adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 May 2018 22:29
3827
GÜNDƏM
A- A+

Geriyə yol varmı...

Nemət Veysəlli

(əvvəli ötən saylarımızda)

Məhz başaq yığmaq "əməliyyatını" həyata keçirmək üçün analarımız bizə güllü döşlük, torba tikirdi. Döşlükləri, torbaları boynundan, bellərindən asanlar da vardı. İlahi, içində beş-on buğda dənəsi qorunub qalan sünbül üçün nə qədər əyilib-qalxırdıq? Belim, boynum-boğazım sızıldayırdı. Yorulmuş əllərimi tez-tez, onlardan da betər ağrıyan belimə qoyurdum, gərnəşirdim, qurumuş, üçlük taxtaya dönmüş boynumun quluncunu qırırdım. Bəlkə dünyanın başqa yerlərində - Avropadamı, Asiyadamı, uzaq Amerikadamı insanlar, bizim yaşıdlarımız yaxşı, firavan yaşayırdılar? Amma Veysəlli camaatı, Veysəlli uşaqları yaman əziyyət çəkirdilər.
Bəzən ayrı, böyüklərə xas işlərə də girişirdim. Yer şumlayan öküzlərin, torpağın tərkinə yeriyən kotanın arxasınca yerimək, heyvanları haylamaq da çətin işdi. Ayaqların kotanın ağzına düşə bilərdi, ayaqlarını baldırqarışıq kotan doğrayardı. Kotan hər addımbaşı kötüyə, daşa ilişib qalırdı. Öküzləri haylamaq bir tərəfə, gərək həm də kotan xətdən çıxmayaydı. Bu da altı, yeddi yaşlı uşağın gücündən, istəyindən çox uzaqdı.
Əkinçilərin, toxumçuların başçısı, rəhmətlik Əmir Rüstəmov hərdən məni boyunduruğun üstünə qaldırırdı və təkrar-təkrar deyirdi:
- Ehtiyatlı ol ha, öküzlərin ayaqları altına düşərsən.
Boyunduruqdan, samılardan bərk-bərk yapışırdım.
Boyunduruğun üstündə yerimi möhkəm-möhkəm bərkidirdim. Əlimdəki uzun şallaqla heyvanları səsləyirdim.
- Allah size qırsın, hey... hey...
Əmir kişinin, necə deyərlər, ata tərəfdən mənə qohumluğu da çatırdı. Çox narahat, zirək adamdı. Nahar vaxtı oturub çörəyini də sakit, rahat yemirdi. Şumda qalmasın deyə, ətrafındakı daşları, çayırı da topalayırdı. Əməlli-başlı dincəlməmiş dərhal ayağa qalxırdı.
- Hə vaxtdır qalxın, hələ çox işimiz qalıb. Hava qaralmamış toxumu səpib qurtarmalıyıq. Bağlardan quzuqulağı, mərəcoyur yığırdıq. Anam mərəcoyuru tavada qızardırdı, üstünə yumurta da çırpırdı. Nə isə, elə-belə bekarçılıqdanmı, yoxsa dolanışığımızı yaxşılaşdırmaq məqsədilə Muğanlı və Kuropatginə, Çal dağa tərəf gedirdik. Çal dağdan ta rus-malakan kilsəsinə, Hacı Qasım kəhrizinə qədər dağ ətəkləri, döşlər, yamaclar boyana ilə doluydu. Anam onları soğan, quzu əti və boyana ilə birgə aşın qarası düzəldirdi. Çal dağdan boyananı kisə ilə yığırdıq. Sonra da onlardan dəstə bağlayıb Qaryaginin gur, hər şeyi bol bazarına aparırdıq.
Boyana dəstələri qabağımızda, heç çönüb biz tərəfə baxan da yoxdu. Bu minvalla saatlarla dayanırdıq, naəlac qalıb boyanamızı kisəli-zadlı atırdıq bazarın bir küncünə və təzədən qayıdırdıq kəndə.

Haşiyə və ya

Zalımlığın, qəddarlığın
aşkar nümunəsi

Uşaqlığı və yeniyetməlik çağları o illərə düşənlər söyləmək istədiklərimi yaxşı xatırlayırlar.
...Günün nə vaxtı idi, bilmirəm. Bir də gördüm qapımızda, eyvanımızın altında iki atlı peyda oldu. Anam dərhal bu adamları tanıdı: kənd sovet sədri və onun katibi idi.
Yapalaq boy, gözdən zəif sovet sədri qəzəbli-qəzəbli:
- Nənəxanım, sənə neçə dəfə demişəm, dövlətin yun planını təhvil ver. Sovet hakimiyyətini saymırsan. Neçə qoyunun var?
Anam şüşəbəndimizin lap ortasında dayanmışdı. Yazıq-yazıq:
- Haradan alım yunu, vallah, billah yoxdur. Beş-altı qoyunum var, onlar da qışdan təzə çıxıb, arıqdılar, bellərində bir çəngə də yun yoxdur. Hər yeri şaqqanaqdır, yun deyilən heç nələri yoxdur. Anamın bu sözlərindən sonra kənd sovet sədri cin atına mindi. Mindiyi atdan yerə düşdü. Heç nəyə məhəl qoymadan, qalxdı ikinci mərtəbəyə, cumdu yorğan-döşəyin qalandığı yükün üstünə. Mütəkkələrimizi, yorğan-döşəyimizi, yorğan-döşəyin mitillərini qəzəblə, hirslə tökdü yerə. Əlindəki qısa saplaqlı bıçaqla başladı onları cırmağa, doğramağa. Yorğan-döşəkdən, mütəkkədən çıxan köhnə mitillər evimizin içinə yayıldı.
Anamın gözləri dolmuşdu. Boğuq və öləziyən səsiylə:
- Döşəyin, yorğanın mitillərini də aparırsan, bəs bu uşaqlar nəyin üstündə yatsınlar?
Daha da özündən çıxan kənd sovet sədri:
- Cəhənnəm olsun sənin uşaqların, qoy quru yerdə yatsınlar...
Bayaqdan bəri ətrafda baş verənləri sakit və kədərlə müşayət edən kənd sovetinin gənc və yaraşıqlı katibi atdan düşdü. İkinci mərtəbəyə qalxıb sakitcə kənd sovet sədrinin qolundan tutdu:
- Gəl bu həyətdən çıxıb gedək, - dedi. - Cəhənnəm olsun hər şey. Görmürsən dul qadındı, heç nələri yoxdu?
O, sakit və təmkinlə kənd sovet sədrini ata mindirdi. Sonra da öz atının belinə qalxdı və atının boynuna ehmallıca toxundu. Kənd sovet sədrinin cavan katibi bir müddət mənə, anama baxdı, başını yellədi və heç nə demədən çıxıb getdilər.

***
Yuxarı Veysəlli yeddiillik kənd məktəbini Şəfi dayım kolxoz sədri olan illərdə (1938) tikdirmişdi. O dövrün inşaat və memarlıq meyarlarına söykənsək, kənd məktəbi bütün ölçülərlə uzlaşırdı. Kiril əlifbası ilə "P" şəkilliydi. Uzun, hündür və yaraşıqlı dəhlizləri vardı. Sinif otaqlarının ikilay qapıları dəhlizə, pəncərələri isə kənd yoluna sarı açılırdı. Pəncərələrlə yol arası xeyli yoldu. Beş, altı addımlıq torpaq sahəsi qurtarandan sonra gəlirdi kiçik su arxı, iri və dərin xəndək...
Eyni vaxtda yüz əlliyə yaxın şagird tənəffüsə çıxırdı. Atılıb-düşürdülər, futbol və voleybol oynayırdılar, yeganə turnikin tutalqacından asılırdılar, guya dalaşırdılar, cırmaqlaşırdılar. Tənəffüs qurtardımı, zəng çalındımı hamısı qaçırdı siniflərə. Bütövlükdə məktəbin özü və həyəti, hətta təsərrüfat sahəsi belə çəpər vəzifəsini yerinə yetirən xəndəyə alınmışdı.
Yaddaşımın toz-torpaq basmış künc-bucağını işıqlandırmağa çalışıram: yadımda kimlər qalıb, necə qalıb? Şövkət müəllimə, Güldəstə müəllimə. Daha kimlər? Divanlılardan Hüseyn bəyin oğlu Feyruz müəllim məktəbimizin direktoru idi. Hə, hə, bir də Məhluqə müəllimə.
Məhluqə müəllimə boylu-buxunlu, son dərəcə qamətli və gözəl qadındı. Adətən o, rayon mərkəzindən gələndə, dördyolda, avtobusdan düşəndən sonra Rzalar obasının içindən keçib məktəbə gedərdi. O, uca boyu, yaraşıqlı və səliqəli geyimi, naz-qəmzəli yerişi ilə kənd yollarında görünəndə Rzalar obasının qız-gəlinləri eyvanlara çıxardılar, xor ilə yola tərəf boylanırdılar.
- A... a... a...z Məhluqə müəllimədi e. Deyirlər şəhərdən gələn bu bəxtəvər yazıçı İlyas Əfəndiyevin doğmaca bacısıdır.
Məhluqə müəllimə mənə birinci (1949) sinifdə dərs deyib. Əzazil, hökmlü qadındı. Evə verilmiş tapşırıqları yerinə yetirməyən şagirdlərə qarşı sərtdi. Dərsi bilməyəndə parpar parıldayan dikdaban ayaqqabılarını ayaqlarından çıxarıb arxası ilə başımıza-başımıza döyürdü. Təəccüblü o idi ki, Məhluqə müəllimənin bu hərəkətlərini həm şagirdlər, həm də valideynlər çox normal qarşılayırdılar.
Hər yerdə olduğu kimi, qırx-əllinci illərdə də ixtisası üzrə özlərinə rayon mərkəzində iş tapa bilməyən müəllimləri, adətən, ucqar kənd məktəblərinə göndərirdilər. İndiki ağlım, düşüncəmlə o illərə nəzər salası olsam, təkid edib deyə bilmərəm ki, hə, o zamanlar rayon mərkəzindən ucqar kənd məktəblərinə hazırlıqsız və savadsız müəllimləri göndərirdilər. İnsan "hə" ilə "yox" arasında vurnuxur. O illərdə Yuxarı Veysəlli yeddiillik kənd məktəbində təhsil alan şagirdlərin adından danışmaq iddiasından da uzağam. Amma mənim Martuni beynəlmiləl orta məktəbində (1957-1959), Azərbaycan Dövlət Universitetində təhsil aldığım illərdə (1965-1971) rast gəldiyim müəllimlərlə müqayisədə kənd pedaqoqları bütün qrafalar üzrə çox zəifdi. Martuni beynəlmiləl orta məktəbində Rafiq Abdullayev, Bəhmən və Qasım Məmmədovlar adlı, soyadlı müəllimlər bizə dərs keçirdilər. Əslən Göyçay rayonundan olan Rafiq Abdullayev bizə klassik və müasir Azərbaycan ədəbiyyatı fənnindən dərs deyəndə az qala göylərdə uçurduq, ürəyimiz müqəddəs, qanadlı hiss və duyğularla dolurdu.
Amma kənd yeddiillik məktəbində mənə dərs deyən müəllimlərdə o qanad, fantaziya yoxdu. Yenə də humanitar fənlərin tədrisini mütaliə və sair amillərin köməyi sayəsində, birtəhər öyrənmək mümkündü. Amma bu fikirləri dəqiq fənlərin tədrisinə şamil etmək mümkün deyil. Yaddaşım məni aldatmırsa, dünya binnət olandan Yuxarı Veysəlli kənd yeddiillik məktəbini qurtaranların heç biri sonralar riyaziyyat və texniki, kimya və fizika yönümlü ali məktəblərə qəbul ola bilmirdilər. Yeganə istisna - Sultanov Abbas Həsən oğludu. O da bir müddət Füzulidə, Böyük Vətən müharibəsi iştirakçısı, Qarabağda yaxşı tanınan, qardaşı Mehralı Sultanovun himayəsində, nəzarəti altında yaşadı. Orta məktəbi Füzuli rayon mərkəzində tamamladı. Abbas Sultanovun zirəkliyi, diribaşlığı ilə yanaşı, yuxarıda sadaladığım amillər də imkan verdi ki, o, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə qəbul olsun. Mən biləni, Sultanov Abbas Həsən oğlu Yuxarı Veysəlli gəncləri arasından ali texniki məktəbə qəbul olan ilk şəxsdir. Doğrudur, sonralar bu tilsim qırıldı. Amma çox sonralar.
O zamanlar, lap belə yüz on yeddi evlik kəndin daşınmaz əmlakları ilə birgə mal-qarasını, toyuq-cücəsini də satsaydın, bu alqı-satqıdan əldə edilən vəsaitlə nə Azərbaycan Dövlət Universitetinin tarix, filologiya, şərqşünaslıq, hüquq, nə də başqa fakültələrinə qəbul olmaq qeyri-mümkündü. Azərbaycan Dövlət Tibb İnstitutu isə bizim üçün əlçatmaz ali təhsil ocağıydı. Bir müddətdən sonra Hətəmov Hətəm Allahverdi oğlu Azərbaycan Dövlət Universitetinin tarix və fəlsəfə (1952), Şəfiyev Əşrəf Cavad oğlu şərqşünaslıq fakültəsinə (1962), Abdullayev Arif Kamal oğlu isə bir neçə il ayaqlarını paytaxt yollarında döyənək edəndən sonra, nəhayət, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul oldular.
Məşhur İsveç kinorejissoru İnqmar Berqmanın belə bir fikri var: deyir ki, kaş mən Felleinin (İtalya) filmlərinə cavan yaşlarımdan baxaydım. İyirmi yaşlarımda görə biləcəyim işləri, təəssüf ki, əlli yaşımda görürəm.
Nəyi demək istəyirəm? Əvvəla kənd yeddiillik məktəbi şagirdləri ibtidai, aşağı siniflərdə yaxşı, yüksək pedaqoji savada yiyələnmiş fizika, riyaziyyat, kimya və həndəsə - bir sözlə, dəqiq elmləri səmərəli tədris edən mütəxəssislərə rast gəlsəydilər, onlar ali məktəbə qəbul olmaqda bu qədər əziyyət çəkməzdilər. Şagirdlərin hazırlıqlı müəllimlərə çox ehtiyacları vardı.
Valideynlərimiz, ümumiyyətlə, kənd camaatı da başqa çatışmazlıqdan əziyyət çəkirdilər. Kənd ilə şəhər arasında avtobus yoxdu. Arvad-uşaq, qız-gəlin sübh tezdən günortaya qədər yol kənarlarında nəqliyyat gözləyirdilər. Əgər ürəklərinə insaf düşsəydi, Bakıya, Yerevana, Ağdam və Xankəndinə gedən avtobusların sürücüləri yol kənarında saatlarla dayanan camaatı bu əzabdan xilas edirdilər. Amma qonşu erməni kəndlərinin - Çartazın, Sosun, Herher və Məşədkəndin əhalisi çox asanlıqla Xankəndinə, Martuni və Hadruta gedib-gəlirdilər. Həmin avtobusların yastıbaş sürücüləri "yerimiz yoxdur" deyib, bizim camaatın istəyinə məhəl qoymurdular və açıq-açığına deyirdilər, - "qoy sizin camaatın gediş-gəlişini Qaryagin rayon avtobazası təmin etsin".
(ardı gələn sayımızda)