adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 May 2018 22:08
63283
LAYİHƏ
A- A+

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

Azərbaycanla Fransanın teleqraf və telefon kompaniyası arasındakı qarşılıqlı razılaşmaya görə isə Parisdən Bakıya xeyli avadanlıq göndərilmişdi. Azərbaycan hökuməti xarici dövlətlərlə iqtisadi və ticarət əlaqələrini genişləndirməklə yanaşı, Azərbaycanın müstəqilliyinin tanınması üçün növbəti diplomatik səylərini davam etdirirdi.
Milli müstəqilliyinin tanınması xahişi ilə çıxış edən respublikalarla birgə, Azərbaycan hökuməti də oktyabrın 5-də Paris sülh konfransının sədri Jorj Klemansoya nota ilə müraciət etdi. Notada müstəqilliyini yenicə əldə etmiş respublikaların böyük dəstəyə ehtiyacı olduğu vurğulanır və onların milli istiqlaliyyətini tanımağın vacibliyi göstərilirdi. Sənəddə qeyd edilirdi ki, "bizim dövlətlərimizin məsələlərinin beynəlxalq həlli bundan sonra yubadılmamalıdır və rus məsələsindən asılı olmayaraq həll edilməlidir. Bunu sülhün, humanizmin və tərəqqinin mənafeyi tələb edir". Bu notada göstərilmiş məsələlər və Azərbaycan, Gürcüstan nümayəndələrinin müraciəti nəzərə alınaraq, oktyabrın 29-da Fransa müstəmləkə liqasının xarici siyasət bölməsində Zaqafqaziya məsələsi müzakirə olundu.
1919-cu ilin dekabr ayında Fransadakı Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikasının Millətlər Cəmiyyətinə qəbul edilməsi barədə memorandum hazırlayıb bu qurumun katibliyinə təqdim etdi. Qeyd edək ki, analoji müraciəti Gürcüstan tərəfi də Millətlər Cəmiyyətinə göndərdi. Bu qurum tərəfindən hər iki respublikanın müraciətlərinə baxıldı və Çili nümayəndəsi Antonio Qunetsin sədrliyi ilə xüsusi komissiya yaradıldı. Araşdırmalardan sonra komissiya belə bir qərara gəldi ki, Zaqafqaziya Respublikaları de-yure tanınmadığı və öz aralarındakı ərazi məsələləri tam həllini tapmadığı üçün onların Millətlər Cəmiyyətinə qəbul edilməsi müvəqqəti olaraq dayandırılsın.
Paris Sülh Konfransında ilk vaxtlar ABŞ və digər dövlətlər Azərbaycanın müstəqilliyinin tanınmasına müsbət yanaşmırdılar. Onlar vahid və bölünməz Rusiyanın tərəfdarı idilər. Amma Antanta ölkələri Sovet Rusiyasının Zaqafqaziyada yarada biləcəyi təhlükənin coğrafi miqyasının genişlənəcəyini nəzərə alaraq, fəal xarici siyasət kursu müəyyən etmək qərarına gəldi. Bu məqsədlə, yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Paris sülh konfransı Ali Şurasının sessiyasında Zaqafqaziya respublikaları ətrafında yaranmış vəziyyət geniş müzakirə olundu. Ali Şura hərbi ekspertlərin Zaqafqaziya respublikalarına hərbi yardım göstərilməsi barədə təkliflər verməsini vacib hesab etdi. Topçubaşovun başçılığı ilə Azərbaycan diplomatik nümayəndə heyəti konfransda ardıcıl və məqsədyönlü iş aparırdılar. Digər tərəfdən cənubi Qafqaz üçün Rusiya təhlükəsi günü-gündən artırdı. Bunu nəzərə alan İngiltərə konfransda Rusiya imperiyası ərazisində yaranmış yeni dövlətlərin tanınması təklifi ilə çıxış etdi. Ali Şuranın iclasında İngiltərənin xarici işlər naziri lord Kerzon çıxış edərək, Lloyd Corcun Azərbaycan və Gürcüstanın müstəqilliyini tanımaq məsələsini müzakirə etməyin tərəfdarı olduğunu bildirdi. İclasda çıxış edən Avropa dövlətlərinin xarici işlər nazirləri həqiqətən də Azərbaycan və Gürcüstan ətrafında