adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

TANRILARIN QISQANCLIĞI

VƏSİLƏ USUBOVA
35082 | 2013-04-06 10:05
Düşmən tərəfin qadınını sevmək xoş bir sevdaymış, sən deməg Həm də ağrılı, müəmmalıg Bu tamaşaçıya belə görünür. Sevənin, sevilənin nələr yaşadığını bir Allah bilir, bir özləri, bir də oxşar taleyi bölüşənlər...
"Troya" filmini dəfələrcə seyr edəndən sonra dolub başıma bu fikirlər. Gözəl bir qadın obrazı var bu filmdə. Yelenanı demirəm. Yelena bəhanədi. Əri onu xilas etməyə gəlirsə, pəzəvəng qaynı Troyadan sarı vuruşduğunu deyir. Digər tərəfdən, Yelenanı sevən Paris bu qədər zəif və qorxaq ikən niyə tarixdə yaşasın ki, bu eşq hekayəti?!
Yelenanın yerinə olsaydım, heç qürurlanmazdım...
Bir qadın və bir şəhərdən ötrü neçə-neçə əsl kişi öldü...
Tarixə yazığım gəlir hərdən. Çox zaman tarixdə qalmalı olanları gizlədirlər ondan. Zəifləri, gücsüzləri tıxayırlar boğazına. Nə uda bilir, nə də qaytara...
O qadınsa başqadı. Əsir qadın. Ona qibtə eləmək olar. Düşmən də olsa, Axilles kimi kişinin sevgisinə tuş gəldi. Bu "tuş gəlmək" nə dəqiq sözdü. Ardınca da "vurulmaq" gəlir... Qəfil, çovuyan bir gülləyə tuş gələrlər. Sevgini niyə gülləyə bənzətsinlər ki?! Əvvəl keyidib  sonra yandırdığına, göynətdiyinə görəmi?! Sağalsa da həmişəlik yeri qaldığına görəmi?!.

***
O günədək təkcə Apollonu sevməyi öyrətmişdilər ona. Ancaq bu eşqin mənası, məzmunu nə idi, nə özü bilirdi bunu, nə özündən əvvəl və sonra Apollonu sevməyə məcbur edilənlər...
O da Şəms ("Nəsimi" filmi) kimidi. "Nəinki sənin, heç sənin Allahının da ayaqlarını yumaram" demişdi Miranşaha. "Dövlət bəyin ölüsü də gözəldi" deyib soyuqqanlılıqla  üzünü yana çevirmişdi.
Qiymət vermək, dəyərləndirmək əlindəydi, könlünü vermək yox!!!
Qəlbinin açarı ruhunun ovcundaydı, o da göyün yeddinci qatında. Qolları bağlı Nəsiminin böyründə elə ora uçurdu. Başı buludlara dəyə-dəyə sevgidən, sevdiyinin yaxınlığından əriyirdi...
Uçmaq, yaxşıdı. Uçmaq...
Quru torpağın üstündə eşq də dadsızdı.
Ancaq indi... Tanrılar beziblər deyəsən, səmavi eşqlərdən. Yerə eniblər. Duymaq istəyirlər istini, soyuğu, həzzi, ağrını, dadı-tamı... Həsrət, intizar çəkmək istəyirlər. Həyəcan, titrəyiş duymaq istəyirlər...
Axilles kimi sevmək istəyirlər...
Düşmənin qızı olsa belə...
Düşmənin qızını sevmək də hər oğulun işi deyil. Bundan ötrü Axilles doğulmaq lazımdı, Baltaçıoğlu ("Mahnı dağlarda qaldı") olmaq gərəkdi... Elə saray yaltağının qızını sevən Hamletin də ağrıları az deyildi...

***
Tanrılar deyər ki, kimsəni məndən çox sevə bilməzsiniz. Bu ixtiyarı verməmişik sizlərə. Əgər cəsarət edib sevsəniz... onu sizdən alarıq. Qəlbiniz də, sevginiz də bizimlə olmalı, dualarınız bizə tuşlanmalıdı...
Və istədiklərini də edərlər...
Bizə əzablar qalar...
Bir də təsəllisiz, ovunmaz həsrətimiz...
Qadın bəzən o qədər sevilir ki, Tanrı özü də onu qısqanır. Kainatdakı işlərini buraxıb sevən kişiynən cəngə başlayır...
Və... çox zaman da udur... Axı, O Tanrıdır! Görünür, öz yaratdığına heyran olub ona vurulmaq daha güclü bir hissdi. Göylərdən enib insanlar arasında yaşamaq...
Sevgi, həsrət, nifaq, intriqa və çox az hallarda qovuşma... Nə xəsis bir paydı. Dadar-dadmaz əlindən gedər. Ardınca baxa-baxa qalarsan... Qədrini bilməzsən, uduzarsan, bir də görməzsən. Yaranan hər şey kimi duyğuların da ömrü var. Öldümü, daha dirilməz. Ölər, itər, başqasına tuşlanar, bir də sənə dönməz! Elə inadcıl bir duyğu ki, qədrini bilməyənin ömrünü məhv edər...
Göylərin payıdı, göylərdən enər. Başının üstündə tutmasan, başqa çiyinlərə qonar...
Uzanıqlı əllərə acımaz heç zaman... Yaxşı da eləyər. Köhnəlməz. Ürəklərdə, başlarda təzədən doğular...

***
Güclünün sevgisi zəifə tuşlanar bəzən. Dəhşət!.. Nə ucalığında qala bilirsən, nə enməyi özünə rəva görürsən. Əzablar, ağrılar içində ömrün tükənir. Bir də görürsən, çatmısan yolun sonuna. Qabaqda çox az şey qalıb. Dünənki nəhayətsiz, gözqaraldan üfüq o qədər daralıb ki, bir-iki addımlıq məsafə qəlıb axırına çıxmağa. Arxada isə yaşanmamış duyğuların acısı, nisgili...
Bir də qəlbini dolduran hiddət...

***
...Sən onu unuda bilməzsən.  Aldatdın özünü. Sən öz qəlbini, eşqini unutdun. O qadınsa yaşayır. Yaşamalı olduğunu bildiyiyçin yaşayır. Boyuna biçilmiş borcu var çünki...
Dünyanı yaşatmalıdı...
Həyat tükənər Onsuz...
Bir də... Sənin kimi ürəksizlərə sevgiləri xatırlatmaqçın yaşamalıdı.
Bunu duymursansa, Onsuzsan demək...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV