adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Bir nəvədən nənəsinə vida yazısı...

FƏRHAD ŞABANOV
32287 | 2013-04-06 10:16
Hər gün işdən evə gedərkən keçdiyim bir ara küçə var. Bu küçədə bir yardım dərnəyinə aid qocalar evi var. Mən küçədən keçərkən qocaları da təmiz hava üçün çölə çıxarırlar. Bu yaşlı insanlar qocalar evinin önündəki skamyalarda əyləşirlər.
İki ilə yaxındır ki, həmin küçədən keçirəm. Hər dəfə də gözümə bir şey sataşır və mən evə gedib çatana kimi içimdə fırtınalar qoparır. Bu yaşlı insanlar sakitcə onlara ayrılan yerdə oturub susurlar. Evin içini bilmirəm, ancaq çöldə heç kim bir-biri ilə söhbət etmir. Düşüncəli şəkildə küçədən keçən insanlara baxırlar.
Onların gözləri yol çəkir. Elə bil ki, bu yaşlılar sakit baxışları ilə nəyisə gözləyirlər. Səbirli olduqları baxışlarının dərinliyindən bəllidir. Bəlkə də bu dərinlik gözlərinə hopmuş uzun ömürlərinə qarşı məsum nifrət bataqlıqlarıdır. Bunu özlərindən başqa heç kim bilmir yəqin ki...
Bu baxışlar "Marian"ı qısqandıracaq qədər dərin olsa da, Qodonu gözləyən Vladimir və ya Estraqondan daha ümidsiz bir insanın gözlərinə məxsusdur. İnsanı məhv edən o ümidsiz baxışlar.
Bəzən insan yoldan keçən bir özgənin ayaq səslərindən ümidlənər... Şütüyən maşınlardan, əsən küləyin üz qırışlarına toxunuşlarından... Bəs bir uşaq gülüşünün nəvə həssaslığını xatırlatması necə?!
Mən ümidsizliyin sonsuz olduğunu bu qocalarda gördüm. Heç bir sərhədi olmadığını öyrəndim ümidsizliyin. Sırf bu insanların simasında kiçik xoşbəxtlik əlamətləri görmək üçün dəfələrlə orada dayanıb onları müşahidə etdim. Ətrafda baş verənlər bu qocalarda heç bir rezonans doğurmur.
Bir müddət sonra qocalar evinin həyətində oturanların sayının azaldığını gördükcə anladım ki, buradakı insanların ümidsizliyi yaşamağa, səbirsizliyi ölümədir.
Ən böyük təzad bu qocalar evinin yaşının az olması, içindəki insanların əksinə, yaşlı olmasıdır. Və həyatın o istehzalı gülüş səsləri - insanın içində baş verənlərə qarşı biganə ətraf mühit... Sizin içinizdə şaxtadan aysberqlər çatlasın, ancaq bir də görürsünüz ki, başınızın üstündə göy qurşağı var. Günəş sizin içinizi istidən əritsin, amma xarici dünyanızda lopa-lopa qar yağa bilər... Sizin dünyanız ilə başqalarının dünyası arasında həyatın o istehza dolu hiyləgər gülüşləri gizlənir. Və siz ayaqlar altında əzilən xırda qum dənəcikləri qədər acizsiniz.
Acizsiniz... Çünki əlinizdən heç nə gəlmir. Hər doğum günündə yaşının üstünə bir yaş daha gəlməsinə sevinən insan gec anlayır; yaşı çoxaldıqca doğmalarının azaldığını...
Əvvəlcə baba dediyin o böyük insanlar gedir həyatından; sən heç nəyin fərqində olmadan, sənin başın məktəbdə əlinə bulaşmış təbaşir tozunu silməyə qarışarkən... Sən hər şeyin fərqinə vardığında qarşında o böyük insanın kiçik başdaşı durur. Həyatın sirləri o anda çözülür, dizlərinin bağı kimi... Uşaq ikən gördüyün hər böyük şeyin əslində ancaq sənə böyük görsəndiyini anladığın an həyat itirir bütün sehrini...
Sizi görəndə qucaqlayıb başınızdan öpən, pensiyasından sizə verib uşaqlıq arzularınızı reallaşdıran o böyük insanlar bir-bir sizi qoyub gedərkən bütün çağırışlarınız cavabsız qalır. Sizin səsinizi eşidən heç kim olmur. Çünki sizin dünyanızda ancaq siz varsınız... Və təksiniz...
Mənim dünyamda da özünəməxsus bir "düşbərə ətri" varıydı. Mən balaca ikən, dünyamdakı hər şey öz böyüklüyünü və sehrini qoruyarkən nənəmin bişirdiyi düşbərədən gələn bu ətir bütün doğmalığı ilə məni bihuş edirdi. Uzun müddət idi ki, bu düşbərədən yemək nəsib olmurdu. Ancaq hər dəfə nənəmi görəndə o düşbərə ətrinin təravəti yadıma düşür və instinktiv olaraq məni rahatladır, dünyamın hələ də sehrli olduğunu qulağıma pıçıldayırdı.
Mən nənəmi itirdim. Və həyatımdakı hər şey öz rəngini itirərkən onun son görüşünə də gedə bilmədim. Heç olmasa son dəfə o ətri içimə çəkmək və sonsuz yolçuluğunda nənəmlə vidalaşmaq qismət olmadı. Atamla çiyin-çiyinə nənəmi son mənzilinə qədər apara bilməmək hissi içimdə dərin bir quyu qazdı. Göz yaşlarının doldura bilməyəcəyi qədər dərin bir quyu...
Məkanın cənnət, ruhun şad olsun, Tərlan nənə... Sən həmişə mənim qəlbimdə çalışqan, əməkçi, övladları üçün həyatını qurban vermiş insan kimi qalacaqsan...
Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV