adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 May 2018 23:30
14708
ƏDƏBİYYAT
A- A+

Ömrün əzablı yolu

Şirxan Aranlı


II hissə
Mətin kəndin adamlarını yerbəyer edib yola salandan sonra tez Mərdanlı kəndinə qayıdıb ermənilərin kəndə girməsinin qarşısını almağa çalışdı. Ancaq körpüdən keçəndə bir göz qırpımında hər şey alt-üst oldu. Ermənilərin atdığı mərminin zərbəsindən parçalanıb dağılan maşını od tutub alışdı. Dəhşətli zərbə maşının içində olanların hər birini bir tərəfə atdı.
Acı tüstü - duman içində handan -hana özünə gələn Mətin üst-başına baxıb özünü yoxlayanda sol çiynində cırılan köynəyinin altında açıq yaradan qan axdığını gördü. Dəmir qəlpləri sifətini, başını və sağ ayağının pəncəsini də yaralamışdır. Bütün bunların fərqinə varmadan sürünə-sürünə yoldaşlarını axtarmağa başladı. Çayın qırağında sürücü Kərimovun parça-parça olmuş cəsədini gördü. Elə bil gözlərinə qaranlıq çökdü. Cəmi bir neçə dəqiqə əvvəl "Tez sür, tez sür kəndə tez çataq" - deyə hökm etdiyi əsgərin indi həyatda yoxluğunu dərk edə bilmədi. Ətrafa nəzər salıb sürücünün həmişə maşında gəzdirdiyi avtomatı axtarıb tapa bilmədi. Sonsuz təlaş içində qərargah rəisini aradı, gözünə dəymədi. Birdən bir qədər aralıda mərminin yaratdığı çuxurdan onun zarıltı səsini eşidib tez ora süründü.
Kapitan Hacıyev al-qan içində zarıyırdı. Mətin tez onu qucaqlayıb yerdən qaldırmaq istəyəndə kapitan qoymadı:
- Tərpənə bilmirəm, cənab mayor. Xahiş edirəm toxunmayın.
- Haran ağrıyır Hacıyev?
- Yəqin ki, sol qılçamla onurğa sütunum qırılıb.
- Bəs nə edək qardaş, burada qalmaq olmaz. Mütləq ermənilər indi gəlib burada bizi axtaracaq, odur ki, nə olur olsun, buradan tez uzaqlaşmalıyıq. Kərimov da həlak olub.
- Heç cür tərpənə bilmirəm, komandir. Xahiş edirəm, məni öldürüb siz gedin, yoxsa özüm özümü öldürəcəm, erməni əlinə keçməyim.
- Nə danışırsan, sən sağalıb yaşayacağsan, təki buradan tez çıxaq.
Bunu deyib Mətin gözlənilməz halda cəld kapitanın qarşısında yerə uzandı.
- Kürəyimə uzan, boynumdan da bərk yapış.
- Elə danışmayın, cənab mayor, yalvarıram, məni qoyun siz gedin.
- Kapitan, əmr edirəm, cəld ol!
Kapitan daha bir söz deyə bilmədi, gözləri dolmuş halda Mətinin enli kürəyinə sərildi.
Uzun illər idmanla məşğul olmağı, yaxşı idmançı olması bu yerdə onun karına gəldi. Kol-kosun arası ilə yavaş-yavaş yaralı kapitanı buradan sürüyüb çıxardı. Ağrıdan və qanaxmadan kapitan huşunu itirmək dərəcəsinə çatmışdı. Mətin əynindəki köynəyi cırıb onun qolundan və sol kürəyindən axan qanı sıxmağa çalışdı, həm də qolunu yuxarı qaldırdı ki, bəlkə qanaxma azala. Ancaq bunun təsiri çox az oldu. Başqa bir şey edə bilmədi. Əsas diqqəti buradan uzaqlaşmaq idi. Kapitanın isti nəfəsi və yalvarışları boynunu dəlirdi:
- Cənab mayor, qurban olum, qoy yerə, dözə bilmirəm.
- Sən hərbiçisən, kapitan, döz, bir az da döz, bir yana çıxarıq. Bir qədər aralandıqdan sonra az da olsa rahatlanmaq, həm də yaraları yenidən sarımaq üçün dərin bir kolluğun içinə girib gizləndilər. Az keçmiş doğrudan da dörd nəfər erməni əsgəri gəlib həmin ərazini axtarmağa başladı. Mətinlə kapitan Hacıyev kolun içindən onların hərəkətini izləyirdi.
