adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 May 2018 14:16
27910
ƏDƏBİYYAT
A- A+

Bizim cəmiyyət dəyişiklikdən qorxan cəmiyyətdi...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı yazıçı, şairə Sevinc Elsəvərdir.

- Öncə ədəbiyyata gəlişinizdən və bu tarixin zərurətindən oxuculara məlumat verərdiniz...

- Uşaqlıqdan yazmağa həvəsim olub. Bir dəfə əlimə Səməd Vurğunun şeir kitabı düşmüşdü. Hardasa əlifbanı yeni öyrəndiyim vaxtlar idi. Həmin kitabın girişində Səməd Vurğun haqqında yazılmışdı. Şeirlərdən qabaq onu oxudum. Uşaqlıqdan əlimə keçən bütün kitabları nöqtəbənöqtə oxumaq adətim vardı. Giriş, mündəricat, nəşriyyatın qeydlərinə qədər hamısını acgözlüklə oxuyurdum. Həmin oçerkdə məni təsirləndirən iki şey oldu. Birincisi, Səməd Vurğunun uşaq yaşlarında anasını itirdiyini öyrəndim.Özümü o saat onun yerinə qoydum, elə ürəyim yandı ki ona. Uşaqlıq şeirlərini xüsusi maraqla oxudum, o şeirlərdə ana həsrətini ifadə edən uşaq vardı. İkincisi, lap uşaq yaşlarından yazmağa başlaması diqqətimi çəkdi. "Uşaqlar da şeir yazmaq hüququna malikdir. Sən də yaza bilərsən” kimi mesaj verdi bu mənə. Həmin vaxtlardan mən də həvəsləndim, şeirlər, nağıllar yazmağa başladım. Yazdıqlarımı nənəmə oxuyurdum, sevincindən qanadlanırdı. Təhsilsiz biri idi, amma təhsilin vacibliyini çox gözəl başa düşürdü. Məni oxumağa da, yazmağa da nənəm ruhlandırırdı. Özü oxuya bilmirdi, amma əzbərdən çoxlu şeirlər, bayatılar, nağıllar deyirdi. Mən də yazdıqlarımı ona oxuyaraq, sanki nənəmin borcunu ödəyirdim. Bununla qalmırdım, əlimə keçən kitabları nənəmə oxuyurdum. 6-cı sinfi başa vurana qədər, yəni nənəm dünyadan köçənə qədər nənəmlə bir otaqda yatmışam. Hər gecə onun üçün müxtəlif kitabladan, hətta dərsliklərimdən hekayələr, şeirlər oxuyurdum. Dəhşət həvəsi vardı. Özü də bədahətən bayatılar çağırırdı. Bu müddətdə ona yüzlərlə kitab oxudum. "Başsız atlı”dan tutmuş "Damda yaşayan Karlson” a qədər. O vaxtdan yazmaq, oxumaq istəyim bitmədi. Biz "Yemlik” jurnalını çap eləyəndə, ona görə uşaqlara müraciət elədim ki, yazsınlar. Həmişə uşaqlara belə fikir aşılayırlar ki, şeir yazmaq, hekayə uydurmaq, film çəkmək böyüklərin işidir. Və bu işləri uşaqlara əlçatmaz kimi təqdim edirlər. Necə ki, uşaqların qarşısına bir vərəq, rəngli qələmlər qoyub şəkil çək deyirik, eynilə yaz, film çək də deyə bilərik. Lars fon Trier ilk filmini 10-11 yaşlarında çəkib montaj eləmişdi. Böyüyüb gənc qız olanda mən şeirə sadəcə şeir kimi yanaşmadım artıq. Qadın problemlərini dilə gətirmək, özümü və ətrafımdakı qadınları anlatmaq üçün ən yaxşı bildiyim yol oldu.

- Ədəbi tale və onun nəzmə yaxud da nəsrə keçidi. Bu haqda nə deyə bilərsiniz?

