YAĞMAYAN YAĞIŞLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
86024 | 2013-04-06 10:10
Həmin gün ovqatım heç yerində deyildi, özümə heç yer tapa bilmirdim, içim göy üzü kimi qapqara qaralmışdı... ürəyimin sıxıntısından nəfəsi kəsilmiş bir duruma düşmüşdüm. İnanın ki, günün bu cür ovqatla açılması mənə bir uğursuzluq kimi təsir edirdi. Elə bilirdim ki, indicə hər şey sona çatacaq, indicə hər şey uçub dağılacaq. Ona görə də iş otağımda da qərar tutmur, eləcə gah dəhlizə çıxıb onun boyunu ölçürəm, gah da pəncərə önündə dayanıb fərqinə varmadan gəlib-gedənləri seyr edirəm. Əslində bu heç seyr etmək də deyil. Bu daha çox həmin an gözümə kölgə kimi görünən adamları saymaq kimi bir şeydi.
Düşünməyin ki, bütün bunlar həm də bekarçılığın əlamətidi. Xeyir, bu heç də belə deyil. Çünki yazı-pozu adamı həmişə nəiləsə məşğul olur. Doğrudur, bəzən deyirlər ki, "əlim nə işdədi, nə boşda", amma buna baxmayaraq mənim düşüncəmə görə, sözlə məşğul olan həmişə hansısa bir yazını yazır, hansısa bir sözün cığırına düşüb gedir. Ona görə də onun əli həmişə işdə olur. Bax, bu mənada pəncərə önündə dayanıb adamları saymağım da içimdəki sıxıntını, göyü üzü kimi qaralmış iç dünyamı çalxalamağa, bir işıq ucu tapmağa istinad yeri idi. Mən istəyirdim ki, qurtulum bu sıxıntıdan, azadlığa çıxım, nəfəs alım. Lakin mümkün olmurdu...
Belə məqamda dostlara üz tuturam, ruhuma doğma olan insanların üstünə qaçıram. Yenə belə etdim. Nəşriyyatın 4-cü mərtəbəsinə, "Azərbaycan" qəzetinə, daha doğrusu, bacım Flora Xəlilzadənin iş otağına getdim. Həmişəki səmimiyyətlə, həmişəki doğmalıqla qarşılandım və yenə həmişəki kimi ədəbiyyatdan, günün ədəbi hadisələrindən danışdıq. Necə deyərlər, özümüz öz içmizə işıq salmağa cəhd göstərdik. Məhz həmin məqamda Flora xanım sözü Ənvər Məmmədxanlıya gətirib çıxardı və bildirdi ki, onun barəsində yaxşı bir yazı işləyib. Elə həmin o yazıdan mənim üçün oxuduğu bir neçə cümlə sanki içimi alt-üst etdi... göy üzündəki qara buludları qovmağa başladı. Çünki o söz göydəndüşmə oldu. Özümdən asılı olmadan dedim:
- Bacı, bu sözlərin növbəti yazımda əlimdən tutacaq.
O da yenə səmimiyyətlə:
- Halal xoşun olsun! - dedi.
Flora xanımdan ayrılıb otağıma gəldiyim yol boyu həmin sözü öz-özümə təkrarlayırdım:
- Yağmayan yağışlar...
Hə, doğrudan da indii mənim içim yağmayan yağışların buludları ilə dolub, o buludlar sıxır məni... o buludlar ildırıma, şimşəyə çevrilə bilmir... o buludlar  ləpələnmir, dalğalanmır... o buludlar elə bil ki, ölüb... o buludların elə bil ki, nəfəsi, canı yoxdu. Amma o buludlar mütləq ləpələnməlidi... o buludlar mütləq nəfəs almalıdı... o buludlar mütləq yağmalıdı, bunun başqa yolu yoxdu. Əgər nəfəs almasa, əgər yağmasa, əgər ləpələnməsə, onda deməli, mənim içimin sonu gəlib çatıb... mənim ürəyimin dizi qatlanıb, gözü tutulub...
Yazı masamın arxasında əyləşirəm. Yağmayan yağışları düşünə-düşünə özüm də hiss etmədən əlimi qələmə uzadıram. Əlim qələmə doğru uzandıqca hiss edirəm ki, içimdəki o qaranlığın, o sıxıntının hansısa bir yerində, hansısa bir nöqtəsində iynə ucu boyda işartı görünür - gün işartısı, həyat işartısı... Getdikcə o işartı böyüyür, o işıq artır və ürəyim də nəfəs almağa, içim də işıqlanmağa başlayır. Məhz o işığın ucundan tutub yazmağa başlayıram:

Gəlib döydüm qapını
Açmadın, canın sağ olsun...
Üstümə həmişəki tək
Qaçmadın, canın  sağ olsun...

Üzümə bağlanan qapı
Qırılan bir ömrün sapı...
Xəncərsiz tökdün bu qanı-
Sancmadın - canın sağ olsun...

Susub, qurudum yerimdə...
Canı ağrıdı yerin də!
Qəm etmə, günün birində-
Deyərlər, başın sağ olsun!..

***
Bir yaxşı deyim var, onu hamımız bilirik. Yeri gələndə də onu dilə gətiririk. Elə mən də o hamının bildiyi, bəzilərimizin yeri gələndə dilə gətirdiyi həmin o yaxşı deyimi, məşhur deyimi xatırlatmaq istəyirəm. Müdriklər deyiblər ki, "deyirəm dilim yanır, demirəm içim". Doğrudu, bu deyimin başqa bir forması da var. O da belədi: "Desəm öldürərlər, deməsəm ölləm...".
Bax, hər ikisi əslində eyni mənanı, eyni fikri ifadə edən bu deyimlər indi  mənim üçün sözün həqiqi mənasında bir reallıqdı, bir gerçəklikdi. Çünki düşdüyüm durumun, yaşadığım sıxıntının bir ucu da gəlib bura çıxır. Mən artıq yaşımın elə dövründəyəm ki, axirəti daha çox düşünməyə vaxt ayırıram. İstəmirəm ki, kiməsə borclu gedəm... kiminsə minnətini özümlə aparam... kiminsə qarğışını, nifrətini özümlə götürəm. Ona görə də  içimi yandıran həmin o nələrsə varsa, onu müəyyən priyomlarla, sözün mənə verdiyi imkanlar vasitəsi ilə deməyə, yazmağa çalışıram. Təəssüf ki, bu da bəzən ifadə etdiyim, dediyim, yazdığım kimi qarşılanmır. Çünki qulp qoymaq, harasa yozmaq kimlərinsə şakəridi. Arada özünü "yaxşı" kimi, "canıyanan" kimi göstərən "adamcığazlar" sözün gerçək üzünü, gerçək mənasını qara rəngə boyayır, tünd formada təqdim edirlər. Bu da təbii ki, gerçəyi arxa plana keçirir, onu kölgədə qoyur. Neyləmək olar, görünür onlar da bu dünyaya məhz bu "missiyanı" yerinə yetirmək üçün gəliblər. Necə deyərlər, hər kəs bacardığını edir, hər kəs olanını xərcəlyir... Bu da belə...
Hə, mən güvəndiyim və mənə güvənən insanlara həmişə ya özümlə bərabər bir yerdən dayanıb baxmışam, ya da onları əlçatmaz hesab etmişəm. Və sevinmişəm ki, bu adamlar həmin mərtəbədə olduqlarına baxmayaraq, məni qəbul edirlər, məni öz yanlarında görürlər, ya da görünməyimə şərait yaradırlar. Bax, bunun üçün həmin insanlara özümü həmişə borclu saymışam, bu gün də sayıram, əgər yaşasam sabah da belə sayacam... Bu, mənim öz inancım, öz xarakterim və öz yolumdu. Ona görə də bu gün evimdə yeyilən çörəyə, işlədiyim yerə və nəhayət mənə açılan qapıya görə minnətdar olduğum adamın haqqına xəyanət etmək, haqqına göz yummaq mənim əxlaqımdan çox-çox uzaqdı. Və mən bundan sonra da bu cür yaşayacam, bu cür düşünəcəm. Kim nəyi hara, necə yozur, babalı öz boynuna...
İçimdəki sıxıntıların ip ucunu çözə-çözə həftənin sonuna çatıram və baxıb görürəm ki, dünən də, bu gün də tündləşən, sıxılan və həyatıma sıxıntı gətirən məqamların ən böyük səbəbi hamıya açıq olmaq və bir də duymaq, anlamaqdı. Ona görə də kimlərisə qınadığıma görə, özüm özümdən xəcalət çəkirəm, özüm özümdən utanıram. Axı, duymaq, anlamaq mənim bəlamdı, mənim xəstəliyimdi. Burda başqalarını suçlamaq, buna görə kənarda günahkar axtarmaq yolverilməzdi. Təəssüf ki, mən də hissə qapıldım... mən də mənim üçün indiki məqamda gerçək olan bir həqiqətin fərqinə varmadım. Yəni qaranlıq otaqda qara pişik axtardım...
Deməli, insan nə qədər özü özünə  qapılsa da, sonda yenə kiməsə və yaxud kimlərəsə üz tutmalı, ürəyini  bölüşməli, fikirlərini paylaşmalıdır. Əks halda, təklənmək, tərki - dünya olmaq və sonda yalqızlığın içində əriyib getmək qaçılmazdı. Ona görə də bu ana, bu sözə qədər yazdıqlarımın vərəqini qatlayır, daha işıqlı, daha ümidli fikirlərə qapı -pəncərə açmağa çalışıram. İstəyirəm ki, nə vaxtsa  yazdığım və hərdənbir də özüm üçün təkrarladığım bir şeirimdəki məqamı unudum. Unudum ki, ayrılmaq, təklənmək, yalqızlaşmaq və nəhayət, atılmaq kimi məqamlardan uzaqlaşım... Həmin şeirdə yazmışdım:

niyə ağladığını
soruşmuram
niyə susduğunu da...
sakitcə
izləyirəm
nədən küsdüyünü də
bilirəm...
ağlamağın
susmağın
lap elə küsməyin də
bir səbəbi var-
o da ayrılıqdı!
axı
etiraf etməsək də
dünyada
ən çox
ayrılıqdan ağlayır
adamlar!..

***  

Mənim bütün yazılarımın baş qəhrəmanı ürəyimdi. Orda nə varsa, mən adatən onları yazıram. Və birmənalı olaraq yazmağa başladığım gündən dərk etmişəm ki, ürəyimdə olanları, ürəyimlə etdiyim söhbətləri yazıya köçürəndə ürəyim də rahat olur, özüm də. Bu yazıları oxuyanlar da adətən daha çox könül söhbətinə, yəni sənin özünə həmsöhbət olduqları üçün o qədər də narazı qalmırlar. Çünki onlar da bu söhbətdəki səmimiyyəti görür, səmimiyyəti duyur, səmimiyyəti qiymətləndirirlər...
Dəfələrlə  yazılarımla bağlı dəyərli oxucuların fikirləri ilə qarşılaşmışam, dinləmişəm, oxumuşam. İnanın ki, həmişə də, hətta onların iradları da mənə sözün yaxşı mənasında qol - qanad verib. Çünki bu insanlar öz qiymətli vaxtlarını mənim yazımı oxumağa və sonra da oxuduqlarına münasibət bildirməyə həsr ediblər. Deməli, kimsə özünün ömür payının bir dəqiqəsini mənə həsr edirsə, deməli, o, paralel olaraq mənim də ömrümün bir dəqiqəsini artırır. Bundan böyük qiymət yazan adam üçün məncə yoxdu və olmayacaq da!
Bax, bu mənada bir neçə dəfə çox dəyərli alimimiz, çox sevilən ziyalımız, hələ orta məktəb illərindən "Altı il Dəclə - Fərad sahillərində"  əsərini sevə-sevə oxuduğum Qəzənfər Paşayevin barəmdə dediyi xoş sözlər mənim üçün təkcə ağsaqqalın qiyməti yox, həm də bir söz dünyasında ilk addımlarını atan yazı adamına uzadılan əldi. Mən bu qiyməti necə doğruldacağımı düşünə-düşünə uzadılan bu əl üçün təkcə Qəzənfər müəllimə deyil, həm də Allahıma minnətdaram. Görünür, Tanrının hansısa bir xoş anda mənim də barəmdə nə isə fikirləşməsi olubdu. Məhz Tanrı həmin o xoş anda məni də işarələyib. Bax, o işarələnmə də həyatımdakı özəl anların sevincli, işıqlı məqamların çeşidini, sayını artırıb. Düşünürəm ki, bütün hallarda, bu yazdıqlarım təmtəraqlı, pafoslu sözlər kimi qəbul olunmayacaq, əvvəldə dedyim