Adalet.az | FİKRİ, HİSSİ SÖZƏ ÇEVİRƏN ADƏM Adalet.az | FİKRİ, HİSSİ SÖZƏ ÇEVİRƏN ADƏM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

FİKRİ, HİSSİ SÖZƏ ÇEVİRƏN ADƏM

Oxucu dünyasına yolun açıq olsun

7006    |   2018-05-14 17:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən mütaliə etdiyim hər bir kitabın mənə verəcəyi təbii ki, həm də digər oxuculara bağışlayacağı zövqü, duyumu, ən əsası isə düşünüb nəticə çıxarmaq imkanını öncədən gözümün önünə alıram. Yəni istəyirəm ki, oxuyacağım istənilən bir kitab mənə nə isə qazandırsın. Mən ondan nəyisə götürüm. Bax, bu mənada daha çox şeir kitabları ilə, poeziya nümunələri ilə baş-başa qaldığımdan imza sahiblərindən də bunu umuram, bunu gözləyirəm. Elə son günlərimin həmsöhbəti olan "Bir röya həsrətində..." adlı əlyazmalarından ibarət toplunu başa çıxanda anladım ki, müəllif bu kitabı vasitəsilə mənə təkcə fikirlərini yox, həm də yaşantılarını, gördüklərini pıçıldayıb. Onun konkret ünvanlara, gəzib gördüyü yerlərə bir rəssam, bir səyyah və bir az da məftunluq nəzərlərilə baxması dediklərimin əyani təsiridi. Çünki Adəm Asnu öz poetik mənini həmin o dediyim sənət növlərinin və bir də torpağa, məmləkətə vurğunluğun ona verdiyi sevginin işığında cilalayır. Oxuduqca sənə elə gəlir ki, müəlliflə birlikdə sən də bu məqamların hamısını yaşayırsan. Məsələn, "Nəvəmlə oynayarkən" şeirində Adəm yazır:

Elə sual verir, hərdən çaşıram,

Gah sürünüb, gah mayallaq aşıram.

Yaman həlim olub - yumşaqlaşıram,

Həmyaşıd oluram - uşaqlaşıram

Nəvəmlə oynayarkən.

Yəqin ki, bu şeiri oxuyan hər bir oxucu nəvənin evdə baba, nəvə və digər doğmalar üçün hansı mərəkələr qurduğunu dərhal xatırlayacaqlar. Özləri də həmin o şeirdəki təkcə zamanın yox, həm də yaşamın içərisində özlərini hiss edəcəklər. Və elə həmin andaca Adəmin söylədiyi başqa bir məqamla da baş-başa qalmaq imkanı qazanacaqlar. Biləcəklər ki, Azərbaycanın Xocalı dərdi həm də onun qarşısına qisas, intiqam missiyasını qoyubdu.

İntiqam əzmimiz dönməz və qəti,

Ordumuzun hər gün artır qüdrəti.

Düşmən də anlayır bu həqiqəti,

Bürüyür bit-birə canın, Xocalı,

Yerdə qalmayacaq qanın, Xocalı.

Mən bir oxucu kimi Adəmin şeirlərində etirafın xüsusi yer tutduğunu böyük hərflərlə yazardım. Yəni onun demək olar ki, əksər şeir çələngində o sevgini də, vurğunluğu da, torpağa, gözəlliyə səcdəni də etiraf edir. Hər kəsi də öz sevgisini, öz doğma yurduna məhəbbətini dilə gətirməyə həm həvəsləndirir, həm də səsləyir. Məsələn, o yazır:

Həyatın zövqü, mənası,

Yaşamın bir faydası,

Olardımı, ay qadası,

Sən olmasaydın?


Sevincimi kim bölərdi,

Dərdimi kim çözələrdi?

Bu canım çoxdan ölərdi -

Sən olmasaydın!


Ömür-gün yoldaşına ithaf etdiyi və bu qəbildən olan bütün şeirlərində Adəm təkcə həyat yoldaşına yox, mənim duyduğuma, hiss etdiyimə görə, bütün sevgini, birgə həyatı dəyərləndirən hər kəsə bir etiraf mesajı edir. Ona görə də o vurğulayır ki, insan təkcə ad deyil, təkcə hardasa görünən, hardasa oturan, duran, danışan, yeyib-içib gəzən və ümumiyyətlə, Allahın verdiyi bütün qabiliyyətlərdən istifadə edən varlıq deyil, o həm də yaratmaq və düşünmək qabiliyyətinə malik olan bir varlıqdı! Tam mənasında Allah insanı, yəni öz bəndəsinə özündən sonra yaratmaq, qurmaq missiyasını verdiyi ikinci bir canlıdı. Adəm də insanla bağlı düşüncələrini şeirə çevirəndə dilə gətirərkən vurğulayır ki:

Həm ruhən, həm mənən saf, güclü, pak ol,

Köç edəndə qoy desinlər: "Yaxşı yol".

Dünyada "İNSAN" tək adın ki qalar,

Hamı xoş xatırlar, xoş yada salar.

Bax elə əslində insanın həyat kredosu da elə bu olmalıdı. Düşünməlidi ki, onun iki qazancı var: biri rəhmətdi, biri də nifrət! Adəm şeirlərində hər iki mövzunu, yəni insanın hər iki missiyasını peşəkarlıqla qələmə almağı bacarıbdı.

"Bir röya həsrətində..." kitabının müəllifi onu da vurğulamağı unutmur ki, bütün canlılar, bütün varlıqlar ona ayrılmış ömür payını, onun üzərinə qoyulmuş missiyanı yaşayır və yerinə yetirir. Bu aspektdən yanaşanda onda bəlli olur ki, biz hamımız bu dünyada kirəkeşik. Doğrudur, məşhur bayatılarımızda deyildiyi kimi:

Dünya bir pəncərədi,

Hər gələn baxar gedər.

Amma bu gerçəyi "özününküləşdirən" Adəm isə vurğulayıb ki:

Dünya eniş-yoxuş, həyat keşməkeş,

İnsan isə mehman - qonaq, kirəkeş.

Daşıyıb çiynində ömür yükünü,

Hər kəs qonaq qalıb, edir köçünü.

Adəmin şeirlərində təbiət özü də canlı bir şəkildə oxucu qarşısına çıxarılıb. Onun istər doğulduğu Naxçıvana, istər Azərbaycanın digər bölgələrinə sevgisi və bütövlükdə Azərbaycandan aldığı mənəvi zövq o qədər bütövdür ki, onu hissələrə bölmək çox çətindir. Yəni o, istər ölkənin şimalında gördüyü gözəlliyi, istər Lənkəran bölgəsinin özəlliklərini, istər Bakını, istər Şəkini tərənnüm edəndə onun bir şair missiyası oxucuya bu müəllifin hansı bölgənin təmsilçisi olmaq barədə düşünmək imkanı vermir. Oxucu hiss edir ki, şeirin müəllifi məhz qusarlıdı, məhz bakılıdı, məhz qarabağlıdı. Bax, bu da mənim düşüncəmə görə şeirlərin uğurlu alınmasında müəllifin ən yaxın köməkçisi, dəstəkçisidi. Onun yazdığı "Məni özgələrdən soruşma" şeirində də bax, bu çalarlar, özünü təqdimetmədə əyani şəkildə göstərir. Müəllif yazır ki:

Bəlkə sorduqların özü da seçir,

İkimizdən biri qəlbindən keçir...

Mənə elə gəlir ki, şeir yazmaq təkcə misraları, fikirləri bir-birinə uyğunlaşdırmaq, ardıcıl düzmək deyil, bu həm də ağır bir yükə çiyin vermək, o yükün özünün də fikirdən, hissdən, duyğudan ibarət olduğunu anlamaqdır. Məhz bu mənada Adəmin şeirlərində fikir, duyğu, hiss qabarıq görünür, aydın seçilir. Hətta onun kiçik həcmli, yəni dörd misradan ibarət olan şeirlərində də o, fikrə don geyindirməyi bacarır, fikri oxucuya biçimli, anlayıb qəbul edəcəyi səviyyədə təqdim edir. Məsələn, o yazır ki:

Atanın xasiyyəti oğulda da iz salar,

Namərdin bəd niyyəti oğula da irs qalar.

Və yaxud:

Qəlbdə ki, qəm çağlayır,

Gözlərim qəm ağlayır.

Ondan da ağır budur,

Qəlb ağlar, göz qurudur.

Bəli, bütün bu nümunələrdən də göründüyü kimi, "Bir röya həsrətində..." kitabının müəllifi artıq sözün, yaradıcılığın içərisində olan, ədəbiyyatla yaşamağı bacaran bir qələm adamıdı. Ona görə də Adəm yükünü götürdüyü SÖZü bundan sonra da oxucu dünyasına öz yoluyla, öz açdığı cığırla çatdırmağa məhkumdur. Düşünürəm ki, o, bunu artıq özü üçün qərarlaşdırıb. Ona görə də mən Adəmə "yolun açıq olsun!" - deyirəm.

Əbülfət MƏDƏTOĞLU




İmza:
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK