adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 May 2018 16:12
17958
ELM VƏ TƏHSİL
A- A+

ADU-nun kitabxanası yapon dilində kitablarla təchiz olunub

Mayın 15-də Azərbaycan Dillər Universitetində yaradılmış "KUROSAKA adına kitabxananın 10000 ədəd kitabla təmin edilməsi” layihəsi çərçivəsində yaponiyalıların humanitar yardım kimi topladıqları 1500 ədəd kitab Yaponiyadan Azərbaycana gətirilib. Bir müddət öncə Yaponiyanın Kanaqava Universitetindən və digər yaponiyalı həmkarlardan 1000-dən çox kitab hədiyyə olunub.

Adalet.az xəbər verir ki, hal-hazırda KUROSAKA kitabxanasında yapon dilində müxtəlif sahələr (təhsil, ədəbiyyat, tarix, biznes, iqtisadiyyat, manqa və s.) üzrə 2500-dən çox kitab var. Kitabxanada yaradılan uyğun şərait sayəsində Yaponiya və yapon dilinə maraq göstərən hər bir Azərbaycan vətəndaşı bu kitablardan yararlana bilər.

ADU-nun Yaponiya Araşdırmalar Mərkəzindən bildirilib ki, layihənin rəhbəri Kurosaka Munehisa, Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Nazirlər Kabinetinin nümayəndələrinin əməyi nəticəsində əldə olunan bu kitablar Azərbaycan üçün çox qiymətli hədiyyədir və Azərbaycan-Yaponiya arasındakı dostluq münasibətlərinin daha da güclənməsinə və yüksələn xətt üzrə inkişaf etməsinə töhfə verəcək.

Xatırladaq ki, ADU-da 2016-cı ilin mart ayında Azərbaycanda səfərdə olan yapon iş adamları ilə görüş keçirilib. Görüşdə universitetin Yaponiya Araşdırmalar Mərkəzinin Yaponiya haqqında yapon dilində olan kitablarla təchiz olunması ilə bağlı fikir mübadiləsi aparılıb.