səmimiyyətlə qarşılanacaq. Özü də  mütləq belə də qarşılanmalıdı. Çünki bu mütləq olanın səbəbi var. O səbəb də öncə bu gün hamımızın ehtiyac duyduğumuz diqqətdən, qayğıdan ibarətdi. İndi insanlar daha çox diqqətin acıdılar. Diqqət göstəriləndə qurumaqda olan ağac da yenidən puçurlayır, yenidən pöhrə verir. Bax, ona görə də mən hörmətli Qəzənfər Paşayevə sönsuz minnətdarlıq duyğularımı yazmaya bilməzdim... Dağlıq Qarabağdan didərgin düşmüş, müharibənin, qaçqınlığın bütün əzablarını yaşamış, obrazlı desəm, vətəndə vətənsiz olan mənim o diqqətə, o ayrılan vaxta görə nə qədər daxili bir qürur yaşadığımı yəqin ki, mənim durumumda, mənim düşüncəmdə, mənim əxlaqımda olanlar anlayar və nə demək, nə yazmaq istədiyimi təbii qarşılayarlar...
Yazının əvvəlində ürəyimin, daha doğrusu, içimin necə sıxıldığını, necə qaraldığını söyləmişdim. Amma yazımın sonunda yavaş-yavaş hiss edirəm ki, Flora xanımın mənə verdiyi ipucu, hörmətli Qəzənfər müəllimin göstərdiyi diqqət yandırılmış şama çevrildi. Bu şam mənim içimdə, mənim dünyamda, mənim yazıdığım bu yazıda yavaş-yavaş özünü göstərməyə başladı. Hiss etdim ki, yazımın sonuna çatdıqca onun işığı da artır, onun mənası da, demək, yazmaq istədiyim  çalarları da daha aydın görünür. Ola bilsin ki, bu, mənim fəhmimdi. Amma hər halda, mən duyduğumu, hiss etdiyimi yazdım. Siz də necə duyacaqsınızsa, elə də qiymət verin, inciyən deyiləm. Bir də ki, inciyəsi bir yerim qalmayıb. Olan-qalan bir ürək, o da...

Bir tüstü burum-burum
Qalxır başımdan göyə...
Qarşımda bir uçurum-
Açıb qolun - gəl! - deyə...

Tənhalığın, təkliyin
Dibi qaranlıq  gecə...
Bilirəm nə çəkdiyin-
Qoşulandan bu köçə!

Əlimin yaddaşı da
Kütləşir, heydən düşür...
Mənə yerdən zaval yox-
Gələnlər göydən düşür...

Qalmışam ortalıqda
Yer qovur, göy götürmür...
Məcnunların taleyi
Heç bir yerdə gətirmir...

Bəli, düşünməyin ki, taleyimdən, bəxtimdən gileyliyəm. Yox, bu günə şükür, bu taleyə şükür... və bir də məni duyanlara, mənə vaxt ayıranlara şükür. Tanrı onları qorusun!
Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV