adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 May 2018 12:46
10000
MƏMLƏKƏT
A- A+

«NAZİRDƏN QUZU İYİ GƏLƏR»

Bu fikri qubalı fermerlə görüşündə kənd təsərrüfatı naziri İnam Kərimov səsləndirib

Sirr deyil ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən həmişə böyük dəstək olub. Və bu dəstək həm maddi cəhətdən, həm də mənəvi cəhətdən həyata keçirilib. Ancaq gəlin onunla razılaşaq ki, dövlətin kənd təsərrüfatının inkişafına ayırdığı milyonlarla vəsait bir çox halda təyinatı üzrə xərclənməyib və ilkin mənbəyə gedib çatmayıb.

Hansı ki, hər bir fermerə, hər bir kənd adamına kənd təsərrüfatı işləri görülməsi üçün subsidiyalar və güzəştli yanacaq, gübrələr verilir. Amma bu vəsaitlər çox vaxt ayrı-ayrı şəxslərin maraqlarına və mənafelərinə uyğun olaraq diqqətdən yayınıb. Yəni başqa sözlə demiş olsaq, «Aqrolizinq» xəttiylə kənd təsərrüfatına ayrılmış vəsaitlər onun rayondakı rəhbərləri tərəfindən bir çox halda təmənnalı olaraq fermerlərə paylanılıb.

Artıq bir neçə ildir ki, ölkəmizdə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, heyvandarlığın inkişafına dövlət səviyyəsində «yaşıl işıq» yandırılıb. Və bu da az-çox nə qədər bürokratik əngəllər yaratsa da, nə qədər kimlərsə əyri yol tutsa da yenə öz bəhrəsini verə bilib. Məsələn, 2017-ci ildə ölkədə 2016-cı ilə nisbətən daha çox pambıq istehsal edilib. Özü də bu pambıq əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur. Bununla yanaşı, baramaçılıq sahəsində də əməlli-başlı dirçəliş və inkişaf hiss olunur.
Azərbaycan prezidenti bir daha kənd təsərrüfatı sahəsində keçirilən müşavirədə bildirib ki, şərabçılıq da sürətlə inkişaf etdirilməlidir. Deməli, qeyri-neft sektorunun yüksələn xətlə inkişaf etməsi üçün ölkə prezidenti, dövlət tərəfindən çox böyük köməklik göstərilir.

Ötən illərin nəticəsi göstərir ki, bir çox rayonlarda fəaliyyət göstərən aqrolizinqlər heç də qənaətbəxş işlər görməyiblər. Başqa sözlə demiş olsaq, onlar özlərinə yaxın və isti münasibətdə olan iri fermerlərə arxa durublar, kömək göstəriblər. Yəni traktor lazım olanda ilk növbədə yüz hektarlarla sahəsi olan fermerlərə veriblər. Taxıl biçimi zamanı yenə bu «ənənə» davam edib. Yenə kombaynlar həmin imkanlı fermerlərin taxıl sahələrinə göndərilib. İmkanı olmayan fermerlərin isə taxılları ya gec biçilib, ya da yağan yağış və dolu o taxılın böyük hissəsini sıradan çıxarıb. Və nəticədə imkansız fermer növbəti mövsümdə əkin zamanı maddi cəhətdən sıxıntılar yaşayıb. Onun əldə etdiyi məhsul heç maya dəyərini çıxarmayıb.

Onu da qeyd edək ki, uzun müddət kənd təsərrüfatına ayrılmış vəsaitlərin şəffaflığı da ötən illərdə kifayət qədər yüksək səviyyədə təmin edilməyib. Bu isə istər-istəməz sosial ədalətsizliyə gətirib çıxarıb və bir çox halda imkansız fermerlərdə ümidsizlik yaradıb.

Ancaq yaxın vaxtlarda ölkə prezidenti cənab İlham Əliyev tərəfindən İnam Kərimovun kənd təsərrüfatı naziri təyin edilməsi sözün həqiqi mənasında imkansız fermerlərdə çox böyük inam yaradıb. Ən azından ona görə ki, İnam Kərimov gəncdi, savadlıdı və «Asan Xidmət»də fəaliyyət göstərərkən ölkədə heç yerdə olmayan şəffaflığı və ədaləti bərpa edərək qoruyub. Məhz bu da gənc nazirə inamı bir qədər də artırır.

O, kənd təsərrüfatı naziri kimi Qubaya fermerlərlə görüşə gedib. Və orda qubalı fermerin qoyunçuluq təsərrüfatına baş çəkib və təsərrüfatla maraqlanıb. Və orda da qoyun sürüsünün arasından bir quzunu götürüb qucağına alıb. Bu görüntü bütün sosial şəbəkədə geniş yayılıb və fermerlər tərəfindən maraqla qarşılanıb. Nazir qubalı fermerlə görüşündə deyib ki, «nazirdən quzu iyi gələr». Bu söz həddindən artıq çox səmimi səslənir. Ona görə səmimi səslənir ki, bir çox nazirlər rayona əhaliylə görüşə gedəndə seçilmiş insanlarla söhbət edirlər. Yəni əvvəlcədən bu adamlar müəyyənləşdirilir və sonra da söhbətlər edilir. Təbii ki, bu cür söhbətlərin nə dərəcədə qeyri-səmimi olduğunu həmin görüşdə iştirak edən insanlar daha yaxşı bilirlər. Amma nazir İnam Kərimovun qubalı fermerlə səmimi söhbəti və həmin fikri səsləndirməsi bir daha onun nə dərəcədə sadə insanlara doğma və yaxın olduğuna dəlalət edir.
Hansı ki, bəzi nazirlərdən quzu iyi yox, pul iyi gəlib. Və onları bir çox halda sadə, zəhmətkeş adamların yaxşı dolanması deyil, özlərinə yaxın imkanlı fermerlərin normal yaşaması düşündürüb. Çünki həmin o pul iyi gələn nazirlərin bir əli o imkanlı fermerlərin kürəyinin arxasında olub.

Və bir də kim olursan ol, xalqa yaxın olmalısan və olduğun kimi görünməlisən. Olduğun kimi görünməyəndə, səndəki sünilki və qeyri-təbiilik elə həmin an üzə çıxır. İstəyirsiniz buna inanın, istəyirsiniz inanmayın. Sadəcə olaraq, mən bir yazar olaraq gördüyümü deyirəm.

Ötən əsrin 90-cı illərin əvvəllərində rayonların birində bir başçı varmış. O gəlir fermaya, bir-bir ferma müdirindən soruşur ki, bu heyvanlar necə adlanır. Ferma müdiri də deyir ki, bu buzovdu, bu danadı, bu inəkdi, bu da buğadı. Başçı buğa sözünü heç cürə başa düşmür. Axırda kimsə zarafatla yerindən dillənir ki, müəllim, yəni inəyin əri. Başçı da gülür və dillənib deyir: - Əşi, tay belə deyin də! Deyin ki, bu inəyin əridi.

Neyləmək olar ki, kənd təsərrüfatını bilməyən, danayla buğanı ayırmağı bacarmayan adamlar da bəzən irəli çəkilirlər. Və onda irəli çəkiləndə bax belə hər şeyin yeri səhv düşür. Üstəlik də yaxşı iş bilən qalır kənarda, nadanı gətirib oturdurlar yuxarı başda.

Və bu gün ölkəmizdə kənd təsərrüfatını yaxşı bilən, saç-saqqalını bu yolda ağardan çoxlu sayda təsərrüfat adamları var. Ola bilər ki, onların ali savadı, dünyagörüşü bir o qədər yetərincə olmasın. Amma onlar pambıqçılığı, baramaçılığı, tütünçülüyü, çayçılığı, üzümçülüyü, heyvandarlığı beş barmaqları kimi bilirlər. Bəzən görürsən ki, hər şeyi beş barmağın kimi bilən bu cür adamlara vəzifədə əyləşən və heç nədən xəbəri olmayan şəxslər «dərs» demək istəyir. Və bu «dərs» də heç vaxt öz effektini göstərməyib.

O mətləbin üstünə qayıtmaq istəyirik ki, bu gün yeni kənd təsərrüfatı naziri İnam Kərimov sözün həqiqi mənasında kənd təsərrüfatı sahəsində islahatlar eləmək istəyir. Və bir neçə gənc kadrı da artıq yanına gətirib. Təbii ki, bu yeniliklər tək bir insanın əliylə həyata keçirilə bilməz. Çünki yerlərdə mövcud olan köhnə streotipləri, köhnə kötükləri ordan uzaqlaşdırmaq və yeni ab-hava yaratmaq elə də asan deyil.

Bizə elə gəlir ki, gənc nazir ilk addımlarıyla təmiz, obyektiv, ədalətli və vicdanlı adamlara «yaşıl işıq» yandırır. Və bu «yaşıl işıq» o deməkdir ki, ölkədə bir müddətdən sonra kənd təsərrüfatı sahəsində bolluq olacaq və ucuzluq yaranacaq. Hər bir zəhmətkeş fermer isə öz halal haqqını alacaqdı…


Faiq QİSMƏTOĞLU