adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 May 2018 22:09
36877
GÜNDƏM
A- A+

Həkim ömrü

Müstəqillik dövründə Respublikamızın siyasi və iqtisadi həyatında baş verən yeni islahatlar hər sahədə olduğu kimi səhiyyədən də yan keçməmişdir. Səhiyyəmizin bu günki sürətlə inkişafı ağlasığmazdır. Əlbəttə, bütün bu nailiyyətlərə görə xalqımız ümumilli liderimiz H. Əliyevə minnətdar olmalıdır.
Səhiyyə nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyəti, elmi tədqiqatların və təcrübələrin aparılması, eləcə də Tibbi kadrların yetişdirilib hazırlanması sahəsində geniş islahatlar həyata keçirilmiş, ciddi işlər görülmüşdür.
Bu gün ölkəmizdə aparılan səhiyyə islahatları, səhiyyənin texniki bazasının möhkəmləndirilməsi, eləcə də dünyanın ən tanınmış səhiyyə-ocaqlarının, ölkəmizin bir çox səhiyyə obyektləri ilə əməkdaşlıq etməsi, şübhəsiz ki, sevindiricidir. Ölkəmizdə dünya standartlarına cavab verən xəstəxana və klinikaların açılması, Azərbaycanda səhiyyə müəssisələrin yenidən qurularaq müasir yeni avadanlıqlarla təchiz olunması Azərbaycan tarixində əlamətdar hadisə sayıla bilər.
Belə müasir dünya standartlarına cavab verən səhiyyə müəssisələrindən biri də Bakı şəhərində yerləşən müasir texniki əsaslar üzərində qurulmuş M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzidir.
Xəstəxananın baş həkimi görkəmli alim, tibb elmləri doktoru Yusif Əliyevin gərgin əməyi sayəsində öz fəaliyyəti ilə nəinki respublikamızda, hətta ondan çox-çox uzaqlarda xarici ölkələrdə geniş şöhrət tapmışdır.
Öz bacarığı və istedadı ilə seçilən Yusif müəllim xəstəxananın ən müasir tibbi avadanlıqlarla təchiz edilməsində, yeni kadrların seçilməsində xüsusi əmək sərf etmiş və yüksək təcrübəyə malik olan ən yüksək "səriştəli" kadrları ətrafına toplamışdır. Belə istedadlı və təcrübəli həkimlərdən biri də həkim-kardioloq Nicat Babayevdir. Bu gün biz oxucularımızı onun fəaliyyəti ilə tanış etmək istəyirik.
Həkim ömrü nəğməyə bənzər, - deyiblər: hələ heç kimin eşitmədiyi, duymadığı bir nəğməyə. Səfalı əllərdə - danışıb-dinər. Neçə-neçə insan ömrünə yeni bir həyat bəxş edər, ümidlə ona dikilmiş qəmli baxışları sevindirər, insanları yeni bir dünyaya aparar...
Ülvi bir duyğuya, böyük insanlıq keyfiyyətlərinə malik olan, öz el-obasına ürəkdən bağlanmış Nicat həkimin xeyirxah əməlləri unudulmaz bir günə dönərək öz xəstələrinin ürəyində toxum kimi cücərmişdir. Onun səfalı əlləri ilə neçə-neçə xəstələr yenidən həyata dönmüş, onun adı isə "xilaskar" kimi əbədi olaraq hafizələrə həkk olunmuşdur.
Tibb sahəsində öz bacarığı ilə seçilən, hər bir kəsə qayğı ilə yanaşan bacarıqlı və təvazökar insan olan Babayev Nicat Məqsəd oğlu işlədiyi ilk gündən savadlı, işgüzar, öz işinin öhdəsindən gələn bir həkim kimi işlədiyi kollektivin rəğbətini qazanmış, xəstələrin sevimlisinə çevrilmişdir.
