Uzaq, yaşıl ada üçün darıxan adam

ETİBAR CƏBRAYILOĞLU
82516 | 2013-04-06 10:03
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev həmişə mətbuatın gündəmindədi. İstedadlı rejissor, dəyərli alim, pedaqoq və çalışdığı sahənin incəliklərini mükəmməl bilən təcrübəli məmur kimi. Əliqismət müəllimin daha bir bacarığını özüm qəsdən lap sona saxladım. O, həm də bacarıqlı aktyordu.
Dövlət Musiqili Komediya Teatrının direktoru kimi bu günlərdə verilişə dəvət alan Əliqismət Lalayev canlı efirdə ölməz Cəfər Cabbarlının həmişəyaşar "Ana" şeirini mükəmməl ifa etməklə yaddaşları təzələdi.

Ötən günə
 gün çatarmı...

Məhz yaddaşları təzələdi. Əliqismət müəllimin keçdiyi narahat ömür yolunu izləyənlər, yaradıcılığına yaxından bələd olanlar yaxşı bilirlər ki, bu istedadlı insan peşəkar teatr səhnəsində aktyor kimi də xeyli uğurlar qazanıb.
Düzdü, Əliqismət Lalayev indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Tofiq Kazımov, Rza Təhmasib, Mehdi Məmmədov kimi nəhəng pedaqoqlardan dərs alıb. Elə Tədris Teatrının səhnəsində hazırladığı diplom tamaşasından sübut edib ki, ali məktəbdə illəri boşuna keçirməyib. Amerika dramaturqu Tennesi Uilyamsın "Sökülən yurd" pyesinə verdiyi quruluş sənət aləmində, mətbuatda geniş rezonans doğurub.  
Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir-birindən maraqlı əsərlərə quruluş verib. Con Qolsuorsinin "Birincilər və sonuncular", Eduardo de Filipponun "Silindr", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Anatoli Dudarevin "Astana" pyeslərini Naxçıvan teatrında səhnəyə gətirib. Onun səhnə yozumu verdiyi əsərlər arasında milli dramaturgiyamızın inciləri də var. Əliqismət müəllim Hüseyn Cavidin "Ana" və "Uçurum" əsərlərinə quruluş verib, Cəlil Məmmədquluzadənin "Kişmiş oyunu" və "Kamança"sı əsasında "Keçmiş günlər" tamaşası hazırlayıb. Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran"ını tamaşaçılarla görüşdürüb. Hidayətin "Qınamayın məni", Kəmalə Ağayevanın "Apardı sellər Saranı", Loğman Rəşidzadənin "Toya bir gün, bir günorta qalmış"  pyeslərinin də quruluşçu rejissoru olub.
İstedadlı rejissorun Hüseyn Cavidin "Ana" faciəsinə verdiyi quruluş bu gün də maraqla baxılır. 1983-cü ildə "Cavid  Poeziya Teatrı"nda hazırlanan tamaşa Az.TV-nin "Qızıl fondu"na daxil olunduğundan ona dəfələrlə baxmaq imkanımız var.
Ümumiyyətlə Hüseyn Cavidin, bu böyük mütəfəkkiri yetirən Naxçıvan torpağının əməkdar incəsənət xadimi Əliqismət Lalayevin yaradıcılığında xüsusi yeri var. Onun rejissor kimi Naxçıvan teatrında quruluş verdiyi tamaşalardan qısaca danışdıq. Maraqlıdı ki, Əliqismət Lalayev aktyor kimi peşəkar səhnəyə ilk dəfə Naxçıvan teatrında çıxıb.
 
Cavid əfəndini
səhnədə yaradan ilk aktyor

Ali məktəbi uğurla başa vuran Əliqismət Lalayev əvvəlcə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində çalışır. Sonra isə onu Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərirlər. Lakin ilk vaxtlar ona öz ixtisası üzrə çalışmağa imkan yaradılmır. Həmin teatrın truppasında aktyor ştatında işə götürülür.
Tanrının ona bəxş etdiyi istedad və əməksevərlik yenə köməyinə gəlir, bu sınaqdan da üzüağ çıxır. Aktyor kimi debütü italyan dramaturqu Paolo Messinanın "Sükut divarı" tamaşasındakı Antoniyo rolu olur. İlk rolu olmasına baxmayaraq obrazın daxili aləmini açmağı bacarır. Təsadüfi deyil ki, o zaman "Ədəbiyyat və incəsənət" adı ilə çıxan nüfuzlu qəzetdə haqqında tərif dolu yazı dərc edilir: "Əliqismət Lalayev öz emosional və təbii oyunu ilə bütün tərəf-müqabillərindən fərqlənirdi".
Naxçıvan tamaşaçıları onu Sofoklun "Elektra" faciəsində Orest obrazında da alqışlayırlar. Mixayıl Lermontovun 1980-ci ildə Azərbaycan televiziyasında hazırlanan "İki qardaş" əsərində Əliqismət Lalayev əməkdar artist Həsən Əblucla tərəf-müqabil olur və hər ikisinin ifası maraqla qarşılanır.
Əməkdar incəsənət xadimi Əliqismət Lalayev milli teatr tariximizdə ilkə imza atan xoşbəxt sənətkarlardandı. Görkəmli ədib Hüseyn Cavidin səhnədə obrazını ilk dəfə yaratmaq məhz ona nəsib olub. Azərbaycan ədəbiyyatına ölməz incilər bəxş edən bu böyük söz və fikir ustadının əsərləri əsasında "Cavid Poeziya Teatrı"nda hazırlanan "Mənim Tanrım gözəllikdir, sevgidir" tamaşasında Hüseyn Cavidin obrazını böyük ustalıqla teatrsevərlərə təqdim etməyi bacarır. Ədibin yadigarı Turan xanım Caviddən eşitdiyi tərifli sözləri bu gün də yaxşı xatırlayır. 
Əliqismət müəllim aktyor kimi səhnədə Azərbaycan ədəbiyyatının daha bir görkəmli nümayəndəsi- Abbas Səhhətin obrazını da yaradıb. Novruz Nehrəmlinin "Qəmli günlər" tamaşasındakı Abbas Səhhət rolu Əliqismət Lalayevin istedadla oynadığı obrazlardan biridi. 
Yazının əvvəlində Əliqismət müəllimin telekanalların birində "Ana" şeirini necə böyük şövqlə ifa etdiyindən söz açmışdıq. Bu gün əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqsmət Lalayev öz yolu, ənənəsi olan Dövlət Musiqili Komediya Teatrı kimi böyük bir yaradıcı kollektivə rəhbərlik edir, alim-pedaqoq kimi səmərəli çalışır. Vaxtının çoxunu inzibati işlərə, elmi fəaliyyətə ayıran Əliqismət müəllim quruluşçu rejissor, aktyor kimi səhnədə keçirdiyi uğurlu günlərin xiffətini çəkir. Həmin  dövrdən söz düşəndə  o günləri "Ayrılıq dənizindəki uzaq, yaşıl ada" adlandırır…      

Etibar
CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV