Faiq QİSMƏTOĞLU: DOSTLARIN ÇİYNİNDƏ…

FAİQ QİSMƏTOĞLU
54247 | 2018-05-16 12:38
… Həyat çox qəribədi. Və bir də görürsən ki, bu gün görüşdüyün, çörək kəsdiyin, dərdləşdiyin adam sabah dünyasını dəyişir. Və qəribəsi də odur ki, sənin dərdləşdiyin, ürək söhbəti elədiyin və daha doğrusu, özünə doğma bildiyin insan çox sadə, çox halal və çox səmimi bir adamdı. Ümumiyyətlə, nədənsə yaxşı adamlar daha tez Allahın dərgahına qovuşur. Səhv eləmirəmsə, istedadlı şair Şahmar Əkbərzadənin belə bir misrası var: «Ağacın düzünü kəsirlər». Görünür, elə Allah-Təala da bu düz, bu saf adamları öz dərgahına daha tez götürüb aparır…

… Onun barəsində bu kədərli xəbəri mayın 15-də saytlardan oxudum. Və sözün düzü, oxuyan kimi də özümü saxlaya bilməyib hönkür-hönkür ağladım. Səsimə həyat yoldaşım, oğlum özünü çatdırdı. Elə bildilər nəsə ürəyim ağrayır. Amma gördülər ki, yox, kompüterdə nəsə bir xəbəri oxuyub ağlayıram…

Əşrəf Ağagül oğlu Orucov çox sadə bir insan idi. Əvvəllər onunla Yol Patrul Xidməti Alayının 6-cı tağımında keçirilən reydlər zamanı tanış olmuşdum. Elə ilk tanışlığımızdan bir-birimizə çox yaxın idik. Yəni öz sadəliyi, səmimiyyəti və şirinliyiylə mənim qəlbimə yol tapmışdı. Polis baş serjantı olasan, bu qədər savadlı, dünyagörüşlü, elmə yiyələnəsən. İnanın, onunla hər hansı mövzuda söhbət eləmək adama ləzzət eləyirdi. Heç hər hansı alimlə, savadlı adamla söhbət eləyəndə mənə bir o qədər ürəyəyatımlı olmurdu. Amma o, siyasətdən, coğrafiyadan, ədəbiyyatdan o qədər zəngin bilgiyə malik idi ki, məəttəl qalırdım ki, sıravi bir polis əməkdaşı bu qədər bilgini hardan əldə edib. Sonradan öyrəndim ki, o, zəhmətkeş, ziyalı bir ailədə – Biləsuvarda dünyaya göz açıb. Qardaşları savadlı, elmli insanlar olublar. Və təsadüfi deyil ki, elə Əşrəfə də bu nur, bu işıq o kökdən gəlib...

… Çox qəribə adam idi. Başqalarından fərqli olaraq xidmət apararkən deyirdi ki, mən heç kimin haqqını yeyə bilmərəm və heç bir günahı olmayan sürücünü cəzalandıra da bilmərəm. Əgər qanunu pozmayıbsa, sadəcə olaraq, ona hörmətlə yanaşıram və razı da yola salıram. Dəfələrlə görmüşdüm ki, Qarabağ müharibəsi iştirakçılarına və digər imtiyazlı şəxslərə çox böyük sevgiylə yanaşır. Deyir ki, vətəni qoruyan, torpağımız uğrunda döyüşən hər bir insana hamımız hörmətlə yanaşmalıyıq. Elə onun özü də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak eləmişdi.



Mən inanmıram ki, Əşrəf Orucov kimi atasını, anasını, qardaşını, balalarını çox istəyən adamlar elə də çox olsun. Aman Allah, atası xəstə olanda o yerə-göyə sığmırdı. Çünki atası rəhmətlik Ağagül kişi uzun illər idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Amma Əşrəf bir oğul kimi onu ovcunun içərisində saxlayırdı. Ən bahalı dava-dərmanı alıb gətirər və ona vurdurardı. Ən yaxşı həkimləri yanına aparar, bir az da rəhmətliyin vəziyyəti ağır olanda həkimləri onun üstünə gətirərdi. Hətta bir neçə dəfə rayona gedib öz maşınında onu Lənkəranın, Yardımlının, Masallının görməli yerlərinə aparmışdı. Deyirdi ki, qoy atamın ürəyi açılsın və xəstəliyini yadından çıxarsın. Elə göydə Allahın, yerdə Əşrəf kimi sədaqətli oğulun hesabına o kişi bir neçə il ağır xəstəliyə tutulsa da, yaşaya bildi.

Əşrəf bacı-qardaşa, doğmalarına ürəyinin atəşini verən, gözünün yağını yedizdirən bir ziyalı idi. Ona görə ziyalı deyirəm ki, o adam təpədən-dırnağa işıqlı bir insan idi. Ziyalı qalstuk vurmaqla, kostyum geyinməklə, vəzifədə oturmaqla qiymətləndirilmir. Ziyalı əməlilə özünü təsdiq edir. O da həm çalışdığı Yol Partul Xidməti Alayının 6-cı tağımında, həm də el-oba arasında böyük ürəyi ilə necə insan olduğunu sübut eləməyi bacarmışdı…

Əşrəf Orucov 1968-ci ildə Biləsuvar rayonunda anadan olmuşdu. Bir dəfə təsadüfən onun bir kəndlisilə yol yoldaşı oldum. İnanın, onun ailəsi, atası, qardaşları haqqında elə ürəkaçıqlığı ilə danışırdı ki, mənim özüm də buna heyran qalırdım. Deyirdi ki, Əşrəfgilin ailəsi kimi ailə Biləsuvarda barmaqla sayıla bilər. Onlar çox halal və əməli-saleh insanlardı.

Axı dedim, onun barədə kədərli xəbəri internet saytlarından oxudum. Elə o dəqiqə də dostum və dünyalar qədər xətrini istədiyim 6-cı tağımın naryad rəhbəri Namiq Əzizova zəng elədim. Daha doğrusu, elə bildim Namiq Əzizov həmin anda, həmin məqamda onun atasıdı, onun doğmasıdı. Elə başsağlığını da öncə ona verdim. Danışanda hiss eləyirdi ki, kövrəlirəm. Və axırda da danışıb qurtaranda özümü saxlaya bilməyib yenidən hönkürdüm…

Bu xəbərdən onun iş yoldaşları da çox sarsılıblar. Hansı birini deyim, Elmiri deyimmi, Vaqifi deyimmi, Abbası deyimmi, Bakiri deyimmi, Əhlimanı deyimmi, İlyası deyimmi?!..

Namiq Əzizov deyir ki, xəbəri eşidəndə hamımız şok yaşadıq. O dəqiqə komandirimiz Vüqar Əsgərov bizə tapşırıq verdi və bütün şərait yaradıldı. Biz onu Nizami metrosunun arxasındakı məscidə apardıq, yudular, kəfənə tutdular və sonra tabuta qoyub hamımız bir yerdə Biləsuvara üz tutduq. Çox sağ olsun, alay komandiri, polis polkovniki Balakişi Əhmədov da dəfinin təşkili üçün lazımi göstərişlər verdi. Eyni zamanda onun köməkçisi Əli müəllim də dəfndə iştirak etdi. Bizimlə yanaşı, qonşu tağımın əməkdaşları da, hətta tağım komandirləri bu mərasimdə kənarda qalmadılar. Və qəbiristanlıqda onun qohumlarından çox yol polisi əməkdaşları idi. Və o bizim kimi dostların çiynində son mənzilə çox urvatla, təmtəraqlı yola salındı. Əşrəf hər cür sevgiyə, hər cür məhəbbətə, hər cür diqqətə layiq bir polis əməkdaşı idi. O bizim hamımızın kisəsindən getdi… o bizim hamımızın qəlbində bir iz qoydu… o bizim hər birimizin həyatında Əşrəf adlı bir dastan yazıb dünyasını dəyişdi… Hər halda, onun həyatı, ömür yolu, kişilik məktəbi çoxlarına örnək olmalıdır…

Yazımızın əvvəlində qeyd elədim ki, Əşrəf Orucovla mən bir jurnalist olaraq tanış idim. Amma son 3-4 ildə onu özümə ən yaxın adam, ən yaxın dost, ən yaxın həmdəm bilirdim. Və bəzən də heç kimə demədiyim sirrimi, dərdimi onunla bölüşürdüm. Çünki Əşrəfin dağ boyda ürəyi vardı. Ürəyim ağrıyanda tez-tez mənə zəng vurardı. Hətta axırıncı dəfə xəstəxanaya getdiyimi eşidib çox narahat olmuşdu. Və telefonla zəng edib demişdi ki, müəllim, nə ehtiyacın var çəkinmə, mənə de. Mən sənin arxanda bir qardaş kimi, dağ kimi durmuşam.

Həqiqətən də o dağ vuqarlı, dağ qürurlu, dağ əzəmətli bir insan idi. Əşrəfin dünyasını dəyişməsi bir dost olaraq məndən də bir pay qopardı… bir dost olaraq Əşrəf kimi etibarlı, səmimi insanı itirdim… bir dost olaraq onun dəfnində iştirak eləyə bilmədiyimə görə, özümü qınayıram. Amma mənə təsəlli verən odur ki, Əşrəf mənim çiynimdə son mənzilə yola salınmasa da, mənim kimi yüzlərlə dostunun çiynində son mənzilə gedib. Və bu mənə bir az təsəllidi. Çünki dostlar ağır gündə özlərini göstərirlər. Halal olsun onun iş yoldaşlarına, Əşrəfə olan son borclarını kişi kimi veriblər.

Axı, Əşrəf də əsl KİŞİ idi, əsl türk idi, əsl söykək idi! O da hər hansı dostu dünyasını dəyişsəydi, kişi kimi o cənazənin altına çiynini verərdi. Ruhun şad, məzarın nurla dolsun, Əşrəf qardaşım!..




TƏQVİM / ARXİV