adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 May 2018 22:25
22406
ƏDƏBİYYAT
A- A+

İnsan əməli ilə daha gözəldir

Həqiqi elm adamlarının siması daim işıqlı olur. Yorulmadan oxuyub-öyrənən, öz biliyini, elmi potensialını artıran və tərəqqiyə sərf edənlər həqiqətən də əsl vətəndaş, cəmiyyətə nur saçan ziyalı və yolgöstərənlərdir. Biz hər zaman öz müşküllərimizə böyüklərimizin və bir də onların dəyərli, ibrətamiz məsləhətləri ilə çarə tapmışıq.
Hər dəfə elm adamları, ziyalılar haqqında yazı hazırlayanda dahi şeyx Nizami Gəncəvinin əsrlərdən bəri dəyərini itirməyən bu iki misrası yadıma düşür:
Elmlə, ədəblə tapılar şərəf,
Mirvari olmasa nə lazım sədəf...
Bu dahiyanə fəlsəfi misralar həqiqətən də elmin insanı cilalaması, idrakını zənginləşdirməsi, onu cəmiyyətin günəşinə çevirməsi fikrinin poetik ifadəsidir.
Gənc yaşlarında alimlik dərəcəsi almaq, milli elmin inkişafına töhfələr vermək, tanınmaq hər insana müyəssər olan xoşbəxtlik deyil. Öxuculara təqdim etmək istədiyim Gənc alim, pedaqoq Nemət Alış oğlu İbayev belə xoşbəxtlərdəndir. Otuz üç yaşında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Böyük Yaradanın verdiyi ömür payını şərəflə yaşayır, xalqına, millətinə fayda vermək, vətəndaşı olduğu dövlətə sədaqətlə xidmət etməkdir onun amalı. Bir az da yaxından tanıyaq onu:
-İbayev Nemət Alış oğlu 26 noyabr 1983-cü ildə Biləsuvar rayonunun İsmətli kəndində müəllim ailəsində dünyaya göz açıb. 2001-ci ildə Sumqayıt Dövlət Universitetinə daxil olub. 2005-ci ildə "Filoloq. Azərbaycan dili və ədəbiyyat müəllimi" ixtisası üzrə bakalavr pilləsini bitirib. 2007-ci ildə isə "Azərbaycan dili və ədəbiyatının tədrisi metodikası və metodologiyası" ixtisası üzrə magistr elmi dərəcəsi alaraq ali təhsilini başa vurub.
2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin "Azərbaycan dili və türkologiya" kafedrasının dissertantı olub. 2005-ci ildən həmin universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır. 2007-ci ildən 2014-cü ilədək SDU-nun "Azərbaycan dili və dilçilik" kafedrasında, 2014-cü ildən isə "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası" kafedrasında müəllim işləyir.
Azəbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 27 yanvar 2016-cı il tarixli (protokol № 03-k) qərarı ilə Nemət İbayevə filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.
Ailəlidir, iki övladı var.
***

