adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 May 2018 18:04
16512
MƏMLƏKƏT
A- A+

Ay da Sevdalanar bu gözəlliyə...

May ayının 20-də rayonun mədəni həyatında uzun illər yaddan çıxmayacaq həyəcanlı, təntənəli bir tədbir keçirildi. Bu tədbir təkcə Göyçayın deyil, ölkəmizin mədəni həyatında da yaddaqalan bir hadisədir. Əli Kərim adına mədəniyyət və istirahət parkında yeni yaradılmış "Əbədiyaşar ədiblər" abidə kompleksinin təntənəli açılışı oldu. Tədbir iştirakçıları Əli Kərimin sözlərinə yazılmış "Qayıt" mahnısının sədaları altında Əli Kərimin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra abidə kompleksinin önünə toplaşdılar.

Tədbiri giriş sözü ilə Göyçay Rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə açdı. O çıxışında qeyd etdi ki, bu, dövlətimizin ədəbi-mədəni irsimizə böyük qayğısının, milli mədəniyyətimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasının parlaq təzahürüdür.

Natiq çıxışında ilkin olaraq 18 nəfər ədibin büstünün ucaldığını göstərməklə yaxın zamanlarda daha bir neçə şair və yazıçının abidəsinin ucaldılmasının nəzərdə tutulduğunu söylədi. Çıxışının sonunda Mehdi Səlimzadə tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarı anadan olmasının 80-ci il dönümü münasibətilə təbrik etdi. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının yazıçıya ünvanlanmış təbrik məktubu oxundu və hədiyyələr təqdim olundu. Xalq yazıçısı Anar çıxışında abidə kompleksinin yaradılmasını ədəbiyyatımızın inkişafında xidmətləri olan sənətkarların gələcək nəsillərə tanıtdırılmasında əvəzsiz rol oynayacağını qeyd etməklə bu işdə xidmətləri olan insanlara minnətdarlığını bildirdi.


Tədbirin aparıcısı Respublikasının Əməkdar müəllimi, Göyçay qəzetinin redaktoru Adil Məmmədov Bülbülün ifasında "Sənsiz" romansının sədaları altında səhnəyə çıxıb dahi Nizaminin yaradıcılığından danışaraq onun XII əsr Şərq intibahının ən böyük nümayəndəsi olduğunu vurğuladı. O, qeyd etdi ki, Nizaminin əsərləri, xüsusilə "Xəmsə" adı ilə bütün dünyada məşhur olan beş poeması şərq ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının əvəzsiz incilərindəndir və ədəbiyyatda humanist meyllərin güclənməsinə böyuk təkan vermişdir.

Sonra Göyçay Xalq Teatrının aktyoru Nizaminin qəzəllərindən birini ifa etdi.

Sonra A.Məmmədov Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən olan İmadəddin Nəsiminin yaradıcılığından danışaraq ana dilli ədəbiyyatımızın inkişafında misilsiz xidmətləri olduğunu qeyd etdi. Şairin qəzəllərindən biri məktəbli tərəfindən ifa edildikdən sonra aparıcı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yalnız orta əsrlərdə ana dilində yaranan şeirin ən böyük nümayəndəsi deyil, ümumən xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi böyük mütəfəkkir olduğunu göstərdi və şairin şeirlərindən nümunələr söyləndi. Füzuli yaradıcılığı ilə poeziyamızın əlçatmaz bir zirvəyə yüksəldiyini qeyd edən natiq Füzuli eşqinin, Füzuli kədərinin və Füzuli dühasının xüsusi bir tədqiqatın mövuzsu olduğundan söz açmışdır. O, həmçinin qeyd etdi ki, Nizami və Füzuli müxtəlif əsrlərdə, müxtəlif məkanlarda dünyaya göz açsalar da bu gün Göyçayda onların mənəvi nəvəsi hesab olunan Əli Kərimin adını daşıyan parkda yenidən doğuldular.

Rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi tərəfindən "Leyli və Məcnun" operasından bir parça ifa edildi. Aparıcı XVIII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən olan Molla Pənah Vaqifin yaradıcılığından danışaraq qeyd etdi ki, onun yaradıcılığı ilə xalq şeirinə xas olan sadəlik, dil və üslub keyfiyyətləri yazılı ədəbiyyatda üstünlük təşkil edir, aparıcı mövqeyə keçir. Vaqif şeiri məzmun, ideya baxımından da orijinaldır. Qarabağ xanlığının XVIII əsrdəki ictimai-siyasi vəziyyətini, xalqın həyatını, məişətini və s. əks etdirən bu poeziya nikbinliyi və xəlqiliyi ilə müasirlərindən seçilir. Şairin şeirlərində zəngin, lirik duyğuların ifadəsi təkrarolunmaz gözəllik təşkil edir. Sonra şairin "Durnalar" şeirinə bəstələnmiş mahnı Rayon Mədəniyyət Mərkəzinin ansamblı tərəfindən ifa olundu.


XIX əsr Azərbaycan ədəbiyyatının inkişafında xidmətləri olan Xurşudbanu Natəvanın yaradıcılığı barədə qısa məlumat verən A.Məmmədov Natəvanın həm də gözəl rəssam olduğunu vurğulamaqla Şuşanın, ümumən Qarabağın həyatında oynadığı roldan, gördüyü xeyriyyə işləri ilə xalq arasında böyük məhəbbət qazanmasından danışdı. Göyçay Xalq Teatrının üzvü tərəfindən şairin "Ölürəm" rədifli qəzəli ifa olunarkən alqışlarla qarşılandı.

Tədbirdə çıxış edən millət vəkili, görkəmli yazıçı-publisist Aqil Abbas yaradılan kompleksin əhəmiyyətindən danışaraq qeyd etdi ki, əgər bir xalq öz ədəbiyyatının sənətkarlarını unutmursa, hörmətlə yad edirsə, həmin xalqın min illər boyu yaşamaq haqqı vardır. Onun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Aparıcı Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi böyük sənətkarlardan olan Mirzə Ələkbər Sabirin ədəbiyyatımıza yeni ruh, keyfiyyət gətirdiyini vurğuladı.

O, şairin cəhaləti, nadanlığı, sosial ədalətsizliyi, hakim təbəqələrin özbaşınalığını, xalqımıza qarşı edilən haqsızlıqları qamçılayan şeirlərinin bu gün də öz aktuallığını saxladığını göstərdi. Şairin sözlərinə bəstələnmiş bir mahnının lent yazısı ölməz müğənni Mirzə Babayevin ifasında səsləndirildi.


Hüseyn Cavidin yaradıcılığından danışan aparıcı onun Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan və çoxəsrlik milli şeirimizin ən yaxşı ənənələrini inkişaf etdirən, zənginləşdirən qüdrətli bir ədib olduğunu göstərdi.

O qeyd etdi ki, H.Cavid lirik şeirlər və poemalarla yanaşı yüksək sənətkarlıq nümunəsi olan dramatik əsərlər müəllifidir. Onun dramatik əsərləri 100 ilə yaxındır ki, müəyyən fasilələrlə səhnədən düşmür. Bu dramlar yazı manerası və üslub baxımından Azərbaycan dramaturgiyasında yeni mərhələ olduğu kimi teatr mədəniyyətinin inkişafına böyük təsir göstərmişdir. Sonra şairin şeirlərindən biri və "Şeyx Sənan" dramından "Kor ərəbin mahnısı" ifa olundu.

Səməd Vurğun yaradıcılığından danışan aparıcı şairin yaradıcılığının milli poeziyamızda xüsusi mərhələ təşkil etdiyini, onun lirik şeirlərinin poemalarının, dram əsərlərinin ədəbiyyat xəzinəmizi zənginləşdirdiyini, 2 dəfə Dövlət Mükafatına layiq görüldüyünü qeyd etdi. Şairin şeirlərindən biri və "Vaqif" dramından bir parça Mədəniyyət Mərkəzinin işçiləri tərəfindən ifa edildi.

Daha sonra aparıcı Süleyman Rüstəm yaradıcılığından danışaraq XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayənələrindən biri olduğunu, cənubi Azərbaycan mövzusunda yazdığı şeirlərin dillər əzbərinə döndüyünü, sözlərinə mahnılar bəstələndiyini qeyd etdi. Şairin şeirlərindən söylənən parçalar və sözlərinə bəstələnmiş mahnılar tədbir iştirakçılarının marağına çevrildi.

Azərbaycan xalqının yetişdirdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan Rəsul Rza yaradıcılığından danışan aparıcı onun təkrarsız yaradıcılığının milli ədəbiyyatımızda yeni səhifə açdığını göstərdi. O, şairin "Qızılgül olmayaydı", "Anamın gəlin qızı", "Bir gün də insan ömrüdür" və s. poemalarının, yüzlərlə şeirlərinin Azərbaycan ədəbiyyatının incilərindən olduğunu qeyd edərək "Rənglər" silsiləsinin poeziyamızda ədəbi hadisə olduğunu və bütün dünyada məşhurlaşdığını iftixarla vurğuladı. Şairin şeirləri və sözlərinə bəstələnmiş mahnı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonra aparıcı XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nigar xanım Rəfibəylinin yüksək bədii keyfiyyətə malik incə ruhlu şeirlərindən və gözəl bədii tərcümələrindən danışdı.

Nigar Rəfibəylinin tərcümə etdiyi müəlliflər sırasında Məhsəti Gəncəvi, Nizami, Əlişir Nəvai, Dante, A.S.Puşkin, M.Y.Lermontov, Adam Mitskeviç, Şandor Petefi, Şelli, Robert Berns, Akaki Sereteli, Qriqol Abaşidze, Nezval, Anna Axmatova və b. vardır. Şairin şeirlərinə və sözlərinə yazılmış mahnının ifası alqışlarla qarşılandı.


"Ədəbiyaşar ədiblər" abidə kompleksində büstü ucaldılan Mikayıl Müşfiq Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindəndir. O, öz qısa ömründə ədəbiyyat xəzinəmizi zənginləşdirən, əsl sənət nümunəsi olan əsərlər yaratmışdır. Onun əsərləri 1920-30-cu illərdə dillər əzbəri idi və bu gün də ən çox oxunan, yaradıcılığına müraciət edilən şairlərimizdən biridir. Onun böyük poetik istedadının, coşqun ilhamının bəhrəsi olan şeirləri gənc şairlər üçün bir yaradıcılıq məktəbidir. Tədbirdə Müşfiq yaradıcılığından şeirlər səsləndirməklə yanaşı sözlərinə yazılmış mahnılar da ifa edildi.

Tədbirin aparıcısı qeyd etdi ki, abidə kompleksində Bəxtiyar Vahabzadənin də büstünün olması göyçaylıları sevindirir. Çünki o, XX əsrdə Azərbaycanın yetirdiyi böyük ədəbi simalardan biridir. Lirik-fəlsəfi şeir, gözəl poemalar, psixoloji dramlar müəllifi olan Bəxtiyar Vahabzadə həm də ədəbiyyatşünas alim, alovlu vətənpərvər, milli düşüncəmizin layiqli daşıyıcısıdır. Şairin lirik şeirlərinə bəstələnmiş mahnılar sevilə-sevilə dinlənilir. Tədbirdə şairin səsləndirilən şeirləri iştirakçıların marağına səbəb oldu.

"Əbədiyaşar ədiblər" abidə kompleksində oxucuların həyəcanla oxuduğu, hər səhifəsində təsirləndiyi "Bir gəncin manifesti" əsərinin müəllifi, gözəl nasir, görkəmli ədəbiyyatşünas alim Mircəlal Paşayevin də büstünün ucaldılması tədbir iştirakçıları tərəfindən minnətdarlıq hissi ilə qarşılandı. Çünki onun romanları, hekayələri yüksək bədii dəyərə malik olduğu üçün oxucular tərəfindən sevilə-sevilə oxunur. Həmin əsərlər bu gün də öz bədii estetik dəyərini saxlamaqdadır. Mircəlal Paşayev monoqrafiyaları, elmi-tədqiqat əsərləri, elmi məqalələri ilə Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirmişdir. Tədbirdə yazıçının hekayəsi əsasında səhnələşdirilən bir tamaşa iştirakçılara təqdim edildi.

