adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 May 2018 00:20
26082
GÜNDƏM
A- A+

BİR ELOĞLUM HAQQINDA ESSE

Rafiq Yusifli,
Həkim-kardioloq,
tibb elmləri namizədi

Rayon yerində, özü də Füzuli kimi bir yerdə yaşamaq xoşbəxtlik imiş. Bunu elə-belə demirəm, atalar sözü var - köçən yurdun qədrini düşən yurdda bilərlər. Əhalisi yüz iyirmi mini çoxdan adlamış Füzulidə, hətta adını bilmədiyin sakini də sənə yad kimi gəlmir. Həmin adamın kim olduğunu soruşanda, dərhal onun kimlərdən olduğu, nəsli, kökü sənə bəlli olur, onların necə insan, neçə adam olduğu barədə fikrin formalaşır. Bir sözlə, sən özünü o torpaqda yaşayan insanlarla bir ailə üzvü kimi hiss edirsən. Füzulidə bir-birinə hansı yolla isə tanışlığı, qohumluğu olmayan adam tapmaq çətindir. Sən özün tanımasan da, ətrafdakılardan soruşduqda, dərhal həmin adamın bütün nəslini xarakterizə edən məlumat əldə edirsən. Yadımdadır, institutu qurtarandan sonra təcili yardımda həkim işləyəndə həkimlik fəaliyyətimlə əlaqədar müxtəlif adamlarla rastlaşır, tanış olurdum. Əvvəllər kənddə yaşadığımdan, sonra institutda oxuduğumdan bu adamların çoxunu yaxından tanımırdım. İşdən evə gələndə bu barədə məlumat yerim, uzun müddət Füzulidə Şəhər Sovetinin sədri işlədiyindən, hamınn "Qorsovet Hüseyn" kimi tanıdığı rəhmətlik Hüseyn əmi idi. Maraqlandığım adamları çox düzgün xarakterizə edir və onlar haqqında müfəssəl məlumat verirdi. Yeri gəlmişkən qeyd edim ki, Hüseyn əmi həmişə Nəbi müəllim haqda iftixarla danışardı və Nəbi müəllimin də ona çox hörməti var idi.
Füzulililərdən elmdə, təhsildə, idmanda, incəsənətdə bir nəfər respublikada tanınanda, məsul vəzifəyə qoyulanda hamı sevinərdi, hamı onunla fəxr edərdi, qürur duyardı və adətən belə hallarda deyərdilər: - Ona halaldı, onun nəsli-kökü filankəslərdi, məşqçisi, müəllimi, yolgöstərəni, arxası, dayağı kimdi. Bu adam haqqında danışılanlar genişləndikcə görürdün ki, bir tərəfi də elə gəlib sənə çıxır, hardasa sənin də qohumundur. Bu yazıda söhbət açmaq istədiyim dostum Nəbi Muxtarov da füzulililərin içindən çıxan və hamımızın fəxr etdiyimiz doğmamızdır.
Nəbi müəllimlə tanışlığım onun Füzuli Rayon Komsomol Komitəsində işə başlamasından sonra yarandı. O vaxtlar mən də xəstəxananın Komsomol Təşkilat rəhbəri kimi tanış olduq və yuxarıda qeyd etdiyim kimi, söhbət əsnasında xeyli yaxınlıq, qohumluq, qonşuluq əlaqələri də üzə çıxdı.
Nəbi müəllim elə bir gənc idi ki, Tanrı bu adamı sanki komsomol üçün yaratmışdı. Orta məktəbi əla qiymətlərlə oxumuş, rayonda hamının çox yaxşı müəllim, ağsaqqal, ziyalı insan kimi tanıdığı rəhmətlik Muxtar müəllimin ailəsindən başqa xarakterli gənc çıxa da bilməzdi.
Nəbi müəllimin komsomol rəhbərliyi əslində o dövrlər üçün o dərəcədə nəzərə carpan, həlledici vəzifə deyildi. Rayon yerində hamının bir rəhbəri var idi, o da Partiya Komitəsinin birinci katibi. Amma Nəbi müəllim öz fəaliyyəti, cəsarəti, savadı, təşəbbüskarlığı ilə sübut etdi ki, bu rayonda bir komsomol da var və bu elə-belə komsomol deyil, onun böyük gələcəyi də var.
Nəbi müəllim rayonunu sevən bir komsomol idi və onun hər bir üzvünün tərəfini saxlayan, qeyrətini çəkən oğlan idi. O dövrlərdə rayonun bəzi vəzifə sahibləri arasında, xüsusilə, hüquq-mühafizə sistemində kənardan gələnlər çoxluq təşkil edirdi və onlar da çox vaxt raykomun birinci katibindən başqa heç kimi saymaq istəmirdilər. Belələrinin düşməni idi Nəbi müəllim. Tez-tez onun adı rayonda "at oynatmaq istəyən yekələr", milis rəisləri, avtomobil müfəttişləri ilə qalmaqallarda çəkilərdi. O, qorxmadan, ötkəmliklə belələrini yerində oturtmağı hər mənada, hətta qol gücünü göstərməklə də bacara bilirdi.
Nəbi müəllim rayonda İcraiyyə Komitəsində, təsərrüfat təşkilatlarında, sonralar Bakı şəhərində məsul vəzifələrdə işlədikdə də həmişəki xarakterində qalmışdı. Ancaq xoş sədalarını eşidər, sevinərdik. Gəncliyimizin, cavanlığımızın xoş günləri öz axarı ilə gedirdi, tez-tez toy məclislərində, şənliklərdə görüşərdik. Nəbi müəllim çox şən, geniş məlumatlı sohbətləri ilə seçilərdi. Onun danışmağında nəsə bir duruxma, fasilə hiss etmək olmurdu. Mövzu ətrafında geniş savadlılıq, yumor hissi müşahidə edilirdi. Harda söhbət olsa diqqəti özünə çəkməyi bacarardı. Bir də ki, Füzulidəki şənliklərdə, toy məclislərində doyunca oynamağı, şənlənməyi ilə seçilərdi. Çox geniş ətrafı, dostları var idi və dostlarına qarşı diqqətli və sadiq idi.
Amma sən saydığını say, gör fələk nə sayır. Qarabağ ətrafında baş verənlər o xoş günlərimizi, gözəl torpağımızı itirməklə həyatımızı alt-üst etdi. Şairlərimizin birinin bu misralarını tez-tez xatırlayıram:

