adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 May 2018 00:29
12757
ƏDƏBİYYAT
A- A+

Allah, sən özün saxla bizi

Seyran
Cavadov

Allah, sən özün saxla bizi
Gördüklərimizi görməyimizdən,
Çəkdiklərimizi çəkməyimizdən.
Allah, sən özün saxla bizi
Bəd əməllərimizdən.
Yoxsa yenə qara kostyum geyib,
Qara eynək taxıb,
Qara maşınlara minib,
Qaranlıq gecələrdə döyərik
lal qapıları.
Hıçqırtıyla oyadarıq
anaları, uşaqları.
Allah, sən özün saxla bizi
Ürəyimizdə, beynimizdə
Ədavət, kin-küdurət toxumunu
cücərtməyimizdən.
Özümüzün özümüzə qənim
kəsilməyimizdən.
Allah, sən özün saxla bizi
Hüseyn Cavid,
Əhməd Cavad,
Mikayıl Müşfiq ... taleyini,
Ölümünü diriltməyimizdən.


Metro ömrü

Böyük şəhərlərin
metrosu da
Elə bu dünya kimidir.
Enişli, yoxuşlu.
İşıqlı, zülmətli,
Gedimli, gəlimli...
Qaranlıq tunellər
onun gecələri.
Çilçıraqlı dayanacaqlar
işıqlı gündüzləri.
Sürətlə irəli şığıyan
Qatarlar ömrünün
günləri,
ayları,
illəri.
Hər dəfə nə qədər
adam minir,
Adam düşür
dayanacaqlarda,
Onu bir Allah bilir.
Hər gün bu dünyaya nə qədər
insan gəldiyi,
Bu dünyadan nə qədər
insan getdiyi kimi.


Kompüter

Özünü öymə,
lovğalanma
Başına qoyulan başla.
Maqnit kimi
hafizənlə, yaddaşınla.
Qürrələnmə nəslinizdən olan
böyüklü-kiçikli
qohum-qardaşınla.
Unutma ki, işlək
qulsan.
İnsan ağlının, zəkasının
məhsulusan.