ANA SƏHİFƏ / YAZARLAR

Market... Çirkli un... Təmiz qız... - Emin Akif yazır

10471    |   2018-05-15 12:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İşsiz qaldığım günlərin sonu gəlmişdi. Məhəllə dükanlarının birində işə düzəlmişdim. Uzun bir piştaxtanın arxasında cürbəcür çərəzlər, un, düyü, buğda kimi şeylərin satışına baxacaqdım. Amma mənim istədiyim iş bu deyildi. Yazmağa ehtiyac duyandan, yazmağa başlayandan həmişə arzum bu idi ki, yazı-pozu ilə məşğul olum, bu mühitin içində olum. Lap vərəq daşımaq olsun. Nə isə. Məni işə götürəndə demişdilər ki, sənin işinin adı səhər saat 8-dən axşam saat 11-ə kimi bu piştaxtanın arxasında satıcılıqdı. 250 manat da maaş alacaqsan.

Əynimi yaxşıca geyinib birinci iş günümə tələsdim. Qapının ağzında yük maşınları dayanmışdı. Biri meyvə-tərəvəzlə yüklənmişdi, o biri un kisələri ilə. Qapıya çatanda mal qəbulunda işləyən kişi məni tanıdı.

- Hə, dünən gələn oğlansan sən... Gəl, uşaqlarla birlikdə bu malları içəri daşımağa kömək elə. Kömək deyəndə ki, işinin adı budur da bə. Daşı.

Dilimi dişlədim.

Axı, mənə bunu deməmişdilər. Özlüyümdə qəzəbləndim, hirsimi biruzə vermədim. Dedim, bəlkə daşıya bildim. Bəlkə belimdəki zədə imkan verdi bu ağır şeyləri daşımağa. İkinci un kisəsində elə bil, belimdə vərəq cırıldı. Belimlə bərabər şalvarım da... Dayandım. Bu iş mənlik deyildi.

- Məllim, mən daşıya bilmirəm.

- Necə yəni daşıya bilmirəm?

- Belimdə zədə var da.

- Belində zədə varsa, burda nə işin var ə?

- Ay məllim, məni işə götürəndə deməmişdilər ki, bunca ağır yük daşıyacaqsan. Bunun üçün fəhlə var.

- A kişi, mən bilmirəm. Get, müdirlə danış.

Getdim müdirin otağına. Dedim ki, mən bu ağır yükləri daşıya bilmirəm. Axı, mən sizinlə belə danışmamışdım. Müdirsə qadın idi. Deyəsən, ciddiyətimi başa düşdü. Bəlkə də qadınlığına salıb ürəyi yumşaldı. Onda yüngülləri daşımağa kömək edərsən – dedi, indisə keç piştaxtanın arxasına, tapşıracam, qızlardan biri gəlib sənə işinin nə olduğunu başa salacaq.

İçim biraz rahatlaşdı.

Beləcə, mən birinci gün gah tərəzidə qiymət qəbzlərini səhv vurdum, gah da xurma növlərini səhv saldım. Birinci gün elə də yüngül keçmədi. Ayaqüstdə dayanmaqdan dabanlarım göynəməyə başladı. Elə bil, dabanlarımda fındıq bitmişdi.

15 saat bir yerdə dayanmaq, müştərilərin nazını çəkmək asan deyil. Uzun piştaxtanın arxasında təkbaşına isə heç asan deyil.

İkinci günün səhəri işə yaxşı ab-hava ilə başladım. Özüm üçün mistika da uydurmuşdum. Evdən çıxanda anama dedim:.

- Mama, mobil nömrəmdə iki 85 var, işə getdiyim avtobusun nömrəsi 85-di, işlədiyim yer Naxçıvanlılarındı. Bnu təsadüfdür, yoxsa?!

Anamsa sadəcə gülümsəyirdi. Sevinirdi ki, aylarla pul girməyən evimizə nəhayət ki, maaş gələcək.

İkinci gün mənə bu işin bicliklərini öyrətməyə başladı həmin qız. Qız danışdıqca qaşlarını oynadır, nazik barmaqları ilə işarə edirdi. Lap drijor kimi. Qıza hayıl-mayıl olmuşdum. Dərisi o qədər ağ idi ki, un kisəsinin içinə salıb çıxartsan, bilməzsən unlu olduğunu. Qızın səsini eşitmək üçün tez-tez yanıma çağırırdım, guya nəyisə bilmirəm.

- Bax, bu xurmaları tez-tez alt-üst elə, köhnələri üstə yığ, təzələri alta. Sonra əgər çəkiylə un istəsələr, yerə dağıtdığın unları israf eləmə. Sakitlik tapan kimi yığ, boşalt həmin kisəyə. Düyünü də, buğdanı da, şəkəri də eləcə.

- Niyə? Axı, çirkli unu camaata necə satım?

- Satacaqsan. Sənin yerə tökdüyün un ayın axırı maaşından tutulacaq.

Müştəri yaxınlaşdı.

- Mənə bir kilo təmiz buğda ver!

Buğda olan qaba yaxınlaşdım, çömçəni buğdaya vurmuşdum ki, elə bil, buğdalar cana gəldi, yeriməyə, qaynaşmağa başladılar. Özüm də duruxdum, elə müştəri də.

- Bu nədir? Bunu bit basıb ki?!

Özümü itirmədim.

- Xanım, bu bizim müştəriyə hədiyyəmizdi.

Bərbad zarafat idi, bilirəm.

- Axırıncı dəfə olsun ki, bu dükandan nəsə alıram. Açıqda olan mallarınız belədirsə, gör indi bağlı olanları nə gündədi.

... deyib qışqırdı.

- Bura baxan var? Hardadır adminstratorunuz?

Aləm dəydi bir-birinə. Admin bir yandan, müdir bir yandan tökülüşdülər. Bu bitli buğda mənim başımda təmizlənəcəkdi, bilirdim. Qadını birtəhər dilə tutub yola saldılar, amma bütün günü haqlı-haqsız danlaq eşitdim. Haqsız idilər, ona görə ki, buğdanı onlar alırlar, mən satıram. Haqlı idilər, ona görə ki, mənim buğdanın hər bitindən xəbərim olmalı idi.

Nahar vaxtı gəldi. Tualetin yerini soruşdum. Sən demə, tualet mətbəxin düz içindəymiş. Tualetin qapısı düz yemək bişirilən yerin yanındaymış. Yemək yediyimiz masa anbarın tən ortasındaymış. Malların çeşidlə yığıldığı uzun rəflərin bir tərəfində qızlar əynini dəyişir, o biri tərəfində kişilər. Yemək masasına 2-3 addım yaxında müdirin masası var. Bu nə qarışıq, pinti iş yeridir.

Üçüncü gün diqqətimi çəkən şey məni iş yerindəki yeməkdən soyutdu. Yemək bişirən xala tualeti təmizləyirdi. Mətbəxə girəndə gördüm ki, qadın əllərini yumamış yeməyi qarışdırır. Diksindim...

Bayram ərəfəsi bu piştaxtadakı vur-çatlasını heç yerdə görə bilməzsiniz.

Qəfil bir müştəri belə olmur. Bir də görürsən, iyirmisi birdən girir içəri. Bayramda hamı çərəz-çürəzə meyl edir. Təkbaşınasan. Biri deyir, 150 qram qoz ver, biri deyir, 200 qram xurma çək. Elə ki, 300 qram gəldi, 100 qramın götüzdürür. O deyir, un çək, bu deyir, düyü. Təkbaşına həm müştəriyə qulluq edirsən, həm də boşalan düyü qablarını, un qablarını doldurursan. Biraz boş vaxt tapan kimi piştaxtanın arxasında kafelin üstünə kardon sərib oturmaq kimi ləzzətli şey yoxdur. O da ki, nəzarətçi gəlib barmaq eləməsə.

Üzbəüzdəki qəssaba paxıllıq çəkirdim. Zalımın balası özü də qırmaqdan asılan mal cəmdəyi kimi iri idi. Ətdi də. Çox adamın ət almağa imkanı olmur axı. Gələn düyüyə, makarona, una gəlir. Sənin heç ayaqüstdə boş bekar durmağına 100 manat azdır, nəinki bütün bu işləri görməyinə, 15 saat keçi kimi dıbrımağına, səhər fəhlənin işini görməyinə, üstəgəl, ayda iki gün istirahət etməyinə 250 manat hardan çatsın?!

Ən çətini isə savadın ola-ola, istedadın ola-ola orta məktəbi bitiən kimi iş dalınca qaçan adamlara birgə işləmək çətindir. Ən adi şeyləri belə başa sala bilmirsən onlara. İnanın, çətin olur. Məsələn, satıcıya deyirsən ki, sən fəhlə deyilsən, buranın fəhləsi var, maaş alır işinə görə. Qayıdır ki, əşşi, işdi, nə desələr onu da elə də.

Yaradıcı adam bu qəfəsdə tez boğulur. İş insanın cövhəridir deyirdi atam. Öz canını işə satdı. Əsəb, yol yorğunluğu, biznesi böyütmək həvəsi. Axırda 55 yaşında infarkt oldu. İnsan əzabı həzm edə bilmir. Sadəcə içinə atır. Qalaq-qalaq yığılan problem, əsəb, əzab insanı yeyib bitirir. Biz həmişə daha çox qazanmaq istəyirik, daha çox yemək istəyirik. Bunun üçün də nələri qurban vermirik ki?!

Bu iş yerinə çox tab gətirmədim. Amma axırıncı gün...

... bizi ərzaq yığılan rəf ayırırdı. Paltarımı dəyişəcəkdim. Amma o ağ qız hələ gəlməmişdi. Gözlədim. Qız gəlib pərdəni aralayıb rəfin o üzünə keçən kimi mən də rəfin bu tərəfindəki pərdəni aralayıb paltarımı dəyişməyə girdim. Makarın, un, düyü kisələri o qədər sıx yığılmışdı ki, rəfin o olan tərəfi görünmürdü. Kisənin birini azca, ehmalca yana sürüşdürdüm. Balaca bir deşik açıldı. Qızı görmək üçün əlimdən gələni edirdim. Günahdı, haramdı... belə şeylər vecimə deyildi. Mənə bu çirkabın içində saf nəsə axtarırdım. Çörək kündəsinə bənzəyirdi, təzə yoğrulmuş xəmirə.... Arzuma çatdım, içimdə mənəvi boşluğu doydurmuşdum bu xəmir kündəsi ilə. Düşünürdüm ki, bəlkə bu çörəyə görə işdən çıxmayım, cəhənnəmə dözərəm.

Amma axırıncı dəfə bir düyü sortunun dörd düyü növü ilə camaata satıldığının şahidi oldum və qızdırma içində, belimdəki ağrılarla evə qayıtdım, bir də işə getmədim.

Səhərsi təzə-təzə dostlaşdığım, özünü tənqid etdiyim, amma bu tənqidi normal qarşılayan Ləman Ələşrəfqızı mənim saytların birində köşə yazmağıma şərait yaratdı Bu mənim mətbuata gəlişimin ilki idi.



İmza:

YAZARIN ARXİVİ

2018-10-16 : KONSULLUQDA QƏTL
2018-10-16 : MERKEL UDUZUR
2018-10-16 : İLLÜZİYA
2018-10-16 : Maşallah Məftun
2018-10-16 : Düşüncələrim
2018-10-16 : İmtahan
2018-10-12 : KONSULLUQDA QƏTL
2018-10-12 : SÖZÜN SEHRİ
2018-10-11 : Adsız yazı
2018-10-09 : QARTALI SEVMƏK
2018-10-04 : VƏTƏN
2018-10-04 : Xalq şairi
2018-10-02 : Ürəyimdə mən
2018-10-01 : TƏBRİK
SON XƏBƏRLƏR
2018-10-16
2018-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK