adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 May 2018 22:35
70577
LAYİHƏ
A- A+

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Mövcud olduğu dövrdə Bakıda ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, İsveç, İsveçrə, İtaliya kimi dövlətlərin nümayəndəlikləri fəaliyyət göstərdi. AXC-nin ərazisi 147.629 kv.km, Paris Sülh Konfransına təqdim olunmuş sənədlərə əsasən həmin vaxt Azərbaycanda 4. 617. 671 nəfər əhali yaşayırdı. Onların 75,4%-ni, yəni 3 481 889 nəfərini azərbaycanlılar təşkil edirdi. AXC elan edildiyi gündən, dövlət rəmzlərinin, xüsusilə dövlət bayrağının qəbul edilməsi məsələsinə, həssaslıqla yanaşıldı. Bu məsələdə Ə.Hüseynzadənin "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı əsas götürüldü. Cümhuriyyət Hökuməti 1918-ci ilin noyabrın 9-da mavi, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət bayrağının milli bayraq kimi təsdiq olunması haqqında qərar qəbul etdi.
Onu da qeyd etmək lazımdır ki, 1988-ci ildə müstəqillik uğrunda ümumxalq hərəkatı geniş vüsət alanda AXC dövründə qəbul edilən hər iki bayraq həmin ilin 24 noyabrında Şəki Mərkəzi stadionunda keçirilən mitinqində dalğalandırılmışdır. Həmin bayraqlar 70 il ərzində Şəkidə yaşayan vətənpərvər insanların evində saxlanılmışdır. Bu isə insanların bayrağa olan sevgisinin göstəricisidir.
Pul vahidi əvvəlcə Bakı bonu, daha sonra Azərbaycan manatı müəyyən edildi.
100 illik yaşı olan Azərbaycan diplomatiyası mürəkkəb eyni zamanda şərəfli yol keçib. Müasir diplomatiyamızın formalaşması müstəqilliyimizin bərpası ilə bağlıdır. Ə.Topçubaşov Azərbaycan diplomatiya tarixində silinməz iz qoymuşdur. 1918-1920-ci illərdə AXC-nin beynəlxalq münasibətlərinin bir hissəsinə çevrilməsi nəticəsində Azərbaycan diplomatiya məktəbinin formalaşması prosesi başlanmışdır. Ə.Topçubaşov Azərbaycan Parlamentinin sədri və Xarici İşlər Naziri kimi 1918-ci ildən etibarən səlahiyyətli səfir kimi xarici səfərlərə başlamışdır. 1934-cü ildə Parisdə mühacirətdə vəfat etmişdir. Məzarı da bu şəhərdədir. 1920-ci il yanvarın 11-də Azərbaycanın Antanta tərəfindən de-fakto tanınması Azərbaycan nümayəndə heyətinin ən böyük uğurlarındandır. Topçubaşova həmçinin xarici əlaqələrin qurulmasında məsul şəxs kimi fövqəladə səlahiyyətli nazir statusu verilmişdi. 1919-cu il 28 mayda ABŞ prezidenti Vudro Vilsonla görüşən nümayəndə heyətinə Topçubaşov başçılıq edirdi. Parisə Sülh Konfransına gedən qrup mövcud vəziyyətlə əlaqədar olaraq vətənə geri dönə bilməyib. Topçubaşov siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırıb.
1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsindən sonra ilk xarici işlər naziri Nəriman Nərimanov,daha sonra Mirzə Davud Hüseynov olub. SSRİ yaranandan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırılıb, hər şey vahid mərkəzin əlində cəmləşdirilib. Lakin bu da Azərbaycanın ittifaq üçün əhəmiyyətini azaltmayıb. II Dünya müharibəsi illərində Azərbaycan SSRİ-nin xarici siyasətində mühüm rol oynadı. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, II Dünya müharibəsi illərində SSRİ-nin beynəlxalq hava xəttində yalnız Bakı-Tehran aviaxətti fəaliyyət göstərirdi. Dünya müharibəsinin sonlarına yaxın 1944-cü ildən etibarən artıq respublikalarda Xarici işlər komissarlıqları bərpa edildi. 1946-cı ildə Azərbaycanda da Xalq xarici işlər komissarlığı yaradıldı. 70-ci illər Azərbaycan diplomatlarının hazırlanmasında əhəmiyyətli dövr hesab olunur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ərəfədə SSRİ Xarici İşlər Nazirliyinin sistemində 36 nəfər azərbaycanlı diplomat fəaliyyət göstərirdi.
1991-ci ildən etibarən Azərbaycan diplomatiyası yeni mərhələyə qədəm qoydu. Azərbaycan diplomatiyası 27 ildə çox böyük yol keçib. Dünyanın 80-dən artıq ölkəsində Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
Müasir diplomatiyamızın bir nömrəli diplomatı Ulu Öndər Heydər Əliyevdir. Müstəqilliyimizin ilk illərində ölkədəki mürəkkəb siyasi şəraitdə diplomatiyanın formalaşması bu sahənin siyasi fəaliyyətinin həyata keçirilməsinə uyğunlaşdırılması baxımından Heydər Əliyev məktəbi böyük əhəmiyyət daşıyır. Ümumilikdə Azərbaycan diplomatiyasının tarixi orta əsrlərə gedib çıxır. Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövləti zamanında Azərbaycan diplomatiyasının önəmli addımları atılıb. Sara Xatun Azərbaycanın ilk diplomat qadını sayılır. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərirdi.
Cümhuriyyət Hökuməti yarandığı gündən isə çevik xarici siyasət xətti yeritməyə başlandı. Dövlət müstəqilliyinin qorunması üçün təhlükəsiz beynəlxalq şəraitin yaradılması olduqca vacib idi. Cümhuriyyətin dünya birliyi tərəfindən tanınmasına nail olmaq lazım idi. qonşu dövlətlərlə normal münasibətlərin qurulması böyük əhəmiyyət daşıyırdı.
Şərti olaraq AXC-nin xarici siyasətini bir neçə istiqamətə ayırmaq olar:
1. Azərbaycan - Osmanlı (Türkiyə) əlaqələri
2. Qonşuluq siyasət - Qafqaz dövlətləri - Gürcüstan, Ermənistan, Dağlı, İran, Rusiya ilə əlaqələr
3. AXC-nin qərbyönümlü xarici siyasəti - ABŞ, Böyük Britaniya, İtaliya və digər Avropa ölkələri ilə əlaqələr
4. AXC-nin müstəqil dövlət kimi Paris Sülh Konfransında dünya birliyinə tanıdılması.
Osmanlı dövləti ilə 1918-ci il 4 iyunda Batum (Sülh və dostluq haqqında müqavilə) müqaviləsinin imzalanması ilk uğurlu addım idi. Müqavilədə Azərbaycanla Osmanlı dövləti arasında daimi sülh və dostluq əlaqələrinin bərqərar olacağı, əgər ehtiyac olarsa Osmanlı hökumətinin Azərbaycana hərbi yardım edəcəyi göstərilmişdi. Sonralar Bakı-Batum neft kəməri ilə bağlı müqavilə imzalandı və razılığa gəldilər ki, neft kəmərinin təhlükəsizliyini təmin etsinlər. Növbəti saziş dəmiryollarıyla bağlı idi. Osmanlı imperiyası müstəqilliyimizi tanıyan ilk dövlət oldu. Həmçinin AXC yarandıldığı vaxt müxtəlif ölkələrdəki türk səfirlikləri AR-nın yaradılması haqqında dünya ictimaiyyətinə məlumatın çatdırılmasında mühüm rol oynamışdır. 1918-ci ilin avqustunda Berlində Sovet Rusiyası ilə Almaniya arasında gizli saziş (Brest-Litovsk) imzalanması Bakının gələcək taleyi üçün böyük təhlükə yaratdı. Bu müqavilənin 14-cü maddəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmişdi və onu təhlükə altına alırdı. Yalnız Azərbaycan və Osmanlı dövlətlərinin birgə addımları bu sazişin reallaşmasına imkan vermədi. Sentyabrın 6-da İstanbulda Azərbaycan nümayəndələri Tələt Paşa tərəfindən qəbul edildi və Bakının tezliklə azad olunmasının vacibliyi vurğulandı. Sentyabrın 12-də isə İstanbulda Azərbaycan nümayəndələri Almaniyanın Osmanlı dövlətindəki səfirliyinə Azərbaycan hökumətinin etiraz notasını təqdim etdilər.

(ardı gələn sayımızda)



Könül
Kərimova.
Azərbaycan Pedaqoji Universiteti Şəki Filialinın baş müəllimi.

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