Əsgərlər bir qədər gəzdikdən sonra sürücü Kərimovun parçalanmış cəsədini və maşının yandığını görüb qalanların da öldüyünü zənn edib buradan uzaqlaşdılar.
Mətinlə kapitan bir qədər rahat oldular.
Mətinin öz yarası da ağrıyır, onu incidirdi, ancaq kapitan Hacıyevin ağır vəziyyətinə görə heç nəyi biruzə vermirdi.
Ermənilər çəkilib gedəndən sonra Mətin diqqətlə ətrafa nəzər saldı, təhlükəli heç nə görünmür, erməni səsi eşidilmirdi. Yəqin ki, onlar buradan uzaqlaşmışdılar. Vəziyyətə arxayın olandan sonra kapitanı kolun içində, gizləndikləri yerdə qoyub:
- Burda məni gözlə, - deyib özü kolluqdan bayıra çıxdı.
Uşaq vaxtından eşitmiş və görmüşdü ki, birinin bir yeri yaralananda, yaxud qanaxma olanda qarayarpaq bitkisinin yarpağını əzib, suyunu yaranın üstünə sıxaraq sonra başqa yarpağını da üstünə qoyub döyrüş ağacının körpə budağının sıyırməsi ilə sarıyırlar. Odur ki, ətrafı gəzib həmin bitkinin yarpağını və dövrüş ağacının, eləcə də fısdıq ağacının körpə budağından bir parçanı kəsib kolluğa - kapitanın yanına gəldi. Yaşlılardan eşidib gördüyü kimi həmin vəziyyətdə kapitanın yarası üzərinə əlinin içində ovub əzişdirdiyi yarpağın suyunu sıxdı. Sonra fısdıq ağacının bir parça budağını onun ayağına və bel sütununa qoyaraq körpə gövrüş budağının sıyırməsi ilə bərk-bərk sarıdı.
Az keçmiş doğrudan da hər ikisində qanaxma dayandı. Ancaq kəskin ağrılar hər ikisini, xüsusi ilə kapitanı hədsiz incidirdi. Mətin ona pıçıltı ilə:
- Səs eləmək olmaz, ətrafımızda ermənilər var, - dedi.
Yeganə əlac axşam qaranlığının düşməsinə qalmışdı. Mətin fikirləşirdi ki, axşam qaranlığı düşəndən sonra çətin də olsa buradan sürünüb bir yerə getmək olardı.
Bir neçə erməni əsgəri söhbət edə-edə düz onların üstünə gəlirdi. Kapitanı pıçıltı ilə sakit olmağı tapşırıb özü tapançasını mauzerdən çıxartdı. Kolun budaqlarını üstlərinə çəkərək özlərini daha da gizlətməyə çalışdı. Ermənilər onların düz üstünə gəlirdi. Hər ikisinin həyəcandan köksü sinəsinə sığmırdı. Əzablı dəqiqələr lap yaxınlaşdı. Onlar Mətingilə yaxınlaşan məqamda xoşbəxtlikdən başqa kolluqdan iki meşətoyuğu qaqqıldaşıb qalxdı. Erməni əskərlər onların dalınca qaçaraq Mətingilin yanından saymazyana ötüb keçdilər.
Ağrıdan və həyəcandan qan-tər içində olan hər ikisi rahatlanıb axşamın düşməsi üçün saatları ötürəsi oldular. Ancaq vaxt rahat ötüşmədi. Bir qədər keçmiş yenə də bir neçə erməni əsgəri danışa-danışa onlara yaxınlaşdı. Erməni əsgərlər qəflətən, gözlənilməz səmtdən gəldiyindən Mətingilin daha tərpənmək imkanı olmadı. Mətin körpü tərəfi diqqətdə saxladığından sol tərəfdən ermənilərin qəfil gəlişi onları çıxılmaz vəziyyətə saldı. Yenə də həyəcanlı, üzücü dəqiqələr başladı. Ermənilərin biri boynunda ayaqları cüt-cüt bağlanmış quzu, o birilərin kürəklərindəki əsgər kisələrdə nə isə dolu idi. Hiss olunurdu ki, onlar Mərdanlıdan qarət etdikləri şeyləri, çox güman ki, ərzaq ehtiyatı aparırdılar. Doğma kəndlərinin ilk qarətçiləri onlara yaxınlaşdıqca qorxudan daha çox əsəbdən Mətinin bədəni əsirdi. Əlində silahı olsa da, ancaq şəraitə görə heç nə edə bilmirdi. Ermənilər kefi kök halda danışa-danışa saymazyana onların yanından ötüb keçdi.
Nəhayət axşam qaranlığı düşdü. Mətin kapitanla güc-bəla ilə sürünüb kolluqdan çıxdılar. Hər tərəf zülmət qaranlıq, göz-gözü görmürdü... Hara getməli, nə etməli? Suallar qarşısında qalmışdı Mətin. Kapitan Hacıyev belə yaralı olmasa elə bu gecənin qaranlığında buradan uzaqlaşaraq üzü Kəlbəcər istiqamətinə gedib bir təhər öz tərəfimizə keçməyə çalışardı. Ancaq o, yaralı yoldaşını düşmən əhatəsində qoyub gedə bilməzdi. Heç vaxt gedə bilməzdi. Kapitan bir də Mətinə yalvardı :
- Cənab mayor, qurban olum, məni qoy get. Mənə görə özünü güdaza vermə, onsuz da öləcəm.
- Cəlal, xahiş edirəm, bir də bu söhbətə qayıtma. Ya bir yerdə həlak olacağıq, ya da buradan mühasirədən çıxacağıq. Başqa yolumuz yoxdur. Kapitan dilinə gətirməsə də beynindən keçirtdi:
"Var cənab mayor, var" Ancaq heç nəyi büruzə vermədi.
Mətin kapitanı dikəltmək istəyərək:
- Cəlal çiynimdən bərk yapış, görək yeriyə bilərsənmi.
Əslində Mətinin özüdə ayaq üstə çətin dayanırdı. Ayağının pəncəsindəki ağır yara onu bərk incidirdi.
-Yaxşı, - deyib Cəlal qamətini düzəltməyə çalışdı. Ağrı ox kimi onu sancsa da canını dişinə tutub bir təhər komandirin boynuna sarıldı. Ayağını sürüyə-sürüyə güc-bəla ilə bir-iki addım atdı. Birdən balıq kimi sivrilərək sürüşüb yerə sərildi:
- Bacarmıram, komandir, bacarmıram.
Mətin çöməlib onun yanında oturdu. Bir xeyli beləcə lal sükutla səssiz-səmirsiz dayandılar. Sonra yenə də Mətin yerə uzanıb dedi:
- Uzan kürəyimə, buradan aralaşıb bir etibarlı yer tapaq.
Cəlal yenə də etiraz etmək istəyəndə Mətin:
- Cəld ol kapitan, - deyə hökm etdi.
Mətin kapitanı kürəyinə alıb gecə qaranlığında üzü Kəlbəcər istiqamətinə tərəf yön aldı. Kapitan kürəyində addım-addım çətinliklə irəliləyirdi. Artıq gözləri gecənin qaranlığına uyğunlaşdığından getdiyi səmti ala-qaranlıq görürdü. Bərk yorulanda dayanıb bir qədər nəfəsini dərir, sonra yenə də yoluna davam edirdi.
Vəhşi heyvanların səsi, gecənin lal sükutunu pozur, istər-istəməz vahimə yaradırdı. Bundan daha qorxulu vahimə ilə Mətin üz-üzə gəldi.
Bizdən bir-iki metrliyində, düz qarşısında qırılmış ağac budağına oxşar bir qaraltı gördü. Elə bildi ki, elə doğrudan da ağac budağıdır, ürəyindən keçdi ki, onu da götürsün, üstlərinə vəhşi heyvan çıxsa onsuz da güllə ata bilməyəcək, elə onunla qorunsun. Ancaq birdən dili -dodağı təpidi:
Sən demə bu ağac budağı bildiyi ilan imiş, onların xışıltı səsini eşidib sürünüb getdi. Cəlal başını Mətinin kürəyinə qoyduğundan bunu hiss etmədi, qorxunu Mətin keçirtsə də burada ləngimədi, tez uzaqlaşıb aralanmağı qənimət bildi. Ancaq ayağının ağrısından üstəlik də Cəlal da kürəyində daha yeriyə bilmədi. Bir qədər dayanıb nəfəsini dərdikdən sonra bu dəfə aşağı əyilib Cəlalı kürəyinə alaraq əllərini yerə dayayıb dizin-dizin sürünməyə başladı. Beləcə çətinliklə də olsa bir xeyli yol getdilər. Kol-kos Mətinin əllərini, dizini hətta üz gözünü cırıq-cırıq etmişdi.
(ardı gələn sayımızda)