Həşərata çevrilən adamlar

OĞUZ AYVAZ
39494 | 2018-10-07 12:54
Orqanlarımızda yaşayan iyrənc parazitlərdən xəbəriniz var yəqin. Bizim qanımızı içən parazitlər. Bunlar cəhənnəm e. Sizə elmə hələ də məlum olmayan "insan parazitlər”indən danışacam.

Yaxın durun. Bizim bir qonşumuz var. 20 ildir ki, onu tanıyıram. Qoca kişidi ancaq özünü, şəxsiyyətini o qədər aşağı salıb, mən ona ağsaqqal demək istəmirəm. Bu kişi hər gün qapımızı döyüb bir gilə siqaret istəyir, az keçmir çaydanını gətirib qaynatmaq istəyir, ardınca bir vedrə isti su istəyir, utanmasa gəlib bizim hamamda da çimmək istəyər. İndi sizə elə gəlir, bu kişi çox kasıbdı, tək-tənhadı. Əziz oxucular, sizin xəyal etdiyiniz kimi deyil. Oğlu, qızı, bir də arvadı var. Amma kişi xəsisdi, simicdi. Parazitlər kimi qonub həyatıma. Nə illah edirəm, üstümdən düşmür. Yeri rahatdı. Bu günlərdə qapıdan onun səsi gələndə nə deyir "yox” deyirəm. Yəqin hardasa məni tutub yenə nəsə istəyəcək.

Bir də var düşüncə parazitləri. Hekayə, şer yazırsan ondan faydalanır və parazitcə sənin düşüncələrini özünküləşdirir. Yaxud bir adam sənə yazısını yollayır. Mətnə baxırsan, itin günündə. Ortaya çıxası deyil. Adamı incitməmək üçün mətni dirildirsən, konfet eliyirsən. Ancaq burda da parazitlər işini görür.

O gün yuxumda nə görsəm yaxşıdı? Tanıdığım "parazit insanlar” böyük bir həşərata çevrilib dünyada xaos yaratmışdılar. Feysbukun banisi Zukenberqi həşəratların birinin ağzında görüb heyrət elədim. Yazıq yəhudilər dedim. Sizə bu dünyada yer yoxdu da.

Parazitlər kainatın da qanını sorur, bütün olanlardan razı görünürdülər. Səhər oyananda üstümdə hörümçək görüb dik atıldım. Sən demə, tavanımızda özünə yuva quran hörümçək özünü saxlaya bilməyib üstümə düşmüşdü. İndi gəl sən mistikaya inanma.

Parazit adamlar cəmiyyətimizdə günü-gündən çoxalmaqdadırlar. Epidemiya kimi yayılırlar. Bunların içində həkimi də var, jurnalisti də, müəllimi də, mühəndisi də, əli təsbehli qaqaşı da. Həyatınızın hər yerində, hər döngəsində bu parazitlərlə rastlaşa bilərsiniz. Amanın bir günüdü, özünüzü qoruyun bunlardan.

TƏQVİM / ARXİV