Ümumiyyətlə həyat rəngarəng, yanaşmalar, zövqlərsə müxtəlifdir. Elə ədəbiyyat da elədir. Mən də bir alim ömrünün bir gününə məxsusi bir ədəbi-bədii yöndən işıq tutmaq istəyirəm.
...Günortadan sonra qoşa saatlıq mühazirəsini bitirib evə zəng elədi. Xanımına dedi:
-Uşaqların paltarlarını hazırla, onları səliqəyə sal. Yer var, sabah ora gedəcəyik.
-Hara? Dənizin sahilinə? Nə yaxşı! Uşaqlar karuselə minər, sevinərlər.
-Nə dəniz, nə də karusel? Başqa bir yerə gedəcəyik.
-Ay Nemət, sabah bazar günüdür. Novruz bayramıdır. Gəl, heç yerə getməyək. Özüm fəsəli yaymışam, şəkərbura, paxlava bişirmişəm. Baharın bu gözəl gününü - martın 20-ni öz evimizdə keçirə bilmərik?!
-Yox, gecə atam Alış müəllim yuxuma girmişdi. Hökmən kəndə getməliyik. Atamın ruhuyla danışacağam. Bilirəm, behişt əhlidir o. Yarım əsrə yaxın pedaqoji işlə məşğul olub. Uşaqların gözündə-könlündə işıq yandırıb.Yadımdadır, biz bacı-qardaşlar onun kitabxanasından kitab götürüb oxuyanda çox sevinərdi. Sanki qəlbi cuşa gələr, hər birimizə kitab oxumağın faydasından ağızdolusu danışardı. Sabah onun məzarını ziyarət etməliyik...
Yola sərf olunan bir neçə saat ərzində arabir xəyallara dalır, öz-özünə sual verirdi:
Mənim alim kimi yetişməyimin kökü hardan qaynaqlanır? Yenə atası gəlib dururdu gözlərinin önündə: O, deyirdi: "Balalarım, biz təkləliyik, öncül olmalı, nümunə göstərməliyik". Düşünürdü ki, ata necə də haqlı imiş! İndi mənAzərbaycanın qəhrəmanlıq eposu olan "Koroğlu" dastanını, onun bütün boylarını əzbər bilirəm. Bu dastandan məlumdur ki, xalq qəhrəmanı Koroğlu və Aşıq Cünun da Təklə tayfasından olublar. Məmləkətimizin bölgələrində bu adda onlarca yaşayış məskəni var. Yadımdadır, atam Alış müəllim təkləlilərin yas mərasimlərinə özü gedərdi, toylara isə məni və ya qardaşlarımı göndərərdi. Bu tayfalarda böyük-kiçiyə hörmət, ağsaqqala ayrıca diqqət və qayğı var. Bizim İsmətli kəndinin cavanları heç zaman müdriklərin yanından saymazyana ötməz, əl verib görüşər. Toylar əsasən içkisiz olarg
Nemət ailəsi ilə gəlib doğma kəndlərinə çatdı. Yurd yerinin necə də gözəl aurası varmış, İlahi! Təmiz hava, hər yanda gül-çiçək ətri. Torpağın nəfəsi insanı məst edir, tut, alça, alma və digər ağaclar Günəşin işığından şirə alır. Bağlar yamyaşıldır, bostanlar tərəvəzlə doludur. Burda heç kəs bazardan mer-meyvə, tərəvəz, göy-göyərti almaz. Hətta bu ziyalılar ailəsində bineyi-qədimdən evdə təzə ağartı olsun deyə, qaramal saxlanılır.
Bayaqdan Nemətgilin yolunu gözləyən Almas ana onları mehribanlıqla qarşıladı, öz adını qoyduğu nəvəsini bağrına basdı, "Nə xoş günümdür, İlahi! Sənə şükür!" - deyib, süfrə açmaq istədi. Nemət dedi:
-Ay ana, sən işində ol, mən qəbristanlığa gedib, atamı ziyarət eləmək istəyirəm, qoy, onun ruhu bu Novruz bayramında şad olsun.
Gəlin çox sevinir, Almas ananı doğma anatək bağrına basıb ayrılmırdı.
-Nə gözəl hava var bu kənddə! Şəhərdə adam boğulur. Zavodların, maşınların tüstüsü, dumanı nəfəs almağa qoymur. Orda insanlar da sanki bir-birinə yaddır, qonşu-qonşuya hələm-hələm salam verməzg Kəndinsə ovqatı tamam başqadır. Qonşu-qonşunun dərdinə şərik olur, kimsə kiminsə bostanına daş atmır. Böyük-kiçiklik var, hörmət-izzət var.
Nemət tələsir, iri addımlarla qəbristanlığa gedirdi. Hamı əlində səməni, şam, gül-çiçək müqəddəs məkanda uyuyan doğmalarının məzarlarına üz tutur, əziz gündə onların ruhlarını şad etməyə tələsirdi. Uzaqdan böyük əmisi, əli əsalı Kərimxan kişini görüb, ona yaxınlaşdı. Kişi qocalıb, uzağı yaxşı görmür. Ona çatdı və boynunu qucaqladı. Kərimxan kişi ona baxdı-baxdı, sonra nədənsə kövrəldi, gözləri yaşardı.
-Qurban olum sənə, ay Nemət bala! Nə yaxşı bu əziz gündə bizi yad eləyibsən? - dedi.
-Yenə Sumqayıtdakı universitetdə işləyirsən? Bax, bizə də gələrsən, ha! Danışarsan, görüm, vəziyyətin nə təhərdir? Bura o qədər camaat yığışıb ki! Hamı "Yasin" oxutdurur əzizlərinə. Evdə söhbət edərik.
Nemət kəndin mollası ilə gəlib atasının şəklinin önündə dayandı. "Fatihə" surəsioxundu. Sonra Nemət atası ilə xəyali söhbətə başladı:
-Nemətəm, gəlmişəm sənin ziyarətinə, həmişə uğur dilədiyin, öyüd-nəsihət verdiyin oğlun. Ruhun şad olsun, əziz atam! Mən universitetə qəbul ediləndə sən qəlbən sevindin,sonradan təhsilimi axıradək davam etdirmək qərarımı da sən uğurladın. Elə sənin xeyir-duanla da məzunu olduğum ali təhsil ocağında qalıb müəllim işləyirəm. Bəli, atacan, bütün övladlarının xoş anlarını gördün, ürəkdolusu sevindin! "Razıyam sizlərdən, övladlarım!"-dedin. amma bircə şeyi görmədin. Sağlığında vəd etdiyim elmi müdafiəmi görməyə zalım fələk sənə aman vermədi. Səndən sonra bu vədimə də əməl elədim - fəlsəfə doktoru adını qazandım. İndi rahat uyu, atacan! Bütün arzuların çiçəklənib, adın da yaşayır doğma ocağında:

O gündən bu günə içimdəsənmiş,
Qəlbimdə əvvəlki biçimdəsənmiş,
Mən tənha bildiyim bu can evimi,
Bilməzdim, demə, tərk etməmisənmiş...

***
Gənc alim Nemət İbayevin duyğular dünyasında atası ilə beləcə nikbin poetik vidalaşması mənim də əlavə fikirlərimə artıq yer qoymadı. Həmyerlimiz, filologiya elmləri doktoru C.Bəydilinin mütəfəkkir fikri ilə üzümü Nemət müəllimə tutaraq deyirəm:
-Millətin gələcəyi olan təhsil onu işıqlı sabahlara qovuşdurur. Sən də bu yolda külüng çalanlardansan! Səninlə fəxr edirik, Nemət müəllim!

Dərin idrakınla, təfəkkürünlə
Ziyalı bir nəslin qüdrətisən sən.
Odlar yurdumuzun, ana vətənin,
Heç vaxt azalmayan sərvətisən sən.
Filoloq-alimsən, öz zəhmətinlə
Elmdə özünə cığır açmısan.
Müqəddəs amala sədaqətinlə
Xoşbəxt sabahlara işıq saçmısan.
Samir QURBANOV