Leylinin, Məcnunun dərdinə
gizli-gizli ağlayan,
Dizləri üstə hicranlı
daştan bağlayan,
Əlləri vətəndən üzülü,
Dədə Füzuli.

Qəribə də olsa, hərdən düşünürəm ki, elə Məhəmməd Füzuli də bizim rayondandır. Füzulililər də digər rayonlar kimi vətəndən əlləri üzüldü, töküldülər diyarbadiyar. O vaxtlar ölkə dağılmaqda, fəlakətdə idi. Hər şey - hakimiyyət də, xalq da, ordu da, millət də məhv olmaq səviyyəsində idi.
Xüsusilə işğal olunmuş rayonlarda boşluq, yiyəsizlik, Allah ümidinə qalmaq dövrü idi. Açığı, o dövrlərdə mən Bakıda məskunlaşsam da, ev yox, ciddi iş yox, ayağımın biri rayonda, biri Bakıda idi. Hamıya yaxşı tanış olan o günlərimiz getsin, gəlməsin. Müxtəlif məsələlər barədə hara getsən də, hamıda depressiyadan başqa bir hal görmürdün. O vaxtlar bir kiçik yazım da yadımdadır, son misraları bel idi:

Bir yandan da
bu soyuq Bakı küləyi,
lap kəsib kələyimi,
nə əlimi qızdıran var,
nə ürəyimi.

Bax belə bir dövrdə Nəbi müəllimi Füzuliyə rəhbər təyin etdilər. Nəbi müəllimin o dövrdəki çəkdiyi çətinliklər, gördüyü quruculuq işləri barədə rəhmətlik Tapdıq həkimlə hazırladığımız "Ömür hesabatı" kitabımızda yazmışdıq. Onun Füzulidə yenidən həyatı bərpa etmək işi elə nəhəng iş idi ki, o barədə söz açmaq belə bir yazının işi deyil, onu ancaq qəhrəmanlar edə bilərdi və Nəbi müəllim bunu etdi. Qəhrəmanlara adətən abidə qoyurlar, o kitabda yazmışdıq ki, yeni qurulan Füzuli, Nəbi müəllimin özünün özünə qoyduğu abidədir.
Mən həkim kimi bu çətinliklərin Nəbi müəllimin səhhətinə necə təəsir etdiyini düşünəndə həmişə onun bir vəziyyəti yenidən gözümün önünə gəlir. Ağ "Niva" maşını dayanb, qapısı açıqdır, ətrafına adamlar toplanıb, Nəbi müəllim ayağının birində həkimlərin qoyduğu sarğıya görə ayaqqabı yoxdur və o belə "kabinetdə" camaatın istəklərinə qulaq asır, göstərişlər verir. Allah Nəbi müəllimin çəkdiyi bu əziyyətləri naminə canına dəyməsin, ona və hamımıza da Füzulimizə qayıtmağı qismət eləsin!
Nəbi müəllimin 70 yaşı tamam olur. Bu yubiley təqaüddən sonrakı ilk yubiley olması ilə fərqlənir. İşdən çıxandan, dairə bir qədər daralandan sonra, həssaslıqla, kövrəkliklə keçirilən yubileydi.
Əziz dostum Nəbi müəllim, sizi təbrik edirəm, möhkəm dayanın, türklər demiş, kəndinizə iyi baxın. Füzuli Rayon Partiya Komitəsində ikinci katib işləmiş, gözəl ziyalı və çox incə yumoru olan rəhmətlik Tahir müəllimin bir sözü indi də tez-tez yadıma düşür, deyirdi ki, füzulililərə bir iş tapşıranda gərək ikinci dəfə də təkrar edəsən - bax, get filan işi həll elə ha...
Nəbi müəllim, Allah qoysa, 80-90-100 illik yubileyləri də keçirməliyik, özü də Füzulidə ha...