adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 May 2018 11:53
32751
DÜNYA
A- A+

UŞAQLA QOCANIN GÖRÜŞÜ

Bu günlərdə ABŞ prezidenti Donald Tramp öz Tvitter səhifəsində Şimali Koreya lideri Kim Çen İnlə görüşünün dəqiq tarixini açıqladı - 12 iyun 2008-ci il. Koreya Xalq Demokratik Respublikası yaranandan bu yana (9 sentyabr 1948-ci il) bir-birilərinə həm rəsmən, həm də faktiki olaraq qatı düşmənçilik mövqeyi sərgiləyən iki dövlət arasında ən yüksək səviyyəli görüşün keçiriləcəyiylə bağlı hələ neçə ay qabaq elə ən yüksək səviyyədə də verilən anonslara rəğmən bəzi ekspertlər buna inanmır, şübhəylə yanaşırdılar. Əslində düz də edirdilər. Siyasətin və diplomatiyanın "mümkün olanı gerçəkləşdirmək" adlı bir sənət növü hesab edilməsi çoxdanın hadisəsidir və odur ki, belə şübhəli yanaşmalara naşılıq və korafəhmlilik kimi yox, təbii baxmaq lazımdır.

Problemin özəlliyi təkcə üz-üzə dayanan dövlətlərin öz mahiyyətində yox, onların hazırkı başçılarının xarakter və davranışlarındaydı. Düzdür, fərqli xarakter və davranış deyimi daha gənc yaşlarında hakimiyyət olimpinə yüksəlməkdən başqa öz sələflərindən, demək olar ki, heç nəylə fərqlənməyən Şimali Koreya liderindən daha çox, məhz bu keyfiyyətlərinə görə öz sələflərindən kəskin şəkildə fərqlənən ABŞ prezidentinə aiddir.

Yaxşı, ya pis, düzgün, ya səhv hesab edilməsindən asılı olmayaraq bu adamın hərəkətləri və danışığının Amerika və bütövlükdə, dünya siyasətinə yeni ab-hava gətirdiyini, yeni çalarlar qatdığını, zənnimizcə, heç kim inkar etməz. Bunun ən bariz nümunəsinsə adam məhz Şimali Koreyaya münasibətdə sərgilədi. Kommunizmin süqutundan sonra az qala dünyanın yadından çıxmış bu kiçik, hərbi arsenalındakı atom bombasının mövcudluğuna görəsə xeyli təhlükəli ölkədə 70 ildir ki, hökmranlıq edən sülalə rejiminin başçıları başlarını aşağı salıb öz xalqını fəlakət, aclıq və istibdad girdabına sürükləməkdə davam etdikləri bir vaxtdaTramp sükutu pozdu. O, hakimiyyətinin elə birinci ilində Şimali Koreyaya qarşı az qala səlib yürüşü elan elədi, həm də bunu özünün ənənəvi ritorikasında elədi. Xatırlayırsınızsa, keçən il Kim Çen İni birbaşa BMT Baş Assembleyasının tribunasından yaş yuyub quru sərdi, onu "dəli", "intihar missiyasını yerinə yetirən raket adam", "xalqını öldürən, acından qıran" birisi adlandıraraq bəyan elədi ki, ona indiyə kimi görmədiyi günləri yaşadacam. Ən maraqlısısa Trampın bu ifadələrini yumşaltmaq istəyən naməlum ABŞ rəsmilərindən birinin Koreya rəhbərinə "bu uşaq" deməklə qaş düzəldən yerdə vurub göz çıxartması oldu. Cigitsayağı ittihamlara verilən cigitsayağı cavab da özünü yubatmadı, Kim Çen İnin Trampın ünvanına söylədiyi "psixi xəstə", ağlını itirmiş qoca", "xuliqan" "quldur", "səfeh marizmatik" epitetlərinə onun xarici işlər naziri Li Yön Ho elə həmin BMT kürsüsündən "it hürər, karvan keçər" məsəliylə yekun vurdu.

Beləliklə, söyüşə-söyüşə barışan, çəkişə-çəkişə bərkiyən iki liderin, yəni uşaqla qocanın gələn ayın 12-də Sinqapurda keçirəcəkləri görüşü çağdaş dünya siyasətində baş verən mühüm siyasi gəlişmə və böyük tarixi hadisə adlandırmaq mümkündür.

Görüşün müsbət nəticə verib-verməyəcəyi barədə indidən konkret bir söz söyləmək xeyli çətin görünsə də, hər iki ölkə başçısının müsbət emosiyalarla zəngin açıqlamaları nikbin proqozlar üçün zəmin yaradır. Məsələn, Tramp bunu bütün "dünyada sülhün bərqərar olması yolunda böyük cəhd ", Kim Çen İrsə "Koreya yarımadasında pozitiv dəyişikliklər və işıqlı gələcək qurmaq istiqamətində atılan ilk mühüm addım" adlandırıb.

