adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 May 2018 17:01
14446
GÜNDƏM
A- A+

100 yaşlı POLİSİM

Düzünü desəm bu yazımı dekabrın 22-si ərəfəsində yazacaqdım. Həmin gün nazir Ramil Usubovun 70 yaşı tamam olur. Hər şey beynimdə hazır idi. Qalırdı kağıza, daha doğrusu kompyuterə köçürmək. Görkəmli şəxsiyyətlərə həsr etdiyim portret yazılarım sırasına biri də əlavə olunacaqdı. Amma Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi günlərində prosesi sürətləndirmək fikrinə gəldim. Çünki Azərbaycan Polisinin 100 ilinin 25 ilinin canlı şahidiyəm. O 25 il ki, ona Ramil Usubov rəhbərlik edib (Naxçıvanda nazir olduğu üç ili demirəm hələ).

Mən tarixçi deyiləm. Düzünü desəm tarix fənnindən, tarix elmindən xoşum da gəlmir. Dəqiq ifadə etsəm, zəhləm gedir. Bir aqilin dediyi kimi: "Əgər tarixdən bütün yanlışlıqları çıxarsaq, elə bilməyin ki, həqiqət qalacaq. Ümumiyyətlə heç nə qalmayacaq”. Tarixə verilən bu tərifi anlayır, yaşlaşdıqca daha dərindən başa düşürəm. Daha doğrusu, tarixi şərait ifadəsi tariximizi üstələyir.

Bir də ki, heç 100 illik olmasaydı da... Dekabrın 22-sini gözləmək nə vacib? Axı mən Qabilin oğluyam. Atamın – Ramil Usubovun da özünə doğma bildiyi bir insanın – sözü yəqin ki, mənimçün qanun sayıla bilər: "İnsanın yaşı dekabrın 31-dən yanvarın birinə keçən gecə artır və təyin olunur, doğum günündə isə başa çatır”. Bu etalonu əsas götürsəm Rami Usubovun artıq 70 yaşı var. Və mənim bu yazımı yazmağım üçün, çap etdirməyim üçün heç də dekabrın 22-sini gözləməyim vacib deyil. Hələ mən beş ay gecikmişəm. Bu gün gələn sözü elə bu gün də yazmalısan. Dekabrın 22-sinə ilhamım başqa yazı da hədiyyə edə bilər.

Qəhrəmanım haqqında üç il qabaq "Ramil Usubov nümunəsi” adlı məqalə yazmışdım. Bilmirəm xoşuna gəlib, ya yox? Xoşuna gəlməyini qoyum qırağa... Acığına gəlsəydi yəqin ki, bilərdim. Təkrar olmasın. Çox dövlət, siyasi-ictimai xadimə – əlbəttə ki, yaxından tanımadığım – yazılarımda atamın baxış bucağından qiymət vermişəm...

HAŞİYƏ: 1994-cü il idi. Atama dəyməyə gəlmişdim. O vaxtlar Prezident Heydər Əliyevin hər bir görüşünü, müşavirəsini, qəbullarını televiziyada yayımlayırdılar. Atam birdən: – Mahir, bu Ramil Usubov kimdir?

– Papa, təzə Daxili İşlər nazirimizdir. Dünən televziyada fərmanını oxuyurdular.

– Bilirəm e... "televiziyada verirdilər”. Mən soruşuram "kimdir”? Heydər müəllim onu yaman tapşırdı e... kollektivə.

– Nə olsun ki?

– Yox e... bərk-bərk tapşırdı. Belə başa düşdüm ki, çox etibar etdiyi, yaxın bildiyi adamdır. O çətin dövrlərdə etibar və sədaqət kriteriyaları hər şeydən yüksəkdə dayanırdı. Onda bu meyarları heç kim dərindən hiss etmir, bilmirdi. İndi ən yeni tariximizin səhifələrini varaqlayarkən belə aydın olur ki, məhz 1994-95-ci ildə respublikada illər boyu hökm sürən dərəbəyliyin qarşısı alınacaq və Azərbaycanın inkişaf tarixi yazılmağa başlayacaq. Bu inkişafın əsasında daxili sabitlik əsas meyar idi. Ramil Usubov belə bir vaxtda Daxili İşlər Nazirliyinin başına gətirildi. (SON)

...Nazir Ramil Usubov da o şəxslərdəndir. Haşiyədə səhv tutmağa çalışmayın. Ramil Usubov sərəncamla deyil, məhz Həmişəyaşar Prezidentimiz Heydər Əliyevin Fərmanıyla bu vəzifəyə təyin edilmişdi.

Həyatımda onu dörd dəfə tanımışam. İki dəfə əyani, iki dəfə qiyabi. İlk dəfə 1997-ci il yanvarın 6-da, atamın Opera və Balet teatrında keçirilən 70 illik yubileyində. Səhnəarxası Heydər Əliyevin ailəmizlə görüşündə o da ordaydı. "Heydər Əliyevlə şair Qabilin zarafatları - 1” sözlərini Yutub-a yazsanız, çıxan videoyaya baxsanız siz də bunun şahidi ola bilərsiniz.

İkinci tanışlığım isə hansısa xarici səfirliyin Milli bayramında – Hyatt Recensi-Naxçıvan mehmanxanasının zalında oldu. Həmkarım Akif Məcidoğlu ilə çəkilişdəydik. O, ön cərgədə dayanıb çıxışçıları çəkirdi. Bu dəm ona yaxınlaşdım. Dedim ki, "ay Syoma, bəs arxada jurnalistlərin çox istədiyi Daxili İşlər naziri Ramil müəllimlə, jurnalistlərin... Milli Təhlükəsizlik naziri Namiq Abbasov dayanıb”. Akif də çəkilişin rəhbəri kimi mənə göstəriş verdi ki, "bəs operatoru götür get onları yaxşı-yaxşı çək”. Mən də o dediyi kimi etdim. Ramil müəllimin əlində bakal vardı. İçində də alma şirəsi. Köpüyündən ayırd etdim bunu. Alma şirəsi, yaxud da ki, pivə. Rəngindən ayırmaq çox çətin idi. Düzdü, indiki əclaf jurnalistlik dövrü deyildi. Onda inanmıram ki, pivəylə meyvə şirəsini bir-birindən ayırmayıb hansısa "siyasi rəng” qata biləydilər. Amma biz AzTV-çilərdə daxili bir senzura var idi. Ona görə də Ramil müəllimə yanaşıb bakalı müvəqqəti də olsa mənə verməyini xahiş etdim. O saat fikrimi tutdu. Bakalı verdi. Operator hər ikisini çəkdi – Ramil müəllimi ürəkdən, Namiq müəllimi isə... Bu dəm nazir Ramil Usubov mənim bu jestimi həmən qiymətləndirib Namiq Abbasova razılıqla nə desə yaxşıdır:

* Namiq müəllim, görürsünüz də AzTV mənə necə hörmətlə yanaşır?

Namiq Abbasov da öz mənfi aurasını önə çəkərək nə cavab versə yaxşıdır:

* Ramil müəllim, bayırda da sizə hörmətlə yanaşacaqlar.

Heç birini yaxşı, yaxından tanımırdım. Hər ikisinı həyatımda sonuncu dəfəydi ki, görürdüm. Nəticəsi? Tədbirdən sonra da yaxınlaşmadım, yaxınlaşmadıq nazir Ramil Usubova. Təəssüratım? Ramil Usubov jurnalistlərin dostudur! Bunu Namiq Abbasovdan yaxşı kim bilməliydi ki?

Əyani tanışlığım bu qədər. Qaldı qiyabi tanışlıq. Əsasən qiyabi tanışlıq əyanidən əvvəl olur. Amma mənimçün son qiyabilik əyaniliklərin hamısından üstün oldu. Nə idi bu qiyabilik? Birinci qiyabilik Baş redaktorumuz, Daxili İşlər nazirliyinin tədbirlərini AzTV-nin Xəbərlər proqramında işıqlandıran, ustadım, Prezidentin fərdi təqaüdçüsü Mülatif Adurovun Ramil müəllim haqqında dediyi yüksək fikirlər idi. İkinci qiyabilik isə... Həəə. Bu yazımın yazılmasına səbəb deyərdim ki, məhz bu qiyabilikdir. Onu sonda deyəcəyəm. Atam Qabilin də gözəl sözü var e... "Qarnım üçün deyiləm, qədrim üçünəm”. Bu fikrin də doğruluğunu Ramil Usubov mənə sübut etdi.

NAZİR

Nazir. Çox böyük vəzifədir. Amma bu vəzifənin özünə də bir qiymət meyarı var. Bu vəzifə də tərəziyə qoyulur. Öz subyektiv fikrimi deyirəm. Yəqin ki, ox atdıqlarım inciməzlər. Daxili İşlər nazirliyi, Müdafiə nazirliyi, Dövlət Təhlükəsizlik xidməti strukturlarını tərəzinin bir gözünə qoyaq. Tərəzinin o biri gözünə isə Mədəniyyət, Turizm, Gənclər, Din, İdman, Qadın, Ailə, Arxiv, Müəllif hüquqları və sairə, ilaxır... Birinci üçlük çox ağır gələcək. Dövlətimiz adını ilk çəkdiyim bu üç strukturun üzərində dayanır. Biz ilk olaraq bu nazirliklərə güvənirik. Yenə subyektiv fikrimi təkrar edirəm – bu üç nazirlikdən irəlidə Daxili İşlər nazirliyi gedir.

HAŞİYƏ: İndiki kimi yadımdadır. 1994-1995-ci illərdə Dövlətdə təmsil olunanlar, nazirlər iki yerə bölünmüşdülər. Bəziləri hegemonluq edərək daxili sabitliyi pozur. Bəziləri isə nəinki

vəzifələrinə uyğun olaraq dövlətinin, vətəndaşlarının hüquqlarını müdafiə edir, hətta öz şəxsi təhlükəsizliklərini belə təmin edə bilmirdilər. Günün günorta çağı Baş Prokurorluğa hücum... DTK-dan məhbusların qaçırılması... Siyasi qətllər... Nə isə. Mövzum bu deyil. O dövrün dırnaqarası vəzifə qəhrəmanlarının "qəhrəmanlıq”larını sadalasam, mövzudan çox kənara çıxmış olaram. Ən yeni tariximizin bu cür qara səhifələri çoxdur. Belə bir dövrdə DİN-in – o nazirliyin ki, tərkibində OMON kimi hərbiləşmiş, siyasiləşmiş bir qurum fəaliyyət göstərirdi– rəhbərliyinə gətirilmək və bu cür tarixi şəraitdə bütün sınaqlardan üzüağ çıxmaq, siyasi iradə, sədaqət, əzmkarlıq göstərmək... vallah, böyük qəhrəmanlıqdır. Hələ prezident etimadını doğrultmağı demirəm. Və buna o dövrün müasiri olan mənim kimi sıravi vətəndaşın indi qiymət verməyi o günlərin şahidi olmayanlar üçün çox gecikmiş bir addım və çox adi görsənə bilər. "Gecikmiş” sözüylə özüm də razıyam.

TƏKRAR DA OLSA...

Mən özümü daxilən həm məcazi, həm də hərfi mənada sağlam sayıram. Amma bir də görürsən ki, xarici təsirlərdən – ekologiyadan, soyuqdan, əsəbdən, stresdən, müxtəlif qayğılardan özümü nasaz hiss edirəm. Həkimə gedirəm. Qan analizi verirəm. Müxtəlif aparatlardan keçirəm. Həkim təyinat yazır. Çox vaxt həb atmaqla canımı qurtarıram. Bəzən əzələdaxili iynə vururlar. Xəstəlik ağır olanda venaya sistem qoşurlar. Bəzən isə cərrahi əməliyyata məruz qalırsan. Kəsirlər, içalatını bayıra tökürlər, qan çıxarırlar, sonra yaranı tikirlər və sağaldırlar. Daxilən yenə də sağlam olursan.

Bəzən isə nə həkimlər, nə də dava-dərman köməyinə çata bilir. Ölürsən cismən də, ruhən də. Həkimlər də başlayır ölünün yiyələrinə təsəlli verməyə ki, bəs gərək vaxtında üstünə düşəydiniz, xəstəliyin başlanğıc mərhələsində bilsəydik, nəsə kömək etmək olardı.

İnsanın daxilini can həkimləri, cərrahlar müayinə-müalicə edir. Xaricini kosmetik cərrahlar, dəri həkimləri. Amma bütün xarici fəsadlar daxildən baş qaldırır. Orqanizm xəstələnəndə özünü xaricən biruzə verir. Əgər böyrəyin xəstədirsə gözünün altı qaralır, xəstəsənsə rəngin saralır, qotursansa dərin qızarır, göbələksənsə dərin qaşınır, soyulur, qorxursansa bədənin əsir, soyuqlamısansa bədənin qızdırmadan yanır. Bir sözlə insanın xarici onun daxilinin inikası, güzgüsüdür.

Bu insan orqanizmidir. İnsan sağlamlığının keşiyində duranlar isə həkimlərdir. Həkimliyi isə xalq arasında nəcib peşə adlandırırlar.

Bəs dövlət? Dövlət də insan kimidir. Onun da daxili və xarici mövcuddur. Vuran qolu, gəzən ayağı, eşidən qulağı, görən gözü, danışan dili, beyni, dırnağı, reaksiyası, bütün ölkəni bir-birilə əlaqəndirən damarları, kapilyarları, sinirləri, gizlinləri var. Əgər dövlətin daxilində əminamanlıq, sakitlikdirsə, xaricində də bu o saat hiss olunur. Əgər daxildə münaqişə, çaşqınlıqdırsa... xaricdən müdaxilələr çoxalır. Çünki insanda olduğu kimi dövlətin də daxilində baş verənlər onun xarici görünüşündə özünü biruzə verir.

Daxili İşlər Nazirliyi, el diliylə desək POLİS. Onu rəsmi olaraq dövlətin güc strukturu hesab edirlər. Amma mən bu orqanı dövlətin daxili həkimi adlandırardım. Məndən soruşanda ki,

dövlət strukturlarından ən məlumatlısı hansıdır. Deyirəm ki, Daxili İşlər nazirliyi. Çünki ən ucqar kənddə belə bu strukturun ən azı bir nümayəndəsi mövcuddur. Polis hər yerdədir. Yerin altında, üstündə, dəmiryolunda, aeroportda, metroda, vağzal və stansiyalarda, qoruqlarda... Sadalayıb başınızı ağrıtmaq istəməzdim. Bir sözlə insanın hər bir üzvünün ayrıca həkimi olduğu kimi, dövlətin də hər bir sahəsinə cavabdeh öz polisi var. Hər hansı bir hadisəylə rastlaşanda birinci onlar yada düşürlər. Ər-arvad dalaşır. Qışqırırıq: – Polis! Qonşu bloka sərxoş girir: – Polis! Biri nəşə çəkib özündən gedir:– Polis! Birinin qızı qoşulub qaçır: – Polis! Arvadın boğazından boyunbağısını oğurlayırlar: – Polis! Evini yandırırlar: – Polis! Maşınını qaçırırlar: – Polis! Qonşu təmir edib tıqqıltı salır: Yenə də Polis! Hələ saysız-hesabsız yol-qəza hadisələrini demirəm. Ən xırda məişət problemlərimizdə belə, polisi axtarırıq. Ona pənah aparırıq. Əli bıçaqlı, silahlı caninin, adi xuliqanın qabağına, daha dəqiq desək ölümə, təhlükəyə özümüzü yox, sovet vaxtından miras qalan "mənim milisim məni qoruyur” şüarı ilə onu – POLİSİ veririk.

Hətta çox vaxt günahı üstünə yıxıb özümüzü yüngülləşdiririk də. Özümüz POLİSİ çağırdığımız halda, sonradan qapısına gedib yalvarırıq ki, "sən Allah, tutdurğuğumu burax. Yazıqdır” və ya "əsəbləşmişdim. Ona görə Sizi çağırdım. Qonşudur də... Bizim nəsildən hələ işverən çıxmayıb” Bu cür davranışlarımızla polis üçün öz Femidamızı da yaradırıq. Haqqında hekayə, roman yazmaq, əsər, kino yaratmaq əvəzinə, milli televiziyalarımızın ekranlarında şəninə hələ bir "lətifələr” də qoşuruq.

Xırda məişət problemlərində polis Münsiflər məhkəməsinə, cəmiyyətin müəlliminə çevrilir. Müəllim kimi bir gözü görür, o biri yox. Bir qulağı eşidir, o biri qulağı kardır. Amma özümüz də çox gözəl başa düşürük ki, polis bu xüsusiyyətlərə malik olmasa türmələrdə boş yer tapılmaz. Əksinə, yeniləri açılar. Yox elə bilməyin ki, polis qanunu pozur, yaxud da ondan yan keçir... Əsla. Sadəcə onun adı, nəfəsi, arxamızca gələn həniri, dubinkası, böyründən asdığı qandallarının cingiltisi, kaburasından boylanan tapançası başa düşən insanlar üçün bütün qanunlardan üstündür. Polislər həkimlər kimi xəstələyi başlanğıc mərhələdə aşkarlayan, onu blokadaya alıb insanları, dövləti baş berə biləcək fəsadlardan, xətalardan hifz eləyən nəcib peşə sahibləridirlər.

Atam Qabilin bir misalı vardı. Qarabağ məsələləri başlayanda demişdi bunu: "Dövlət arvadların geyindiyi kapron coraba bənzəyir. Sapı qaçdısa, qabağını almaq mümkün deyil”. Sovetin son illərində elə də oldu. İlk olaraq Qarabağda və Ermənistanda başlanan, qabağı alınmayan mitinq və çaxnaşmalar sonra müxtəlif münaqişə ocaqlarının yaranmasına, SSRİ boyda dövlətin süqutuna səbəb oldu. Xalqın üstünə yeriyən isə polis yox, qoşun idi. Çünki sovet milisini seyrçi mövqedə qoymuşdular. Amma buna baxmayaraq Azərbaycan milisi bu seyrçi mövqe əmrinə tabe olmadı. Azərbaycan milisi o dövrdə silaha sarılıb xalqının, özünümüdafiə dəstələrinin və şəhid olanların, yaralananların içindəydi. Bu haşiyəmə istinad edib bir sual verim: Ramil Usubovun nazir olduğu 25 il ərzində "daxili sapın qaçmağının” şahidi olmuşuqmu? Yəqin ki, 25 illik tarixə çevik nəzər salıb, "Allah eləməsin” sözü həmən dilinizə gəldi.

AVROPA ŞURASI BİLƏN MƏSLƏHƏTDİR

Sovet dövründə beləydi: Cinayət törədəni, canini milis yaxalayırdı. İstintaqını aparıb prokuroluğa təhvil verirdi. Məhkəmə hökm çıxarıb yenidən milisin təsir əhatəsində olan

cəzaçəkmə müəssisələrinə təhvil verirdi. Məhkum cəzasını çəkəndən, azadlığa çıxandan sonra da ona milis nəzarət edirdi. Müstəqillik qazanandan sonra Azərbaycanda bu qayda dəyişildi. Polis cinayət edəni yaxalayır. Sonrakı işlər isə prokurorluğun, ədliyyə orqanlarının, Penitensiar xidmətindir. Nə deyirəm ki… Allah bilən məsləhətdir. Daha doğrusu, Avropa Şurası bilən məsləhətdir.


HAŞİYƏ: Orta məktəb müəllimi şagirdi yetişdirir. TQDK imtahan götürüb qiymətləndirir. Ali məktəb qapılarını açır. Yenə də TQDK imtahan götürüb tələbələrin siyahısını təqdim edir. Ali məktəb müəllimi mühazirə deyib, seminar aparır. İmtahanı kompyuter, test götürür. Sizcə hansı çətindir: Dərs deyib, bilik vermək, yoxsa imtahan götürmək? (SON)

Ramil Usubovun rəhbərlik etdiyi Azərbaycan polisi isə gecə-gündüz keşik çəkir. Silahlı, sərxoş, başını itirən… adamları yaxalayır. Sonda pis adam da, qarğış yiyəsi də elə polis özü olur. Niyə? Axı prokurorda, hakimdə, ədliyyə orqanlarında nə təqsir var? Polis yaxalamasaydı, onlar cəza verərdilərmi? Yuxarıda yazdım da... Nəticəni özünüz çıxarın.

HAŞİYƏ: Polis xırda xəstəlikləri özü müalicə edir. Kiçik xəta törədənləri bir neçə sutkalığa KPZ-yə salır. Həkim diliylə desək həblə müalicə edir. Cinayət bir az ağırdırsa və yaxud da Milli mənafelərimizə təhlükə yaranırsa Milli Təhlükəsizlik və Prokurorluq orqanları köməyə gəlir. Həkim kimi cinayətin dərəcəsini müəyyən edirlər. Son hökmü isə məhkəmə hakimləri – həkimlər konsiliumu verir. Törədilən cinayət yüngül olanda icbari, şərti cəza, yəni ki, əzələ daxilinə iynə vurulur. Bir az ağır olanda ümumi rejimli cəzaçəkmə müəssisəsində və ya şərti azadlıqdan məhrumetmə, yəni vena daxilinə iynə, sistem təyin edilir. Cinayət lap bir az ağır olanda ciddi rejimli müəssisədə cəzaçəkmə, həkim dilində desək cərrahiyyə əməliyyatı aparılır. Heç bir islaha yatmayan qatı cinayətkarlar isə ömürlük həbs cəzasına məhkum edilirlər. Həkim diliylə desək xəstə ümidsizdir, yəni ki, "morq”luqdur. Bu sistemdə də reanimasiyalar – təcridxanalar, palatalar, kameralar var. Polis də hadisə yerinə özünü təcili yardımda olduğu kimi qısa müddət ərzində, üstündə miqalkası, sirenası olan avtomobillərdə çatdırır. Təcridxanalarda – reanimasiyada yatanların yanına heç kim buraxılmır. (SON)

SERİALLAR

Dəbdə olan belə bir ifadə var: "Vətən sənin üçün yox, sən Vətən üçün nə etmisən?” Bu sözləri bu yazıma uyğunlaşdırmaq istərdim: "Mahir, dövlətimizin dayaqları olan polis üçün sən nə etmisən?” Cavabım hazırdır: "Özümü yaxşı aparmışam. Sürücü kimi bir-iki yol təhlükəsizliyi xətalarını nəzərə almasaq, qanunlarımıza riayət edən nümunəvi Azərbaycan vətəndaşıyam”.

Yox. Bu cavab deyil. Ağzım nədir ki, qanunlara riayət etməyim. Riayət etmərəm, qanuni cavabımı alaram. Bu cavab deyil, polisin boynuna minnət qoymaqdır.

Rusiyanın televiziya kanallarına maraqla baxıram. Polis haqqında necə də gözəl filmlər, seriallar yaradırlar. Hətta polisin xidməti iti Muxtar da yaddan çıxmır. Paxıllığım tutur. Amma bir yazıçı-publisist kimi Azərbaycan polisi haqqında bir əsər, ssenari yarada bilmişəmmi? Neqativ hallar var? Onu deyən kəslər! Seriallarımızın hamısı neqativ notlar üzərindədir. Bu kinolara inansaq (tipik surət baxımından) Azərbaycanda bir dənə də normal ailə, normal adam yoxdur. Amma etiraf edək. Orda neqativliyə qarşı mübarizə edən bir polis obrazına rast gəlmişikmi? Adi bir misal çəkim. Serialın qəhrəmanı ailə münaqişəsi zəminində intihara cəhd edir. Özünü asır. Xəstəxanaya çatdırırlar. Xilas edirlər. Axı real həyatda qanunlara əsasən baş vermiş hadisəyə

birinci polis reaksiya verir və cinayət işi başlanır. Reallığı niyə qəbul etmirik? Polis qəhrəmanlığının tərənnümü qalsın bir yana, epizodik polis obrazına niyə qısqanclıqla yanaşırıq? Yaxud da polisdə mənfi xüsusiyyətlər görənlər, axtaranlar… Öz gözünüzdə tiri görmürsünüz, polisin gözündə çöp axtarırsınız?

Mətləbdən uzaqlaşdım. Qayıdım özümə. Hər şeydən əvvəl ideya yaranır. Yəqin ki, yaxın gələcəkdə polis haqqında əsər də meydana gələr. Meydana çıxarılması, kino çəkilməsi isə "Sərvərin boynuna”.

POLİSİN TƏMKİNİ

Bu kadrları hamınız izləmisiniz. Leyla Yunus onun yanında dayanan polis zabitinin başından papağını götürüb havaya vızıldadır. Həmin an mən o polisin yerində olmadığıma görə peşmançlıq hissi keçirdim. Dedim ki, o polisin yerində olsaydım, o andaca məndən boyca balaca olan Leyla Yunusun başına yuxarıdan aşağı elə bir qapaz qoyardım ki, boyu bir az da qısalardı. Mən bunu edərdim. Yox. Mən bunu polisin yerində olsaydım edərdim. Zabit bəs nə etdi? Təmkinini pozmadan gedib papağını yerdən götürüb başına qoydu. Leyla Yunusa heç bir söz demədi. Əgər təhqiramiz cavab versəydi, yaxud da xəsarət yetirsəydi, iki yüz faiz əminəm ki, onu polis orqanlarından xaric edəcəkdilər. Qanuna zidd hərəkətlərə qanuna zidd cavab verdiyinə görə. Adı və familiyası yox, bütövlükdə Azərbaycan polisi xarici hesabatların gündəminə, qəhrəmanına çevriləcəkdi. Düzdür, mənim kimi düşünənlərin ürəyindən tikan çıxaracaqdı, amma özünü də işdən çıxaracaqdılar, sistemdən qovacaqdılar. Qazancı isə bu videonun bir-iki ay baxış rekordu qıracaq səviyyəyə qalxması olacaqdı. Bu, polisə yaraşardımı? Sonrasını yaxşı bilirsiniz. Kim indi hardadır, kim indi hardadır...

DYP – MƏNİM DOĞMA POLİSİM

Ən çox rastlaşdığım yol polisləridir. Onlara qurban olum. Onlar olmasalar maşın maşını minər, sürücü sürücünü.

RAMİL USUBOV NƏYƏ NAİL OLDU?

Xarici ölkələrə çox da səfər etməmişəm. Amma xarici səfərdən qayıdanların dilindən tez-tez bu sözləri eşidirdim: "Bir polis də gözə dəymirdi. Polis yalnız hadisə baş verəndə peyda olurdu. Bax, bu demokratiyadır”.

İndi Azərbaycanda da belədir. Bir nəfər oturub isti otaqda. Qabağında pürrəngi çay. Qarşısında da monitorlar. Hadisə olan kimi kameralar qeydə alır. O da yaxınlıqdakı post-patrul xidmətinə, ya da ki, DYP-yə xəbər edir. Düz tapdınız. Polis özü gözə dəyməsə də, üzərimizdə gözdür. Lap uşaqlığım yadıma düşdü. Məni kinoya, ya da gəzməyə aparan qohuma atam belə deyirdi: "Gözün uşağın üstündə olsun”.

RAMİL USUBOV VƏ QABİL

Ramil Usubov nazir təyin olunduqdan bir ay sonra atam zəng edib qəbuluna gedir. 1992-ci ildə rayon milis idarələrinin birində rəis müavini vəzifəsindən haqsız yerə uzaqlaşdırılan, 1993-cü ildə isə yenidən orqanlara bərpa edilən (şöbə rəisi kimi – mayor rütbəsində) yaxın qohumumuzun

xahişini edir. Xahiş, daha doğrusu "tapşırma” belə olur – "Qardaşoğluda gözün olsun”. Ramil müəllim atama olan sonsuz hörmətinin və ən başlıcası inamının (Qabil hər adama görə ağız açmaz) nəticəsi olaraq həmin qohumu yenidən rayon polis idarəsinin rəis müavini vəzifəsinə bərpa edir. Nəinki ədaləti bərpa edir, hələ üstəlik podpolkovnik rütbəsi də verir. Amma...

Atama da sirr deyildi ki, həmin qohum yaxşı yeyib-içən idi. Çox vaxt əndazəsindən çıxırdı. Nə olsun ki, işinin öhdəsindən gəlirdi. Amma paqon və silah gəzdirən adam əndazəsini bilməliydi. Nazirliyə edilən şikayətlər və qohuma elan edilən xəbərdarlıqlar nəticəsini vermədikdə nazir Ramil Usubov həmin qohumu istefaya göndərdi. Bu xəbəri atama səbəbkar özü çatdırdı. Yenidən nazirə ağız açmağını istədi. Atamın cavabı isə qısa oldu:

* Əcəb elədi Ramil müəllim. Sənə demişdim ki, içmə. Hələ sağ ol de ki, mənə olan hörmətinə görə istefaya göndərib. Sistemdən də qova bilərdi.

Sonralar da Ramil müəllim atamla görüşəndə həmin qardaşoğlunu yada salıb "Qabil müəllim, mənim fikrim o idi ki, onu rayonlardan birinə rəis göndərim. O isə içməyə başladı” deyirdi. Atam isə "əcəb elədin. Lap düz elədin. Canı çıxaydı içməyəydi. Mən qoca kişiyəm, mənə olar. O isə vəzifə adamıdır” deyib gülürdü.

Atam rəhmətə getmişdi. "Üç mərasimi” idi. Bir də gördüm ki, çadıra başda Ramil Usubov olmaqla dörd nəfər daxil oldu. Mənə başsağlığı verdi. Xarici səfərdə olduğundan dəfndə iştirak edə bilmədiyini dedi. Onunla gələnlər isə müavinləri, generallar Oruc Zalov, Əsgər Ələkbərov və Vilayət Eyvazov idi. Bu, Ramil Usubovun bir nazir və sıravi vətəndaş kimi xalq şairinin xatirəsinə sonuncu ehtiramı idi.

SAĞLAM RAMİL USUBOV

İstənilən rəhbər işçisindən iş tələb edir. Bu təbiidir. Bunu hamımız bilir, bunu hamımız görürük. Bəs işçinin qeydinə qalmaq? Nəinki işçinin, onun ailə üzvlərinin də... Bunu hər rəhbər edirmi? Düzdür, 2 poliklinika, 2 hospital saxlamaq hər nazirliyə müvəffəq olmur. Mən razı. Bəs onda öz işçilərini tibbi sığortalayan müəssisələr, rəhbər şəxslər necə, çoxdurmu? Axı "sağlam bədəndə sağlam ruh olar” deyimi var. Özü də çox düzgün deyimdir.

