adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 May 2018 22:21
18984
ƏDƏBİYYAT
A- A+

80 yaşın işığı

Məni qınamayın, aqillərin, ziyalıların, yaradıcı insanların ürəyinin yaşı ömrünün yaşından çox olur...
İllər yaş deməkdir, yaş - ömür. Hər ömrün öz işığı var. İşıqlı ömürlər təkcə ömür yiyəsinin deyil, onun əhatəsindəkilərin də yolunun işığına dönür, müəyyən mənada, işığı cəmiyyətin də işığına qarışır. Hərdən yerin göyə, göyün yerə sədaqəti kimi baxırıq belə ömürlərin işığına. Bu işığı Dan ulduzunun işığına bənzədəni də, ona arzuların göy qurşağı deyəni də kimsə qınaya bilməz. Həmid Mürtüzəli oğlu Abbasovu tanıyanlar, onun ömür yoluna, ürəyinə, duyğularına, düşüncələrinə bələd olanlar da bilir ki, bu bənzətmə də, bu təşbeh də işıqlı bir ömürə ehtiramın təzahürüdür...
Həmid Abbasov həm ixtisasca müəllimdi, həm də yaşam fəlsəfəsiylə. Bu, aqilliyin əlamətidi. Qədim yunan alimi Aristoteldən soruşurlar ki, atanı çox sevirsən, müəllimini. Filosof düşünmədən "Müəllimimi" - deyir. "Atam məni göylərdən yerə endirdi, müəllimim məni yerlərdən göyə qaldırdı...", Həmid müəllimi sevənlərin sayı bu səbəbdən çoxdan da çoxdur. İstedadını hiss etdiyi tələbələrindən təmənnasız köməyini əsirgəməyib. O, tələbələrin ideyalarına istiqamət verib, gərəkli məcraya" yönəldib. Zəhmət çəkdirib, özü də bu yolda zəhmət çəkib.
Kimdi Həmid Abbasov?..
1938-ci ildə Borçalının Ağməmmədli kəndində anadan olub. 1957 -ci ildə Qaçağan kənd orta məktəbini gümüş medalla bitirib. Həmin il də M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) mühəndis-iqtisadiyyatı fakültəsinə daxil olub. 1962-ci ildə "Neft və qaz sənayesinin iqtisadiyyatı və təşkili" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmişə (80 yaşda da!) ehtiramla xatırladığı müəllimlərinin zəmanətiylə "Sənaye iqtisadiyyatı, müəssisələrin təşkili və planlaşdırılması" kafedrasında assistent vəzifəsində saxlanılıb. 1966 -cı ildə həmin kafedrada istehsalatdan ayrılmaqla aspiranturaya daxil olub.
Elmə maraq elmi təfəkkürsüz nəticə verə bilməz; Həmid Abbasovun elmə marağı da vardı, elmi araşdırmalar aparmağa elmi təfəkkürü də. Bu üzvi vəhdət onun qətiyyətiylə, zəhmətə aludəliyiylə, öyrənmək ehtirasıyla çulğaşmışdı. Bir fəlsəfi kateqoriyanı xatırlayıram: ümumi və xüsusi; ümumidən xüsusini seçmək, ayırmaq, fərqləndirmək, seçiləni, fərqləndiriləni ümumiləşdirmək - tədqiqat aparmaq metodologiyasıdır və aspirant Həmid Abbasov bu qabiliyyətə malik idi...
1971-ci ildə "Elektrik maşınqayırma müəssisələrində rentabelliyin yüksəldilməsi ehtiyatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etdi, iqtisad elmləri namizədi alimlik dərəcəsi aldı; elmin işığı ömrün işığını daha da gurlaşdırdı...
"Alim ömrü insan ömrünün tərkib hissəsidir. Tərkib cılızdırsa, göz çəkən deyilsə, zaman keçdikcə bütöv də, tam da cılızlaşır, özünü cılızlaşmaqdan qoru..." - Həmid Abbasov əzizlərinə də, tələbələrinə də belə deyir. Həm də deyir ki, ümumdünya cazibə qanununa insanın özü ilə daxili aləmi qədər həssaslıqla tabe olan ikinci heç nə tanımıram...
Həmid Abbasovun əmək kitabçasında bircə müəssisənin adı yazılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Müxtəlif vəzifələrdə işləyib Həmid müəllim: 1971-ci ilin sentyabrından " Mühəndis-iqtisad " fakültəsinin dekan müavini,1974-1984-cü illərdə fakültənin dekanı,1984-1998-ci illərdə Elmi işlər üzrə prorektorun müavini, 1999-2000-ci illərdə tədris metodik şöbənin müdiri, 2001-ci ilin yanvarından " Mühəndis -iqtisad,beynəlxalq iqtisadi münasibətlər və menecment " fakültəsinin dekan müavini, 2001-2006- illərdə yenidən fakültə dekanı.
Hazırda "Yanacaq enerji kompleksi sahələrinin iqtisadiyyatı və menecment" kafedrasının dosentidir.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Həmid Abbasova "Əməkdar müəllim", 2017- ci ildə isə Universitetin elmi şurasının qərarı ilə ona "Əməkdar professor" fəxri adı verilib.
Dosent Həmid Abbasov "Maşınqayırma sənayesində istehsalın səmərəliliyinin yüksəldilməsi problemləri" ilə bağlı elmi-tədqiqat işlərinin yerinə yetirilməsində də fəal iştirak edib.
Hələlik İki dərsliyin, 41 elmi məqalənin, 18 metodiki və 6 dərs vəsaitinin müəllifidir. Həm-müəllifi olduğu " Maşınqayırma müəssisələrində istehsalın təşkili" dərsliyi texniki ali məktəblərdə iqtisadçı kadrların hazırlanmasında geniş istifadə olunur.
Həmid müəllim ədəbiyyatımızın, incəsənətimizin, musiqimizin,əsasən də aşıq musiqisinin vurğunlarındandır; ruhu "Ruhani"yə bağlıdı, Nizaminin, Füzulinin, Nəsiminin poetik kəlamlarının təşnəsidi...
Həmid müəllimin ömür-gün yoldaşı Tamilla Nərimanova uzun müddət "Neft emalı və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment" kafedrasının baş müəllimi olub,hal-hazırda təqaüd-çüdür. Qızı Nərminə də valideynlərinin yolunun davamçısıdlr, iqtisad elmləri namizədi-dir,"Sənaye iqtisadiyyatı və menecment" kafedrasının dosentidir.
Həmid müəllimin ən böyük arzusu nəvələrinin savadlı,vətənə layiq övlad olmalarını görməkdir.
Həmid müəllim vətənsevərlərdəndir - "Azərbaycanın xəritə bütövlüyü təmin olunacaq", - deyir...
Həmid müəllim dövləti, dövlətçiliyi sevənlərdəndir - "Hərə öz sahəsinin əsgəri olmalıdı" - deyir 80 yaşlı ömür yiyəsi...
...Xalq şairi Zəlimxan Yaqubun "Belə qocalasan qocalanda da" şeirini xatırlayıram. Bu şeirdə 80 yaşın işığında ağsaqqalımız, müəllimimizvə sədaqətli dostumuz Həmid Abbasovun da obrazı aydınlığıyla görünür...
Sərdar QASIMOV,
Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin dosenti