Babayev Nicat Məqsəd oğlu 1985-ci ildə Füzuli rayonunda anadan olmuş, 2002-ci ildə kimya-biologiya liseyini bitirdikdən sonra, Azərbaycan Tibb Universitetinə daxil olmuş, 2008-ci ildə universiteti müvəffəqiyyətlə başa vurmuşdur. Lakin o bununla kifayətlənməmiş elə həmin il təhsilini Rusiya Federasiyasının S. Peterburq şəhərində yerləşən İ. İ .Meçnikov adına Tibb Akademiyasının kliniki ordinatura-kardiologiya bölməsində davam etdirmişdir.
2012-ci ildə təhsilini tamamladıqdan sonra yenidən öz xalqına xidmət etmək üçün, öz doğma vətəninə qayıtmış, Bakı Medikal Plaza klinikasında invaziv kardioloq vəzifəsində çalışmışdır. Hal-hazırda o, M. A. Topçubaşov adına klinik cərrahiyyə xəstəxanasında fəaliyyət göstərir. Nicat həkim yüksək ixtisaslı bir həkim olmaqla yanaşı, həm də "yaradıcı" və "novator"dur. O, həm də həkimlərə xas olan xeyirxah, səmimi, gülərüz bir insandır.
O, ixtisası sahəsində elmi-nəzəri biliyini, peşə ustalığını artırmaq üçün öz üzərində müntəzəm işləyib, respublikamızda və dünyada baş verən tibbi yenilikləri dərindən öyrənir.
Nicat həkimi heç zaman ad-san, mükafatlar maraqlandırmayıb. Onun ən böyük mükafatı ona müraciət edən insanların dərdinə çarə tapması olub.
O deyir: "Xəstəliyin aşkar edilməsi və ən ağır əməliyyatların həyata keçirilməsi üçün respublikamızın xəstəxanalarında hər cür şərait yaradılmışdır. Dünyanın bir çox ölkələrində təhsil alaraq öz ölkələrinə dönmüş kadrlar yetişdirilmişdir. Respublikamız səhiyyə sahəsində dünyanın ən böyük inkişaf etmiş ölkələri ilə rəqabət aparmaq gücünə malikdir. Cəsarətlə deyə bilərəm ki, ağır xəstəliklərin müalicəsi üçün, Rusiyaya, Fransaya, Türkiyəyə, Almaniyaya getməyə ehtiyac qalmamışdır. Həkimlərimiz hər şeyə qadirdilər".
Uzun illər blokada və müharibə şəraitində yaşayan ölkəmizin belə böyük müvəffəqiyyətlərə nail olması yalnız möcüzə sayıla bilər. Şübhəsiz ki, bu işlər respublikamızın hörmətli prezidenti İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın, eyni zamanda Respublika Səhiyyə Naziri Oqtay Şirəliyevin gərgin əməyi və qayğısı sayəsində həyata keçirilmişdir.
"Hər bir vicdanlı səhiyyə işçisi kimi mən də, öz sənətimi sevirəm, insanların sağlam yaşamasında azacıq da olsa, mənim də payım olduğunu eşidəndə sevinirəm. Bu gün bizə göstərdiyi diqqət və qayğıya görə ölkə prezidentinə və səhiyyə nazirimizə minnətdarlığımı bildirirəm" - öz bacarığı və insani keyfiyyətləri ilə xəstələrin rəğbətini qazanmış, öz xalqına, dövlətinə, el-obasına xidmət edən Nicat Babayedən eşitdiyim son sözlər bunlar idi.
Qətiyyətlə deyə bilərəm ki, Nicat Babayev istedadlı həkim olmaqla bərabər, həm də xalqımızın milli ənənlərinə sadiq qalan dövlətçiliyimiz və müstəqilliyimiz uğrunda mübarizə aparan əsil azərbaycanlı oğludur.
Həkim ömrü musiqiyə bənzəyir, -deyirlər. İşığa, ümidə çevrilib ömürlərə süzülən bir musiqiyə... Bu musiqinin notları isə Nicat həkimin şəfalı əlləridir. Onun sözləri isə ağır xəstəliklərdən xilas edib, yeni həyat bəxş etdiyi insanlardır...

Novruz İdrisoğlu,
"Vətənin Zəfər yolu" qəzetinin
Baş redaktoru