ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Müharibənin yaraları sağalmır

5830    |   2018-05-15 22:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni nəşrlər

Vahid MƏHƏRRƏMOV

Keçmiş döyüşçü Rey Kərimoğlunun Qarabağ müharibəsindən bəhs edən "Kod adı: Rey" kitabının işıq üzü görməsindən mətbuat səhifələrindən xəbər tutmuşdum. Hərbi jurnalist kimi illərdən bəri ağrı-acısını yaşadığımız Qarabağ müharibəsindən bəhs edən belə kitabların yazılıb və nəşr edilməsi məni çox sevindirir. Maraq dünyamın əhatəsində olduğuna görə kitab haqqında müxtəlif müəlliflərin qələmə aldıqları rəy və fikirləri birnəfəsə oxudum. Bu ərəfədə tanınmış yazıçı və publisist Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak etmiş və bu mövzuda bir neçə kitab yazmış Nemət Veysəllidən zəng gəldi. Söhbətə kiçik bir "giriş"dən sonra Nemət müəllim Rey Kərimoğlunun kitabından söz saldı və onun çox dəyərli olduğunu vurğuladı. Sözünün sonunda kitabı əldə edib oxumağı məsləhət gördü. Nemət Veysəllinin zəngi kitaba olan marağımı bir az da artırdı. Bundan sonra Reyin əsərini axtarmağa başladım. Atalar çox gözəl deyib ki, axtaran tapar. Amma, məncə, tapan axtarandır deyənlər fikirlərini daha sərrast ifadə edirlər.
Axtarışlarım müsbət nəticə verdi. Reyin mobil nömrəsini tanışlarının birindən alıb özü ilə danışdım, kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edib yaradıcılığında uğurlar arzuladım. Reydən avtoqrafla əsərini alanda ona "kitabını həm oxuyacam, həm də onun haqqında fikirlərimi yazacam" - dedim. Cavabında "Elə oxusanız bəs edər," - söylədi Rey.
İndi budur, rahat bir guşədə özümə yer edib Qarabağ döyüşlərinin iştirakçısı olmuş Rey Kərimoğlunun nə vaxtsa narahatlıq içində qələmə aldığı kitabı vərəqləyib asta-asta səhifələrinə göz gəzdirirəm. Məzmunu ilə tanış olmazdan əvvəl "Kod adı: Rey"in tərtibatı diqqətimi cəlb etdi. Çox yaxşı düşünülmüş mənzərə döyüşün bir anını, bir məqamını özündə əks etdirir. Havada süzən güllə kiminsə ömrünə son qoymağa "tələsir".
Məzmununa keçməzdən əvvəl kitabın müəllifi haqqında oxuculara qısaca məlumat vermək yerinə düşərdi. Kimdir Rey Kərimoğlu? Qarabağ uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olmuş Rey 9 may 1967-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində dünyaya göz açıb. 1991-ci ildən torpaqlarımızı ələ keçirməyə çalışan erməni işğalçılarına qarşı döyüşmək, vuruşmaq üçün yeni yaranmaqda olan ordumuzda xidmət etməyə başlayıb. Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyevin komandiri olduğu tabora yazılıb. Kəşfiyyat dəstəsinin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə vuruşub, vətəndaşı olduğu ölkənin torpaqlarını erməni işğalından qoruyub. Bu yolda üzləşdiyi bütün çətinliklərə dözüb. 9 avqust 1992-ci ildə Xankəndi istiqamətində, Noraguh yaxınlığında kəşfiyyatçı kimi tapşırıqları yerinə yetirərkən ağır yaralanıb. 1993-cü il fevral ayının 26-da ordu sıralarından tərxis olunub. 2-ci qrup müharibə əlilidir. "Qarabağ Qaziləri" mətbuat xidmətinin rəhbəri olan Rey Kərimoğlu dövri mətbuatda müharibə mövzusunda tez-tez çıxışlar edir, döyüş xatirələrini və fikirlərini oxucularla bölüşür.
Rey Kərimoğlu kitabına əsasən müharibədən yaddaşında ilişib qalmış, qana bulanmış və həmişə canlı olan xatirələrini toplayıb. Üstündən neçə illər keçirsə-keçsin xatirələr heç vaxt dəyərini, qiymətini və qoxusunu itirmir. Həmişə təzə və təravətlidir, canlıdır.
Kitabda adı çəkilən kəndlər, yollar, dağ-dərələr mənə də çox doğma və əzizdir. Çünki o yerlərdə mən də olmuşam. O yollardan, o dağlardan mən də keçmişəm. O yerlərdə mən də güllə səsləri eşitmişəm, zabit və əsgərlərlə görüşmüşəm. Hansı əsrdə, hansı dövrdə, hansı ildə olursa-olsun müharibə ölüm-itim, qan-qada deməkdir. Müharibələr amansızlığı ilə həmişə insan qəlbində dərin və sağalmaz yaralar açır. Yazılanları oxuduqca bəzi anlarda hiss olunur ki, Reyin xatirələri qırılır, hadisələrin ardıcıllığı itir. Çox cəhd etsə də döyüşlərin iştirakçısı olmuş əsgər yoldaşlarını yada salmağa çətinlik çəkir. Kitabın bu hissələri bir anlıq mənə məşhur amerikalı yazıçı Stiven Kinqin "Ölü zona" əsərindəki oxşar hadisələri xatırladır.
Əsərin səhifələri qəmli notlar yazılsa da, onu oxumaqdan qalmıram. Çünki bu bizim müharibəmizdir, bu bizim döyüş tariximizdir. Tarixdə isə heç də həmişə xoş hadisələr baş vermir. Şərait və yaranmış vəziyyət müharibələri və qanlı hadisələri də qaçılmaz edir.
Reyin qeydləri ilə tanış olduqca bir anlıq da olsa geri qayıdır, Qarabağ uğrunda gedən döyüşlərin tarixini öyrənirik. Kitaba neçə-neçə əsgərin taleyi, döyüş yolu həkk olunub.
Bu gün həmin döyüşçüləri cəmiyyətdə tanıyanlar azdır. Müəllif yaxın keçmişdə baş verən hadisələri xatırlaya-xatırlaya, əsgər yoldaşlarının ölümdən keçən ömür yollarını qələmə alır. Əsərdə ən çox diqqəti cəkən cəhətlərdən biri də Reyin iştirakçısı və şahidi olduğu döyüşləri heç bir bəzək-düzəksiz, çılpaq şəkildə yazmasıdır. Kitabda elə hissələr var ki, müəllif o səhifələrə köklənəndə qələmini göz yaşına batırmalı olub. Çünki bəhs etdiyi hadisələr qanlı-qadalıdır, ölümlü-itimlidir. Rey iştirakçısı olduqlarını ona görə yazıb ki, bizim o qanlı döyüşlərdən xəbərimiz olsun, o igid əsgərləri tanıyaq. O cəsurların qəhrəmanlığından nümunə götürək, xatirələri qarşısında baş əyək.
Rey düşmən arxasına kəşfiyyata getmələrini ən kiçik detallarına kimi qələmə alıb, işinə məsuliyyət və həssaslıqla yanaşıb. Kitabda oxucuya həyəcan və narahatlıq yaşadan anlar da çoxdur. Bu da təbiidir, çünki kəşfiyyatçının hər anı, hər dəqiqəsi təhlükədir, o, düşmənin silahı ilə üz-üzədir, deməli, bu anlarda ölüm qaçılmazdır. İstənilən vaxt kəşfiyyatçının ermənilərlə qarşılaşmaq, pusquya düşməsi mümkündür. Necə ki, Rey döyüşçü yoldaşları ilə dəfələrlə belə bir təhlükə ilə üzləşir, həyacanlı anlar yaşayır və çətinliklə də olsa tapşırığı yerinə yetirə bilirlər. Əməliyyatların birində Reygil yenə də pusquya düşürlər, silahlar dilə gəlir və onlar yaralanırlar. Bundan sonra Reyin həm döyüş, həm də xidmət yolları sona yetir. Çoxları kimi amansız müharibə onun da həyatına acılar qataraq, adi axarından çıxarır. Ömür yollarına qan çilənir...
Müharibə adətən döyüşə yollanan insan üçün ilk günlər, ilk həftələr bir az qorxulu və çətin olur. Amma zaman keçdikcə, günlər ötüb arxada qaldıqca, yavaş-yavaş qorxu hissi çəkilir, təhlükələr adiləşir. Yavaş-yavaş müharibə sanki adama gündəlik gedib gəldiyi bir iş təsiri bağışlayır. Səngər iş yerinə, silah alətə çevrilir. Kitabın son səhifələrində Rey Kərimoğlunun döyüşçü dostları ilə birgə çəkdirdiyi bir şəkil yer alıb. Burada diqqətimi çəkən o oldu ki, əsgərlərin heç birisinin üzündə qorxu hiss yoxdur. Reyin üzündə isə təbəssüm hiss olunur. O, sanki bu təbəssümü ilə düşmənə meydan oxuyur, qorxuya, ölümə, insanlara ölüm və fəlakətlər gətirən müharibəyə güc gəlmək istəyir. Mən də Qarabağ müharibəsi zamanı torpaq uğrunda vuruşan, döyüşən əsgərlərin şəkillərini çox çəkmişəm. Bu sətirləri yazdıqca xatırlayıram ki, o vaxtlar fotoaparatın daş yaddaşına köçürdüyüm şəkillərdə də döyüşçülərin üzlərində qorxu hisləri yox idi. Artıq ötən müddət əsgərlər cəsarət və hünərləri bu hissi öldürmüşdü.
Tanınmış qələm adamı Səhər Əhməd kitaba yazdığı "Qaysağın altındakı yara" adlı ön sözdə Reyin qələmindən çıxmış döyüş xatirələrini təhlil edir, əsər barədə fikir və düşüncələrini oxyucularla bölüşür. Doğrudan da, müharibə yaraları heç vaxt sağalmır, istər fiziki, istərsə də mənəvi yara olsun. Səhər xanım kitab və müharibə haqqındakı fikirlərinə bu cümlələrlə yekun vurur: "...Zaman heç bir yaranı sağaltmır, sadəcə qaysaq bağlatdırır yaralara. Yaranın üstündəki qaysağı düşünməyək, qaysağın altındakı yaranı düşünək. " Çox gözəl və alqışlanmalı çağırışdır.
Zamanından asılı olmayaraq nə vaxt vərəqləyib oxusaq Rey Kərimoğlunun döyüş xatirələri qanlı və canlıdır. O iştirakçısı olduğu və bu günə qədər yaddaşında qoruyub saxladığı xatirələrini çılpaqlığı ilə qələmə alıb. İllərcə əvvəl olanların üstünə nə heç bir şey artırmayıb, nə də üstündən heç bir şey götürməyib. Qanlı hadisələri olduğu kimi, gördüyü kimi və göründüyü kimi qələmə alıb. Mətnlərin dili çox sadə və anlaşıqlıdır. Buna görə də oxunaqlı və maraqlıdır.
"Kod adı: Rey" əsəri Qarabağ müharibəsinin tarixini, ordumuzun necə və hansı şəraitdə yaranıb formalaşdığını öyrənmək baxımından da çox dəyərli və qiymətlidir.
Mətnləri oxuduqca əsgərlərimizin Qarabağı necə cəsarətlə qoruduqlarının, torpaq uğrunda necə hünərlə vuruşduqlarının şahidi oluruq. Kitabda yer almış materialları Reyin döyüşçü gündəliyi kimi də qəbul etmək olar. Müəllif səbrini basaraq ömrünün keçmiş günlərinə səyahət edib, iştirakçısı olduğu döyüşləri ardıcıllıqla qələmə alıb. Yeri gəldikcə R.Kərimoğlu hərdən əməliyyatlarla bağlı fikirlərini də mətnə əlavə edir, aydın düşüncəsi ilə oxucular üçün qaranlıq qalan bəzi məqamların üstünə işıq salır, hadisə haqqında geniş məlumat verməyə çalışır.
Oxucuya təqdim olunan kitablar onda hansısa bir fikrin, bir ideyanın yaranıb formalaşmasına təkan verməlidir. Ona gözəl fikirlər aşılayıb sehrinə salmalıdır. Reyin döyüş xatirələri oxucunun vətənpərvərlik hissini gücləndirir, düşmənə olan nifrət hissini artırır. Onu zəfərlərə, qələbələrə və uğurlara kökləyir. İnanırıq ki, bu qiymətli dəyərləri özündə birləşdirib daşıyan kitab gənclər tərəfindən sevilə-sevilə oxunacaq və dərindən dərk ediləcək.



İmza:
SON XƏBƏRLƏR
2018-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK