adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 May 2018 22:12
10251
GÜNDƏM
A- A+

VAQİF YARADICILIĞINDA ƏDƏBİ TƏNQİD

Vaqif İsaqoğlunun ilk dəfə sözünü, sonra isə özünü tanımışam. Özünü tanıyanda bilmişəm ki, mənə simsardır, qohumdur. Bizi vaxtıyla Bakıda bacısı Cəmilə müəllim tanış edib. Cəmilə müəllim Şəmkirli nəslinin gəlinidir. Bizim gəlnimizdir. Tanış olduğumuz günün səhəri 20 Yanvar metrosunun yanında görüşdük. Bir neçə kitabını mənə hədiyyə gətirmişdi. Məmnuniyyətlə qəbul edib, təşəkkürümü bildirdim. Şeir kitabı haqqında fikirlərimi yazıb "Xural" qəzetində dərc etdirdim. Sonrakı görüşlərimizdə mən də iki kitabımı ona hədiyyə etdim. Beləcə bizim dostluğumuz cilalandı, möhkəmləndi və bu gün də davam etməkdədir.
Vaqif sözə və sözün böyüklüyünə dəyər verən, onu ilahiləşdirən, uca tutan bir şair, bir ziyalıdır. Hər bir kəlməsində, hər bir misrasında bir hikimət, bir öyüd, bir dəyərləndirmə var. Deyirlər poeziya həyatın özü qədər çirindir. Ona görə şirindir ki, burda qayğı, həsrət, niskil qarışığı var. Vaqif İsaqoğlunun poeziyasında qayğı, həsrət, niskil və dünyamızın narahat yaşamına etiraz, qəzəb, nifrət, sevgi bütövdür, tamdır. Bu bütövlüyü, tamlığı onun bütün yaradıcılığında aydın görmək olur.
Sadəlik, təbilik və ən çox da səmimilik Vaqifin şeirlərinin qayəsini təşkil edir, o, saflığa, ədalətə, həqiqətə inanır. Haqq yolunda olan əyriliklərə, nöqsanlara qarşı seyrici qalmır, vuruşur, çarpışır. İncidildikdə, haqqı ayaqlar altına atılanda, ədaləti əlindən alınanda elə-belə insanlara şikayətlənmir, mübarizliyi, döyüşkənliyi ilə onu əldə edir.
Vaqif şairdir, nasirdir, publisdir və bir də ədəbiyyat tənqidçisidir. Dəyərli oxucular, hamısını düz oxudunuz. Mən də sizlər kimi Vaqifi şair, nasir, publisist kimi tanıyırdım. Ta ki, ""Sünami"dən...sunamiyə..." kitabını böyük sevinclə mənə verənə kimi. Xeyli vaxt idi ki, onunla görüşmürdüm, amma nə etdiyindən, nə yazdığından xəbərim var idi. Ara-sıra bədii və publisistik yazılarını "Ədalət" qəzetinin səhifələrindən oxuyurdum. Gözləmədiyim halda nəşriyyatın yeməkxanasının çıxışında rastlaşdıq. Görüşdük, bir-birimizdən hal-əhval tutduq. Sonra da soruşdu:
- Yeni kitabımı sənə vermişəm?
Dedim ki, yox, verməmisən.
- Dayan, indi gəlirəm, - dedi və iki dəqiqə keçməmiş əlində kitab geri qayıtdı. Təbrik elədim, uğurların bol olsun - deyib, əlimdəki kitabı atüstü vərəqlədim. Və biz sağollaşıb ayrıldıq.
Vaqifin yeni kitabı sovet dönəmindən tanıdığım (qiyabi), gözəl şair Müzahim İsmayılzadənin söz dünyasından bəhs edirdi. Bu kitab müəllifin yazdığı kimi "işıqlı, nurlu ziyalı, gözəl şair, böyük yazıçı Müzahim İsmayılzadənin 60 illik yubileyinə" dost hədiyyəsi idi. Məgər söz adamının qələm dostuna bundan böyük hədiyyəsi olar?!
