ANA SƏHİFƏ / İQTİSADİYYAT

İqtisadiyyatın ŞANLI səhifəsi

AXC dövründə həyata keçirilən iqtisadi islahatlara baxış

11367    |   2018-05-17 11:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

100 illiyini qürrurla qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti öz demokratik prinsipləri, həyata keçirdiyi layihələr və ortaya qoyduğu mövqe ilə keçmişimizin şanlı səhifəsidir. Bu keçmişə boylanan hər bir azərbaycanlı içində bir hiss keçirir. Bu da fəxr hissidir ki, AXC hakimiyyəti və bu hakimiyyətin bərqərar olması üçün qanından və canından keçənlər biz gənclərə örnəkdir. Bu gün bu yazımızda Azərbaycan Xalq Cümhuriyyəti illərində həyata keçirilən iqtisadi islahatlara diqqət yönəldəcəyik. O islahatlar ki, Azərbacyan xalqının firəvanlığına, sosial problemlərinin həllinə ciddi təsir göstərmişdir. Qısa zaman ömür sürən Cümhuriyət illərində bu siyasət artıq öz bəhrəsini verməyə başlamışdı. Belə ki, 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manatdan ibarət idi. Onun əsas hissəsi neft satışı və gəlirə görə vergilər hesabına artırdı, o illər üçün bu göstərici 30% idi. Büdcənin digər gəlir mənbəyi şərab, tütün və əlbəttə ki, neft üçün olan aksiz vergiləri idi. Bununla yanaşı iqtisadiyyatın digər qollarının inkişafı üçün bir sıra ölkələrlə danışıqlar aparılır, razılıqlar əldə olunurdu. Rusiya, İran, Türkiyə eləcədə digər Avropa ölkələri ilə aparılan danışıqlar nəticəsində AXC-nin iqtisadi platforması artıq dəmir dirəklər üzərində sürətlə şütüyən qatara bənzəyirdi. Bu qatarın hər bir dayanacağı bizim üçün iqtisadi gəlir, divident idi.


Gömrük siyasəti


1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra Xalq Cümhuriyyəti gömruklə bağlı görüləcək işlərə də xüsusi diqqət verib. Həmin il dekabrın 17-də parlamentdə gömrüklə bağlı qərar qəbul edilib. Gömrük məntəqələrində ciddi yoxlamalar aparılıb, yeni gömrük məntəqələrinin, zastavalarının, keçid postlarının yaradılması zəruri hesab olunub. Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə buradakı sərhəd məntəqələrində Sovet İttifaqına məxsus gömrük xidməti orqanları fəaliyyət göstərib. Lakin onların heç biri Azərbaycan Respublikasının bilavasitə fəaliyyəti ilə bağlı olmayıb. Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılıb və müxtəlif iqtisadi orqanlara tabe etdirilib.

O illərdə yaradılmış gömrük xidməti xəzinəyə 100 milyon manat yatırmışdı. Daha 15 milyon manat isə azad ticarət, eləcə də yük və sərnişin daşımaları üçün alınan rüsumlar hesabına əlavə edilmişdi.


Heyvandarlığın inkişafı


Ana təbiət Respublikamızdan heç nəyi əsirgəməyib . Münbit torpaq, sağlam iqlim, zəngin bitki örtüyü, növbənöv heyvanat aləmi... Çox yerdə buna həsəd aparırlar. Belə ki, Azərbaycanda müxtəlif inək cinsləri, camış, Zebu malı, dəvə, at, qoyun və keçi cinsləri var. Lakin respublikamızda bu qədər heyvan cinslərinin olmasına baxmayaraq yerlərdə heyvanların saxlanılması, bəslənilməsi, yetişdirilməsi , mayalandırılması zoobaydar qaydalarına əməl olunmadan kortəbii surətdə aparılır ki, bu da öz növbəsində heyvanların cins tərkibininin itirilməsinə, ət, süd, yun və digər heyvandarlıq məhsullarının azaldılmasına gətirib çıxarır. Ona görədə ölkəmizdə heyvandarlığı inkişaf etdirmək üçün mütləq Dövlət, kəndli- fermer və digər heyvandarlıqla məşqul olan təəsərrüfatların inkişaf etdirilməsini Dövlət səviyyəsində təşkil etmək lazımdır. Çünki insanların maddi rifah halının yaxşılaşdırılmasında heyvandarlıq məhsullarının əvəz edilməz qida kimi böyük əhəmiyyəti vardır. Odur ki, əhalinin heyvandarlıq məhsullarına olan və günü-gündən artan təlabatının ödənilməsində kəndli-fermer təsərrüfatlarının rolu çox böyükdür. Bu problemi həll edən AXC rəhbərliyi knd təsərrüfatının inkişafını prioritet sahə kimi qarşıya məqsəd qoymuş və bu məqsədin həyata keçirilməsi üçün davamlı işlər görmüşdür. O zaman Azərbaycan heyvandarlığa istiqamətlənmiş ölkə kimi tanınırdı. Statistik göstəricilərə görə, o dövrdə iribuynuzlu heyvanların sayı 1 milyon baş, at 150 min baş, camış 300 min baş, dəvə 12 min baş, qoyun və keçi isə 1,5 milyon başa çatırdı. Bu isə daxili tələbatın ödənilməsində mühüm rol oynayırdı.


Barter üsulu


İqtisadiyyatın inkişaf etdirilməsi, şaxələndirilməsi üçün barter üsulu müəyyən mənada işə yarayır. Bu məqsədlə bütünlükdə ADR ticarət və iqtisadi əlaqələrində barter üsulundan istifadə edilirdi: gətirilən malların əvəzinə neft verilirdi. Belə ki, Amerika, Fransa, İtaliya və digər dövlətlərin istehsalı olan hərbi mallar, telefon aparatları, minik avtomobilləri, 100 paravoz, 2 min sisterna, 5 min qapalı vaqon ərzaq məhsulları üçün Azərbaycan əsasən neft, pambıq, yun, ipək və gön ilə ödəmə edirdi. Azərbaycan neftinin alıcısı ilk illərdə Rusiya idi, sonra isə Avropa ölkələri də qoşuldu. Rusiyada inqilab nəticəsində Azərbaycan neftinin ixracı nəzərəçarpacaq dərəcədə azaldı. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdi. Neftin Avropaya göndərilməsi yalnız 1919-cu ilin martında 3 milyon ton neftin ötürülməsini təmin edə bilən 500 kilometrlik Bakı-Batumi neft boru kəmərinin bərpasından, eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra mümkün oldu.



Pul siyasəti


Pul siyasəti iqtisadi dayanıqlığı var edən, bu dayanıqlığı möhkəmləndirən önəmli silahdır. Bu baxımdan AXC-də pul siyasətinə ciddi önəm verilirdi. İlk dövrdə müstəqil respublikada Rusiya pulları və Bakı bonları ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. Lakin artıq 1919-cu il mart ayının 7-də Azərbaycan Respublikası hökumətinin qərarı ilə Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi təklifi bəyənildi və onun nizamnaməsinin hazırlanması Maliyyə nazirinə tapşırıldı. Elə həmin il sentyabr ayının 16-da Azərbaycan Respublikasının parlamenti Maliyyə Nazirliyinin kredit şöbəsi tərəfindən hazırlanmış Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən o, fəaliyyətə başladı. Dövlət Bankının mərkəzi aparatının binası Bakının Qorçekovski (indi H.Z.Tağıyev) küçəsində yerləşirdi. Dövlət Bankının sədri səlahiyyətlərini maliyyə nazirinin müavini Mark Mixayloviç Abequz icra edirdi. Sədr müavini vəzifəsinə isə Həsənbəy Fəttahov təyin edilmişdi. 1919-cu il noyabr ayının 9-da Dövlət Bankının Gəncə bölməsi açılmışdır. Sonralar digər regionlarda da Dövlət Bankının bölmələri təsis edilmişdi.

Azərbaycan Dövlət Bankı əsas məqsədi pul dövriyyəsini asanlaşdırmaq, ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmlətməkdən ibarət olan hökumət idarəsi idi. Dövlət Bankının nizamnamə (əsas) kapitalı 50000000 rubl idi. Nəzərdə tutulurdu ki, hər il bu kapital illik gəlirin 10%-i məbləğində vəsait hesabına artırılacaq. Ehtiyat kapitalı isə 10000000 rubl məbləğinə çatana qədər illik gəlirin 20%-i məbləğində, sonra isə 10%-i məbləğində vəsait hesabına formalaşdırılmalı idi. Ehtiyat kapitalı Bankın əməliyyatları üzrə yaranmış ziyanın örtülməsi üçün yaradılmalı idi. Bu kapital da az olduqda əsas kapitaldan istifadə edilməli idi. Öz növbəsində əsas kapitalın çatışmayan hissəsi dövlət büdcəsi hesabına örtülməli idi. Eyni zamanda Bankın saxlanması üçün gəlirin kifayət olmadığı təqdirdə xüsusi ehtiyat fondunun yaradılması nəzərdə tutulurdu. Həmin fond illik gəlirin 5%-i məbləğində ödəmələr hesabına formalaşdırılmalı idi.

Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə Demokratik Respublika dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdir. Milli valyutanın dönərliyini təmin etmək məqsədi ilə hökumət Bakı bonu ilə digər valyutaların mübadilə məzənnəsini müəyyən etmişdi.



Sübhan Mahmudlu

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.






İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK