ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Geriyə yol varmı...

4721    |   2018-05-14 23:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nemət Veysəlli

(əvvəli ötən saylarımızda)

"Təpəl" ailəmizin bir üzvü idi, o, həm də bizim çörək ağacımızdı. Bıçaq kəsməz qatığını, südünü aparıb Martunidə, Cartazda satırdım. Satdığım ağartıların hesabına əldə etdiyim pul ilə ilk növbədə çörək alırdım, bazarlıq edirdim.
Balaca qardaşlarım - Nizami, Səməd axşamdan bilirdilər ki, mən səhər-səhər Martuniyə gedəcəm, apardıqlarımı - yumurtanı, toyuq-cücəni, qatıq və südü satıb bir torba çörək alacam. Gün üfüqdən qalxan kimi hər ikisi ayağa qalxırdı, evimizin ikinci mərtəbəsinə qalxan pilləkənlərin sonuncu pilləsində qoşalaşıb intizarla mənim bazardan nə vaxt gələcəyimi gözləyirdilər. Məni həyətimizin ayağında, el yolundan qalxan görəndə yerlərindən qoparılırdılar, ayaqları bir-birinə dolaşa-dolaşa üstümə qaçırdılar. Yol boyu Martunidən alıb gətirdiyim "bomba" çörəyini parça-parça edib ağızlarına təpirdilər.
"Təpəl" ailəmizə, bizə başqa bir əlamətlərinə görə də əzizdi. Anam atamla ailə quran zaman (1932) "Təpəl"in ulu, lap ulu nənəsini ona cehiz vermişdilər. İllər keçmişdi, ulu "Təpəl"dən doğulub-törəyənlərin sayı da artmışdı. İndi mənim nazını çəkdiyim, gecə-gündüz qayğısına qaldığım "Təpəl" həmin nəslin sağ qalmış yeganə yadigarıydı.
O çətin, hər şeyin qıt zamanlarında Veysəlli bağları hərəyə bir cür xidmət edirdi. Ot, alafından mal-qara qidalanırdı. Bağlardan toplanan ağac qurusu, kötüklər sobalarımızı qızdırırdı. Həsən, Vəli və Alı Rzayev qardaşlarının, Astan kişinin, Məşədi Eyvazın bağlarındakı çoxsaylı tut ağacları yay vaxtı çırpılardı, analarımız həmin ağaclardan dərilmiş tutdan bəhməz düzəldərdilər. Meyvə ağacları seyrək yerlərdə iri, böyük ərazini zəbt edən böyürtkən kolları vardı. İri salxımları ilə yanaşı, dənələri qoz boydaydı. Böyürtkən mürəbbəsi bir yana, üstəlik də kasaya atdıqlarımızın üstünə duz tökürdük, ağzımızı marçıldada-marçıldada şirin-şirin yeyirdik. Üst-başımız cırmaq, dizlərinə tikan batdığını özünə sığışdırmayanlar isə bizə həsrət-həsrət baxırdılar.
Payızın axırlarında, Qarabağa sərt qış gələndə, bağların məhsulu sovuldumu, bir də görürdün, haradansa, lap uzaqlardan ucu-bucağı kəsilməyən qara qarğa sürüsü uçub gəldi Veysəlliyə. Onlar ağacların çılpaq budaqlarının üstündə qatarlanırdı. Beş, on dənə deyildi ha, yüzlərlə, minlərcə idi. Görünür, kənddə qara qarğa ətinin həvəskarları da çoxdu. Vallah, gecənin bir aləmində, bağlara bir vəlvələ, vurhavur düşürdü ki, gəl görəsən. Qarğalar yetişmiş, saplağı dibindən boşalmış iri armudlar kimi tappatapla yerə düşürdü.
Hər adamı bağlara keşikçi qoymurdular. Belə adamlar kolxoz idarə heyətinin xüsusi süzgəcindən keçirilirdi. Keşikçi təyin edilən şəxslər xüsusi statusa, əxlaq kodeksinə malik olmalıydılar. Ağsaqqal, gözü-könlü tox, namuslu, qeyrətli... Bağların keşikçiləri az qala kolxoz sədrinin, maşın-mexanizmi üzrə baş mexanik, ferma müdirinin, kənd sovet sədrinin, məktəb direktorunun statusuna bərabər tutulurdu.
Kənd camaatı, uşaqlar daha buna öyrəşmişdilər. Hər il, eyni adamlar, növbə ilə bu "vəzifəyə" təyin edilirdilər. Qara Həsənov, Balaş Mustafayev, Mirzə və Gəray Sadıqov qardaşları. Bağlara keşikçi olmaq lotoreyası bəzən təsadüfi adamlara da düşürdü. Belə təyinatlar nadir hallarda baş verirdi. Yadıma düşən və düşməyən adamlar arasında mülayimi, insanları yola verən, zalımı və qəddarı da çoxdu. Elələri vardı, adi uşaq təbəssümünə görə bütöv, üstü barla dolu ağacı göstərirdi və deyirdi: "ürəyin nə qədər istəyir yığ, qoyun-qoltuğunu da doldur, qurbandı sənə". Eləsi də vardı ki, bir salxım üzüm, beş-on almaya, nara görə sənin yumşaq yerlərini, kürəyini yaş çubuqla çubuqlayırdı, sonra da bunların yeri günlərlə göynəyirdi. Hələ üstəlik "Uşaqları kolxoz malını taladığına görə" analarını kolxoz idarə heyətinin iclasına çağırırdılar.
Qayıdıram bayaqkı söhbətimin üstünə. Çünki Veysəlli bağlarına çox adamlar, ailələr göz dikmişdi. Bağlar sanki böyük bir ərzaq, əxlaq və mənəviyyat mərkəziydi. Buradan hamıya pay düşürdü.
...Bağlarda bol məhsul olanda, necə deyərlər, keşikçilərin qılınclarının dalı da, qabağı da kəsirdi. Kənd əhalisinin böyük əksəriyyəti onlarla yaxınlıq, ünsiyyət qurmağa çalışırdılar. Özlərinin çox lazımlı vəzifə sahibi olduqlarını hiss edən qoruqçular əyin-başlarına xüsusi fikir verirdilər. Gözəgəlimli papaq, sudan, yağışdan qorunmaq üçün plaş, keyfiyyətli dəri materialından hazırlanmış çəkmə, çiyinlərində də Qaçaq Nəbi kimi, aynalı tüfəng.
Bağlarda məhsul bol olanda - üzüm, əncir, alma, armud, heyva, nar - onların qorxusundan bu həndəvərə heç qanadlı quş da səkə bilməzdi. Məhsul yetişəndə, aşıb-daşanda bağ təsərrüfatı xüsusi qaydaya keçirdi. Bağlar səltənətinə girmək istəyən hər kəs gərək mütləq sədrindən buraxılış kağızı alaydı. Əlahəzrət kolxoz sədrinin imzası ilə əgər əlində kağız parçası vardısa, sahələrə girə bilərdin. Qaryagin rayon rəhbərlərinə, kolxoz sədrinin ailəsinə mer-meyvə tədarük ediləcəkdisə, bu əməliyyatlar mütləq gecələr həyata keçirilirdi. Yadıma gəlmir ki, günün günorta çağı rayon rəhbərlərinə, ya da kolxoz sədrinin evinə pay-püşt, ya da sovqat göndərilsin. Bu haqda arada-bərədə, camaat arasında söz-söhbət dolaşardı. Həqiqətdə isə mən belə halların şahidi olmamışam.
Etiraf edirəm, ayda-ildə yolu bir dəfə Veysəlli bağlarına düşənləri növbənöv üzümlə, sineyvaz yemişlə, ala qarpızla qonaq edirdilər. Amma, hər addım əndazə çərçivəsindəydi. Harınlıq, xalq malına nümayişyana xəyanət, talançılıq yoxdu. Belə eləsəydilər ha, vallah, çəkib adamın dərisini boğazından çıxarardılar.
Heç kəs düşünməsin ki, mən veysəlliləri Azərbaycanın başqa bölgələrindən, kəndlərində yaşayan insanlardan fərqləndirmək istəyirəm. Həqiqətən, mən bu fikirlərdən çox-çox uzağam... Ağlım kəsəndən bizim kənddə al-verə, alıb-satmağa meyilli adamlara rast gəlməmişəm. Martuninin dağ kəndlərinin erməniləri tez-tez kəndimizə gəlirdilər. Dərzi maşınları da qalın palanlı eşşəklərinin belində, tanış azərbaycanlı kirvələrinin evində aylarla lövbər salırdılar. Camaata xəbər göndərirdilər ki, bəs kəndə usta, dərzi gəlib.
Ayrı səhnələri də görmüşəm. Masası, çəkici, ulağının noxtası da əlində kəndi başdan-başa gəzib dolaşırdı:
- Ev tikirəm, dülgər işləri görürəm, bənnalığı da bacarıram. Köhnə evlərin pilləkənlərini, damlarını da təzələyirəm. Ay, hay... ustalıq edirəm...
Ağdamdan bizim tərəflərə yaxın şenliklərindən - İsmayılbəylidən, Muradbəylidən, Abdal Gülablıdan da mer-meyvə, nubar tərəvəz məhsulları - alma-armud, yemiş, qarpız gətirirdilər. At arabası, minik maşını ilə gələnlər də çoxdu.
Sizə onu da deyim ki, uzaqlardan gələnlərlə alver etməyə hər ailənin imkanı yoxdu. Ustaya, dərziyə, dəmirçiyə də az adam müraciət edirdi. Kənd camaatının həyət-bacası kifayət qədər genişdi, bərəkətli torpaqları vardı. Amma su sarıdan qıtlıqdı. Camaatda elə imkan yox idi ki, o çaya mühərrik qoysun, həyətinə su çəkdirsin. Veysəlliyə elektrik xətti çəkiləndən sonra (1961) artesian quyuları qazıldı, hətta dağların zirvəsindəki evlərə də su xətti çəkildi. Kənddə içməli su məsələsi birdəfəlik həll edildi.
Kənd arasında, camaat içində alver edən adamlara qarşı açıq-aşkar nifrət olmasa da, heç sevgi, məhəbbət də yoxdu. Alver, alqı-satqı kimi vərdişlər bu kənddə bəlkə də ona görə yox idi ki, Veysəlli rayon mərkəzindən çox aralıydı. Yetmişinci illərin axırları, səksəninci illərin əvvəlləri, o vaxt ki, artıq camaat həyət-bacalarında mer-meyvə, kartof, soğan becərirdi, heç o illərdə də qapılarında becərilənləri bazara, dükana çıxaran adamlar yox dərəcəsindəydi. Səngandar qayasında xəbər dolaşırdı ki, hə, kimsə Yal obadan Füzuliyə satmağa pomidor, xiyar aparıb. Bu xəbərin düzgünlüyünü heç kəs təsdiq edə bilmirdi. Yox, yox, mən deyə bilmərəm ki, belə-belə işlərlə məşğul olmaq qəbahətdi, qınaq obyektidi. Sadəcə, mən kəndimizdə alver edən, alış-verişlə məşğul olan adamlara rast gəlməmişəm. Sapsarı saralmış armudlar, qıpqırmızı almalar ağacın budaqlarından yerə düşüb çürüyürdü, amma o təravətli məhsulu vaxtında yığıb bazara aparmırdılar. Bu yaxşımı, pismi haldı, - aydın heç nə deyə bilmərəm. Bəlkə burada ideoloji təbliğat da öz işini görmüşdü, bunları da deyə bilmərəm. Dönə-dönə onu demək istəyirəm ki, kənd içində tək-tük alıb-satmağa meyilli adamlar vardı.
"Alverçi" sözünü üstünə götürənlərə də münasibət birmənalı deyildi. Ölçülər başqaydı. Kəndimizdə çoxlu-çoxlu mənasız və lazımsız adətlər, vərdişlər də mövcuddu.
...Veysəllinin köhnə kişilərinin - Həsənin, Alı və Vəli Rzayev qardaşlarının, Məşədi Eyvazın, Astanın, Qulunun becərdikləri o zəngin bağlar səltənətində əsrlərin, xalqımızın yaşıllığa, torpağa, əkinə münasibətləri audın ifadə olunmuşdu. Elə bil Veysəlli bağlarının ağacları, calaq növlərinin hər birini ayrı-ayrı ölkələrdən, diyardan gətirmişdilər: Təbrizdənmi, Tehrandanmı, Balkan ölkələrindənmi, Ordubaddanmı. Onları bağ üçün ayrılmış sahənin harasında əkilməsinə, torpağa basdırılmasına da xüsusi diqqət, həssaslıq göstərilmişdi. Bağa girirdin, yaraşıqlı, üstü bol meyvəli ağaclar o saat gözə dəyirdi. Onların hündür və yaraşıqlı olması bir yana, həm də münasib yerdə əkilmişdi. Sanki bu ağaclara, almayamı, bedanayamı, əncil və nar topasınamı - bağban əli dəyməmişdi, sanki yerin yeddi qatından çıxmışdı, təbiət özü yaratmışdı. Ətraf ilə, üzüaşağı axıb gedən çayla, təpəliklərlə həmahəng idi.
Qarabağın ucqar bir guşəsində, dağların, qayalıqların, təpəlik və dərələrin qoynunda lövbər salan, cəmi yüz on yeddi evlik kənddə belə bağbanlar necə yetişmişdi? Onlar Veysəlli bağlarında mövcud, cürbəcür növlü ağacların, bitkilərin qəribə ahəngini, landşaftını, onlara necə xidmət etməyi kimlərdən, haradan öyrənmişdilər? Ağaclar, meyvələr sahəyə uyğun yerləşdirilmişdi. Yemişan kolları, göyəm, əzgil, qarellə bağın qıraqlarına səpələnmişdi. Bağ içində, ortalarında bizim başa düşdüyümüz çəpər, hasar deyilən şeylər yoxdu. Həsən kişi ilə Məşədi Eyvazın bağının arasını qara kəhrizin gur axıb gedən suları, o birisini isə göyrüş, nar və əzgil zolağı, yaşıl xətt ayırırdı. Beş-on addımlıq sahədə nə qədər mer-meyvə növləri becərmək mümkündü?
Su quyuları, arxlar və dəyirmanlar da qəribə, planlı şəkildə yerləşdirilmişdi. Dahi memarlar layihələşdirdikləri binaları bütün incəlikləri, ən xırda hissəcikləri nəzərə aldıqları kimi, köhnə bağbanlar da yaratdıqları bağlarda ən xırda məqamları belə nəzərə almışdılar.
Oxuculara hər şey aydın olsun deyə, ümumiyyətlə, bu ağacların, bağların sabiq sovet dövlətinə, kolxoz təsərrüfatlarına heç bir aidiyyatı, qarışacağı yoxdu. O mənada yoxdur deyirəm ki, bu bağlar inqilabdan çox-çox qabaq, xüsusi mülkiyyətin müqəddəs sayıldığı zamanlarda salınmışdı. Azərbaycanda kolxoz təsərrüfatları yaradılanda bağlar müsadirə edilmiş, kolxoz təsərrüfatlarının balansına keçirilmişdi.
Ötən əsrdə, əllinci illərin axırları, altmışıncı illərin əvvəllərində, vaxtı ilə bu bağları yaradan insanların - Həsən, Vəli və Alı Rzayev qardaşlarının, Məşədi Eyvaz, Astan və Qulu kimi yaradıcı kişilərin nəinki özləri sağ idilər, hətta qohum-əqrəbalarının, törəmələrinin də sayı seyrəlmişdi. Tutalım ki, onlar lap sağ qalsaydılar belə, o qarışıq zamanlarda kim idi onların fikirləriylə hesablaşan. İndi zaman ayrı idi, indi dünyada başqa adamlar at oynadırdılar...
Veysəlli bağlarına ilk sarsıdıcı zərbəni kimlər vurdu, ilk zərbə hardan gəldi? Bu suallara cavab vermək üçün minlərlə amili yada salmaq, sadalamaq, minlərlə söz-söhbətə, səbəblərə qol-qanad vermək mümkündü.
Bu bəla, bu isti külək haradan əsdi - Füzulidənmi, Bakıdanmı, bəs haradan? Bəlkə də yüz illərin yaşıllıq, bağbanlıq və əkinçilik mədəniyyətlərini, təcrübə və vərdişlərini qoynunda saxlayan bağlara dəyən zərbənin köklərini heç uzaqlarda yox, elə Veysəllinin öz içində, özlərində axtarmaq gərəkdi.
(ardı gələn sayımızda)



İmza:
SON XƏBƏRLƏR
2018-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
ZAKİR FƏXRİNİN
İSTANBUL SƏFƏRİ

Zakir Fəxri İstanbulda bahalı bir restoranda oturub çörək yeyir. Təbii ki, Türkiyədirsə, süfrədə zeytun da var.
Özünü mədəni göstərmək üçün çəngəllə zeytun götürmək istəyir.
Nə qədər əlləşir götürə bilmir, zeytun çəngəlin altından qaçır. Qarson görür ki, şair çəngəllə zeytunu götürmək üçün əlləşir, əldən düşür, gəlir çəngəli zeytuna batırıb verir Zakirə.
Şair pərt olsa da özünü sındırmır, deyir:
- Mən onu qovub yormasaydım, tuta bilməzdin.




digər lətifələr
ARXİV
FACEBOOK