Amma gələcəkdə hansı irəliləyişlərin əldə ediləcəyindən asılı olmayaraq, artıq indidən bəzi pozitiv nəticələr barədə danışmaq mümkündür. Məsələn, bu günlərdə Pxenyan səfərindən qayıdan ABŞ dövlət katibi Maykl Pompeo Vaşinqtona təkcə yüksək səviyyədə keçiriləcək görüşlə bağlı razılıq müjdəsiylə yox, həm də xeyli vaxtdır ki, Şimali Koreya həbsxanalarında saxlanılan üç Amerika vətandaşıyla birlikdə qayıtmışdı. Ümumiyyətlə, ABŞ-Şimali Koreya arasındakı daimi dava-dalaşlarda dustaq mövzusu ən azı atom bombası qədər həmişə aktual olub.

Qısa arayış

Pompeonun Pxenyan həbsxanasından dustaq çıxardıb aparması iki ölkə arasındakı münasibətlərdə təzə hadisə deyil, hətta demək olar ki, çox nadir halda baş verən birbaşa təmasların əsas, bəlkə də yeganə predmetidir. Amerikanın nüfuzlu şəxsləri və yüksək çinli məmurları bu məqsədlə dəfələrlə Koreya liderinin ayağına getməyə məcbur olublar. 1994-cü ildə konqresmen Bill Riçardson səhvən Şimali Koreya ərazisinə keçərkən vurulmuş Amerika pilotu Bobbi Xollun azad edilməsi üçün indiki liderin atası Kim Çen İrlə görüşür və buna nail olur. İki il sonrasa həmin konqresmen Çin-Şimali Koreya sərhəddi boyu axan Yaluçyan çayını sərxoş halda üzüb keçən Evan Xanzikeri azad etdirmək üçün Pxenyanla uğurlu sövdələşmə aparır. 2009-cu ildə məhbus azad eləmək missiyasına ABŞ-ın eksprezidenti Bill Klinton da qoşulur və onun səyi nəticəsində 12 il həbs cəzası almış Lora Linq və Yuna Li adlı iki amerikalı jurnalist əfv olunurlar. Çin-Şimali Koreya sərhəddindən reportaj hazırlayan həmin qadın jurnalistlər qayıqçı tərəfindən aldadılaraq əks tərəfə keçirilmiş və həbs edilmişdilər.

Ümumiyyətlə, indiyə kimi bu və ya digər səbəblərdən Şimali Koreyada həbsə alınan 15 nəfər ABŞ vətəndaşı ən yaxşı halda bir neçə ay, ən pis halda bir neçə il Çuçxe (Şimali Koreyanın marksizmdən qaynaqlanan rəsmi ideologiyası belə adlanır) rejiminin qazamatlarından çıxardılıb. Ən səs-küy yaradan hadisəsə indiki liderin vaxtında, 1916-cı ildə Pekindən Pxenyana turist kimi gələn 21 yaşlı amerikalı tələbə Otto Vombierin ətrafında baş vermişdi. O, mehmanxanada siyasi məzmunlu plakatı cırdığı üçün həbs olunur, məhkəmədə əməlini etiraf edir və 15 il həbs cəzası alır. İl yarımdan sonra azad edilən tələbə öz ölkəsinə qayıdandan bir həftə sonra vəfat edir ki, bunu da həbsxanada verilən işgəncələrlə bağlayırlar.

Pompeonun azad elətdirdiyi sonuncu məhbuslar Amerika vətəndaşları olsalar da, üçü də etnik koreyalıdır. Hər üçünün də soyadı Kim - Kim Don Çxol, Kim San Duk və Kim Xak Sun. Birincisi mühəndisdir, qalan ikisisə müqavilə üzrə Pxenyan univesitetində müəllim işləyiblər. Bu adamlar casusluq ittahamıyla həbs olunmuşdular. Bəzi ekspertlər Amerikada onların azad olunmasıyla bağlı o qədər də hay-küylü kampaniya aparılmamasını ittihamlarda həqiqət payının olmasıyla izah edir və bildirirlər ki, belə bir vəziyyətdə rəsmi Pxenyan onların dosyelərini açıqlayardı ki, bu da qarşı tərəfə sərf eləmirdi.

İkinci pozitiv gəlişməsə özünü Çin xaric bütün dünyadan təcrid eləmiş bu ac-yalavac ölkənin əlində ən effektli şantaj vasitəsi olan nüvə silahıyla bağlıdır. Əlbəttə, Şimali Koreyanın birbaşa ABŞ-ın təhlükəsizliyinə təhlükə törədəcəyi haqqında verilən bəyanatlar və ekspert şərhləri yumşaq desək, həqiqətə uyğun deyil, ancaq onun öz qonşuları, ilk növbədə canı canından, qanı qanından olan ən böyük düşməni Cənubi Koreyaya istənilən pisliyi eləməyə qadir olması heç kimdə şübhə doğurmur. Axı, Cənubi Koreya indi şimaldakı həmvətənlərini təkcə tarixi düşmənçiliyə görə yox, həm də öz sürətli inkişafıyla qıcıqlandırır. Kim Çen İnin nüvə sınaqlarını dayandırması və nüvə poliqonunu bağlamasıyla bağlı verdiyi qərar artıq ciddi hadisədir və yüksək səviyyəli danışıqlar başlamamış belə bir qərarın verilməsi düşünmək üçün xeyli suallar yaradır. Dünyaya iqtisadi ağalıq eləmək yolunu tutmuş və son vaxtlar bundan dolayı üzləşdiyi çətinliklərdən qurtulmaq üçün Çin təzyiq edirmi? Ölkə islahatlara gedirmi? Ölkə batırmı? Yoxsa, 70 ildir ölkəni fəlakətə sürükləmiş baba-oğul-nəvə triosunun sonuncu nümayəndəsinin özü də artıq onun çoxdan batdığının fərqinə varıb? Suallar çoxdur, ancaq prosesin uğurlu yekunu məhz axırıncı sualın dərk edilib-edilməməsindən asılı olacaq.

İyunun 12-də gerçəkləşəsi görüşün ilk mərhələsi Şimali və Cənubi Koreya liderləri arasındakı görüşlə başladı. Aprelin 27-də hərbisizləşdirilmiş zonada yerləşən sərhəd Pxanmunca kəndində baş tutan bu görüş həm də onunla əlamətdar idi ki, Şimali Koreya lideri Kim Çen İn 1953-cü ildən, yəni Korey müharibəsi başa çatandan sonra Cənubi Koreyaya keçən ilk Pxenyan lideri kimi adını tarixə yazdı. Həmin görüşdən sonra imzalanan sənəd "Sülh, əməkdaşlıq və Koreya yarımadasının birləşməsi haqqında" Pxanmunc" deklarasiyası adlanır. Ancaq görüşdə iki tərəfli münasibətlərlə bağlı xeyli məsələlərin müzakirə edilməsinə baxmayaraq, onun əsas mövzusu heç şübhəsiz ki, Trampla Kim Çen İnin gözlənilən danışıqlarıyla bağlı olub.

Xatırladaq ki, Cənubi Koreya yuxarıda sözügedən müharibənin sonunda bağlanmış sülh müqaviləsini imzalamaqdan imtina etdiyinə görə bu iki dövlət 68 ildir ki, rəsmi olaraq müharibə vəziyyətindədirlər. Elə dərinə getsək, faktiki də belədir. Ancaq buna rəğmən zaman-zaman bu iki ölkə arasında yüksək səviyyəli görüşlər və müxtəlif səviyyəli təmaslar nadir hallarda da olsa baş verib. Hətta Kim Çen İnlə Cənubi Koreya prezidenti Mun Çje İnin bu sonuncu görüşü ən yüksək səviyyədə keçirilən üçüncü görüşdü.

ABŞ prezidenti Donald Trampın Şimali Koreyayla bağlı heç bir Amerika prezidentinin nail olmadığı diplomatik uğura imza atması şübhəsiz, böyük qələbədir. Xüsusilə görəvinə başladığı gündən daim tənqid, tənə və kompromat hədəsiylə üz-üzə qalmış bir prezidentdən ötrü. Görünür, məhz buna görə də Miçiqan ştatında öz tərəfdarlarından ibarət böyük kütlə qarşısında çıxış edən Tramp alqış sədalarından xeyli təsirlənərək ora toplaşanlara dərin minnətdarlığını bildirib. Tramp Şimali Koreya lideriylə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı bunu da söyləyib ki, bu görüşün necə qurtaracağı, nələrə nail olunacağı onun özünə də bəlli deyil. "Amma bir şey aydın oldu ki, biz oyun oynamırıq. Cəmi üç-dörd ay bundan qabaq bu sahədə necə biabırçı vəziyyətin hökm sürdüyünü xatırlayırsınızmı?" Onun cavabı özündə olan bu sualından sonra kütlə "Nobel!", "Nobel!" - deyə bağırmağa başlamış, Tramp da elə bu məqamda kövrəlmişdi.

Ola bilsin ki, kütlə haqlıdır. Şimali Koreya siyasətindəki uğur Trampı Nobel mükafatına qovuşdura bilər. Niyə də qovuşdurmasın? Axı, indiyə kimi Ərəb - İsrail konfliktinin həlli yolundakı böyük xidmətlərinə görə görün neçə nəfər bu ödülə layiq görülüb.

Konfliktsə ildən-ilə şiddətlənməkdə davam eləyir.

ANALİTİK XİDMƏT