adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 May 2018 16:14
14211
SİYASƏT
A- A+

Vaxtında atılan addım

"Uşaqların təhlükəsizliyinin qorunması cəmiyyətin əsas vəzifələrindəndir”. 

Bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib. Onun sözlərinə görə, hazırlanan yeni qanun layihəsi dolğunluğu və uşaqların hüquqlarının qorunması baxımından təqdirəlayiqdir. D.Cəbrayılova qeyd edib ki, qanun layihəsinin müzakirəsi Beynəlxalq ailə gününə təsadüf etməsi də bir daha onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti ailə dəyərlərinə ciddi önəm verir: "Ailə dəyərlərindən danışarkən əsas diqqət təbii ki, bir bir ailənin sevinci olan uşaqlara yönəlir. Bu gün Azərbaycanda uşaq hüquqlarının qorunması yönündə mühüm işlər görülür. Qəbul olunan hüquqi normativ aktlar nəticəsində uşaq hüquqlarının pozulması ilə bağlı baş verən neqativ hallar əhəmiyyətli dərəcədə azalıb. Müzakirə etdiyimiz qanun layihəsində isə uşaqların mənafelərinin üstün tutulması, onların hüquqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz tədbirlərinin hansı formada həyata keçirilməsi öz əksini tapıb. Texnologiyanın inkişaf etdiyi bir zamanda uşaqlarımızı zərərli informasiyalardan qorumaq üçün bu qanun vaxtında atılan addımdır”. 

Millət vəkili bildirib ki, internetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, uşaqların sosial inkişafına ziyan vuran bəzi mənfi məqamları da var. İnformasiya resurslarının imkanlarından səmərəli istifadə olunmalıdır: "Təhlükəli və zərərli informasiyaların qarşısının alınması, bunun uşaqların təlim-tərbiyəsinə mənfi təsiri barədə ictimaiyyət arasında maarifləndirmə işləri aparılmalıdır. Qeyd edildi ki, qanun uşaqların və yeniyetmələrin düzgün formalaşmasında əhəmiyyətli rol oynayacaq”.