adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 May 2018 23:26
42276
LAYİHƏ
A- A+

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Mayın 28-də Ə.M.Topçubaşovun ABŞ nümayəndə heyətinin üzvü Q.Morqentau ilə görüşündə isə ABŞ-ın Azərbaycan hökumətinə maliyyə yardımı göstərməsinin mümkünlüyü məsələləri müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin üzvləri üçün ən mühüm hadisə onların mayın 28-də ABŞ Prezidenti V.Vilson tərəfindən qəbul edilməsi idi. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov Prezident V.Vilsona müraciət edərək Azərbaycanın Millətlər Cəmiyyətinə buraxılacağına və ABŞ tərəfindən Azərbaycana yardım göstəriləcəyinə ümid etdiyini bildirdi.
Parisdə ermənilər azərbaycanlılar və Osmanlı dövləti əleyhinə geniş təbliğat kompaniyası aparırdılar. ABŞ prezidenti Vilsona çoxlu sayda saxta məlumatlar ötürürdülər. Bütün bunlara baxmayaraq AXC nümayəndə heyəti AXC-nin 1-ci il dönümü günü 1919-cu ilin 28 mayında V.Vilsonla görüşdülər. Görüş zamanı AXC nümayəndələri öz mövqeyini Vilsona təqdim edə bildi. Azərbaycan nümayəndə heyəti V. Vilsonla görüşdə 6 bənddən ibarət tələblər irəli sürərək, ABŞ Prezidentindən onların yerinə yetirilməsinə köməklik göstərməsi xahiş olunurdu. Həmin tələblərdə Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycan Respublikasına da aid edilməsi, Azərbaycan nümayəndələrinin sülh konfransına buraxılması, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABŞ-ın hərbi departamentinin Azərbaycana hərbi yardım göstərməsi, ABŞ və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılması məsələləri irəli sürülürdü. Azərbaycan nümayəndə heyəti bu tələblərin ABŞ tərəfindən qəbul ediləcəyi halda, Azərbaycanın çar Rusiyasına olan borclarını tədricən ödəyəcəyinə də təminat verirdi.
Təəssüf ki, Azərbaycan tərəfinin bu tələbləri V. Vilson tərəfindən qəbul edilmədi və o, Azərbaycanın istiqlaliyyətinin tanınması məsələsini açıq saxlayaraq, ABŞ-ın dünyanı kiçik hissələrə bölmək niyyətində olmadığını bildirdi. V.Vilson Azərbaycanın Qafqaz Federasiyası yaratmaq niyyətini təqdir edərək, bu qurumun Millətlər Cəmiyyətinin təklifi ilə hər hansı bir dövlətin köməyinə arxalana biləcəyini və Azərbaycan Respublikasının müstəqilliyi məsələsinin hələlik həll edilməsinin qeyri-mümkünlüyünü qeyd etdi. V.Vilson Azərbaycan nümayəndələrinə irəli sürdükləri tələblərini sülh konfransının katibliyinə çatdırmağı xahiş etdi. 14 bölmədən ibarət olan və özündə mühüm tarixi, siyasi və diplomatik məsələləri əks etdirən "Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris sülh konfransına memorandumu" adlı sənəd mühüm əhəmiyyət daşıyırdı.
Azərbaycan nümayəndə heyətinin üzvləri V. Vilsonla görüşlərində böyük ümidlərinin doğrulmamasına baxmayaraq, ABŞ Prezidenti ilə təmas qurmağın mühüm hadisə olduğunu qeyd edirdilər. Ə.M.Topçubaşov bildirirdi ki, "bizim nümayəndə 59 heyətinin Prezident Vilson tərəfindən qəbulunu çox böyük hadisə hesab etmək lazımdır, çünki başqa Antanta dövlətlərinin başçıları kimi, o da nümayəndə heyətlərini qəbul etmir".
Ermənilər isə Azərbaycana qarşı ərazi iddilarından əl çəkmir, ABŞ vasitəsilə bütün bunlara nail olmaq istəyirdilər. 1919-cu ildə Naxçıvanda ABŞ general qubernatorluğunun yaratmaq planı da məhz buna xidmət edirdi. AXC-nin qətiyyətli mövqeyi, Naxçıvan əhalisinin ciddi müqaviməti bu planların gerçəkləşdirilməsinə imkan vermədi.
