adalet.az header logo
  • Bakı 16°C

Nədir bu üzüdönüklüyün səbəbi?!

SAMİRƏ ƏŞRƏF
52217 | 2013-04-06 10:07
İllərlə ürəyimizdə böyütdüyümüz, ümidlərimizin suyunu içirtdiyimiz arzularımızın bir anın içərisində canını alan zamana ayaq döyürük çoxumuz. Gəncliyimizin ən böyük lütfkarlığı isə bu can alan zamanımıza əhəmiyyət vermədən yeni arzulara qucaq açmasıdı.
İlk gənclik illəri  arzular o qədər məsum, o qədər sərhədsiz olur ki, az qala bütün ömrün boyu belə olacağını zənn edirsən. Amma zaman gəlir çatır. Həyat adlı o peşəkar, hər mənada püxtələşmiş müəllim gülümsəyərək, sənin başına tumar çəkib öz amansız imtahanlarına dəvət edir. Əvvəl-əvvəl elə bilirsən ki, bu dünyanın bütün insanları sənə qarşı təmənnasız, xoş niyyətli, göründükləri kimi mərhəmətlidirlər. Ancaq sonra ayılırsan ki, yox, nəsə işlər qaydasında getmir. Gözlərindəki çəhrayı eynək bir gün öz sehrini itirir. Ətrafına göz gəzdirib görürsən ki, heç yaxınlarının aqibəti də o qədər ürək açıcı deyil. Həmin o həyat adlı müəllim səni usta baxışları ilə daim izləyir, sanki o da güclü insanları sevir, onların tərəfində dayanır, bəlkə də onlardan qorxur. Əgər sən bir balaca zəif, qorxaq, romantiksənsə, bax o zaman vay sənin halına. Artıq tələyə düşmüş olursan. Və bu tələdən çıxmağın sənin illərlə ağrılar, acılar çəkməyinə, vurnuxmana, göz yaşları axıdıb əzablara tab gətirmənlə baş tutacaq. Lakin o tələdən qurtulandan sonra sənə məlum olur ki, artıq sən də güclü insana çevrilmisən. Amma bu güc sonradan qazanılmış güc olur, anadangəlmə yox.
Tale elə gətirib ki, mən çox gənc yaşlarımdan həm yaşadığım ölkədə, həm də sərhəddən kənardakı şəhərlərin xəstəxanalarına ayaq açmalı olmuşam. Bu ayaq açmalar elə ilk olaraq özümlə başlayıb. Daha sonra ətrafımdakı yaxın insanların köməyinə çatmağa çalışmışam. Və o xəstəxanalarda gördüyüm hadisələr mənə o qədər ağır, qalıcı təsirlər edib ki, mən bu gün də xəstəxana, həkim kəlməsinə qarşı çox qorxuyla yanaşan vasvası birinə çevrilmişəm.  
Yaz gələndə hamı sevinir ki, qanımız təzələnəcək, özümüzü sağlam, gümrah hiss edəcəyik. Amma yazın ilk cəhcəhli günləri keçib gedəndən sonra baxırıq ki, yox, qışın, soyuq havaların orda-burda gizlətdiyi xəstəliklər yavaş-yavaş özünü göstərir. Ürəkbulanmalar, iştahasızlıq, ürək, baş ağrıları və s. Baş ağrısı demişkən, yadıma gəlir, keçən il bu vaxtı bəndəniz baş ağrısından bir xeyli əziyyət çəkirdim. Təsəvvür edin ki, hər günü bu ağrılarla başlayıb, bu ağrılarla da bitirirdim. Ətrafımda olan hər kəs artıq əməlli-başlı narahatçılıq keçirirdilər. Çünki, paytaxtda cibimə uyğun olan üz tutmadığım xəstəxana, həkim qalmamışdı. Başa lazım olan bütün yeni üsullu aparatlardan keçmişdim. Ovuc-ovuc dərmanlar yemişdim, damarlarım iynələrdən dəlmə-deşik olmuşdu. Amma baş ağrısı bu qədər hərbə-zorbaya tab gətirib yerində heç hara tərpənməmişdi. Qəbuluna düşdüyüm bər-bəzəkli, ənlikli, kirşanlı həkimlərə orqanizmimdə olan başqa xəstəliklərin hamısını sadalamışdım. Bütün bunlara baxmayaraq səmərəsiz müalicələrin sonunda mən ayağımı qatlayıb evin bir küncündə oturmuşdum. Baş ağrılarına da artıq yavaş-yavaş öyrəşmişdim. Başqa əlacım qalmamışdı. Bir gün evə yığılıb qalan dərmanları seçib seçişdirirdim ki, vaxtı keçənləri atım. Onların içərisindən çox ucuz qiymətə olan zob dərmanın gözümə sataşdı. Birdən yadıma düşdü ki, sən demə, mən həmin dərmanı beş aydan artıq vaxtdır ki, atmıram. Əslində isə həmin dərmanın arasını bir aydan artıq kəsmək olmaz. "Dəlidən doğru xəbər" məsəlini yəqin eşitməmiş olmazsınız. Bəli, mən elə həmin prinsiplə də o həbləri içməyə başladım. Və bir həftənin içərisində mənim baş ağrılarım tamamilə yox oldu. Belə məlum oldu ki, sən demə, mən universitetlərə, təcrübə kurslarına, xəstəxanalara illərlə ayaq döyən, qəbuluna yazıldığım həkimlərdən daha savadlı, daha ayıq, daha həssas imişəm.  
