adalet.az header logo
  • Bakı 21°C
17 May 2018 23:21
21737
ƏDƏBİYYAT
A- A+

Qaranquş

Təmsil


Zakir Bağır

Bu əhvalat çoxdan baş verib. Lap çoxdan.
Artıq havalar soyuq keçirdi. Hələ tük çıxartmadığına görə balalar üşüyürdülər. Onlar ana qaranquşa sığınsalar da isinə bilmirdilər.
Ana qaranquş ürəyində keçdiklərini koma sahibinə demək istədi. Cəsarətini toplayıb komanın pəncərəsinin qarşısına qondu. Pəncərənin şüşəsini döyməyə başladı:
- Tıq, tıq, tıq.
Koma sahibinin başı qarışıq idi. Qış üçün doğradığı odunları sobanın yanına yığırdı. Ona görə də heç nə eşitmədi.
Qaranquş bu dəfə pəncərə şüşəsini bərkdən döyməyə başladı:
- Tıq, tıq, tıq...
Koma sahibi səsi eşidib pəncərəyə yaxılaşdı:
- Kimdir?
- Mənəm, komanın həyətindəki ağacda yuva salmış qaranquş.
Komanı sahibi soruşdu:
- Nə lazımdır, qaranquş?
- Artıq qış başlanıb. Havalar soyumağa başlayıb. Qışda sənin komanda yaşamağa icazə verəsən. Balalarım hələ türk çıxartmayıblar. Yaman üşüyürlər.
Koma sahibi hirslə qaranquşa baxdı:
- Bircə qaranquş qalmışdı. Qışda onu komada saxlayım. Komanı batırsınlar.
- Koma sahibi, balalarıma yazığın gəlsin. Qoyma onlar soyuqdan tələf olsunlar. Sənin balaların yoxdur?
- Yoxdur, mən tək yaşayıram.
- Ona görə də bala nə olduğunu bilmirsən.
Qaranquş koma sahibindən heç bir kömək görməyib yuvasına qayıtdı.
- Ay qaranquş bacı, bayaqdan səni gözləyirik.
Ana qaranquş əhvalatı danışdı.
- Ürəyini sıxma. Biz isti yerlərdə yaşayırıq. Qoşul bizə. Gedək isti yerlərə. Burada istilər düşəndə qayıdarıq geri.
Ana qaranquş sevindi. Quşların hər biri bala qaranquşu caynağına aldı. Quş dəstəsi isti yerə tərəf uçdular.
...Koma sahibi qaranquşun pəncərə şüşəsinin döymədiyini görüb təəccübləndi.
Həyətə düşüb ağaca baxdı. Ağacdakı yuvada nə ana qaranquş vardı, nə də balaları.
Günlər, aylar keçdi. Qaranquş görünmədi. Yağışlar, qar yuvanı dağıtdı.
Bir müddət keçdi. Yaz gəldi. Yenə qaranquş görünmədi.
Koma sahibi nə üçünsə həyətdən çıxdı. O, yol gedərkən ağacların birində "tıq, tıq, tıq" səsi eşitdi. Başını yuxarı qaldırıb baxdı.
Bir qaranquş balaları ilə birlikdə özünə yuva salırdı.
Koma sahibi təəccübləndi. Bu onun komasının həyətindəki ağacda vaxtiylə yuva salmış qaranquş idi.
- Görəsən qaranquş mənim həyətimdəki ağacda yox, niyə bu ağacda yuva salır? Bəlkə məndən inciyib?
Bu əhvalatdan sonra ana qaranquş bir daha koma sahibinin həyətindəki ağacda yuva salmadı.
Soyuqlar düşəndə isti yerlərə uçur, havalar qızışanda qayıdırdı.