Parisdə olarkən Azərbaycan nümayəndə heyətinin üzləşdiyi növbəti problem mayın 26-da Antanta ölkələri və Yaponiya dövlət başçılarının admiral A. Kolçaka nota ilə müraciət etmələri və Omsk hökumətini Ümumrusiya hökuməti kimi tanıdıqlarını bildirmələri oldu. Ə.M. Topçubaşov bu hadisəyə etiraz əlaməti olaraq, mayın 31-də Azərbaycan nümayəndə heyəti adından bəyanat verdi və bildirdi ki, admiral A. Kolçakın hökumətinin Ümumrusiya hökuməti kimi tanınması çar Rusiyasından ayrılaraq istiqlaliyyətini əldə etmiş xalqların, o cümlədən Azərbaycan Respublikasının milli maraqlarına ziddir və Azərbaycan Respublikasının ərazisi gələcək Rusiya dövlətinin tərkibinə daxil edilməməlidir. Azərbaycan nümayəndə heyəti bununla kifayətlənməyərək, iyunun 5-də sülh konfransının sədrinə və Antanta dövlətlərinin baş nazirlərinə etiraz notası göndərdi. Sənəddə Kolçak hökumətinin keçmiş çar Rusiyasının hüdudlarında tanınmasına etiraz edilərək, Azərbaycanın bu dövlətin ərazisindən birdəfəlik çıxdığı göstərilirdi. Notada qeyd olunurdu ki, "Rusiyada hansı hökumətin tanınmasından asılı olmayaraq, yalnız öz parlament və hökumətini tanıyan Azərbaycan Rusiyanın ərazisinə daxil edilməməlidir". Eyni zamanda, iyunun 17-də admiral Kolçakın hökumətinə etiraz əlaməti olaraq, Parisdə Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələri adından bəyannamə imzalandı. Bəyannamədə bildirilirdi ki, "sənədi imzalayan respublikalar Sülh Konfransının qarşısında böyük dövlətlərin tezliklə onların siyasi müstəqilliyini tanıması xahişi ilə çıxış edirlər". Admiral Kolçakla yanaşı, Denikinin də son vaxtlardakı fəaliyyəti Qafqaz respublikalarının müstəqilliyi üçün ciddi problemlər yaradırdı. Bunu nəzərə alaraq, iyunun 23-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz Respublikalarının nümayəndələri sülh konfransına 7 maddədən ibarət olan etiraz notası təqdim etdilər. Notada Kolçakla yanaşı, Denikinin də Qafqaz respublikalarının istiqlaliyyətinə qarşı təhlükə törədə biləcəyi vurğulanırdı. Sənəddə Qafqaz respublikalarına siyasi vahidlik kimi baxıldığı halda, Rusiya ilə bu ərazilərin gələcək siyasi quruluşu haqqında saziş bağlamağın mümkün olduğu bildirilirdi. Onu da qeyd etmək lazımdır ki, ermənilər Kolçak və Denikinlə gizli əlaqələr yaratdıqlarına görə, yuxarıda göstərilən sənədləri imzalamaqdan boyun qaçırtdılar.
Həmin vaxt Azərbaycanla Böyük Britaniya və Fransa kimi dövlətlər arasında iqtisadi və ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımlar atıldı. Xüsusilə, Fransa-Qafqaz Komitəsinin təşəbbüsü ilə oktyabrın 4-də keçirilən və Azərbaycan, Gürcüstan, Fransa işgüzar dairələrinin iştirak etdiyi Qafqaz konfransı mühüm əhəmiyyət daşıyırdı. Oktyabrın ortalarında Fransa Respublikasının Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Bakıya səfər edərək, Azərbaycanın xarici işlər naziri M.Y. Cəfərovla danışıqlar apardı. Görüş zamanı Fransa tərəfinin nümayəndəsi öz ölkəsi ilə Azərbaycan arasında dostluq əlaqələrinin yaradılmasının vacib olduğunu bildirdi. Həmin ərəfədə Azərbaycan hökuməti Böyük Britaniyanın "Kosmos" kompaniyası ilə müqavilə imzaladı. Müqaviləyə görə, bu kompaniya Azərbaycan neftinin Qara dəniz limanından daşınıb Avropaya satışını təşkil etməli idi.

(ardı gələn sayımızda)


Könül
Kərimova
Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialının baş müəllimi

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