Əlbəttə, bu qədər sicilləməni yazıb sizin başınızı ağrıtmağım heç yaxşı düşmür. Amma bir məsələ var ki, bu bir başağrısı ucbatından bir xəstənin çəkdiyi əziyyətlərin, səmərəsiz vaxt itkisinin, mənəvi, maddi cəhətdən talan olunmasının xronologiyasıdı. İndi gəlin bir ətrafımıza nəzər salaq. Az qala iki, üç ailədən birində mütləq sağalmaz, küllü miqdarda vəsait tələb edən xəstəliklərə yoluxan xəstələr var. Bəs onlar getdikləri xəstəxanalarda, həkim kabinetlərində, laboratoriyalarda hansı çətinliklərlə, əclaflıqlarla üzləşirlər?!
Niyə bizim həkimlərimiz bircə dəfə də olsun, papaqlarını qarşılarına qoyub fikirləşmirlər ki, əslində onların yanına gəlməli olan xəstələr, qonşu dövlətlərə üz tuturlar? Nədir bu üzü dönüklüyün səbəbi?! Axı bu həkimlərin bir qismi sovet dövrünü görüb gələn insanlardılar. Məgər, o dövrlərdə tərəvəz plantasiyalarının uzunluğunu andıran, onkologiya korpusları vardı? Məgər, o zaman saatlarla cərrahların qapıların qarşısında yaranan bu qədər növbələr vardı? Niyə axı heç kim bu dünyanı elə bu dünyanın öz arşını ilə ölçmək istəmir?
Savadı, insanlığı olan həkimlər hər gün bir az daha azalır. Onların yerinə harın, meşşan ailələrdə böyümüş ata-ana pulları ilə təhsil almış (əgər həmin təhsilə təhsil demək mümkündürsə) ruhsuz, duyğusuz qlamur gənclər tutur. Mən hələ qapıları yalnız yüksək çinli insanların üzləri üçün açılması nəzərdə tutulan o dəbdəbəli xəstəxanaları demirəm. Elə belə ortabab dövlət xəstəxanalarına gedirsən, həkimlərin boyun-boğazlarına doladıqları zinət əşyalarının səsi, az qala çimdikləri bahalı ətirlərin qoxusu sənə bu həyata, onun amansız insanlarına qarşı bir üsyan yaradır. Yaxşı bir haldakı, onların bəxtinə, taleyinə həkim olmaq üstünlüyü düşüb. Onda heç olmasa, həkim olsunlar da. Heç kim demir ki, həkim işə rahibə paltarı geyinib gəlsin. Amma bu həkimlər insanları elə geyimə görə qarşılayıb, geyimə görə də yola salırlar.  Ortabab azərbaycanlı geyimində həkimin qəbuluna girən kimi səninlə qaçaraq sorğu-sual, əlüstü müayinə, sonra isə əslində pul tələsi olan laqeydcəsinə ötür-ötür oyunu başlayır. Onları maraqlandırmır ki, kimsə ağır xəstədi, üç aylıq, on günlük ömrü qalıb. Onlar anlamırlar ki, qarşısındakı gənc qadın hansısa savadsız bir həkimin ucbatından iyirmi iki yaşı olmasına baxmayaraq bir də heç vaxt ana ola bilməyəcək. Onlar sarsılmırlar ki, qarşısındakı bənizi saralmış, gözləri çuxura düşmüş dörd-beş yaşlı oğlan uşağı yenə də onların səhvi ucbatından bir də heç vaxt ayaq tutub yeriməyəcək. Bütün bu insan taleləri onları maraqlandırmır. Onları pul, mal, qazandıqları yalançı, şişirdilmiş ad-sanın ətrafında bir qurd kimi keşik çəkmək maraqlandırır.  
Çox yaxın qadın qohumlarımdan biri iki-üç il əvvəl qaraciyər serrozu olmuşdu. (İndi artıq dünyasını dəyişib) Yadıma gəlir, onun qarın boşluğundakı suyu xəstəxanaların birində bir aydan bir çəkib atırdılar. Həmin xəstə həkimin otağına həmişə gənc, subay qızı ilə gedirdi. Su çəkmə prosesi o qızın gözləri qarşısında baş verirdi. Təsəvvür edirsinizmi, qız anasının canının çirəsini çəkən o suyu hər dəfə görürdü. Yəni o boyda xəstəxanalarda bir simsar insan, yalandan da olsa, qadının əlindən tuta biləcək tibb bacısı yox idi.  Anası rəhmətə gedəndən sonra o qızın əsəbləri tamamilə sıradan çıxmışdı...
Ola bilsin ki, bu yazını oxuyan, qohumu, qardaşı, dayısı, xalası həkim olanlar mənim bu yazdıqlarıma ağız büzəcəklər. Amma inanın mənə bunlar hamısı yaşanmış hadisələrdi, insan həyatlarının ən dərin, ən qaranlıq guşələrdən müəyyən görüntüləridi.
Bəlkə də elə buna görə bu ölkədə mənim və mənim kimi bir çox insanların ən çox qorxduğu məsələ həkimə getməkdir. Ona görə yox ki, xəstələnərəm, ciddi diaqnoz qoyarlar. Bu qorxu da var düzdü... Amma ən əsas qorxu başqadı. Ağrı-acının, dərd-sərin, yoxsulluğun nə olduğunu bilməyən, ağrıdan gözləri önündə çapalayan xəstələrə gözucu belə baxmayan, insanlıq naminə etina göstərməyən meşşan, varlı ailələrdə böyümüş daş ürəkli həkimlərin əlinə düşmək mənim üçün bütün xəstəliklərdən də dəhşətlidi.
Xahiş edirəm, həkimlərin maaşlarının azlığını, güzəranlarının çətinliyini başımıza vurmayın. Ali məktəblərdə ən yüksək bal və təhsil haqqının təbabətlə bağlı fakültələr olduğunu bilə-bilə o fakültələrə daxil olmaq üçün həyatda ölüm-dirim mübarizəsinə qalxan o insanlar bilmirlər ki, o sahəni bitirdikdən sonra az miqdarda maaş alacaqlar? Əlbəttə, bilirlər. Onu da yaxşı bilirlər ki, onların yanına gəlmiş xəstənin son qəpiyini də tutub əlindən ala biləcəklər, özünə isə etinasız nəzərlər salacaqlar. Lakin bütün bunlar təkcə əhalinin yox, onların da zərərinə işləyəcək. Yaponiyanın, mən nə bilim daha hansısa ölkələrin neçə milyon manatlıq aparatlarını  gətirib xəstəxanalara dolduran, daha sonra isə onların pulunu çıxartmaqla məşğul olan həmin can alverçiləri bir də onda ayılacaqlar ki, insanlar artıq onlara olan inamlarını tamam itiriblər. Rusiya, İran, Türkiyə, Gürcüstan kimi ölkələrə üz tutublar. Və mənə elə gəlir ki, həkim üçün ən böyük cəza da elə xəstələrin onlara itən inamları olacaq. Bu səbəblərdəndir ki, mən bütün həkimlərimizin ədalətli, savadlı, insani hisslərlə zəngin olmalarını arzu edirəm.
Əgər özləri bunu bacarmırlarsa, onda heç olmasa ətraflarındakı olan tək-tük belə insanlara yardımçı olsunlar. Əks təqdirdə itirilən inamların sorağı o qədər də uzaqda deyil.
Aprel 2012                                         
Samirə Əşrəf

TƏQVİM / ARXİV