adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 May 2018 13:11
10661
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: O SƏSLƏR BİZİ TUĞA APARDI

Yaxın dostum - Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov telefonla danışanda hal-əhval tutub dedi ki, şənbə günü bizim çox böyük bir tədbirimiz olacaq. Və həmin tədbir də Müşfiq qəsəbəsində yeni inşa olunmuş məcburi köçkünlər üçün tikilmiş yaşayış sahəsinin məktəbində keçiriləcək, vaxtın olsa iştirak edərsən.

Təbii ki, Elman müəllimlə biz tələbə yoldaşı olmuşuq. Üstəlik də biz uzun illərdi dostluq edirik, duz-çörək kəsirik. Rəhmətlik atası Həmid müəllim kimi onun özü də duz-çörəyə və dostluğa çox sədaqətli bir ziyalıdı. Və həmişə də mən bir dost olaraq ondan səmimiyyət və mehribanlıq görmüşəm.

Sonra öyrəndim ki, yeni salınmış məcburi köçkünlər üçün qəsəbədə həm də məktəblər fəaliyyət göstərir. Həmin məktəblərin birində də Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbi var. Və bu məktəb özünün ənənələri və istedadlı şagirdlərilə həmişə seçilib. Ən azından ona görə ki, elə Tuğ kəndinin özünün çox qədim və zəngin tarixi vardır. Üstəlik də Tuğ mənim dostum və qardaşım, istedadlı şair-publisist Əbülfət Mədətoğlunun vətənidir.


O da məlum oldu ki, həmin musiqi məktəbində çox möhtəşəm bir bayram konserti hazırlanıb. Və bu bayram konserti də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. Hələ foyedə konsert başlamamışdan öncə çoxlu sayda insanlar vardı. Konsert salonunda isə xeyli sayda tamaşaçı toplaşmışdı. Bir müddət keçdi, Xocavənd rayon icra hakimiyyətinin başçı Eyvaz Hüseynov və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi və eləcə də digər qonaqlar da gəldilər. Təbii ki, köhnə dostlarımızla səmimi görüşdük. Onu da qeyd edim ki, ötən əsrin 80-i illərində mən Eyvaz Hüseynovla «Bakı Radioquraşdırma» İstehsalat Birliyində bir kollektivdə çalışmışıq.

Artıq salon tamaşaçı ilə dolmuşdu. Və salonda da bayram ovqatı hiss olunurdu. Aparıcı bir qədər məlumatdan sonra Tuğ Uşaq Musiqi Məktəbi barəsində də tamaşaçıların diqqətinə müəyyən hadisələri çatdırdı. Tuğ kəndinin tarixini və keçmişini bir daha xatırlatdı. Qeyd etdi ki, uşaq musiqi məktəbində 3 şöbə fəaliyyət göstərir, 86 şagird var və 28 müəllim çalışır. Məktəbin şagirdləri bir neçə müsabiqənin qalibi olub.



Bir qədər keçəndən sonra isə məktəbin müəllimlərinin və şagirdlərinin iştirakı ilə rəngarəng konsetr proqramı başladı. Bu proqramda bəstəkar mahnıları ilə yanaşı, xalq mahnıları da səsləndi. Təbii ki, hər bir mahnını da ifaçılar çox gözəl və qeyri-adi bir formada səsləndirməyi bacardılar. Məsələn, məktəbin şagirdi Raqub Mustafazadə «Qarabağ» mahnısını səsləndirdi. Digər bir istedadlı şagird -Gülnar Zeynalova isə Məmmədbağır Bağırzadənin «Axtararsız» mahnısını özünəməxsus bir tərzdə şirin və məlahətli səsilə tamaşaçı auditoriyasına çatdırdı. Onun muğam hissəsində elədiyi xırdalıqlar, gəzişmələr salondakıların dəfələrlə alqışlarına səbəb oldu. Aydındır ki, hər bir gözəl mahnı insanın qəlbinə, ruhuna bir istilik, bir gözəllik gətirir. Məhz Gülnarın ifa etdiyi mahının muğam hissəsindəki yeri öz yurd-yuvasından didərgin duşmuş insanların qəlbinə bir məlhəm qoydu. Məktəbin müəllimi Fuad Göyüşovun qarmonda səsləndirdiyi «Qarabağ havası» elə salona bir Qarabağ havası gətirdi. O hava ki, onu udanda, o torpağın üstündə gəzəndə insanlar daha güclüydülər. Heç olmasa bu musiqini dinləməklə bir daha salondakıların qəlbinə və ürəyinə işıq gəldi.

Məktəbin şagirdi Xəyal Kərimovun tarda səsləndirdiyi «Daimi hərəkət», şagirdlərdən ibarət saz çalanlar qrupunun ifa etdikləri «Heydər baba» mahnısı demək olar elə bir ovqat yaratdı ki, o ovqat, o ruh uzun müddət tamaşaçıların diqqətindən silinməyəcək.

3-cü sinif şagirdi Emil Dadaşovun qarmondakı ifası, «Qarabağ» mahnısını səsləndirməsi də çox gözəl alındı. Məktəbin müəllimi Şəhriyar Musayev kamançada «Şirin düşər» mahnısını elə ifa etdi ki, adam bir anlıq da olsa özünü o şirinliyin ağuşunda, qucağında hiss elədi.



Əlbəttə, bir-birindən gözəl ifalar salona toplaşanların ovqatına bir sığal çəkirdi. Bu mənada məktəbin şagirdi Nadir Cahangirovun «Azərbaycan oğluyam» mahnısının ifası demək olar ki, salondakılarda bir qədər də nikbin ovqat yaratdı. Ən möhtəşəm ifa isə hərbi paltar geymiş 1-ci sinif şagirdi Ayin İmanovanın ifa etdiyi «İgid əsgər» mahnısı idi. Bu balaca uşaq elə bir möhtəşəm mahnı ifa etdi ki, salondakıların hamısı ayağa qalxıb onu alqışlardı. O balaca qız əlində mikrafon tamaşaçılara tərəf addımladı. Düz gəlib durdu Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun yanında. Eyvaz müəllim də ayağa qalxdı və o balaca uşağı bağrına basıb öpdü. Yenidən salonu alqış sədaları bürüdü. Sanki həmin an bütün insanların qəlbində bir ümid göyərdi: igid əsgərə qoşulub Qarabağa getmək, torpaqlarımızı xilas etmək! Allah qoysa, Ali Baş Komandanın rəhbərliyi ilə bu arzumuz da çin olacaq.

«Vətən çağırır bizi» xor qrupunun ifa etdiyi mahnı da çox möhtəşəm səsləndi. Vətən həm də ona görə böyükdü ki, bizim hər birimiz onun əsgəriyik, onun oğluyuq. Elə bu xor qrupu bir daha xalqımızın bir yerə toplaşaraq vahid məqsəd uğrunda necə mübarizə aparmasını nümunə göstərdi. Nümunə göstərdi ki, Azərbaycan xalqı bir yerdə olanda daha güclü, daha qüdrətli olur.



Bayram konsertinin sonunda Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi səhnəyə çıxaraq Xocavənd Uşaq Musiqi Məktəbinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil etdiyi bu konsertin çox yüksək səviyyədə keçirildiyini vurğuladı. Elman Məmmədov qeyd etdi ki, bir vaxtlar bu məktəbdə müəyyən nöqsanlar var idi. Amma biz birgə fəaliyyətimiz nəticəsində bu qüsurları aradan qaldırdıq. İndi bu məktəb nümunəvi musiqi məktəblərindən sayıla bilər. Mən burda məktəbin direktoru Səadət Cəfərovanın əməyini xüsusilə qeyd etmək istəyirəm. Bizim fəxri fərmanlarımız da var. Həmin fəxri fərmanları məktəbin kollektivinə təqdim edəcəyik.

Sonra səhnəyə Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov dəvət edildi. Eyvaz müəllim musiqi məktəbinin bir qrup müəllim və şagirdinə səmərəli fəaliyyətinə görə, fəxri fərmanlar təqdim etdi. Təbii ki, bu təqdimat məktəbin hər bir müəllimində və şagirdində xoş duyğular yaratdı. Çünki iki daşın arasında rayon icra hakimiyyətinin başçısı vaxt tapıb onlarla görüşə gəlib və onların tədbirində iştirak edərək zəhmətlərini qiymətləndirib.

Əlbəttə, qəriblik, vətənsizlik insanda bəzən ümidsizlik yaradır. Amma biz gördük ki, xocavəndlilər burda özlərini heç də qərib hiss etmirlər. Çünki onlar üçün dövlət səviyyəsində hər cür şərait yaradılıb, məktəblər, uşaq bağçaları tkiilərək istifadəyə verilib. Amma onlar çox böyük ümid və sevgiylə Xocavəndə qayıdacağı günü gözləyirlər. Onlar Tuğa dönəcəyi anlara böyük ümid bəsləyirlər. Hələ ki, mahnıların qanadında yurd yerlərinə getdilər. Və gün o gün olacaq ki, hər bir xocəvəndli özü öz ayağıyla doğma yurduna gedəcək.