təhlükəli vəziyyət yarandığını vurğuladılar. Lord Kerzon Azərbaycan və Gürcüstan hökumətlərinin Antanta dövlətlərinə yardım üçün müraciətlərini nəzərə alaraq, Azərbaycan və Gürcüstanı de-fakto tanımağın vacib olduğunu bildirdi. Yanvarın 11-də Ali Şuranın qəbul etdiyi qərarda bəyan edildi ki, "müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar". Fevralın 7-də Yaponiya hökuməti də Ali Şuranın bu qərarını müdafiə etdiyi halda, ABŞ bu məsələni rəsmi surətdə dəstəkləmədiyini bildirdi. Həmin vaxt ABŞ hökumətinin mövqeyi bundan ibarət idi ki, Birləşmiş Ştatlar Böyük Britaniyanın və Fransanın Azərbaycana və Gürcüstana yardım göstərməsinə etiraz etmir, lakin onların müstəqilliyinin tanınmasını Rusiyanın parçalanması kimi dəyərləndirir. Beləliklə, 1920-ci ilin yanvarın 11-də Azərbaycan və Gürcüstanın müstəqilliyi de-fakto tanındı. Yalnız ABŞ rəsmi surətdə bundan imtina etdi. Böyük dövlətlər tərəfindən Azərbaycanın bir dövlət kimi tanınması böyük diplomatik uğur idi. Bu münasibətlə Bakıda bayram şənlikləri və hərbi parad keçirildi.
Beləliklə qısa müddətdə AXC-nin xarici siyasəti uğurlu oldu, 1920-ci ilin əvvəllərində Bakıda dünyanın 20-dən çox dövlətinin nümayəndəlikləri fəaliyyət göstərirdi.
Sonda AXC-nin xarici siyasət dövrü və həmin dövrün xarakterik xüsusiyyətləri ilə müasir müstəqil Azərbaycanın xarici siyasət istiqamətindəki oxşar cəhətləri göstərmək istərdim:
- Hər iki dövrün xarici siyasəti dünyadakı gərgin siyasi proseslər zəminində formalaşıb inkişaf etmişdir;
- Azərbaycanın müstəqilliyini ilk olaraq tanıyan dövlət hər iki dövrdə Türkiyə dövləti olmuşdur ki, bu da Türkiyə ilə qarşılıqlı münasibətlərin əhəmiyyətini bir daha göstərir;
- Qərbyönümlü siyasət xətti hər iki dövrdə xarici siyasətdə önəmli yer tutmuş və Avropa dövlətləri ilə əlaqələrin qurulmasında həm AXC hökuməti, həm müstəqil Azərbaycan dövləti davamlı addımlar atmışdır.
- Xarici siyasətdə neft kəmərləri və neft kəmərlərinin təhlükəsizliyi haqqında sazişlər iqtisadi əlaqələrin müxtəlif dövrlərdə əhəmiyyətliliyini sübut edir;
- Xarici siyasətin qurulması dövrlərində erməni və rusların fitvası ilə Bakı və digər şəhərlərdə vətəndaş müharibəsi törətməkdə maraqlı olan qüvvələr fəallıq göstərirdilər;
- Hər iki dövrdə xarici iqtisadi əlaqələrə xüsusi diqqət ayrılır;
- ABŞ-la diplomatik əlaqələr qurulması, bu əlaqələrin korlanmasında erməni "barmağının" olması faktı mövcuddur.
- Milli təhlükəsizliyin qorunması və Ermənistanın təcavüzkar işğalçılıq siyasətinə qarşı mübarizə hər iki dövrdə yer almışdır;
Bu gün Azərbaycan Respublikası AXC-nin sədaqətli, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. AXC-nin tariximizdəki yüksək yeri və onun qurucularının əvəzsiz xidmətləri hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. 70 illik əsarətdən sonra 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycan Respublikası bu gün daha güclüdür və beynəlxalq müstəvidə öz sözünü deyə bilir. İkinci dəfəki müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin apardığı qətiyyətli daxili və xarici siyasət onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla işıqlı gələcəyimizə doğur irəliləyir. Yaşasın müstəqil Azərbaycanımız!!!


Könül
Kərimova
Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialının baş müəllimi