adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 May 2018 22:15
15305
ƏDƏBİYYAT
A- A+

Müstəqilliyimizin açdığı üfüq

Bu il tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir. Yubileyin dövlət səviyyəsində qeyd olunmasında ölkə başçısı cənab İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsinin çox yüksək təsiri danılmaz gerçəklikdir.
Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olmuşdur. AXC bu müstəvidə bir çox Avropa ölkələrini, hətta ABŞ-ı belə qabaqlamışdır. Azərbaycan Demokratik Respublikasında qadın hüquqlarının yüksək səviyyədə təsbit olunması bir tərəfdən 23 ay ərzində əvəzsiz işlər görmüş şəxslərin - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqa kişilərin qeyrətindən irəli gəlmişsə də, digər tərəfdən, həmin dövrdə elitada çalışan, mədəni-maarifçi, sosial-ictimai, pedaqoji, publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran ziyalı qadınların özlərinin aktivliyinin nəticəsi idi.
Cümhuriyyət hakimiyyəti qadın məsələsi və qadın hüquqları istiqamətində, cəmiyyətdə qadının rolunu artırmağa yönəlik düzgün siyasət aparırdı. Həmin siyasətin bir qolu da təhsilə, mədəniyyətə göstərilən diqqət idi. İqtisadi və siyasi gərginliklərə baxmayaraq ölkədə yeni qız məktəbləri açılır və xanımlar da hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi.
Dövlətin siyasəti də öz növbəsində xanımlarımızı ölkə həyatında yaxından, həm də fəal iştiraka həvəsləndirirdi. Çox qısa zaman kəsiyində ölkə həyatında qadınların yeri görünməyə başladı. Bu gün böyük qürur hissi ilə adlarını xatırladığımız və Milli istiqlal hərəkatının yüksəlişində payı olan fəal qadınlardan Azərbaycan Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti Şəfiqə Əfəndizadə, Sona Talışxanova, Hənifə Məlikova, Səkinə Axundzadə, Sara Vəzirova, Səlimə Yaqubova və başqaları "Nəşri Maarif", "Nicat" cəmiyyətlərində ictimai, maarifçi və xeyriyyə işləri ilə məşğul olmaqla yanaşı, onlar həm də, Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirak edərək Azərbaycanı ləyaqətlə təmsil edərək türk qadınının kimliyini nümayiş etdirə bilmişdilər. Hətta onlar, qarşılaşdıqları çətinliklərə, üzləşdikləri təzyiqlərə baxmayaraq, əqidələrindən dönməmişdilər.
1918-ci ildə may ayının 28-də qurulan Azərbaycan Demokratik Respublikasının hökumətinin təsisi etdiyi Xalq Maarifi Nazirliyi xalq təhsili və maarifçilik üzrə apardığı siyasətdə də qadınlarla bağlı korrekt siyasət yürüdübdü. Məktəblər milliləşdirilməklə yanaşı həm də bilavasitə, dövlət tərəfindən maliyyələşdirilirdi. "Ali, ibtidai və Marinski qızlar məktəblərinin peşə, onların nəzdində kənd təsərrüfatı, əmək təlimi və əl işləri siniflərinin qulluqçu-təlimçiləri üçün məvaciblər barədə müvəqqəti qanun" dərc edilmişdi. Bu qanuna əsasən bütün Ali, ibtidai məktəblərdə 1919-cu ilin yanvar ayının 1-dən tədrisin fənn sistemi və əməyin dərs hesabı ödəmə prinsipi tətbiq edilməyə başlandı. Həftə ərzində hər bir dil və ümumtəhsil fənləri üzrə müəllimlər üçün 18 saat qanuni norma hesab edilirdi və sinif rəhbərliyi təyin edilirdi.
Məktəbli qızlara vətəndaşlar, xeyriyyəçilər, mesenatlar da yardım edirdi. Məsələn, H.Z.Tağıyevin fabriki 4-cü türk qızlar məktəbinə aztəminatlı məktəblilər arasında bölünməsi üçün 400 arşın parça təqdim etmişdi.
1922-ci il tibb fakültəsinin ilk 29 məzunu arasında yalnız üç azərbaycanlı var idi ki, onların da ikisi məhz qadınlar - Ceyran Sultanova və sonradan elmlər doktoru və professor olan Adliyə Şaxtaxtinski-Babeyeva olublar.
Heyf ki, bu işlərə məntiqi inkişaf qismət olmadı. 1920-ci ilin 28 aprel tarixində təcavüz nəticəsində ölkəmiz XI Qızıl Ordu tərəfindən işğal edildi. Amma indi Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan dövləti Azərbaycan qadınının öz potensialını göstərməsi üçün hər cür şərait yaradıb, gender bərabərliyini təmin edib. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ölkə idarəçiliyi mexanizmi bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Günümüzün reallıqları birmənalı şəkildə göstərir ki, müasir Azərbaycan respublikasının idarə olunmasında qadınlarımız da yaxından və fəal iştirak edirlər. Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətən naminə, xalq naminə istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirdiyi işlər buna əyani sübutdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin müxtəlif ələmətdar günlər ərəfəsində müxtəlif sahələrdə çalışan Azərbaycan qadınlarına "Əməkdar müəllim", "Əməkdar həkim", "Əməkdar mədəniyyət işçisi" və başqa fəxri adlarla, eləcə də ölkənin müxtəlif orden və medalları ilə təltif etməsi qadınlarla bağlı dövlət siyasətini dünyaya örnək kimi göstərməyə əsas verir.
Bu gün varisi olduğumuz xalq cümhuriyyətinin Azərbaycan qadınına yaratdığı şəraitin bir nümunəsi də qadın və qızlarımızın ölkə həyatında yaxından iştirakıdı, birmənalı şəkildə demək olar ki, bizim xanımlar elm, təhsil, mədəniyyət, ədəbiyyat, incəsənət, idman, tibb və digər sahələr üzrə ölkəmizi dünyada təmsil etməklə böyük uğurlara imza atmaqda bu gün də davam edirlər. Mənim xatirlərini çox istədiyim, örnək bildiyim və yaxından tanıdığım BDU-nun kafedra rəhbəri, professor Ədibə xanım Paşayeva, yazıçılar Sona Vəliyeva və Salatın Əhmədli, Saatlı RİH-nin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova, şair-jurnalist Telli Pənahqızı, millət vəkilləri Qənirə Paşayeva və Jalə Əliyeva, şairə-publisist Nəzakət Məmmədli, müğənni Gülüstan Əliyeva, jurnalist Fəridə Rəhimli və digər sahələrdə çalışan dəyərli xanımlarımıza bu günün real şəraitini müstəqilliyimiz bəxş edib. Onlar da bu müstəqil Azərbaycanı əməkləri ilə şöhrətləndiriblər. Bizim hamımız müstəqilliyimizin övladlarıyıq!



Sona
ÇƏRKƏZ,
BDU-nun
müəllimi,
Yazıçılar
Birliyinin
üzvü