adalet.az header logo
  • Bakı 11°C
17 May 2018 23:16
16247
ƏDƏBİYYAT
A- A+

İllərə nə var ki...

(oçerk)

Mən hər dəfə pedaqoqlardan yazmaq istəyəndə tərəddüd keçirməyə bilmirəm və özümdən soruşuram: - Səbəb nədir, məsuliyyətmi, ehtiyatlılıqmı, diqqətsizlikmi? Sualımın cavabı: hər üç anlamdır. Pedaqoq yaşamaq sənətindən, cəmiyyətə vətəndaş hazırlamaq məsuliyyətindən, cəmiyyətlərdəki ziddiyyətlərin durulması qayğısını çəkməkdən. Digər müqayisələr də istisna deyil. Pedaqoq nəyə nail olmaq istəyir ki, auditoriyadan qan-tər içində çıxır və bu halət ona çoxmu lazımdır? Pedaqoq nə üçün yazır ki, vərəqlərə hisslərini köçürür; sağlamlığını gizlin nemət kimi qorumağı bacarmır. Pedaqoq nə səbəbdən bu əzablı sənəti seçir? Çün, zəmanə korlanmış, qardaşlar dəyişmiş, oğul atasından üzr çevirir. Pedaqoq gənc nəsildə o dəyərləri aşılayır; İmam Sadiq demişkən: "Üç şey dünya və axirətin xislətlərindəndir: sənə zülm etmiş kimsəni bağışlamaq, səndən qopmuş şəxsə birləşmək və sənə qarşı cahilyanə hərəkət etdikdə səbirli olmaq". Xoşbəxtlik də ondandır, klassik pedaqoqlarımızın xeyirxah əməlləri, sözləri və əsərləri nəsildən-nəslə ötürülmüşdür, necə ki, N.Tusi, Qəvamüddin Əbu Əli Həsən, Məhəmməd Naxçivani, Mirzə Kazım bəy, A.Bakıxanov, F.Köçərli və başqalarının qiymətli irsi Əhməd Seyidov, Mehdi Mehdizadə, Hüseyn Əhmədov, Əliheydər Həşimov, Yəhya Kərimov, Fikrət Seyidov, Əjdər Ağayev, Yusif Talıbov, Mircəfər Həsənov layiqincə davam etdirdilər. Bu gün isə çağdaş pedaqoq-alimlərimiz, ləyaqətlə sələflərinin etimadını doğruldurlar. Onlardan biri də pedaqoji elmlər doktoru Həsən Bayram oğlu Bayramovdur və "Bayramoğlu" soyadı ilə tanınır da! Mən vaxt olub onun haqqında, elmi-pedaqoji fəaliyyətinin mahiyyəti barədə yazmaq istəmişəm, lakin qayğılar, yeri gələndə unutqanlıq bu istəyimi unutdurub, "bu gün sabaha" qoyubdur. Və gəlib 2018-ci ilə çıxıbdır; bilməmişəm 1953-cü ildə Qərbi Azərbaycanımızın Krasnoselo bölgəsinin Toxluca kəndində doğulan Həsən müəllim yaşın bu zirvəsindədir. Bəli, illər bir göz qırpımında yetişdi. Hansı ki, doğma saydığım Pedaqoji İnstitutunun aspirant və müəllim işlədiyi vaxtı xatırlayıram. Bir vaxt görkəmli pedaqoqumuz, pedaqoji fikir tarixinin patriarxı Əhməd Seyidov haqqında "İllər hara tələsir?" oçerkini qələmə almışdım. Ağılıma gəlməzdi ki, bir zaman bu sualı özümə və sənət, qələm dostlarıma ünvanlayacam!
Həsən Bayramovla tez-tez görüşürəm, ürək dolusu söhbətləşirik. Onun keçdiyi yola nəzər salıram. Öz ulu diyarında doğulub yaşamaq, təhsil almaq, Bakı mühitində məşhur "APİ-çi" olmaq şərəfi, sonra fərqlənmə diplomu ilə aspiranturanı (Elmi Şuranın qərarı ilə) yox, doğma rayonuna, kəndinə üz tutmaq, pedaqoji və ictimai vəzifələr daşımaq.
- Bu yol mənim həyatda, seçdiyim peşədə püxtələşmək imkanları yaratdı. - Həsən müəllim vurğulayır. - Nəzəri bilik azlıq edir həyatda, lazımdır bərkdən-boşdan çıxasan, müdriklərə qulaq asasan. Antiq şair Esxil demiş ki, müdriklik çox şeyi bilmək deyil, lakin olanı bilməkdir. - Gülümsünür. - Pedaqoji institutu qurtarıb istehsalata getdim və müsabiqə yolu ilə (1987) Naxçıvan Dövlət Pedaqoji İnstitutuna müəllim seçildim.
O, ağır-ağır danışır, illərin arxasından boylanır. Mən ötən əsrin 80-ci illərinə qayıdıram. Həsən bəy artıq doğma təhsil ocağında qiyabi aspiranturaya girmişdi, böyük pedaqoq, akademik Hüseyn Əhmədovun elmi qayğısı ilə araşdırmalar aparırdı. "Azərbaycan məktəb və pedaqoji fikir tarixinin aktual problemləri" (1984) kitabını mənə hədiyyə etmişdi... Üzeyir Hacıbəyov və Azərbaycan pedaqoji fikir" (1984), "Azərbaycanda Sovet pedaqoji elminin təşəkkülü və inkişafında (1920-1940) rus sovet alimlərinin rolu", "Müəllim kadrları hazırlığında mühüm mərhələ (1961-1987) və onlarla elmi əsərini nəşr etdirdi. Mən bu tədqiqat işlərini xatırlayıram: O illər bir fantom kimi canlanır: pedaqoji mühitdə bir qaynarlıq, yaxşı mənada rəqabət, gənc elmi kadrlara yetərli yanaşma vardı. Hüseyn Əhmədov, Yusif Talıbov, Nurəddin Kazımov, Əyyub Tağıyev, Əliheydər Həşimov, Fikrət Seyidov, Sabir Şəfiyev, Həmzə Əliyev, Abbas İsmayılov, Abel Kərimov... Onların arasında mənim də müəllimlərim olub və hafizəmdə yaşatmağa borcluyam. Bu müqtədir şəxslər sanki elm üçün doğulmuşdular, təmənnasızlıq üçün yaşamışdılar. Dahi Ədib Lev Tolstoy əbəs deməmiş: "Alimliyə bir tac kimi baxma ki, bununla öyünəsən; bir inək kimi də baxma ki, onu sağasan". Bu klassik yanaşmanın qəhrəmanları - müasirlərimiz məhz belə yaşadılar, çalışdılar, yazdılar, öz şəxsi nümunələrilə örnəkləşdilər. Onlar hər bir gənc pedaqoqun elmi uğuruna sevinərdilər, elə bil özləri yazmışdı. Kiçik bir detal: Hətta qəzet məqaləsi dərc olunanda ya zəng atır, ya da üzbəüz rastlaşıb təbrik edirdilər, ruhlandırırdılar. Bu isə müəllif üçün əvəzsiz töhfə idi, yeni uğura atılan imza idi! Başqa bir detal: Öz kitablarını avtoqrafla bağışlayırdılar. Beş-altı cümlədə sənin xarakterini, qabiliyyətini ümumiləşdirirdilər. Arxivimdə olan böyük pedaqoqlardan Hüseyn Əhmədovun, Yusif Talıbovun, Fikrət Seyidovun, Əjdər Ağayevin, Əliheydər Həşimovun ... avtoqraflarında onların nurlu simalarını görürəm, dünyasını dəyişənlərin ruhuna işıq arzulayıram. Mən bu hissimi ona görə gizlətmək istəmədim: bu gün nisbətən gənc pedaqoq-alimlərdə ənənə unudulmuşdur. Diqqətsizlik yaranmış ki, gənclərə mövzu təklif edəndə, yaxud yazısını oxuyanda həmin mövzudan ilk tədqiqat aparan belə unudulur. Elə isə həmin gəncdə laqeydlik yaranacaq, çünki "ustadı" belə hərəkət etmişdir.
Gizlətmirəm və açıqlayıram ki, Həsən Bayramov bu metaformozalardan uzaqdır, sələflərinə qarşı diqqətlidir, xələflərə isə qayğıkeşdir, səbəbsiz deyil - elmin insanlıq və sərt tərəflərini yaşamışdır. Bəlkə də bir mühüm səbəbi onun pedaqoji fikrimizin dəyərliliyini araşdırmaqdır, klassikamızın nümayəndələrinin xarakterlərinə varid olmağıdır. Bu klassiklərimiz vəzifə üçün dəridən-qabıqdan soyulmamışlar, şəxsiyyətlərinə xal salmamışlar və belə niyyətə düşməmişlər. Böyük şair Ə.Nəvai demiş ki, əgər alim yüksək vəzifə üçün alçalırsa bu, onun nadanlığına dəlalət edir...
Həsən Bayramovda bir keyfiyyəti həmişə alqışlamışam özlüyümdə: istedadına arxalanıb yerində saymamaq və inadkarlığı ilə tədqiqatından soyumamaq, əksinə, irəliyə can atmaq. Bu, onun həm namizədlik, həm də doktorluq dissertasiyaları tamamlamaq və müdafiə etməkdə də özünü bariz göstərdi. "Azərbaycanda sovet pedaqoji elminin təşəkkülü və inkişafı (1920-1931-ci illər)" mövzusunda pedaqogika üzrə fəlsəfə doktorluğu adını almasıdır.
Bu, 1989-cu ilə təsadüf edir. Otuz altı yaşlı gənc (yaş bölgüsünə yenidən baxmaq lazımdır) artıq pedaqoji mühitdə tanınırdı. Bir neçə kitabı, onlarla məqaləsi işıq üzü görmüşdü, respublika elmi konfranslarında müntəzəm çıxış edirdi. Bəzən pedaqoq həmkarlarından akademik Hüseyn Əhmədov, professorlardan Fərrux Rüstəmov, Əmrulla Paşayev, Müseyib İlyasov, Eldar Abaszadə, İramin İsayev və digərləri ilə müştərək araşdırmalara müəlliflik edirdi.
H.Bayramov ədəbiyyatı sevən, folklor yaradıcılığını bilən, klassik şəxsiyyətlərin irsinə bələd bir alimdir, çün, mütaliəçidir. M.F.Axundzadə, N.Nərimanov, F.Köçərli, Ə.Seyidov, H.Əhmədov kimi şəxsiyyətlər onun üslubuna və zövqünə daha yaxın olmuşlar. Məsələn, M.F.Axundzadənin yüksək humanist yaradıcılığı və maarifçilik görüşləri haqqında məruzəsi Moskvada sessiyada (pedaqoqların) səslənmişdir: 1991. Əsərlərinin bir qismi akademik Hüseyn Əhmədovun tədqiqatlarına həsr edilmişdir.
Elmlər doktoru, bir dosent olaraq Həsən Bayramov məhsuldar alimdir, bunu çəkinmədən deyirəm. Hər il pedaqoqun onlarla jurnal və qəzet məqalələri nəşr olunur. Və bu siyahıda tematika müxtəlifliyi nəzərə çarpır, hərçənd, mərkəzi mövzu pedaqoji fikrimizin tarixi səhifələri konkret desək: "Çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti: unifikasiya prosesi və tarixi-pedaqoji paradiqmanın formalaşması" - eyni adlı monoqrafiyada toplanmışdır. Həsən müəllimdə inadkarlığı vurğularkən bir nüansı xatırlatmaq istərdim: tədqiqatın dərinliyini və genişliyini qurban verməmək, təmkinlə nəticəni gözləmək. Beş-altı il əvvəl Həsən müəllimdən gileyləndim ki, nə üçün doktorluq işini müdafiə etmirsən? Araşdırmaların yetərincədir, ortadadır, praktik həllini tapmışdır. O, özünə xas təbəssümlə: - Allahverdi müəllim, - dedi. - Son nöqtəni qoymağa tələsmirəm. Hər şey ürəyimcə olmasa tribunaya çıxmaram.
Haqlı idimi? Harada "bəli", haradasa "yox"! Bu təsdiq və inkar dilemma deyildi, məsuliyyət hissiydi. Lazım gəlir ki, tələsməmək, düşünmək və təhlil etmək - bunlar daxili atributlardır, insanın yaşam tərzini arqumentləşdirir. Böyük psixoloq Q.Lebon yazırdı ki, xoşbəxt yaşamaq üçün lazım olandan çox düşünməliyik. Bu qənaətdən sonra Həsən bəylə razılaşmaya bilmədim. Vaxt özü onu tələsdirdi, 2017-ci ildə müdriklik zirvəsində "Çar Rusiyasının Azərbaycandakı təhsil siyasətinin əsas istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edib, pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini aldı (Bakı E.P.№01 846). Bu, o fundamental tədqiqatla şərtlənir ki, 24 çap vərəqi həcmində monoqrafiyası, 40-dək elmi məqaləsi (Samarada, Alma-Atada, Münhendə, Moskvada, Türkiyədə, Krasnodarda, Koreqdə və b. xarici ölkələrdə) elmi ictimaiyyətə təqdim edilmişdir. Bundan əlavə H.Bayramov onlarla proqramların, metodik tövsiyələrin (göstərişlərin), tezislərin, dərsliklərin, dərs vəsaitlərin müəllifidir. Qeyd etməyi lazım bilirəm ki, Həsən Bayramoğlunun yetərli publisist qələmi vardır; ictimai-sosial hədislərə çevik reaksiya verir, jurnalistlərlə anlaşılır, həyati müsahibələrində zamanın nəbzini tutur. Bu alimlə, pedaqoqla söhbət etmək xoşdur: təmkini, müsahibini dinləmək bacarığı, faktlara reaksiyası, ünsiyyətcilliyi. Mən bu son sözü bilərəkdən "sona" saxladım. Bu gün gizlin deyil ki, ünsiyyət mədəniyyətini itirməkdəyik.
Həsən Bayramovda kamil şəxsiyyəti özündə ehtiva edən keyfiyyətlər onun şəxsi və ictimai mühitin həmişə diqqətində saxlamış, təqdir edilmişdir. Həmkarlarından: professorlardan Fərrux Rüstəmov, Müseyib İlyasov, İramin İsayev, İntiqam Cəbrayılov və başqa pedaqoqları xatırlatmaq yerinə düşür. Bu simalar çağdaş pedaqogika elminin ən aparıcı nümayəndələridir və bu sətirlərin müəllifinin hörmətində, qürur hissində yaşayanlardır...
Pedaqoji elmlər doktoru Həsən Bayramov yeni monoqrafiyasını ("Çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti: unifikasiya prosesi və tarixi pedaqoji parodiqmanın formalaşması") avtoqrafı ilə mənə bağışlamışdı. Üç yüz altmış altı səhifəlik bu fundamental kitabı həvəslə, təmkinlə oxudum. Nə gizlədim, əsər "tutdu" məni. Müəllifin peşəkarlığı və yazmaq səriştəsi; tarixi faktlara və arxiv materiallarına dəqiqliyi; böyük bir dövrümüzün dünyəvi və milli təhsilimizi vətəndaş mövqeyindən təhlilə cəlb etməsi - bu "triada", ümimiyyətlə, Həsən müəllimin vətənpərvər alimliyindən soraq verir: Monoqrafiyada ictimai-humanitar elmlərin müasir inkişafı zəminində tarixi keçmişimizə obyektiv yanaşması, mühüm detallara sosial-fəlsəfi münasibət: Çar Rusiyası zamanında Azərbaycana yönəlik təhsil siyasətinin məzmununa və mahiyyətinə aydınlıq gətirmişdir. Bu cür əsərlər hər dəfə yazılmır, illərin zəhmətində, axtarış inadkarlığında hasilə gəlir. Və monoqrafiya haqqında geniş həcmli ressenziyamı çap etdirdim, yüngülləşdim. Mən hər bir alimin uğuruna sevinirəm; bu, daxili-mənəvi rahatlığın bir şərtidir...
Həsən Bayramov 1990-cı ildən 2014-cü ilə qədər ADPU-nun "Ümumi pedaqogika" kafedrasının dosenti vəzifəsində çalışmış, tələbələrə biliyini aşılamış, onların iç dünyasına laqeyd qalmamışdır. 2014-cü ildən etibarən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru olmaqla, bu gün də doğma institutunda əmək fəaliyyətini davam etdirir. Başqa cür necə mümkündür? Pedaqoq-müəllim auditoriyasız necə yaşaya bilər?
Mən Həsən Bayramovla çalışdığı təhsil ocağında görüşdüm. Bu bina mənə lap əzəldən - "Təfəkkür" Universitetində işlədiyim illərdən tanışdır. Mərkəzin binasından biz də istifadə edirdik - dəmiryolu ixtisasına yiyələnəcək tələbələr üçün. Həyətə girəndə ayaq saxladım, yaşıllıq, səliqə-səhman. Xatirələrə qayıtdım, burada illərim keçmişdi. İçəri girdim, mərtəbələri gəzdim maraq üçün. Burda da bir sığallıq, sakitlik, ab-hava, rastlaşdığım müəllimlərin mənə diqqətliliyi, nə istədiyimə olan sualı - qürurlandım və Həsən müəllimin bacarığından, iş rejimindən, təhsilə aid sənədlərin yerli-yerində olmasından soraq verirdi. Atalar deməmiş ki: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik".
Həsən müəllimlə üzbəüz oturdum, hansısa iclasdan gəlmişdi, yorğun təsiri bağışlayırdı, amma çalışırdı mənə təsirli olmasın. Düzü, xeyli vaxtdı görüşmürdük. Uzaq illərə də qayıtdıq, dünyamızda olmayan müəllimlərimizi, pedaqoqlarımızı yada saldıq, Allahdan rəhmət dilədik. Yaşayanların iş-gücündən, səhhətlərinin durumundan xəbərdar olduq... O, bilmədiklərimdən, xəbər tutmadıqlarımdan xeyli danışdı və astadan dedi ki, illər yamanca üstümüzü aldı, elə bil dünən yaşamışıq bir ömrü. - Armudu stəkanda çayı soyumuşdu, bir-iki qurtum içdi. - Çayını soyutma. - Diqqətini mənə yönəltmişdi, bu, mənə tanışdı. Axı o illər məni də qabaqlamışdı.
Dərindən köks ötürdü, qarşısındakı qəzetləri kənara qoydu:
- Hə, Allahverdi müəllim, Həsən Bayramov da 60-ı keçdi. - Susdu. - Üstə beş ili də gəlsək? Nə etməli, yaşadıq, necə yaşadıq, nə deyim!
Hər halda pis yaşamamısan, xeyirxah işlərə ünvanlanmısan, tələbələrə dərs demisən, dostlar, həmkarlar qazanmısan...
Həsən müəllimi telefona çağırdılar. Bu imkandan mənim yaddaşıma pay düşdü və oxuculara təqdim etdiyim bu yazını xoş təəssüratla özümlə apardım. Amma istedadlı və məhsuldar pedaqoq-alimin yaşını "gizlətdim", özüm də bilmədən, nə səbəbə? Bəlkə "yetmiş yaş"dı məni çaşdıran? İllərə nə var ki!
Allahverdi Eminov