Müzahim İsmayılzadənin sovetlər vaxtı ancaq şeirlərini oxumuşdum və onu şair kimi tanımışdım. Amma son illər mütəmadi də olmasa, ara-sıra "Ədalət" qəzetində çox maraqlı, oxunaqlı hekayələri dərc olunur. Mən bir oxucu olaraq Məzahimin hekayələrini yorulmadan, həvəslə, maraqla oxuyuram. Çünki bu hekayələrdə yenilik, orijinallıq, məxsusi dəst-xətt var. Bu məxsusluq ancaq Müzahimə xasdır.
Vaqif də bir tənqidçi, ədəbiyyatşünas kimi Müzahim yaradıcılığına bu aspekdən yanaşır və onun yaradıcılığını geniş şəkildə təhlil və təqdir edir, fikrinin, qələminin süzgəcindən keçirir. Bu artıq bir oxucunun iri həcmidə yazdığı qəzet, jurnal məqaləsi yox, böyük bir monoqrafiyadır. Bu monoqrafiya təkcə geniş oxucu kütləsi üçün yox, həm də ali məktəblərin filologiya fakültəsinin tələbələri üçün dərs vəsaitidir.
Bu gün hər kəs - yaradıcılıq istedadı olan da, olmayan da, maliyyə imkanı olan da, olmayan da qalın qabıqlı, çox tirajlı şeir, nəsir kitabları çıxartdırırlar. Ucuz, lazımsız şöhrət dalınca gedirlər. Bu kimə və nəyə lazımdır?! Mənə elə gəlir ki, heç kimə. Çox maraqlı və bir qədər də təəccüblüdür ki, bu "müəlliflərin" kitablarına tanınmış yazıçılar, şairlər və ədəbiyyatçılar tərifli ön söz də yazırlar. Kimsə kimi tənqid etmir, yol göstərmir. Ya üz-üzdən utanır, ya da, pisə yaxşı demək sindiromu yoluxub insanlara.
Vaqif İsaqoğlunun məndə 5-6 adda kitabı var. Heç birində də kimsənin ön sözü yoxdur. Təbii ki, Vaqif kimi bir söz adamının kitabına istənilən professor, tanınmış yazıçı, şair böyük məmnuniyyətlə ön söz yazar. Hətta mən deyərdim ki, bunu özünə şərəf bilər. Vaqifin bütün kitablarında ön söz öz sözüdür. Bəlkə də burda bir hikmət var. Axı müəllifin sözünü özündən qabaq kimsə bilmir, görmür. Vaqif nə yazdığını, nə dediyini hamıdan yaxşı bilir və görür. Ona görə də onun çəkisini, dəyərini bilib sözünü yazır. Düz də edir. Vaqif oxucunu uca tutan, onun ruhu qidasını verməyə çalışan, narazı salmayan söz adamıdır. Əgər belə olmasaydı, o, bir neçə kitabından imtina etməzdi.
Vaqif ənənəsini pozmayıb, bütün kitablarına olduğu kimi bu kitabına da ön sözü özü yazıb. Adını da çox gözəl qoyub - "Dünyada söz qalacaq". Bu dəlil-sübutsuz belədir. Mənə elə gəlir ki, dünyanı dərk edən, ondan baş çıxaran kamil adamlar da mənim kimi sözə inanıb, Vaqifin sözünü qəribçiliyə salmazlar. Yüzə-yüz olmasa da, 80-90 faiz inanar ki, dünyanın varı-dövləti ancaq sözdür. Və necə ki, yer üzündə insan var, söz də onun var-dövləti olacaq. Bu mübaliğəsiz, təşbehsiz belədir. Əgər belə olmasaydı Nizamini, Füzulini, Nəsimini, Xəqanini və onlarla dünya şöhrətli klassiklərimizi tanımazdıq. Onları bizlərə və bəşəriyyətə tanıdan, sevdirən qoyub getdiklər var-dövlətləri olan sözləridir.
Vaqif "Ön söz əvəzi"ndə yazır: "Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də istedadlı şair, dəyərli yazıçı, tanınmış jurnalist Müzahim İsmayılzadədir".