Abidə kompleksdə büstü ucaldılan İsgəndər Coşqun gözəl lirik şeirlər, həm də maraqlı pyeslər müəllifidir. Onun pyesləri Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulmuş, lirik, axıcı və təravətli şeirlərinə mahnılar bəstələnmişdir. Əli Kərimdən sonra bu parkda dəfn olunan ikinci şairdir. Onun vəfatına şeir həsr etmiş tədbirin aparıcısı Adil Məmmədov vaxtilə yazmışdı:

Bir ulduz axdı

Şeir kəhkəşanından

Üz tutdu doğulduğu torpağa sarı

Dedi budur son mənzilim

budur son yerim

bir şair məzarı da

Bitdi Göyçay torpağında,

bitdi ki, tənha qalmasın

Əli Kərim,

bir salam büküb

ovunmayan kədərimə,

sənə əmanət verirəm,

İsgəndər Coşqun

Çatdır onu

Rəsul müəllimə, Nigar xanıma,

bir də Əli Kərimə.

Tədbirdə iştirak edən bir məktəblinin İsgəndər Coşqun yaradıcılığından söylədiyi lirik şeir tədbir iştirakçılarının marağına səbəb oldu.

Xalqımızın yetirdiyi böyük şairlərdən biri Məmməd Arazın bu gün Azərbaycanda ən çox sevilən ədiblərdən olduğunu vurğulayan aparıcı şairin lirik, fəlsəfi poemaları ilə çoxəsrlik ədəbiyyatımızın ən yaxşı ənənələrini davam etdirdiyini göstərməklə yanaşı, poeziyamıza yeni nəfəs gətirdiyi, orijinal bədii ifadə vasitələri ilə, mövzularla, özünəməxsus deyim tərzi ilə zənginləşdirdiyini xüsusilə vurğuladı. O, qeyd etdi ki, Məmməd Araz şeirlərinin mayasını vətən məhəbbəti, milli, eyni zamanda bəşəri duyğular təşkil edir. Şairin şeirlərinin bədii qiraətindən sonra kompleksdə büstü yer alan bir ədibin - Əli Səmədlinin yaradıcılığından bəhs edən aparıcı onun uşaq ədəbiyyatının inkişafındakı xidmətlərindən danışdı. Şairin şeirinin bədii qiraətindən sonra ailə üzvləri adından çıxış edən qardaşı V.Səmədov "Əbədiyaşar ədiblər" kompleksinin yaranması münasibət ilə göyçaylıları təbrik edərək, abidənin yaradılmasında əməyi olan insanlara minnətdarlığını bildirdi.

Aparıcı sonra İbrahim Göyçaylının yaradıcılığından söhbət açıldı. Onun incə, xəfif ruhlu şeirlər müəllifi kimi ədəbiyyatımızda özünəməxsus yeri olduğundan danışan aparıcı şairin yaradıcılığında vətən məhəbbəti, bölünməz, bütöv Azərbaycan arzusunun mühüm yer tutduğunu vurğuladı. Poeziya həvəskarı olan məktəblinin ifasında şarin şeiri maraqla qarşılandı.

Tədbirdə şairin qızı Sevinc xanım çıxış edərək "Ədəbiyaşar ədiblər" abidə kompleksində onun da atasının büstünün ucaldılmasından hədsiz sevinc və qürur duyduğunu, son dərəcə həyəcanlandığını qeyd etdi:

Xalq şairi Fikrət Qoca çıxışında qeyd etdi ki, abidə kompleksində yalnız Göyçayda dünyaya göz açan şairlərin, ədiblərin deyil, Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin də büstlərinin ucaldılması sevindirici haldır.

Deməli, göyçaylılar Azərbaycan ədəbiyyatını, bu ədəbiyyatı yaradanları sevir və qəlblərində yaşadır. Fikrət Qoca çıxışında Göyçayda gedən quruculuq işlərinə toxunaraq göstərdi ki, bu rayon rəhbərliyinin uğurlu fəaliyyətinin nəticəsidir. Sonra natiq bu fəaliyyətin yalnız iqtisadiyyatın, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə deyil, eyni zamanda rayonun mədəni həyatı ilə bağlı olduğunu razılıq hissi ilə qeyd etdi.

Məktəblilər "Ədəbiyaşar ədiblər" abidə kompleksinin önünə gül-çiçək dəstələri düzdülər. Möhtəşəm ədəbi-bədii tədbir musiqi sədaları altında axşamdan xeyli keçmişə qədər davam etdi.


Məzahir Əhmədzadə