adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 May 2018 14:53
13237
SİYASƏT
A- A+

Konqresdə Qarabağ separatçılarına pul ayrılması təklif olundu

ABŞ konqresmenləri Adam Şiff və Frenk Palloun Konqresin xarici yardımlar üzrə Komitəsində çıxış edərək, 2019-cu ildə Amerikanın Ermənistana və Dağlıq Qarabağ separatçılarına maliyyə yardımını artırmağa çağırıb.

Adalet.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb. Frenk Palloun öz təklifini onunla əsaslandırıb ki, maliyyə yardımının məbləğinin artırılması Dağlıq Qarabağın və Ermənistanın inkişafına, həmçinin Ermənistana Suriyadan qaçqınların qəbuluna kömək edəcək.

Palloun Suriyadan Ermənistana gələn qaçqınlara kömək üçün 20 milyon dollar, Ermənistanın inkişafı üçün 30 milyon, müdafiə sahəsində müxtəlif təlim proqramlarının icrası üçünsə 10 milyon dollar ayrılmasını istəyib. Həmçinin, Dağlıq Qarabağdakı separatçı rejimə 6 milyon dollar, Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması üçün sə 4 milyon dollar pul ayrılmasını təklif edib.

Erməni lobbisinə satılan Frenk Palloun, hətta Azərbaycanı təcavüzdə ittiham edərək, ABŞ-ı ölkəmizə hərbi yardım etməməyə çağırıb.

Konqressmen Adam Şiffin təkliflərini ermənilər daha çox təqdir ediblər. Belə ki, ABŞ Konqressinin xarici yardımlar üzrə Komitəsində çıxışı zamanı o, hakimiyyət dəyişikliyindən sonra "demokratik” dövlət quruculuğunda Ermənistanın böyük maliyyə dəstəyinə ehtiyac duyduğunu əsas gətirərək, "yardım”ların məbləği məsələsində Palloundan daha "səxavətli” olub.

Adam Şiff Dağlıq Qarabağdakı separatçı rejimə 20 milyon dollar, Ermənistanın iqtisadi inkişafı üçün 40 milyon, Ermənistandakı suriyalı qaçqınlara yardıma 40 milyon, müdafiə sahəsində müxtəlif proqramların realizəsi üçünsə 11 milyon dollar yardım ayrılmasını təklif edib.

Qeyd edək ki, ABŞ-dakı ən iri erməni diasporu olan Amerika Erməniləri Milli Komitəsi bundan əvvəl ABŞ Konqresinə müraciət edərk, 2019-cu ildə Ermənistan və Dağlıq Qarabağ separatçılarına ümumilikdə 70 milyon dollar maliyyə ayrılmasını istəyib.