Mən hospitala 28 ildir ki, gedib-gəlirəm. Ərazisi genişlənib. Köhnə bina sökülüb, yeni, müasir bina tikilib. Yox. Səhv etdim. Təzə, müasir bina tikiləndən sonra, köhnə bina söküldü. Yəni ki, hospital bir dəqiqə də olsa fəaliyyətini dayandırmadı. Ərazidə yeni poliklinika binası da inşa edildi. Bu öz yerində. Bina çox gözəldir, yaraşıqlıdır. Amma bununla iş bitmirdi. Səhiyyə ocağının üzünü ağ edən professional həkimlərdir. Bunu hamı anlayır. Amma yeni, müasir texnologiyalarsız da indiki səhiyyəmizi təsəvvür etmək mümkün deyil. Yeni yox, ən müasir aparatlar alınaraq hospitalda quraşdırılıb. Və dünya səhiyyəsinin yeni nailiyyətləri üzə çıxdıqca alınıb hospitala gətirilir. Onu işlətməyi öyrənmək üçün həkimlər, tibb işçiləri xaricə ezam olunurlar. O aparatlar ki, kənarda onun xidmətinə düşmək mənim kimi sıravi vətəndaşlara "od qiymətinə” başa gəlir.

Xarici tibb ocaqlarıyla əlaqələr yaradılır. Hospitalın personalı təcrübə keçməyə göndərilir. Növbəti belə müqavilə Türkiyənin məşhur Gülhanə Tibb Akademiyasıyla bağlanıb. Bu, Azərbaycan polisinin sağlamlığına göstərilən diqqətdir. Və bu xidmət həm də polisdən tərxis olunan zabitlərə də şamil edilir.

Jurnalistikada belə bir qayda var. Vəzifəli şəxsi tərifləmə. Onun gördüyü işləri sadala. Bu özü qiymət, tərif deməkdir.

Mən Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun fəaliyyətinin bu istiqamətinin yalnız xırda bir hissəsini sadaladım. Və bu diqqət 25-ci ildir ki, mütəmadi şəkildə davam edir. (Hospitalın saytına girsəniz, hər şey yazılıb orda.) Özümə borc bilim qələmə aldım. Çünki nazir olan şəxsin fəaliyyətinin bu qolu – öz işçilərinin sağlamlığına göstərdiyi diqqət və ümumiyyətlə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfə – bir vətəndaş, bir publisist kimi nəzərimdən qaça, məni sevindirməyə bilməzdi.

SON

Gəldik sona. Bu SON mənim yazımın sonudur. Polis sistemində isə son yoxdur. Hər saniyə, hər dəqiqə yeni hadisələrlə zəngindir. Buna təssüflənsək də… Özümüzü yaxşı aparmaqdansa, bir ifadəni dilimizin əzbər etmişik: "Allah heç kimin işini polisə salmasın”. Mən razı. Amma hər şey özümüzdən asılıdır, yəni ki, qanunlarımıza riayət eləmək. Bu həm də polisin ümdə tələbidir.

Polis sistemimizə bu gün Ramil Usubov rəhbərlik edir. Bu il Azərbaycan polisinin 100, onun bu sahəyə rəhbərlik etməsinin isə 25 ili tamam olur. Bu əlamətdar tarixdən istifadə edib öz fikirlərimi, xatirələrimi bölüşdüm. Subyektiv fikirlərimlə razılşacaqsınız, ya yox… bilmirəm. Mən isə polisimdən razıyam. Bu fikirlərimi əsaslandırmağa isə bir yubiley məqaləsi yetməz. O ki qaldı, yuxarıda qeyd etdiyim – Ramil müəllimlə sonuncu qiyabi tanışlığımıza… Özümün tərtib etdiyim – redaktoru, korrektoru, naşiri olduğum – atam Qabilin yeddi cildliyini hörmətli nazirimizə hədiyyə göndərdim. Bir neçə gündən sonra hörmətli həmkarım Ehsan Zahidov zəng edib nazirin razılığını bildirərək, onun ürək sözlərini çatdırdı. Bu sözlər həyatda olmayan Qabilin ailəsinə olan xüsusi hörmətin ifadəsi idi. 11 ildir çiçəklənməyən, əriyi olmayan bağımıza nazir Ramil Usubovun təşrif buyurmasıydı. Ən önəmlisi isə mənim oğulluq borcuma atamın dostunun qiyməti, verdiyi dəyər idi.

2018