- Özümü hər iki sahədə sınamışam. Şeirlə deyə bilmədiklərimi hekayə vasitəsilə deyirəm. Yaxud elə mövzu var ki, hekayəyə də sığmır, sən böyük bir roman yazırsan. Səni düşündürən və yazmaq istədiyin mövzulardan asılıdı. Yazmaq bütün hallarda tale məsələsidi. İstər nəsr yaz, istər nəzm. "İncəsənət qurban tələb eləyir” deyə hətta zarafatla belə tez-tez işlənən deyim var el arasında. Çox vaxt incəsənət doğrudan da səni qurban seçir, sən onu seçmirsən. Heç bilmirsən necə oldu, nədən oldu, sən niyə burdasan, niyə getmək istəsən də gedə bilmirsən? Yaxud niyə qəfildən səni yarı yolda qoydu İncəsənət. Sənət çox qəddardı deyirlər. Bəzən də qəfil səni özündən uzaqlaşdırır. Yenə sən bilmirsən ki, niyə oldu, necə oldu?!

- Ədəbi proseslərdə yaranan yeni "izm” lərin formalaşması üçün hansı amillərin olması vacibdi?

- "İzm”lər həmişə müəyyən tarixi şəraitdə, keçid dövrlərində formalaşır. Götürək ötən əsrdəki "izm”ləri. İndi onların hər biri haqqında danışmaq istəmirəm, amma hamısı inqilablardan əvvəl, ya sonra, müharibələrdən, hər hansı texniki inqilabdan sonra ortaya çıxıblar. Şərait istedadlı adamları yetişdirir. Məsələn, XX əsrin əvvəllərində ortaya çıxan dadazim, ekspressionizm, sürrelizm kimi cərəyanlar I Dünya müharibəsindən sonra insanların əhval-ruhiyyəsini, qorxularını, gizli və aşkar arzularını ifadə edirdi. Yaxud, neorealizm cərəyanı II dünya müharibəsindən sonrakı iqtisadi, ictimai, sosial problemlərin təsiri ilə yaranmışdı.

- Ədəbi mühit və bu mühitdə qruplaşmaların yaradıcı insan üçün müsbət və mənfi cəhətlərini nələrdə görürsünüz?

- Müsbət cəhəti odur ki, qrup halında qələm adamları müəyyən müzakirələr aparır, bir –birlərinin mətnlərini təhlil eləyir, ən azı sosial şəbəkələrdə bir-birinə dəstək olurlar.Adətən eyni dünyagörüşə, baxışa malik adamlar bir qrupda toplaşır. Nadir halda, fikirləri, düşüncələri üst-üstə düşməyən adamlar bir çatı altına toplaşır. Ədəbiyyat tarixində meydana çıxan "izm”lər, cərəyanlar da çox vaxt belə dar çevrələrdə, müəyyən qrupların təşəbbüsü ilə yaradılıb. Bizim milli ədəbiyyatda da bir neçə il əvvəl xeyli sayda qruplar vardı. Həmin qruplar bir –biri ilə rəqabət aparır, hər biri yeni söz, yeni fikir demək uğrunda yarışırdılar. Bu mənada qrupların faydası var, rəqabət inkişafa, dəyişikliyə aparır. Digər yandan, qruplaşmalar yaradıcı insanın vaxtını da alır, bəzən zamanını mənasız didişmələrə, çəkişmələrə sərf edirsən. Qrup təəssübünü çəkməyə məcbursan. "Bizdən deyilsənsə, düşmənsən” kimi yanaşmalar olur bir-birinə qarşı, haqsızlıqlar olur.

- Bir müddət əvvələ qayıtdıqda cəmiyyətdə yer alan adətlərə, ənənələrə nihilist münasibətin olduğunu görürük. Bu münasibətlər yazmaq üçün qarşınıza hər hansı bir maneə çıxartmır?

- Bəzi adətlər var ki, doğrudan da onlara qarşı amansız olmalıyıq. Məhz insanlarımızın xoşbəxtliyi, inkişafı üçün. Adət-ənənələrə nihilist yanaşma hər zaman olub. Bəşər tarixi yarandığı gündən adətlər köhnəlib, yenilənib, insanların xoşbəxtliyinə mane olan köhnə fikirlər qurban bahasına olsa belə, dəyişdirilib. Bu dəyişikliklər olmasaydı, biz hələ də İbtidai İcma quruluşunda yaşayırdıq. Yaxud gənc qızları Allahlara qurban kəsirdik. Və ya 19-cu əsrdəki kimi ölən qardaşımızın həyat yoldaşını məcbur arvad edir, 9 yaşlı qızları ərə verirdik. Adət-ənənələrə nihilist yanaşma vacibdir. Hətta bəşəriyyətin xeyrinədi. Eləcə də bizim xalqın. Həmişə yenilik köhnəliyin təpkisi ilə qarşılaşır. Köhnə Yeni ilə mübarizə aparır, öz yerini vermək istəmir. Bütün yeniliklər xeyrimizədi. İnsan elə məxluqdu ki, vəziyyətinin yaxşılığa doğru dəyişməsini arzulayır. O, daim xoşbəxtliyə can atır. Yenilik rahatlıq duyğusu verəcəksə, ağrı-acılardan, təhqirlərdən, buxovlardan azad edəcəksə, niyə də olmasın? Bizim cəmiyyət dəyişiklikdən qorxan cəmiyyətdi. Yeni hər şeyə şübhəli yanaşırıq. Novruzəlinin poçt qutusuna şübhəli baxdığı kimi.

- Şeirlərinizdə pafosdan uzaq, səmimi və fərqli qadın obrazını görmək olur. Şeirin təməlini və onurğa sütununu təsvir etsəniz, bunu hansı formada oxuculara nümayiş edərdiniz?

- Şeir səmimi olmalıdı. Həm də ağıllı olmalıdı. Şeir yazanda yalandan səmimi olmaq olmur. Özünü buna zorlamaq olmur. Səmimisənsə, alınacaq, deyilsənsə, alınmayacaq. Yazılan şeirlərdə səmimiliklə yanaşı, rasionallıq da axtarıram. Əgər rasionallıq yoxdursa, o şeir mənim xoşuma gəlmir, təsir eləmir. Boş söz yığını kimi görünür. Səmimiliklə rasionallıq qardaşdı şeirdə. Rasionallıq çatışmayanda, qarşındakı adamın gopa basdığı təəssüratında olursan. Gop olan yerdə isə hansı səmimiyyətdən danışmaq olar? Bizim bir çox şairlər rasionallığı artıq hesab edirlər. Niyə Əli Kərimi sevirəm, niyə Rasim Qaracanı, Murad Köhnəqalanı, Nərmin Kamalı sevirəm? Bu xüsusiyyətlərinə görə. Rafiq Tağının şeirlərini oxuyanda aldığım zövqü eyni dərəcədə Ramiz Rövşənin şeirlərindən ala bilmirəm. Eləcə də Rasimin, Nərminin, Nazim Hikmətin şeirlərindən aldığım zövqü. Şeir elə zövq məsələsidir. Kim hansı şeirdən zövq almaq istəyirsə, qoy alsın. Bu mövzuda dartışma vaxt itkisidir.

-Uşaq ədəbiyyatı son zamanlar ədəbi proseslərdən bir qədər uzaq qalıb. Daha çox detektiv, psixoloji romanlar və s. Məsələn ən çox da oxunan bu səpkidə yazılan nümunələrdə. Buna münasibətiniz necədi?

- Uşaq ədəbiyyatı daha vacibdir. Sabahın insanının yetişdirilməsində ədəbiyyatın rolu misilsizdir. Ədəbiyyat bəşər tarixini formalaşdırmış, insanı bu günkü sivilizasiyaya qədər gətirib çıxartmışdır. "Sapiens. Bəşəriyyətin qısa tarixi” bestsellerinin müəllifi Harari yazır ki, homo sapiens mif uydura bilmək qabiliyyəti ilə digər canlılardan fərqləndi. Müxtəlif əhvalatlar uydurdu və onlara inandı. Məsələn, Gilqameş əfsanəsini uyduran insan bu gün artıq həmin əfsanənin qəhrəmanı kimi ölümsüzlük axtarışındadır. Gələcəyimiz olan uşaqlar üçün yazılan ədəbiyyatın inkişafını dövlət də, insanımız da vacib bilməlidi. Yerli uşaq ədəbiyyatına dəstək olmalıdı. Çünki uşaq yazarlarının çap problemləri var. Uşaqlar üçün nəşr olunan kitablar daha baha qiymətə çıxır. Bəzi kitablar şəkilli, bəziləri rəngli olmalıdı ki, uşaqların diqqətini cəlb eləsin. Xaricdən gətirilən ingilisdilli, rusdilli uşaq kitabları ilə müqayisədə, bizim kitablarımız bomboz görünür. Uşaqların diqqətini belə cəlb eləmir. Halbuki o kitabların çoxunu vərəqləmişəm, baxmışam ki, çoxu rəngbərəng şəkildən ibarətdir. İçindəki mətnlərdən bizim yerli uşaq yazarlarının mətnləri nəinki geri qalmır, hətta bizim mətnlər daha düşündürücü, daha zövqlüdü. Çünki bizdə Sovet dövründən uşaq ədəbiyyatının ciddi bir ənənəsi var. O dövrdə uşaq ədəbiyyatına xüsusi diqqət yetirilirdi. Heç Qərbdə o qədər diqqət yox idi. Xüsusən uşaq şeirlərimiz çox gözəldi. Amma o kitabları balacalara elə vəziyyətdə təqdim eləməyə məcbur oluruq ki, uşaqların diqqətini də çəkmir. Bir yandan da, valideynlərin uşaqlarına yad dil öyrətmək çabası var. Anadilli kitabdansa, ingilis, rusdilli kitabları alırlar uşaqlara. Bir güllə ilə iki quş vurmaq istəyilə. Uşaqlar həm yad dili mənimsəsinlər, həm də ədəbiyyat oxusunlar deyə. Bir sözlə, yerli uşaq ədəbiyyatına böyük dəstək lazımdı, yaxşı təbliğata və maliyyəyə ehtiyac var.

- "Donu qırmızı” adlı uşaqlar üçün yazdığınız kitab işıq üzü gördü. Uşaqlar üçün yazmaq çətindir. Ələxsus da indiki uşaqlar üçün. Bu işdə sizə hansı vasitə və ya metodlar kömək edir?

- Kitabda iki povest, bir pyes işıq üzü görüb. Mətnləri yazarkən, öz uşaqlarımla və ətrafımdakı digər uşaqlarla məsləhətləşirdim. Məsələn, süjeti, hətta ideyanı əvvəlcədən uşaqlarıma danışırdım, onların fikirlərini öyrənib yazırdım. Elmi məlumatlardan istifadə eləmək üçün uşaq ensiklopediyalarından, internetdən bəhrələnirdim. Uşaqlar üçün yazmaq əksinə, böyük həvəsi olan adam üçün çox asandı. Mənimçün çətin olmadı. Sadəcə yazdıqlarımı çap eləmək üçün çox vaxt maliyyə tapmıram, ona görə ruhdan düşürəm, stimul olmur. Ötən yaydan yeni bir əsər yazıram uşaqlar üçün. Bir ayın içində yarıya qədər yazdım, qəfil həvəsdən düşdüm. Qayıda bilmirəm. Mən başladım, gərək dayanmayım. Dayandımsa, mətnə qayıtmaq çətin olur mənə. "Kitabsevərlər” qrupu söz verib ki, əsəri yazıb bitirə bilsəm, nəşr edəcəklər. Məhz o qrup üçün yazmaq istəyirəm. Hazırda vaxt məhdudluğum var, ona görə yay tətilini gözləyirəm. Amma kaş ki davam eləyə bilsəm. Çünki arada bir neçə dəfə cəhd eləmişəm, yaza bilməmişəm. Bir neçə ay əvvəl, ümumiyyətlə, depressiyaya düşmüşdüm. Psixoloqsuz-zadsız, özüm özümə kömək elədim. Dəhşətli hal idi, bir də o hala düşməyi arzulamıram özümə. Həmin vaxtdan sonra qəribə bir süstlük , laqeydlik yaranıb məndə. Yazmaq sevincli deyil əvvəlki kimi. Bilmirəm keçəcək bu hiss, ya yox. Çox oxumaq , filmlərə baxmaq istəyirəm. Bəzən düşünürəm ki, elə filmlər, elə kitablar olacaq , mən onlara baxmadan, onları oxumadan ölüb gedəcəyəm. Nə qədər çalışsam da, əksəriyyətini çatdırmayacam. İndi bu hiss daha güclüdü.

- Ədəbimükafatlaramünasibətiniz...

- Nisbi məsələdi, amma nisbi də olsa, stimullaşdırırsa, niyə olmasın? Çox vaxt bizim yerli müsabiqələrdə mükafatlar müxtəlif qruplar daxilində bölüşdürülür. Münsiflər çalışır ki, şəxsi münasibətdə olduğu, yaxud eyni ictimai-siyasi dünyagörüşdə olduğu yazarlara mükafat versin. Hətta ortaq dostluqlara görə mükafat verənlər var. Özü yazarla tanış deyil, amma işi keçdiyi adamın, yaxud dostunun dostudur. Amma bütün bunların fonunda hərdən obyektiv qiymətləndirmələr də olur. Yaxşı olardı, dünyaca məşhur mükafatlar ölkəmizin də bəxtinə düşəydi. Amma bu barədə bəxtimiz gətirmir hələ ki. Bunun da bir çox səbəbi var. Yəqin ki, o manelər aşılacaq, bir gün nüfuzlu mükafatlar bizim də yazıçıların qismətinə düşəcək.

- Ədəbi tərcümələrin vəziyyəti sizi qane edirdmi?

- Qane edən də var, etməyən də. Şeir tərcüməsi azdı. Olanda da pərakəndə olur, orda-burda görürsən ki, kimsə əcnəbi bir şairin iki, ya üç şeirini həvəsə düşüb tərcümə eləyib. Qismətin yaxşı tərcümələri olur belə. Amma mən biləni hər hansı müasir, yad şairin bütün yaradıcılığını əhatə edən şeir kitabları yoxdu. Nə tərcüməçilər, nə də naşirlər bunu eləməkdə maraqlı deyillər. Başa düşürəm, şeir oxucusu azdı, nəsr kitabları qədər gəlir gətirmir. Amma şeirlərin də tərcüməsi vacibdir.

- Son olaraq "söz” haqqında sözünüz...

- Belə deyirlər ki, Allah "Ol” dedi, sonra hər şey oldu, kainat, dünya, içindəki canlılar, dağlar, göllər, dənizlər və s. Məncə, sözün qüdrətinin bu hekayə qədər gözəl ifadəsi yoxdur. Söz yarandı deyə, biz öyrənməyi bildik. Söz insanın ruhudur. Orta məktəbdə keçdiyimiz "Qədim dünya tarixi” dərsliyində də nə deyirdi alimlər? Tonqal ətrafında oturub çiy ət yeyən insanın əlindən təsadüfən ət ocağa düşdü, insan onu götürüb yedi, dadlı gəldi. Çiy ətdən bişmiş ət yeməyə keçən insan dil açdı, nitqi inkişaf elədi, beyni də inkişaf elədi. Mən tarix müəllimimizin loru dildə anlatdığı bu əhvalatı 25 ildi gedib –gəlib xəyalımda canlandırıram. İnsanı insan edən Sözdür.


Söhbətləşdi: Tural Cəfərli