Müzahim İsmayılzadə də Vaqif İsaqoğlu kimi şairdir, nasirdir və nəhayət iti qələmli jurnalistdir. Özü də oxucular tərəfindən oxunan, sevilən bir yazardır. Belə bir yazarın yaradıcılığından söz açmaq, onun dəyərini vermək Vaqif üçün şərəfdir, qürurvericidir. Ona görə ki, Müzahimin yaradıcılığında bizim dünənimiz də, bu günümüz də doğru, dürüst, bəzəksiz, düzəksiz əks olunub. Boya qatılmayıb. Onun obrazları canlıdır və canlı olduğuna görə də Azərbaycan insanının fikrini, düşüncəsini tam əks etdirir. Müzahimin bütün əsərləri oxucular üçün sanki bir rəssam fırçasından çıxan tablodur. Bu yerdə oxucu tamaşaçıya çevrilir və talonu seyr edib ordakı obrazı dolğun şəkildə qavrayır.
Vaqif Müzahim yaradıcılığını tədqiq edir, onun nə qədər istedadlı, bacarıqlı olduğunu tədqiqatçılara, tənqidçilərə, söz adamlarına xatırladır və belə bir yazarın yaradıcılığını dəyərləndirmədiklərinə görə qınayır. Onları kar və kor adlandırır. Axı Müzahim sıradan bir şair, nasir deyil. İstedad, bacarıq sahibidir. Bəs niyə ədəbi ədəbi tənqiddən kənarda qalıb? Niyə ədəbiyyatşünaslar onun saysız şeirlərini, poemalarını, hekayələrini, povestlərini, romanlarını təhlil edib dəyərini vermirlər?!
Bu yerdə mən də Müzahimin sıravi bir oxucusu olaraq Vaqiflə tam razılaşıram. Müzahimin əsərləri bilərəkdən (mən bunu əminliklə deyirəm) ədəbi tənqidçilərin diqqətindən kənarda qalıb.
Bildiyim kimi Vaqif ədəbiyyatşünas, tənqidçi deyil. Amma Müzahim yaradıcılığına kamil bir tənqidçi kimi yanaşır, onu araşdırır, təhlil edir, qiymətini verib geniş oxucu kütləsinə tanıdır. Müəllifin yaradıcılıq xüsusiyyətlərini, əsərlərindəki mənəvi dəyərləri, ədəbiyyata gətirdiyi yenilikləri, tapıntıları üzə çıxarır.
Müəllif bu əsəri ilə Müzahimi yenidən "kəşf" edib tanıyır, tanıdır. Və məlum olur ki, Müzahim də onunla eyni şəhərdə yaşayır, eyni torpaqda yeriyir, eyni göy altında yazıb, yaradır. Müzahim nəşr etdirdiyi əsərlərini başqaları kimi "gözə soxmur", sakitcə başını aşağı salıb yazı, pozusunu edir.
Müzahim Azərbaycan ədəbi mühitində tanınan, sevilə-sevilə oxunan şairdir, nasirdir. Uzun illərdir ki, poeziya, nəsr sahəsində külünk çalır.
Vaqif kitabında ilk öncə Müzahimin şeir yaradıcılığından söz açır. Müzahimin doğma Gədəbəyini müqəddəs məkan, saz-söz beşiyi, uca dağlar diyarı, burda doğulanları isə şair adlandırır. Təbii ki, burda Müzahim də şair doğulub. Erkən yaşlarından sözlə dostluq edib, şeirlər yazıb. Keçən əsrin 80-ci illərində Müzahim artıq tanınmış söz adamlarının sırasında idi. Sadə oxucudan tutmuş, ta görkəmli şairlər, yazıçılar onun bu cərgədə olmasını uğurlayırdılar. Müzahim yaradıcılığında yurduna, ulusuna böyük bir bağlılıq var. O, insanla təbiəti bir-birindən ayrı təsəvvür etmədiyinə görə şeirlərində yurdunun dağlarını, meşələrini, şırhaşırla axan bulaqlarını, dərələrə səs salan çaylarını təsvir edir, gözəl, oxunaqlı, ruhu qidalandıran poeziya nümunələri yaradır. Hətta bir şeirində ömrünü kəndinin ömrünə qatır.
Vaqif Müzahim yaradıcılığında üstünlük təşkil edən Vətən mövzusunda yazılmış şeirlərinin üstündə daha çox dayanır, şairin vətən sevgisini, poetik ustalığını oxucuya çatdırır. Aprel döyüşlərindən bəhs edən "Aprel 2016" poemasını vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış ən mükəmməl əsərlərdən biri sayır. Və mənfur düşmən üzərində qələbəmizin yaxında olduğuna böyük inam yaradır. Müzahim İsmayılzadə böyük sevgi və məhəbbətlə vətənimizi tərənnüm edib, gözümüz önünə bütöv, əzəmətli bir Azərbaycan gətirir.
Vaqif İsaqoğlu Müzahimin poeziyasını haqlı olaraq "Təmiz ürək poeziyası" adlandırır. Çünki Müzahim haqqın, həqiqətin adamıdır. Qələminə xəyanət eləməyən birisidir. Heç kimi yox, ancaq ürəyinin səsini eşidib onun dediklərini yazır. Müqəddəs anadan da, ömürdən düşən yarpaq-yarpaq illərdən də, söz deyib, söz qoyub gedən şairlərdən də, əbədi sevgidən, məhəbbətdən də bir-birindən maraqlı, yadda qalan şeirlər yazıb. Və bu şeirləri oxuyan hər bir oxucu onu yaxşı tanıyır. Belə bir şairi oxumaqdan qürur duyur, fəxr edir.
Müzahim İsmayılzadə bənzərsiz şeirləri ilə oxucuların qəlbinə yol tapdığı kimi, hekayələri ilə də oxucuların sevimlisi olmağı bacarır. Bunu nəzərə alan Vaqif onu Azərbaycan nəsrinin ən görkəmli nümayəndələri ilə bir sıraya qoyur. Ona görə ki, onun hekayələrində təmizlik, fədakarlıq, ailəyə sədaqət, dosta məhəbbət, yerinə-yurduna, ulusuna möhkəm bağlılıq var. Onun hekayələrində böyük Cəlil Məmmədquluzadənin, Vaqif Nəsibin təsiri aydın hiss olunur.
Müzahimin hekayələrinin çoxunun mövzusu doğma Gədəbəydən götürülüb. Vaqif İsaqoğlunun təbrincə desək onun "Qonaqlar gəlmədi", "Sahib müəllimin məktəbi", "Qurd dərmanı", "Perik durnalar" və s. hekayələrini oxuyanda bir anlıq özünü o məkanda hiss edirsən. Vaqif Müzahimin hekayələrini təhlil edib bu qənaətə gəlir ki, yazıçının povest və romanlarındakı uğurun kökündə hekayələri durur. Müzahimin hekayə yaradıcılığını təhlil edəndən sonra Vaqif onun povestlərinə keçir və bu povestləri Azərbaycan həqiqətlərini əks etdirən povestlər adlandırır. "Dəvətnamə", "Eyfel qülləsində", Tərəkəmə". "Qızıl çubuq" əsərlərindəki qəhrəmanlarla demək olar ki, hər gün qabaqlaşırıq, onların həyat tərzi ilə tanış oluruq.
Müəllif Müzahimin romanlarını haqlı olaraq Azərbaycanın bir parçası adlandırır. "Sunami" romanında baş verən hadisələr keçən əsrin 80-ci illərində baş verən hadisələri işıqlandırır. Müəllif bu əsərini Sumqayıt hadisələrinə həsr edib. Müasir Azərbaycan ədəbiyyatında ermənilərin düşmənçiliyi haqqında çox sayda bədii və sənədli əsərlər yazılıb. Amma "Sunami" romanı qədər bu düşmənçiliyi doğru-dürüst, dolğun əks etdirən əsər olmayıb.
Vaqif təəssüf hissiylə qeyd edir ki, hələ də bu əsər böyük dövlətlərin dilinə tərcümə olunmayıb. Olsaydı xarici oxucular kimin kim olduğunu bilərdi. Müzahimin istər hekayələri, povestləri olsun, istərsə də romanları haqqında hələ nə tənqidçilər, nə də ədəbiyyatşünaslar bir kəlmə də olsun yazmayıblar.
Vaqif İsaqoğlu kitabın son bölümü olan "Mən sözümü dedim"də yazır ki, mən Müzahim haqqında necə yazdım bilmirəm, amma yazdım. Mən kitabın oxucusu kimi deyirəm: Vaqif İsaqoğlu, təbrik edirəm, dolğun və gözəl yazmısan.

Məhərrəm Şəmkirli
AYB-nin üzvü