı və ürəkləri min şaxəli, qollu-budaqlı yumorla dolu Veysəlli qadınları da dərhal Lətif dayının dediklərinin ucundan bərk-bərk yapışırdılar, söhbət uzanırdı, uzanırdı. Kənddə çoxlu-çoxlu dələduz, milçəyi fil eləməyə qadir, Lətif dayını qıcıqlandırmaq, hirsləndirmək istəyən uşaqlar da çoxdu. Onlar Lətif Qaraşovu qarabaqara izləyirdilər, atmaca atırdılar. O, belə hallarda, sakit-sakit getdiyi yerdə qəflətən arxaya çönürdü, nəfəsi kəsilənə qədər uşaqları qovurdu, çoxmərtəbəli sözlərlə analarını söyürdü.
Onunla bağlı incə məqamlar da çoxdu. Ərlərini müharibədə itirən qadınlar, dərd-sər içində qovrulan insanlar Lətif dayıya rast gələn kimi fürsətdən istifadə etmək istəyirdilər - beş-on dəqiqəliyə onunla zarafatlaşanda bir növ dərd-sərlərini dağıdırdılar, qara buludları başlarının üstündən qovurdular. Rayon mərkəzindən çox uzaq, kinosu, tamaşası olmayan camaat bəs neyləməliydi? Kəndin ağsaqqalları, ağbirçəkləri onunla beş-on dəqiqə məzələnəndən sonra yüngülləşirdilər, rahat nəfəs alırdılar.
Kənd toylarının ilkin mərhələləri necəydi, nədən başlayırdı, necə başlayırdı, sözün düzü, bunlar da yadımda qalmayıb. Amma toylarla, onun sonrakı mərhələləri ilə bağlı bəzi əsaslı məqamları xatırlayıram.
Köçəri, maldarlıqla məşğul olan elatın çadırlarında olduğu kimi, çubuqların nisbətən nazik uclarını bir-birinə möhkəm bağlayırdılar. Mağarın da ortasından o baş-bu baş nazik tir gedirdi. Qalan əməliyyatlar nisbətən asandı. Kənddə bol gəbə-kilim, palaz həm yerə döşənirdi, həm də mağarın üstünə atırdılar və bərkidirdilər. Kənardan mağara baxırdın, vallah, alışıb-yanırdı.
Ümumiyyətlə, Azərbaycanın, Qarabağın kiçik bir kəndində toylar necə keçirilirdi? O illərin toyları yadımda necə qalıb? Toy sahibinin yaxın adamlarından biri yaraşıqlı ata minirdi, kəndi başdan-ayağa dolaşırdı, qapı-qapı gəzib adamları şənliyə dəvət edirdi: "Nənəxanım, sabah Qara kişinin oğlunun toyudu, o, sizi toya çağırıb". Toy sahibinin kimliyini, toyun vaxtını elan edən şəxs artıq-əskik sözlərdən qaçırdı. Toyla bağlı iki-üç kəlmə elan edəndən sonra atını dəhmərləyirdi, keçirdi qonşu həyətə.
...Mağara əvvəl-əvvəl toy edən adamın qohum-əqrəbası gələrdi. Sonra da o biriləri. Toy-zurna səsi kəndin yuxarı başında eşidilirdi. O zamanlar, əllinci illərdə Veysəllidə, demək olar ki, maşın-zad yox idi. Toya dəstə-dəstə, oba-oba, pay-piyada gələrdilər. Kəndin yuxarı başında, Yal obada, Güney obada, ya da nə bilim Tahirovlar məhəlləsində qurulan toyun ab-havası hər yerdə hiss edilirdi. Sabah toy olacağı barədə qız-gəlinlər, qadınlar kəhriz üstündə danışırdılar.
Qadınlar mağarın bir qırağında toplanıb xısın-xısın danışırdılar. Azdan-çoxdan səsini qaldıranlar da vardı. Qadınların, kişilərin geyinməyində, danışıqlarında qanunla müəyyən edilmiş sədd, əndazə hökm sürürdü. Mən Veysəlli toylarında bir-biriylə mübahisə edən, dava salan cavanlara da rast gəlməmişəm. O vaxtın toylarında araq, çaxır, bir sözlə, içki deyilən şey də yoxdu. Amma bütün bunları ətraf erməni kəndlərinin camaatından asanlıqla əldə etmək mümkündü.
Ayda-ildə kənd arasında xəbər dolaşırdı ki, bəs filankəs Çartazdamı, Sosdamı, Quzumkənddəmi kirvəsi Akopla, Sərkislə araq, çaxır içiblər. Erməni kəndində kirvəsi ilə tut arağımı, çaxırımı içən adam ağzından iy gəlməsin deyə, cəsarət edib birbaşa kəndin içinə girmirdi. Saatlarla kəndin ətrafını dolaşırdı-dolaşırdı, nəhayət, arağınmı, çaxırınmı istisi canından çıxandan sonra kənd arasına çıxırdı.

(ardı gələn sayımızda)